15 Mart 2025

Şənbə, 02:57

LAZIMİ ADAM

Əslində, teatrda Parisi viran qoyan adam kimdir?

Müəllif:

01.02.2012

Teatrın səhnəsi arxasında kimin işlədiyini bilmək həmişə maraqlıdır. O, insanların əməyi və yaradıcılığı ümumi teatr prosesinin ayrılmaz bir hissəsidir. Məsələn,  rekvizitorları götürək. İlk baxışdan, onların yaradıcılıq səyləri önəmsiz görünür. Amma rekvizitorlar olmadan teatr mümkündürmü? Teatr rekvizitinin özü nədir?

 

Rekvizit

Bu söz latınmənşəlidir, hərfi mənada tərcüməsi "lazım olanlar" deməkdir. Başqa sözlə, rekvizit - teatrda aktyorların tamaşa zamanı istifadə etdikləri gerçək və butafor əşyaların toplusudur. Onların sırasında məişət əşyaları (istənilən cür qablar, vazalar, güllər və s.) da yer ala bilər. Hərdən rekvizit  kostyumun bir hissəsi ola bilər: çətir, qadın çantası, portfel, kompyuter, yelpik, məktub, kitab, xəncər, qılınc və s. Rekvizit kimi bədii tərtibatın bir hissəsini  də göstərmək olar. Yəni tamaşada mebeldən istifadə edilir və onun üzərində içində güllər olan vaza qoyulur - bu, dekorasiyanın tamamlayıcı detalı olan rekvizitdir. Rekvizit özü nə üçün lazımdır? Dekorasiya və səhnə kostyumu, səhnə işığı kimi tamaşanın gedişində lazımi atmosferin yaradılması üçün lazımdır. Həmçinin, bu, müəyyən insan obrazı və xarakteri yaradan aktyorun işinə də köməkdir. 

Bəzən rekvizit tamaşada istifadə etmək üçün satın alınır, bəzən isə rəssam butaforlar tərəfindən düzəldilir. Məsələn, A.Şarovskinin "Müsyə Jordan alimi-nəbatat və dərviş Məstəli şah" tamaşasında Məstəli şahın Parisi partlatması səhnəsi üçün butaforlar tərəfindən kral sarayı binasının maketləri hazırlanır və onlar partladılaraq xarabalığa çevrilir. 

Bu səhnə üçün qorxuducu div başları hazırlanır, guya ki, onlar Parisi dağıdırlar. Bütün bunlar butafor rəssamların düzəltməli olduqları  rekvizitlərdir və onları satın almaq mümkün deyil. "Mirandolina" tamaşasında "Kruji-Linna" agentliyi modellərinin karnavalına gəlmiş qonaqlar üçün butaforlar tərəfindən baş geyimləri düzəldilib ki, onlar süjet üzrə populyar italyan yeməklərinin  əyani vəsaiti funksiyasını yerinə yetirməli idi. 

Məhz mehmanxana sahibəsi Mirandolina bunlarla öz qonaqlarını cəlb edirmiş; iş adamlarının çağdaş dili ilə ifadə edilərsə, müştərilərini maraqlandırırmış. Başqa sözlə, butafor sexinin bütün bədii məhsulu sonra rekvizitorların mülkiyyətinə keçir və rekvizitor sexində saxlanılır. 

Əşya rekviziti ilə yanaşı, teatrda tükənən rekvizit anlayışı da var. Bu nədir? Bu, təbii yemək və içkidir. Teatrın gedişində qəhrəmanlar yeməli və içməli olurlar; məsələn, A.Şarovskinin Elçinin "Ulduzlar, məhəbbət və şampan şərabı" pyesi əsasında quruluş verdiyi tamaşada S.Mirzəhəsənovun qəhrəmanı qadının evinə gələrək yemək tələb edir. O, tamaşanın əvvəlində rekvizitorların bişirdiyi gerçək sosisləri yeyir. Onun qəhrəmanı həm də şampan şərabı içməlidir. Amma teatrda tükənən rekvizit kimi spirtli içkilərin istifadəsinə yol verilmir. Buna görə də aktyor-personajın dramaturqun istəyi ilə nə içməli olmasından asılı şəkildə ona çay, qaynanmış su və ya şirə verirlər. Yəni tamaşaçılar düşünməlidirlər ki, qəhrəman su yox, araq, çay yox, şampan şərabı və ya şirə içir. Tükənən rekvizit kimi meyvələr, pirojna, tütün məhsulları və s. istifadə edilə bilər. Amma bu, dramatik teatrda olur. Operada tamaşa zamanı nə yemək, nə də içmək qəbul edilir. 

