12 Mart 2025

Çərşənbə, 22:21

XAOS RESEPTİ

Tomas Ambrosio: "Taleyini həll etmək hüququ beynəlxalq aləm tərəfindən tanınmış dövlətlərin parçalanması demək deyil"

Müəllif:

15.02.2012

Beynəlxalq aləmdə Ermənistan-Azərbaycan münaqişəsi zonasındakı vəziyyətlə bağlı narahatlıq davam edir. Sülh danışıqları nəticə vermir, status-kvo isə hərbi əməliyyatların bərpasını istisna etmir.

ABŞ-ın Şimali Dakota Universitetinin beynəlxalq tədqiqatlar üzrə direktoru, postsovet məkanı üzrə ekspert Tomas Ambrosio da hesab edir ki, münaqişə zonasındakı vəziyyət hər an nəzarətdən çıxa bilər. Onun fikrincə, eyni zamanda, bir sıra önləyici faktorlar da var. Rusiya və ABŞ-ın regionda müharibə arzulamaması və s. belə faktorlardandır.

T. Ambrosio Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı düşüncələrini, onun həllinə dair proqnozlarını jurnalımıza müsahibəsində dilə gətirib.

- Azərbaycanda talışlar, ləz-gilər, ruslar, ermənilər və digər etnik qruplar var. Yalnız Dağlıq Qarabağda yaşayan ermənilər müstəqillik tələb edir və Azərbaycanın təklif etdiyi yüksək muxtariyyət statusu ilə razılaşmır. Bu prosesin sonunu necə görürsünüz?

- Tərəflərin maraqları və tələbləri qətiyyən üst-üstə düşmür. Bir tərəfdən, ermənilər de-fakto müstəqilliklərinin beynəlxalq aləm tərəfindən tanınmasını istəyir və Bakı siyasi cəhətdən bununla razılaşa bilməz, digər yandan, Azərbaycan bu ərazi üzərində suverenliyini təsdiqləməyə çalışır ki, İrəvan da siyasi cəhətdən bunu qəbul eləmir. Onlar sıfır nəticəli oyunda ilişib-qalıblar - bu oyunda tərəflərdən biri, digərinin qələbəsini avtomatik olaraq, öz məğlubiyyəti kimi görür. Bu üzdən, hətta yüksək muxtariyyat statusu da İrəvan üçün siyasi baxımdan qəbulolunmazdır. Çünki bu, Dağlıq Qarabağın Azərbaycan ərazisindəki siyasi statusunun erməni tərəfindən tanınması demək olacaq.

- Sizin elmi-tədqiqat işlərinizdən biri etnik qruplara həsr olunub. Bütün dünyada mübahisələrə səbəb olan bu məsələyə baxışınız necədir?

- Birinci məsələ odur ki, etnik mənsubiyyət əhəmiyyətli məqamdır. Bu, bütün dünya insanları üçün aydın olsa da, bütün amerikalılar üçün aydın deyil. Onlar irq anlayışını başa düşür, etnik mənsubiyyət anlayışı isə onlar üçün çox vaxt yaddır. Bununla bağlı həmişə çəkdiyim misal var - İraq. Necə oldu ki, Vaşinqton sünni-ərəblərin demokratik İraqa razılıq verəcəyini düşündü, bilmək olmur. Axı adi demoqrafik hesablama göstərir ki, "bir nəfər - bir səs" prinsipi əsas götürülsə, şiələr hakimiyyəti ələ alacaqlar? Etnik mənsubiyyət məsələsinin daha yaxşı başa düşülməsi ABŞ xarici siyasətini effektiv edərdi. Birincisi, tədqiqatlarım göstərir ki, etnik münaqişələri həll etmək o qədər də asan deyil. Bunu Dağlıq Qarabağ və "dondurulmuş" adlandırılan bir çox digər münaqişələrin timsalında da görmək mümkündür. Çünki belə münaqişələr zamanı tərəflərin maraqları və tələbləri qəti şəkildə üst-üstə düşmür. Nə qədər uzun-uzadı danışıqlar aparılsa da, vəziyyət də-yişmir. Bu münaqişələr müəyyən səbəbdən donub və vəziyyətin asanlıqla dəyişəcəyini düşünmək sadəlöhvlük olardı.

- Dünyada 4000-dək etnik qrup var. Onların hamısına müstəqillik verilməsi nə qədər düzgün olardı?

- Şübhəsiz, onların hamısına müstəqilliyin verilməsi doğru olmazdı. Ölkələrin ərazi sərhədlərinin şübhə altına alınması xaosun reseptidir. Əksər hallarda insan haqları, azlıqların müdafiəsi və liberal-demokratiya müstəqillikdən yaxşıdır. Sabitlik və müqəddəratı təyinetməyə tələblər arasında həmişə balans olacaq. Bir neçə hal istisna olmaqla, birinci ikincidən üstün olmalıdır. Bir məqamı xatırladıram: Helsinki Yekun Aktında deyilir ki, öz taleyini müəyyənləşdirmək hüququ beynəlxalq səviyyədə tanınmış dövlətin parçalanması demək deyil.

- ABŞ özünü demokratiya və insan haqlarının müdafiəçisi kimi göstərir. Amma bəzən, Əfqanıstanda və İraqda olduğu kimi, özü bu prinsipləri pozur. ABŞ həqiqətənmi insan haqları və demokratiya adı altında işğalçı siyasət yürüdür?

- Bütün fövqəldövlətlər kimi, ABŞ-ın da açıqlamadığı maqaqları var. Amma digər fövqəldövlətlərdən fərqli olaraq, beynəlxalq sistemdəki sülh və sabitliyə görə əsas məsuliyyəti  Birləşmiş Ştatlar daşıyır. Kimlərsə bununla razılaşmaya bilər. Amma hələ ki, reallıq budur. Bununla yanaşı, ABŞ, əslində, dərindən inanır ki, Amerikanın missiyasının bir hissəsi insan haqları və demokratiyanın müdafiəsi və yayılmasıdır. Həqiqətən də, son 20 ildə ABŞ-ın başqa dövlətlərə müdaxilələrinə nəzər salsaq, orada Vaşinqtonun öz dəyərlərini yaymaqdan başqa hər hansı xeyir gördüyünü söyləmək çətindir: Somali, Haiti, Bosniya və Herseqovina, Kosovo, Əfqanıstan, İraq və Liviya. Ola bilsin, İraq məsələsi daha çətindir. Amma qeyd olunmalıdır ki, ABŞ burada, sadəcə, özünə dost diktatoru hakimiyyətə gətirərək çıxıb getmədi (sırf maraq baxımından bu, daha yaxşı olardı). O, İraq neftini də ələ keçirmədi, başqalarına zərər vuracaq neft müqavilələrinə imza atmadı. Əksinə, ABŞ İraqda tiranın hakimiyyətdən kənarlaşdırılması, iraqlılar üçün demokratik sistemin qurulması üçün (bəlkə də nahaq) öz qanını tökdü, pullarını xərclədi. Bağdadın neft resurslarının işlənməsini əcnəbilər üçün açıq elan etdiyi vaxt isə ABŞ kənara çəkildi. Əlbəttə, ABŞ da daxil olmaqla, heç bir dövlət nöqsansız deyil. Amma digər fövqəldövlətlərin - Rusiya, Çin, Hindistan və ya Avropanın - bu cür davranacağını təsəvvür etmək mümkündürmü? Mən belə düşünmürəm.

- Azərbaycanın beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, ona qarşı, xüsusilə də Qarabağ məsələsində ikili standartlardan çıxış edilir. Belə olan halda, beynəlxalq qanunları obyektiv hesab etmək olarmı?

- Əlbəttə ki, dövlətlərin beynəlxalq qanunlara əməl etməsi mütləqdir. Amma bir çox məqamlara diqqət yetirilməsi vacibdir. Qanunlar ziddiyyətli və ya təfsirə açıq ola bilər. Suverenliklə müqəddəratı təyinetmə prinsiplərinin ziddiyyəti buna yaxşı misal sayılar. Qlobal məcburiyyət mexanizmi olmadığından, bu qanunlara əməl olunması çətin, hətta mümkünsüz ola bilər. Nəhayət, bütün hüquq sistemləri (daxili və beynəlxalq) hökumətlər tərəfindən yaradılıb və onların əlindədir. Məhz bu sizin xatırlatdığınız ikili standartlara aparıb çıxarır.

- ABŞ Konqresi 2012-ci maliyyə ili üçün xarici yardımlar paketini təsdiqləyib. Azərbaycana ayrılmış hərbi yardım Ermənistan və Gürcüstana ayrılmış yardımlardan azdır. Necə dü-şünürsünüz, bu düzgündürmü?

- Amerikanın erməni lobbisi Konqresdə çox güclüdür və bu məni təəccübləndirmir. Amma bir məqam da mütləq nəzərə alınmalıdır ki, ABŞ regionda yeni müharibəyə səbəb ola biləcək heç bir addım atmaq istəmir. Müvafiq olaraq, Bakının hərbi sahəyə xərcləri artırdığını nəzərə alan ABŞ disbalans yaratmaq istəmir. Çünki bu, Vaşinqtonun Dağlıq Qarabağın geri qaytarılması üçün müharibənin bərpasına "yaşıl işıq" yandırması kimi qəbul oluna bilər.

- Fikrinizcə, Qafqaz regionunda Rusiyanın təsir imkanları daha genişdir, yoxsa Qərbin? Və niyə?

- Əlbəttə ki, Rusiyanın. Gürcüstan və Azərbaycan ABŞ və Qərbə tərəf istiqamət götürsələr də, anlamalıdırlar ki, Rusiyanın regiondakı maraqları daha əhəmiyyətlidir, Moskva regiondakı milli maraqlarının təmini üçün ciddi vəsaitlər xərcləyəcək. ABŞ və Qərb üçün isə region ikinci, hətta üçüncü dərəcəli əhəmiyyətə malikdir. Moskvanın həddini aşma-yacağı təqdirdə, onlar regionun de-fakto Rusiyanın təsiri altında olmasına imkan verməyə hazırdırlar.

- ABŞ-la Rusiya arasında region bölgüsü varmı? Məsələn, Prezident Barak Obama Əfqanıstan, Yaxın Şərq və Şimali Afrikada, Medvedev isə Qafqaz regionunda baş verən proseslərlə məşğuldur...

- Mən əvvəlki cavabıma istinad edərdim. ABŞ-ın Qafqazdan çəkilməsi tendensiyası davam edəcək, çünki ABŞ Yaxın Şərq və Şərqi Asiyaya orientasiyadan uzaqlaşır. Rusiya isə bilavasitə coğrafi baxımdan tərk etməyəcəyi  məkandadır. Bu üzdən, Kremlin çoxdan özünün "yumşaq qarınaltısı" hesab etdiyi istiqamətə yönəlməsi təəccüblü deyil.

- Necə düşünürsünüz, 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsi həll olunacaqmı?

- Mən yaxın gələcəkdə bu problemin həllini görmürəm. Regionda və beynəlxalq səviyyədə şərtlər radikal dəyişikliyə məruz qalmasa, status-kvo uzanacaq. Dağlıq Qarabağ münaqişəsi hansısa səbəbdən "donmuş münaqişə"dir və güman ki, o, belə də qalacaq.


MƏSLƏHƏT GÖR:

559