Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
İqtisadiyyatda istənilən plan və tapşırıqların yerinə yetirilməsi onların hansı istinad nöqtəsindən başlanmasından asılıdır - çünki əvvəlki ildə baş vermiş iqtisadi proseslərin nəticələri cari ildə hadisələrin inkişafını şərtləndirir. Ənənəvi olaraq, Azərbaycanda ötən ilə Nazirlər Kabinetinin yığıncağında Prezident İlham Əliyevin sədrliyi ilə yekun vurulur. Səslənən rəqəmlərə görə, keçən il neft hasilatının azalması üzündən, ölkə üçün bir qədər elə də yaxşı olmadı, amma dövlət başçısının sözlərinə görə, "ölkə qarşısında duran bütün sosial və iqtisadi öhdəliklər uğurla yerinə yetirilib və beləliklə, 2011-ci ildə də ölkənin uğurlu inkişafı davam edib".
Tənəzzül fonunda rekordlar
2010-cu ilə baxanda, ölkədə neft hasilatının 10,5% azalması, əlbəttə, əsas iqtisadi göstəricilərə təsir göstərməyə bilməzdi. Sadəcə, bunu qeyd etmək yetərlidir ki, sənaye bölməsində azalma 5% təşkil edib, ümumi daxili məhsul (ÜDM) isə yalnız 0,1% artıb. Ümumiyyətlə, gec-tez Azərbaycan "qara qızıl"ın hasilat səviyyəsinin azalması ilə üzləşməli idi - bu, tamamilə gözlənilən hadisəydi. Öz vaxtında bir çox ekspertlər, hətta ölkə üçün tamamilə mənfi sonuclar proqnozlaşdırırdılar - kəskin iqtisadi tənəzzül, "holland sindromu" və s. Amma bununla belə, Azərbaycan 2011-ci ildə kiçik də olsa artım nümayiş etdirib. Ən başlıcası isə odur ki, bu artım məhz neftdənkənar bölmənin inkişaf etdirilməsi hesabına əldə edilib - bu bölmə neft hasilatındakı azalmaya uyğun şəkildə, yəni 9,4% artıb.
Beləliklə, dövlətin neftdənkənar istehsalın genişlənməsinə yönəlmiş səyləri, iqtisadiyyatın ayır-ayrı bölmələri üçün konkret tapşırıqlar üzrə qəbul edilmiş proqramlar öz bəhrəsini verib (neftdənkənar bölmənin artımı 2011-ci ildə 11,1% təşkil edib). Bu gün məhz neft sahəsində tənəzzül fonunda əminliklə demək olar ki, hökumətin qarşısında duran əsas tapşırıq yerinə yetirilib - iqtisadiyyat şaxələndirilib. Prezidentin qeyd etdiyinə görə, "nəzərə alınsa ki, əvvəlki illərdə bünövrəsini qoyduğumuz müəssisələri bu il və qarşıdan gələn illərdə istismara açacağıq, onda görərik ki, gələcəkdə də neftdənkənar bölmənin inkişafı üçün gözəl imkanlar var". Bizim iqtisadiyyatın dayanıqlı müsbət inkişaf dinamikası imkan verdi ki, ölkə 2011-ci ildə sərmayələşdirmə sahəsində rekord göstərici əldə etsin. Belə ki, 2010-cu ildə ölkə iqtisadiyyatına $17,6 mlrd sərmayə yatırılmışdısa, 2011-ci ildə sərmayə həcmi ilk dəfə olaraq $20 mlrd.-a çıxdı, özü də bunun 13 mlrd.-ı daxili sərmayələrdir, 7 mlrd.-ı isə xarici sərmayəçilərin vəsaitləridir. İlham Əliyev bildirib ki, "bu balansdır, yəni bu ağırlıq nisbəti müsbətdir. Xarici sərmayəçilər Azərbaycana sərmayə yatırmağa davm edirlər. Yerli sərmayəçilər, yerli biznesmenlər və Azərbaycan dövləti bizim ölkənin hərtərəfli, şaxələnmiş inkişafı üçün hər şeyi edir".
Keçən ilin daha bir rekord göstəricisi valyuta ehtiyatları ilə bağlı oldu və onlar ilk dəfə olaraq $40 mlr səviyyəsinə çatdı. Bu göstəricinin artım meyli, demək olar ki hər gün davam edir və bu ehtiyatların idarə edilməsindən gələn gəlirlərin də bunda rolu var. Valyuta ehtiyatlarının idarə edilməsinin yeni konsepsiyasına görə, bu proses daha da şaxələndiriləcək və dünyada gedən proseslərdən qorunacaq.
Keçən ilin başqa yetərincə müsbət göstəricisi əhalinin pul gəlirlərinin 19,6% artması fonunda inflyasiyanın birrəqəmli səviyyədə - 7,9% səviyyəsində saxlanmasıdır. Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alan Avropada və ABŞ-da mənfi böhran durumunu nəzərə alaraq, hökumətin istehlak qiymətləri indeksinin həddindən yüksəlməsinin qarşısını almasının nə qədər çətin olduğunu təsəvvür etmək olar. "Biz maaşları, müavinət və pensiyaları artırırıq. Bizim iri investisiya layihələrimiz, istəsək də, istəməsək də qiymətlərin artımına gətirir. Bu necə ola bilər ki, $20 mlrd investisiya yatırılsın və bu, inflyasiyaya təsir göstərməsin?! Bizim inflyasiyanı 7,9% səviyyəsində saxlamağımız artıq böyük uğur sayılır", - deyə dövlət başçısı bildirib.
Başqa sözlə, bütünlükdə, Azərbaycan dünyanın tamamilə dəyişkən iqtisadi xəritəsində "sabitlik adası" mövqeyini qorumaqda davam edir.