 

Rekvizitor

Rekvizitor - teatrın texniki işçisidir və onun vəzifəsinə rekvizitin saxlanması, təmiri, həmçinin, seçilməsi və alınması daxildir. Uyğun olaraq bu işlər rejissor köməkçisi tərəfindən rekvizitor sexinə təqdim edilən çıxarış əsasında gerçəkləşdirilir. Tamaşa başlamazdan bir saat əvvəl tamaşada aktyorların istifadə edəcəyi bütün rekvizit tədarük edilir. Lazım gəldikdə rekvizitor səhnədəki aktyora lazımi əşyaları verə bilər. Bu,  hər şey - hava şarı, kağız vərəq, çiçək, yaylıq və s. ola bilər. Tamaşanın sonunda teatrda istifadə edilən rekvizit yığılır və sexdə o yerinə qoyulur. Hər bir əşyanın rəfdə, asılqanda və ya qutuda öz "ştat" yeri var. Rekvizitor onların qorunmasına və yaxşı durumda olmasına görə məsuliyyət daşıyır. Lazım olanda yararsız durumda olan əşyaları təmirə və ya butafor sexində bərpaya da verir. 

Rekvizit lazımi əşyadır, rekvizitor isə tamaşada atmosfer yaradan, onu xırdalıqlarına görə düşünən insandır. Bu qədim teatr peşəsi insanı əşyaların susqun, çoxölçülü dünyasına qərq edir.

 

Rekvizitor sexi

Rekvizitor sexi xırda detalların (vaza, lampa, şirma  və s.-in), həmçinin, aktyorun işlədiyi əşyaların (fənər, qılınc, əlcək, baş geyimləri və s.-in) saxlandığı yerdir. Bu gün "rekvizit" və  "butaforiya" terminləri yalnız teatrda deyil, kinoda da istifadə edilir. Mulyaj şəklində onlar vitrin reklamında istifadə olunur, tez-tez isə ticarət evlərinin və restoranların interyerlərinin tərtibatından istifadə edilir. Çox vaxt rekvizitin detalları teatr kostyumunun bir hissəsi olur. Həm kişi, həm də qadınlar üçün. Məsələn, çətir və ya əlcək, çanta və ya parlaq qadın çantası, şlyapa və ya qulaqlı papaq. Divarlardan asılan, masanın üzərinə qoyulan, aktyorlar tərəfindən səhnəyə atılan, rəssamın tamaşa vaxtı toxunduğu hər şey. Bu əşyalar da aktyorlardır, sadəcə, səsləri çıxmır. Amma onların məna önəmi heç də az deyil. 

Əşyaların dünyası insan dünyasına oxşayır, onlara bağlanırsan və bəzən hansısa bir əşyadan ayrılmaq yaxın dostdan ayrılmaq kimi çətin olur. Teatrda yazılmamış qaydalar var: özünə hörmət edən teatr qoyulmuş tamaşadan heç nə vermir - nə kostyum, nə rekvizit, nə də parik. Bu, xəsislikdən deyil, sadəcə, istənilən zaman həmin tamaşanı əvəzedici kimi qoya bilərlər. Amma əgər tamaşa repertuarda olmasa belə, əşyalar rekvizitor sexinin bir küncündə qorunur və istənilən zaman "səhnəyə çıxmağa" hazır durur. 

Rekvizitor peşəsi "kulisarxası" sənətdir, proqramlarda onu kiçik şriftlə yazırlar. Hər dəfə tamaşaya gedərkən, aktyorları alqışlayarkən unutmayın ki, sizin alqışlarınızın bir hissəsi də "lazımi insan"ın - rekvizitorun payına düşür. 



MƏSLƏHƏT GÖR:

585