
ÇARPAZ ATƏŞ XƏTTİNDƏ
Leyla Tavşanoğlu: "Türkiyə fərqli ölkədir, bundan sonra nə baş verəcəyini bilmək olmaz"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Türkiyə Ali Hərbi Ko-mandanlığının hazırkı və istefadakı nümayəndələri arasında yeni həbslər ola bilər. Tür-kiyə KİV-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasından olan deputat qrupu hökuməti 1980-ci ildə baş vermiş hərbi çevrilişə aidiyyəti olan şəxsləri, həmçinin, hərbi tribunalın üzvlərini məsuliyyətə cəlb etməyə çağırıb.
Müxalifət və bir sıra yerli analitiklər isə hesab edir ki, hərbçilər arasında həbslərin davam etməsi dünyəvi respublikanın əsas dayağına böyük zərbə vura bilər.
Ekspertləri narahat edən daha bir məqamsa bütün bu prosesləri terrorçu Kürd Fəhlə Partiyası mübarizənin gərginləşməsi və "erməni soyqırımı" məsələsi ətrafında beynəlxalq gərginliyin artması fonunda baş verməsidir.
Hərbçilərlə mülki hakimiyyət arasında münasibətlərin gərginləşməsi halında, Türkiyənin daxili və xarici siyasətində nələrin yaşana biləcəyini türkiyəli politoloq, "Cümhuriyyət" qəzetinin şərhçisi Leyla Tavşanoğludan soruşduq.
- Bütün bu həbslər və qalmaqallı məhkəmələr nəticəsində, Türkiyə Ordusunun dünyəvi dövlətin qarantı rolunun azalacağını düşünmək olarmı?
- Hazırda bu suala cavab vermək çətindir. Türkiyənin demokratik dövlət olduğunu etiraf ediriksə, dünyəvi dövlət düzəninin müdafiəçisi rolunu öz üzərinə ordu yox, siyasi partiyalar, vətəndaş institutları götürməlidir. Amma Türkiyə fərqli dövlətdir. Bu baxımdan, gələcəkdə nələrin baş verəcəyini bilmək olmaz.
- Fikrinizcə, hakim partiya ilə ordu arasında münasibətlər necə inkişaf edəcək?
- Görünür, hakim elita ilə ordunun hazırkı rəhbərliyi arasında münasibətlər sabitdir. Məsələn, hökumətlə ordu Kürd Fəhlə Partiyasının hərbi qanadına qarşı hərbi əməliyyatların aparılmasında tam anlaşma nümayiş etdirir. Baş nazir Ərdoğan ilə Türkiyə Ordusunun yeni Baş Qərargah rəisi Necet Özel arasında da etibarlı münasibətin olduğu görünür. Bu üzdən yaxın perspektivdə hökumətlə ordu arasında hansısa gərginliyin ola biləcəyini düşünmürəm.
- Baş Qərargahın sabiq rəisi İlkər Başbuğun və digər generalların həbsi Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilərmi? Çünki ənənəvi olaraq Türkiyə generaliteti amerikapərəst mövqe nümayiş etdirib...
- Hələ ki, ABŞ mülki məhkəmənin bu dərəcədə yüksəkrütbəli hərbçilərin həbsinə dair analoqu olmayan qərarlarına ciddi bir reaksiya verməyib. Doğrudur, ali zabit heyətinə antiamerika və antinato fikirli şəxslər düşə bilməz. Bu üzdən də Amerikanın Baş Qərargah rəisinin həbsini susqunluqla müşayiət etməsi təəccüblüdür.
Ola bilsin, Başbuğun həbsi Baş Qərargaha rəhbərlik etdiyi dövrdə qrup rəhbəri Fətullah Gülən və tərəfdarlarının bir sıra aparıcı dövlət strukturlarını ələ keçirmək planının üstünü açması ilə əlaqədardır. Axı Fətullah Gülən və onun ətrafı ABŞ-ın müxtəlif dairələri tərəfindən dəstəklənir və himayə olunur. İstənilən halda, hələ ki, Türkiyədə ABŞ-ın özünə təhlükə sayacağı heç nə baş vermir.
- Bəzi ekspertlər hesab edir ki, Türkiyədə ordu ikinci plana keçib, Baş Qərargah siyasi qərarların qəbulunda səs hüququndan məhrum olub və bu, Türkiyə üçün yeni təhlükələrə yol aça bilər. Belə təhlükələr sırasında şərqi Anadoluda terrorçuların güclənə biləcəyi, Kipr məsələsində mövqelərin itirilməsi və sair göstərilir.
- Təbii ki, ordunun dəstəyi olmasa, Türkiyənin ərazi bütövlüyü təhlükə altına atılacaq. Bizdə buna heç kəs şübhə etmir. Amma bu, separatçılıq probleminin sırf hərbi aspektidir. Problemin siyasi tərəfləri də var axı. Siyasi aspektdə bütün məsuliyyət siyasi elitanın üzərindədir. Ölkənin bütövlüyünə təhlükə yaranacağı təqdirdə, hökumət uzunmüddətli və yaxın pers-pektivdə hansı siyasi iradə nümayiş etdirəcək? Hazırda Türkiyədə bu məsələ çox aktualdır. Belə rəy yaranır ki, Türkiyə çarpaz atəş xəttindədir. Bir tərəfdən, "ərəb baharı" sərhədlərimizə çatıb, qardaş Suriya ilə münasibətlər heç zaman olmadığı qədər gərginləşib, İran və Rusiya regionda mövqelərini gücləndirməyə çalışır, digər yandan, Türkiyə-İsrail münasibətləri, demək olar ki, sıfır dərəcəsinə enib, ABŞ isə regionda öz düzənini qurmaq niyyətindədir. Buraya PKK-nın fəallığı və Fransa Senatının "erməni soyqırımı" ilə bağlı məlum qərarını da əlavə etsək, bütün bunlar Türkiyəni çıxılması çətin olan bataqlığa sürükləyə bilər.
MƏSLƏHƏT GÖR: