KEYFİYYƏT və RAHATLIQ STANDARTI
Müəllif: Ramin ABDULLAYEV Bakı
Bakının yeni iş mərkəzi sayılan Babək prospektində yerləşən «Days Hotel Baku» bu gün dünyanın dörd bir yanından ölkəmizə işgüzar səyahətə və tətilə gələn insanlar üçün rahatlıq və gülərüzlü xidmət təcəssümüdür.
Tam şəkildə təchiz olunmuş otaqları ilə qonaqları qarşılayan otel, 2009-cu ildə beynəlxalq «Wyndham Worldwide» otellər zəncirinin tərkib hissəsi kimi fəaliyyətə başlayaraq, artıq Azərbaycanın turzim sektorunda öz layiqli yerini tutmuşdur.
İnkişaf etməkdə olan respublikamızın turizm sahəsində son dövrdə cərəyan edən proseslər və sektorun hazırkı vəziyyəti ilə bağlı fikirlərini “Region Plus”la bölüşən «Days Hotel Baku»nun baş meneceri Tamer Bektaş ilə "Eurovision 2012" Beynəlxalq Mahnı Müsabiqəsi ərəfəsində görüşərək ətraflı söhbət etdik.
1989-cu ildə Ankara Otelcilik və Turizm Okulundan məzun olan Tamer Bektaş uzun illər Türkiyənin turizm sektorunun tanınmış şirkətlərinin nəzdindəki Ankara, Antalya və Şimali Kiprdəki otellərində işləyib, son olaraq da öz təcrübəsini qardaş Azərbaycanla paylaşmaq üçün Bakıya gəlib.
- Azərbaycanın prestijini artıracaq «Eurovision» müsabiqəsinin yüksək səviyyədə keçirilməsində, bu müsabiqədə iştirak edəcək qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılmasında, şübhəsiz, otellərin də böyük rolu olacaq. Bu istiqamətdə sizin oteliniz hər hansı hazırlığa başlayıbmı?
- “Days Hotel Baku” olaraq bu prosesə hər cür yardım etməyə hazırıq. ‘Days Hotel’ beynəlxalq otellər şəbəkəsi olan “Wyndham Hotel Group”un üzvü kimi fəaliyyətə başladığı ilk gündən beynəlxalq otelcilik standartlarını tətbiq etməkdədir. Bu sahədəki ən böyük mənbə və dəstəyimiz isə personalımızdır. ”Days Hotel Baku” ən yüksək səviyyəli xidməti tətbiq etmək üçün personal treninqlərini ilboyu davam etdirməkdədir.
Eyni zamanda qeyd etməliyəm ki, qonaqlarımızın istifadəsinə verilən bütün məhsullar ən yüksək keyfiyyət standartlarına cavab verir. Yüksəksürətli internet, hava limanında qarşılanma və yolasalma, qəlyanaltı kimi imkanlar da qonaqlarımızın rahatlığı üçün təklif olunan xidmətlərdəndir.
Otelimizdə qalacaq müsafirlərimizin təhlükəsizliyi də ən yüksək səviyyədə təmin edilib. Bu məqsədlə elektron yanğın xəbərdarlıq sistemləri, təhlükəsizlik kameraları və elektron qapılar kimi texnologiyalardan istifadə edilmişdir.
Əminəm ki. bütün bu xidmətlərlə “Eurovision” müsabiqəsini izləmək üçün ölkəmizə gələcək qonaqlarımız beynəlxalq xidmət keyfiyyətində qarşılanacaqlar.
Həmçinin, qeyd etməliyəm ki, Bakı xaricindəki şəhər və tarixi məkanları təbliğ etmək məqsədi ilə Gənclər və Turizm Naziliyi tərəfindən hazırlanan tanıdıcı materiallar pulsuz olaraq paylanacaq. Beləliklə, qonaqlarımıza bütün Azərbaycanı tanıdacağıq.
- Türkiyə ilə Azərbaycanın turizm sektorları arasında kiçik bir müqayisə aparsanız, xüsusilə otelçilik sahəsində respublikamızda nə kimi xüsusiyyətlər nəzərə çarpır?
- Hər bir ölkə coğrafi mövqe və iqlim şərtləri kimi amillərə əsasən, özünəməxsus xüsusiyyətlərə malikdir. Beləliklə, dövlətlər arasında müqayisə aparmaq düzgün olmaz. Bununla bərabər, otelcilik və turizm sektorunda uzun illərə əsaslanan təcrübə, mövqe, iqlim, tarix və təbii zənginliklərə əsaslanan Türkiyə dünyanın lider ölkələri sırasına daxil olmuşdur.
Azərbaycanda son dövrdə, hər bir sahədə olduğu kimi, turizm sektorunda da böyük inkişaf nəzərə çarpır. Yeni istirahət mərkəzləri, qış və yay turizmi sahəsindəki ciddi sərmayə qoyuluşları, heç şübhəsiz, respublikanı qısa bir zamanda layiqli olduğu, çox əhəmiyyətli səviyyəyə gətirəcək.
- Xidmət səviyyəsi hər ölkənin turizm sektoru üçün “1 nömrəli” məsələ kimi qalır. Azərbaycan da bu mənada istisna deyil. Sizcə, respublikamızda mövcud olan kadr potensialı, otelçilik və ümumiyyətlə, turizm sektorunun tələblərinə cavab verirmi?
- Otelimiz amerikamənşəli «Wyn-dham Worldwide» otellər zəncirinin bir hissəsi kimi fəaliyyət göstərir. Bu isə sözügedən qrupa aid otellərdə mövcud olan standartların mütləq bir şəkildə tətbiqi deməkdir. Xidmət səviyyəmizi yoxlamaq üçün Bakıya əcnəbi ekspertlər gəlir. Bu da bizi daim yüksək standartlarda fəaliyyət göstərməyə vadar edir.
Bununla yanaşı, bir ümumiləşdirmə aparsaq görərik ki, günümüz üçün mövcud kadr potensialı, sektorun tələblərini qane etmir. Bu istiqamətdə müəyyən işlər aparılır. Hesab edirəm, sözügedən boşluğun doldurulması istiqamətində atılan addımlara həm lisey səviyyəsində, həm də sürətləndirilmiş altıaylıq kurslar vasitəsilə dəstək vermək olar. Nəzəri məlumatlarla yanaşı, turizm sektorunda fəaliyyət göstərən müəssisələrdəki iş təcrübəsindən faydalanan məzunlar da sektorun tələb etdiyi insan qaynağına çevrilir.
Bu gün ölkəmizdə turizm ixtisası üzrə universitet məzunu olan gənclər, ümumiyyətlə, iş təcrübəsinə sahib deyillər. Nəticə etibarilə nəzəri biliklərlə kifayətlənməli olan kadr işə başlayanda çətin vəziyyətə düşür. «Days Hotel Baku» olaraq bu boşluğu doldurmaq üçün səylərimizi davam etdiririk. Hal-hazırda davam edən bir sıra hazırlıq kursları keçirərək, personalımızı beynəlxalq xidmət tələblərinə cavab verəcək vəziyyətə gətiririk.
Əfsuslar olsun, hazırda kadrların uzun müddət bir yerdə işləməməsi Azərbaycanın turizm sektorunun ən böyük problemlərindən biri kimi qalmaqdadır. Personal eyni oteldə uzun illər işləmək istəmir. Bu səbəbdəndir ki, otel rəhbərləri uzunmüddətli kadr hazırlığı proqramını həyata keçirməyə o qədər də istəkli görünmürlər. Nəticə etibarilə turizm bazarında yüksək təcrübəyə sahib kadr çatışmazlığı yaranır.
Hazırda respublikada yeni istifadəyə verilən hər bir otel yüksək peşəkarlığa sahib personal çatışmazlığı ilə üzləşir. Problemin həllini isə turizm sektoru üçün orta eşelon kadrlar yetişdirən ixtisas məktəblərinin açılmasında görürəm.
- Qiymət nöqteyi-nəzərindən, hazırda Azərbaycanın otel bazarı digər ölkələrlə müqayisədə hansı vəziyyətdədir?
- Hal-hazırda Azərbaycanda təklif olunan xidmət keyfiyyəti ilə qiymətlər arasında müəyyən ziddiyyət mövcuddur. Nəticə etibarilə respublika daxilində turizm hələ ki istənilən səviyyədə deyil. Çünki insanlar daha uyğun qiymət və daha yaxşı keyfiyyət alacaqları yerləri tərcih edirlər. Daha əvvəl də qeyd etdiyim kimi, yüksəkkeyfiyyətli kadr potensialının artması bu tarazlığın yaranmasına gətirib çıxaracaq.
MƏSLƏHƏT GÖR:



577

