15 Mart 2025

Şənbə, 01:28

ERMƏNİSTAN: AÇIQ SƏMA ALTINDA VANDALİZM MUZEYİ

İrəvan rəhbərliyi açıqca etiraf edib ki, erməni paytaxtının qədim görkəminin bərpa edilməsindən qorxur

Müəllif:

15.02.2012

Azərbaycan tarixi və mədəni abidələrinin İrəvan xanlığının tarixi ərazilərində total şəkildə məhvi kursu hazırkı Ermənistan  rəhbərliyini İrəvanın dünyanın qədim şəhərlərindən olması haqda yalanlarını ört-basdır etməyə imkan verəcək memarlıq irsinin yoxluğu faktı ilə üz-üzə qoyub. 

Azərbaycanın daim Ermənistanda orta əsrlərə aid müsəlman, azərbaycanlı memarlıq nümunələrinin məhv edildiyi haqda səsləndirdiyi bəyanatlar, bu mövzunun erməni ictimaiyyətində fəal müzakirə predmetinə çevrilməsi Ermənistan hökumətini fəaliyyətə keçməyə məcbur edib.

Tarixin dəyişdirilməsinə növbəti cəhd kimi, "Qədim İrəvan" adlı layihə düşünülüb. Layihədə məqsəd 500 il əvvəl Zəngi (Razdan) çayı boyunca müsəlman, Azərbaycan memarlıq üslubunda tikilmiş İrəvan qalasının yerində yaradılmış şəhərin əsl simasının saxtalaşdırılmasıdır.

Layihənin reallaşdırılması LV Architect şirkətinə tapşırılıb. Bu qurum isə erməni hökuməti tərəfindən həm sovet dönəmində, həm də Ermənistanın müstəqillik əldə etməsindən sonra mərhələli şəkildə məhv edilmiş orta əsrlərə aid mərkəzin yerində XIX əsrin sonları, XX əsrin əvvəllərinə xas memarlıq üslubunun oxşarını yaratmaqdan başqa çıxış yolu tapmayıb. Başqa cür ola da bilməzdi. Çünki tarixi İrəvanın (Erivan - hazırda Yerevan) əvvəlki, əsl simasının bərpası cəhdi müsəlman, azərbaycan memarlığına məxsus tikililərin bərpası demək olardı. Bu isə görünür, az qala, 8000 il ərzində regionda yeganə etnos olduqlarını və burada yaşadıqlarını iddia edən erməni ideologiyasının postulatlarına ziddir.

İrəvanın orta əsrlərin müsəlmanlarına aid irs olduğunu etiraf etməkdən qaçan hazırkı Ermənistan rəhbərliyinin ağlına qəflətən "qədim" İrəvanı  uydurmaq ideyası gəlib.

Amma bu dəfə onların dünya ictimaiyyətini aldatmaq cəhdinə Azərbaycan mane olub. "Həqiqətən də İrəvanın əvvəlki tarixi simasını bərpa etmək istəyirlərsə, Rusiya arxivlərində qədim şəhərin çoxlu sayda çertyojları, planları saxlanılır. Məşhur avropalı rəssamlar Tavernyenin, Şardenin, rusiyalı rəssamlar F.Rubonun və Q.Qaqarinin şəkilləri var. Orada XIX əsrə aid İrəvan qalası incəliklərinə qədər əks olunub. Biz bu şəkillər və çertyojları lütfkarlıqla erməni tərəfinə təqdim edə bilərik", - deyə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi analitik sektorunun müdiri Fuad Axundov "Regnum" agentliyinə müsahibəsində bildirib. 

Əlbəttə ki, erməni tərəfinin bu açıqlamaya reakisyası özünü çox gözlətməyib. "Biz bütün lazımi layihələrə, çertyojlara, sənəd və fotolara  malikik", - deyə İrəvan meriyasının İnformasiya İdarəsinin rəhbəri Artur Gevorkyan  bildirib. Bununla da o, Azərbaycan tərəfinin İrəvanın qədim simasının bərpası işinə kömək təklifindən imtinalarına hansısa formada haqq qazandırmağa çalışıb. Bu da hardasa tamamilə gözlənilən idi.

Bununla yanaşı, Rusiya və region mətbuatı F. Axundovun "Regnum" və "İnterfaks" agentliklərinə, "Zerkalo" qəzetinə verdiyi müsahibələrinə geniş yer ayırıb. Həmin müsahibələrdə isə Ermənistan, faktik olaraq, fakt qarşısında qoyulub.

"İrəvan dünyanın qədim şəhəri statusuna iddia edirsə, onun qədim memarlıq abidələri hanı və niyə yalnız XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid 20 bina bərpa olunur?" - deyə Azərbaycan Prezident Administrasiyasının rəsmisi sual edib. Müasir İrəvanın XIX əsrdə, Zəngi (Razdan) sayının digər sahilində peyda olduğunu, çar Rusiyası dövründə tikilməyə başlanıldığını, özündə həmin dövrə aid Avropa memarlıq elementlərini əks etdirdiyini xatırladan       F. Axundov bildirib ki, əslində, İrəvanda qədim şəhərin simasının saxtalaşdırılmasına yönəlmiş nəhəng  layihəyə start verilir.

F. Axundov Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenada və öz çıxışlarında dəfələrlə hazırkı Ermənistan Respublikasının Azərbaycana məxsus İrəvan xanlığının ərazisində qurulduğunu, hazırkı Ermənistan ərazisində Azərbaycanın tarixi və mədəni abidələrinin hamısının məhv edildiyini bəyan etdiyini xatırladıb. Məhz Prezidentin bu təşəbbüsləri çərçivəsində Bakıda İrəvan qalasının 500 illiyinə hərs olunmuş erevangala500.com portalının təqdimatı da keçirilib. Təqdimatda Tbilisi və Bakıdan fərqli olaraq, "qədim" İrəvanın tarixi mərkəzinin olmadığı xüsusi vurğulanıb. Məhz bundan sonra Ermənistan rəhbərliyi İrəvanın tarixi mərkəzini "bərpa etmək" fikrinə düşüb.

Erməni KİV-ə inansaq, guya, İrəvanın tarixi mərkəzinin yaradılması ideyası artıq bir neçə il imiş Ermənistan rəhbərliyinin beyninə düşübmüş və 2005-ci ildə bu məqsədlə layihə də hazırlanıb. Belədirsə, həqiqətənmi, ötən 7 ildə həmin layihə "tam məxfi" qrifi altında saxlanırmış? Erməni tərəfi niyə bu layihəni yalnız Azərbaycanda İrəvan qalasının 500 illiyinə həsr olunmuş tədbirin təşkilindən sonra reallaşdırmaq  fikrinə  düşüb?

"Ermənistanın səsi" qəzetinin son nömrəsində İrəvanın memarı Aleksandr Tamanyanın xidmətlərindən bəhs olunan yazını deyilənlərin təsdiqi də hesab etmək olar. Onun layihəsi 1924-cü ildə müasir İrəvanın baş planı kimi təsdiqlənmişdi. Qəzet yazır ki, "Tamanyan qədim fars-türk-çar Rusiyası şəhərini ləğv edərək, onun yerində müasir Ermənistan paytaxtını tikmək niyyətini gizlətmirdi".

Erməni tərəfi və KİV-in bütün bu illər ərzində susmasının səbəbi də aydın olur. Ermənilərin reaksiyasından görünür ki, onların özləri də qədim şəhərlərinin məhv edildiyindən xəbərdar deyillər və bunu xatırlamırlar. Erməni ictimaiyyətində İrəvanın tarixi mərkəzinin faciəvi taleyinə dair müzakirələr başlayıb. Axı onların əksəriyyəti şəhərin 100-150 il əvvəl hansı görkəmdə olduğunu bilmir. Sosial şəbəkələrdə elə erməni yuzerlər Yerevanın qədim fotolarını toplamağa başlayıb. Onlar paytaxtlarının əvvəlki görkəmini təəccüblə qarşılayır.

F. Axundovun sözlərinə görə, erməni tərəfi həyasızcasına "tarixi memarlıq dəyərlərini özündə əks etdirən XIX əsrin sonları, XX əsrin əvvəllərinə aid binaların da daxil olacağı memarlıq kompleksinin bərpasına başlanıldığını" bəyan edir. Halbuki, XIX əsrin sonları, XX əsrin əvvəlləri orta əsrlərə aid İrəvanın əsl ilkin simasının mövcud olduğu dövr deyil. Amma bu haqda heç nə deyilmir.  Belə çıxır ki, İrəvan, ümumiyyətlə, qədim şəhər statusuna iddia edə bilməz. Çünki onun tarixi mərkəzi 100-150 il əvvələ aid bir neçə binadan ibarət olacaq. Beləliklə, faktik olaraq, İrəvan xanlığının Rusiyanın tərkibinə daxil olmasından sonra tikilmiş binalar "bərpa olunur". Burada söhbət XIX əsrin sonlarınadək qismən qorunub-saxlanılmış və sovet Ermənistanı dövründə tam məhv edilmiş İrəvan qalasının əsl simasından getmir.

Digər yandan, layihənin baş memarı Levon Vardanyan bildirir ki, "Arami, Abovyan, Büzənd küçələrindəki binalar son illər demontaj edilib, bəzi köhnə evlər isə yenidən yığılaraq bərpa olunub".

Belə çıxır ki, köhnə evlər dağıdılmayıb, sadəcə, "sökülüb" və İrəvan yaxınlığındakı hansısa anbarda saxlanılır. İndi onları anbardan çıxaracaqlar və pazl kimi yenidən "yığacaqlar". Üstəlik, bütünlükdə "qədim İrəvan"ı uzunluğu cəmi 300, eni isə 68 metr olan "düzbucaq"lıya yerləşdirməyi planlaşdırırlar. F. Axundovun dediyi kimi, "Söhbət qədim İrəvanın bərpasından yox, uydurma memarlıq "şedevr"lərindən ibarət eksponatların yer alacağı sərgi-kompleksinin tikintisindən gedir".

O, orta əsrlərə aid mərkəzin bərpasına nümunə kimi, İkinci Dünya müharibəsi zamanı faşistlərin bombardmanı nəticəsində 90%-i məhv olmuş Polşa paytaxtı Varşavanı göstərib. O zaman qorunub-saxlanmış çertyojlar əsasında yerdə qalmış köhnə tikililərin özülləri üzərində şəhərin mərkəzi bərpa edilməli olmuşdu. "İrəvanda isə heç bir bombardman baş verməyib, şəhərin tarixi mərkəzi, tədricən, elə ermənilərin özləri tərəfindən də dağıdılıb", - deyə F. Axundov bildirib. O xatırladıb ki, indi nəinki İrəvanda, bütünlükdə Ermənistan ərazisində orta əsrlərə aid tikiliyə - qədim tarixi xatırladan ictimai binalara, hamamlara, qala divarlarına, qüllələrə rast gəlinmir. Yalnız memarlıq üslubu erməni kilsələri ilə oxşar olan yarıdağılmış haldakı alban kilsələrinə rast gəlinir ki, onların da bir hissəsi erməniləşdirilib, digər hissəsi isə tədricən dağılır. "Amma hətta haradansa kərpicləri toplayıb İrəvanın mərkəzində 100-150 il əvvələ aid binalar tiksələr belə, bunun heç bir tarixi-memarlıq dəyəri olmayacaq", - deyə F.Axundov bildirib. O deyib ki, dünyada yeganə tarixi mərkəzsiz qədim şəhər olan İrəvan indi də, uydurma "tarixi" mərkəzi olan yeni tikilmiş yeganə şəhərə çevriləcək. 

Prezident Administrasiyasının nümayəndəsi bir məqama da diqqət çəkib ki, İrəvanın indi tam məhv edilmiş orta əsrlərə aid memarlıq elementləri sovet dönəmində də qorunub-saxlanmışdı. Ermənistan hakimiyyətinin vandallığına nümunə olaraq isə 1964-cü ildə İrəvan xanının Sərdar Sarayının dağıdılmasını göstərmək olar. Yeri gəlmşkən, 1827-ci ildə Aleksandr Qriboyedovun ölməz "Ağıldan bəla" komediyası məhz burada, özü də, müəllifin iştirakı ilə səhnələşdirilmişdi.

Sərdar Sarayının üzərinə memorial lövhənin vurulması, A.Qriboyedovun Xatirə Muzeyinin yaradılması və bununla da bütün rusdilli məkandan oraya turist axınına nail olunması əvəzinə, Ermənistan rəhbərliyi yalnız Azərbaycanı deyil, rus və sovet mədəniyyətinin də abidəsi olan bu binanı dağıdıb.

Yeri gəlmişkən, qəribə təsadüfdür ki, ölümünün 183-cü ildönümü bu yaxınlarda oxucuları tərəfindən qeyd edilmiş A.Qriboyedovun dünyasını dəyişməsinin əsl səbəbkarı onun erməni ətrafı olub. Rusiyalı şair və diplomat müntəzəm şəkildə ermənilər tərəfindən "yedizdirildiyi" saxtakarlıqların qurbanına çevrilib.

Bununla yanaşı, ermənilərin himayədarı sayılan Qriboyedov əvvəllər onlar haqqında tamamilə başqa fikirdə olub. F. Axundov misal kimi, Qriboyedovun 1819-cu il 11-13 sentyabrda yazdığı raportu göstərir. Qriboyedov həmin raportunda yazırdı: "Bu ermənilər nə əclaf adamlardır. Onlar həmişə qulağıma pıçıldayırlar ki, ruslar onların havadarlarıdır. Sözdə belə deyirlər, amma əslində, erməniləri hər an çarmıxa belə çəkməyə hazır olan farslara bizi satırlar".

Tarixi İrəvan mövzusuna qayıdaraq qeyd edək ki, şəhərdə tarixi abidələrin dağıdılmasının son mərhələsi L. İ. Brejnevin SSRİ-nin başına keçməsi ilə erməni rəhbərlərinin ona Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq, Ermənistan SSR-in tərkibinə verilməsinə dair müraciətlərindən sonra başlamışdı. Brejnev ermənilərin bu istəyini rədd etmiş, nəticədə, Ermənistanda orta əsrlərə aid müsəlman Azərbaycan abidələrinin məhvinin növbəti mərhələsinə start verilmişdi. Həmin dövrdə Sərdar Sarayının qalıqları da tamamilə dağıdılmış, onun yerində respublika rəhbərliyi üçün inzibati bina tikilmişdi.

F. Axundov bildirib ki, istənilən müasir şəhər genişlənən və abadlaşdırılan zaman, tarixi mərkəzinin qorunub-saxlanmasına diqqət edilir və onu göz bəbəyi kimi qoruyurlar. Amma bu qayda İrəvana aid deyil və Ermənistan rəhbərliyi şəhərin tarixi mərkəzini Yer üzündən silib.

Müsəlman, fars, ərəb və türk memarlıq elementlərinin olduğu tarixi mərkəzin qorunub-saxlandığı və indi də qorunmaqda olduğu Tbilisidən fərqli olaraq, İrəvan haqda eyni sözləri söyləmək mümkün deyil. Ümumiyyətlə, Tbilisidə və Bakıda ermənilər tərəfindən tikilmiş bir çox tikili hələ də qorunub-saxlanır və bunu Bakıdakı erməni kilsəsi haqda da söyləmək mümkündür. Faktik olaraq, Gürcüstanda və Azərbaycanda erməni tikililərinə, həmçinin, koloritin və tarixin bir hissəsi olan tikiliyə çox ehtiyatla yanaşılır. İrəvanda isə bu yoxdur və başa düşmək olmur ki, ən qədim şəhər statusuna iddia edən İrəvanda qədim tikiliyə necə rast gəlinməyə bilər?

F. Axundovun sözlərinə görə, XX əsr boyunca Ermənstandan azərbaycanlılar qovulub, onların mədəniyyət abidələri məhv edilib.  İndi isə qəflətən "səhvlərini anlayaraq", yalnız XIX əsrin sonu -XX əsrin əvvəlinin şəhərini "bərpa" etməyi düşünürlər və burada məqsəd İrəvanın tarixində orta əsrlərə aid Azərbaycan və müsəlman dövründən maksimum qaçmaqdır.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycan rəhbərliyi hazırkı Ermənistanın Azərbaycana məxsus İrəvan xanlığının ərazisində yaradıldığını yaxşı bilir. Lakin ermənilərdən fərqli olaraq, qonşularına qarşı ərazi iddiası ilə çıxış etmir. Amma rəsmi  Bakı, Ermənistan rəhbərliyinin, digər sivill ölkələrdə olduğu kimi, özlərinə aid olmayan tarixi-memarlıq abidələrini qoruyub-saxlayacağına da ümidini çoxdan itirib.



MƏSLƏHƏT GÖR:

595