Sosial dayanıqlılıq
Bildirmək gərəkdir ki, məhz dayanıqlı iqtsadi artım ölkənin sosial orientasiyalı inkişafını təmin edib, yəni ilk növbədə, yuxarıda göstərildiyi kimi, əmək haqlarının və pensiyaların artımı təmin edilib. Belə ki, dövlət büdcəsindən sosialyönümlü xərclər 16,5% artıb, o cümlədən, sosial müdafiə və sosial təminat xərcləri 33,2% artıb.
Nəticədə, 900 minə yaxın adamın pensiyas?, təxminən, 40% artıb və hazırda Azərbaycanda pensiyaların orta ölçüsü $180-190 təşkil edir, orta əmək haqqı isə $460-a yaxındır. Belə ki, 2011-ci ildə Dövlət Büdcəsinin maliyyələşdirilən təhsil, səhiyyə, mədəniyyət, idman, elm və başqa sahələrində əmək haqları 10% artacaq. "Deyə bilərəm ki, MDB məkanı üçün bu, gözəl nətiəcədir. İnsanların rifahı yaxşılaşır, ünvanlı sosial yardım ailələrinin sayı 120 mindir. Orta hesabla, bir ailəyə hər ay 106 manat müavinət verilir", - deyə Prezident vurğulayır.
Beləliklə, bütün bu göstəricilər 3 dəfə artımş yoxsulluq həddinə təsir göstərib, bu hədd 2003-cü ildəki 35,8 manat səviyyədən 2011-ci ildə 106,9 manata qalxıb. Həmin dövrdə isə yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7%-dən 2011-ci ildə 7,6% səviyyəsinə düşüb. Göründüyü kimi, hər il yoxsulluq həddi meyarının dayanıqlı artmasına baxmayaraq, yoxsul əhalinin miqdarı kəskin azalıb. İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, 2011-2015-ci illəri əhatə edən "Yoxsulluğun azaldılması və dayanıqlı inkişaf üzrə Dövlət Proqramı"nın tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi yoxsulluq səviyyəsinin sonrakı azalmasında önəmli rol oynayır.
Bu məsələdə önəmli rolu məşğulluq səviyyəsinin artırılması da oynayır. Məsələn, keçən il 94 min yeni iş yeri yaradılıb ki, bunların 73 mini daimi iş yerləridir və işsizlik səviyyəsi 5,4%-ə qədər azaldılıb. Bütünlükdə, işsizliyə qarşı proqramın gerçəkləşdirilməsinə başlanılandan, yəni 2003-cü ildən bu yana ölkədə 1 mln.-dan çox yeni iş yeri yaradılıb. "Bu göstəricilər pozitiv və ümidvericidir", - deyə İlham Əliyev vurğulayıb.
Bu rəqəmlər gələcəkdə də belə müsbət rakursda dəyişəcək və buna şübhə etməyə dəyməz - 2011-ci il tarixdə Azərbaycanın iri qaz hasilatı və qaz ixracatçısı kimi yadda qalacaq. Çünki bir ildə ümumi ehtiyatı 700 milyard kubmetrə çatan iki iri qaz yatağı - "Abşeron" və "Ümid" yataqları açılıb. Bundan başqa, keçən il, nəhayət ki, üzərində bir neçə il ağır iş gedən qaz tranziti məsələsi də həll edilib.
Bütün bunlar, şəksiz, iqtisadiyyatın qarşısında yeni imkanlar açır, o cümlədən, onlarca milyard dollar səviyyəsində əlavə investisiyaların cəlbi istiqamətində imkanlar yaradır, bu da yeni iş yerlərinin açılışında, yerli şirkətlərin inkişafında özünü göstərəcək. "İndi biz neft-qaz sənayesində istənilən vacib məhsulu - boruları, başqa məhsulları istehsal edirik. Bu, o deməkdir ki, sifarişlərin yerinə yetirilməsində daha çox Azərbaycan şirkətləri iştirak edəcək və onlar bizim büdcəyə daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri açacaqlar. Əlbəttə, bu zəncirvari reaksiya istənilən sahəyə müsbət təsir göstərəcək", - deyə dövlət başçısı vurğulayıb.
Başqa sözlə, ölkənin qaz potensialı neft hasilatının azalmasının mənfi təsirinin əvəzini ödəyə bilər. Halbuki, bir daha qeyd edək ki, yanacaq istehsalında reqressiya fonunda ilin iqtisadi göstəricilərini tamamilə uğurlu saymaq olar. Axı təsadüfi deyil ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, Azərbaycanın 2011-ci ildə qazandığı uğurlar nüfuzlu beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilib. Belə ki, inkişaf etmiş ölkələrin reytinqləri düşdüyü bir zamanda, "Standart&Poor`s" agentliyi keçən ilin dekabr ayında Azərbaycanın kredit reytinqini bir pillə qaldıraraq, "VVV-"ə çatdırıb və reytinq üzrə proqnozu "sabit" saxlayıb. Azərbaycan iqtisadiyyatının qiymətləndirilməsi üzrə "Fitch-Ratings" və "Moody`s" reytinq agentliklərinin də məlumatları müsbət olub. "Qlobal rəqabət qabiliyyəti indeksi"nə görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 142 ölkə arasında 55-ci yeri, MDB ölkələri üzrə 1-ci yeri tutub. Beləliklə, 2011-ci ilin sonuna iqtisadiyyat gələn ilin proqressiv hadisələri üçün yetərincə dayanıqlı istinad nöqtəsi hazırlayıb. Bu da ən başlıca iqtisadi uğurdur.
MƏSLƏHƏT GÖR: