25 Noyabr 2024

Bazar ertəsi, 17:48

YENİ İNKİŞAF MODELİ AXTARIŞINDA

Davos forumu dünyanın işgüzar elitasının Azərbaycana səmimi marağını nümayiş etdirdi

Müəllif:

01.02.2012

Yanvarın 25-29-da İsveçrənin dağ kurortu olan Davosda dünya siyasəti təmsilçiləri və biznes elitanın görüşü keçirildi. Bu, sayca 42-ci Ümumdünya İqtisadi Forumu (ÜİF) idi. Bu dəfə forumun mövzusu "Böyük transformasiya: yeni modellərin formalaşması" oldu. Avropada getdikcə dərinləşən iqtisadi böhranın, "ağır durumdan çıxılması", "şok xəbərdarlığı" və sair haqda bitib-tükənməyən diskussiyalar fonunda daha da aktual idi. Artıq yeni iqtisadi, hətta bəlkə də siyasi inkişaf modeli haqda fikirləşməyin vaxtıdır.

 

Qərbdən-Şərqə

Bu kontekstdə ÜİF-in yaradıcısı və rəhbəri, isveçrəli professor Klaus Şvabın sözlərini qeyd etmək yerinə düşər. 2012-ci ildə "ağılların qlobal görüşü" mövzusunu təqdim edən professor deyib: "Son 3 ildə dünya siyasət, iqtisadiyyat və maliyyə sahələrində böhranı idarə etməklə məşğul olmaq məcburiyyətində qalıb. Amma biz fundamental transformasiyanı diqqətdən qaçırmışıq. Əslində, dünya məhz bununla üz-üzədir və onun fonunda qərarların qəbulu ilə bağlı ənənəvi metodlar sürətlə köhnəlir".

K.Şvab "yeni qlobal idarəetmə modeli"ni də göstərib. Onun fikrincə, bu model "geosiyasi xarakterli tektonik dəyişiklikləri, hakimiyyət mərkəzinin Qərbdən-Şərqə doğru keçdiyini və yeni qeyri-dövlət təsir agentlərinin yaradıldığını nəzərə almalıdır".

Bundan başqa, ÜİF-in rəhbəri görüş iştirakçılarına yeni multimədəni və polietnik dünya modeli, qloballaşmanın sosial effektlərini və texnoloji innovasiyaları nəzərə alan model və nəhayət, Yer kürəsində məşğulluğun davamlı artım modeli haqda da düşünməyi tövsiyə edib.

Başqa sözlə, Davos forumu çərçivəsində kapitalizmin gələcəyi müzakirə olunub. K.Şvabın fikrincə, "kapitalizm hazırkı şəkildə artıq dünyanın tələbatını ödəmir".

Forumu açan Almaniya kansleri Angela Merkelin çıxışı da maraqlı olub. O bildirib ki, "Son onillikdə avropalıların digər regionlar üzərindəki hökmranlığı azalıb".

Həqiqətən də, son zamanlar ekspertlər qlobal iqtisadi inkişafın məhz inkişafda olan ölkələri təmin etmək iqtidarında olduğunu bildirir. Avrozonadakı problemin onlara mənfi təsirinin artmasına rəğmən, belə düşünən ekspertlərin sayı artır.

Dünya Bankının "2012-ci il üçün qlobal iqtisadi perspektivlər" adlı məruzəsinə əsasən, bu il inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artım proqnozu 5,4%, yüksək gəlirə malik ölkələr üçün isə - 1,4%-dir (avrozona üçün - 0,3%). İyun proqnozunda bu rəqəmlərin 6,2 və 2,7% (avrozona üçün 1,8%) təşkil etməsinə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdən iqtisadi artım inkişafdakı ölkələrdəkini bir neçə dəfə üstələyir.

Buna səbəb nədir? İnkişaf etməkdə olan iqtisadiyyatlara maraq niyə günbəgün artır?

 

Təqlid üçün nümunə

Misal kimi Azərbaycanı götürək. Azərbaycan iqtisadiyyatının bu gün dünyanın ən sürətlə artan iqtisadiyyatı olduğu heç kəsdə şübhə doğurmur. Bəzi ekspertlərin bunun neft sektorundan asılılığına dair mənfi fikrinin əksinə olaraq qeyd edək ki, 2011-ci ildə ölkədə qeyri-neft sahəsində ÜDM 9,4% artıb.

 Bütün bu faktorların dünyanın iqtisadi elitası üçün nə qədər əhəmiyyətli olduğu, ən azı, yanvarın 27-də Davosda Azərbaycana, daha konkret desək, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına həsr olunmuş ayrıca interaktiv sessiyanın keçirilməsində bir daha sübut olundu. Maraqlıdır ki, tədbirin aparıcısı forumun direktoru Berqe Brendin özü idi. O, giriş nitqində dünyada maliyyə böhranının yaşandığı vaxtda Azərbaycanın qeyri-neft sektorunda 9%-lik iqtisadi artımın qeydə alınmasının əhəmiyyətini qeyd edib. Yəni Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf edir.

Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, 2004-cü  ildən ölkədə 3 dəfədən artıq iqtisadi artıma nail olunub. O, neft sektorundan əldə edilən nəhəng gəlirlərin ölkə iqtisadiyyatının diversifikasiyası üçün geniş imkanlar yaratdığını, bunun dövlət siyasətinin əsas prioritetlərindən olduğunu söyləyib.

"Hər bir ölkə, xüsusilə keçid mərhələsində olanlar, güclü iqtisadiyyat yaratmaq üçün bütün təbii resurslardan istifadə etməlidir. Neft-qaz sektoruna milyardlarla investisiyanın cəlb olunması bizə iqtisadiyyatımızı diversifikasiya etməkdə yardımçı oldu. İndi qarşımızda 2 vəzifə durur: ÜDM-in həcmini ikiqat artırmaq, amma bunu iqtisadiyyatın qeyri-neft sektorunun hesabına etmək", - deyə Prezident İlham Əliyev bildirib.

Bununla yanaşı, dövlət başçısı ölkə iqtisadiyyatında enerji sektorunun hökmranlığının davam etdiyini də bildirib. O, bunu ölkədə, təxminən, 50 milyon ton neftin, 30 milyard kubmetr qazın hasil olunması ilə izah edib. İ.Əliyev yeni layihələrin həyata keçirilməsindən sonra, qaz hasilatının 50 milyard kubmetrə çatdırılacağını bildirib. "Başqa sözlə, qeyri-neft sektorunda inkişafa nə qədər cəhd göstərsək də, ÜDM-də enerji faktorunun üstünlüyü qalacaq. Amma bu, əlbəttə ki, ölkə qarşısında yeni imkanlar da açır. Çünki bu gün Azərbaycanın iqtisadi və enerji siyasəti ölkənin siyasi çəkisi ilə transformasiya olunub", - deyə Prezident qeyd edib.

İ.Əliyev Azərbaycan iqtisadiyyatının inkişafına dair fikirlərini "Avrasiyanın gələcəyi" adlı Davos sessiyasındakı çıxışında da səsləndirib.

Qeyd etmək lazımdır ki, bu il Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərin proqramı kifayət qədər geniş idi. Azərbaycan nümayəndə heyəti isə foruma daha geniş tərkibdə yollanmışdı. İlin əsas iqtisadi hadisəsində ölkənin geniş şəkildə təmsil olunması zərurəti, güman ki, Azərbaycana göstərilən böyük maraqla əlaqədar idi.

Bu fikri İlham Əliyevlə görüş zamanı ÜİF-in təsisçisi və rəhbəri Klaus Şvab da təsdiqləyib. O, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, bu inkişafın "bir sıra nüfuzlu və nəhəng şirkətlərin ölkəyə marağını daha da artırdığını" söyləyib.

Davos forumu Azərbaycan hökumətinin ölkənin qeyri-neft sektorunun inkişafına nə qədər önəm verdiyini də nümayiş etdirib. Götürək Azərbaycanın prioritet elan etdiyi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsini. Davosda Azərbaycanın dövlət başçısı ilə görüşən "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" korporasiyasının vitse-prezidenti Jan Kurtua bildirib ki, Azərbaycan qeyri-leqal proqram təminatının yayılmasının önlənməsi, piratçılıqla mübarizə sahəsində region üçün nümunədir. O, "Microsoft"un Azərbaycanla informasiya təhlükəsizliyinin təmini sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib.

Tərəflər Azərbaycanda "Microsoft"un nəhəng regional informasiya-hesablama mərkəzinin (RİHM) yaradılması məsələsini də müzakirə edib, bu istiqamətdə işlərin sürətləndirilməsi qərara alınıb.

Beləliklə, dünyanın ən iri İT-korporasiyası ixrac təyinatlı elmi tutumlu məhsul istehsal etmək istəyən və bu məqsədləyaxın zamanlarda regional innovasiya zonaları yaratmaq niyyətində olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, "Microsoft" RİHM-nin yaradılması ölkədə "yeni", insan resurslarına əsaslanan iqtisadiyyatın yaradılması üçün yaxşı dayaq olacaq. Bu, Azərbaycana investisiyaların cəlbinə kömək olacaq, gənc nəslin təhsil səviyyəsinin artırılmasını stimullaşdıracaq.

Azərbaycan regionun iqtisadi mərkəzi olan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək, innovasiya və informasiya özəyi olacaq. Qabaqcıl beynəlxalq təcrübə nöqteyi-nəzərindən, ölkədə "Micro-soft" RİHM-nin açılmasının qiyməti yoxdur.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafından danışarkən ölkənin maliyyə-bank sektorunu da qeyd etməmək mümkün deyil. Qlobal iqtisadi böhran dövründə bu sahə həsəd aparılacaq dayanıqlılıq nümayiş etdirib.

Azərbaycan Prezidenti İsveçrəyə səfəri çərçivəsində Davosda "UBS Global" şirkəti idarə heyətinin rəhbəri Qaspar Villiqerlə də görüşüb. Görüşdə İsveçrənin ən nəhəng banklarından olan  UBS ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişafı müzakirə edilib. Bundan başqa, UBS-in Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Dövlət Neft Fondu (SOFAZ) ilə maliyyə əməkdaşlığı ətrafında fikir mübadiləsi də aparılıb.

Dövlət başçısı ilə "Deutsche Bank"ın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı-direktoru Peter Tils, həmçinin, İdarə Heyətinin üzvü Yurgen Fiqen arasında da görüş olub. Görüşdə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin, Azərbaycanla "Deutsche Bank" arasında əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb, bu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Amma eyni zamanda, neft-qaz sektoru da inkişafını davam etdirir. Azərbaycan neft və qaz ixracat edən ölkəyə çevrilib, bu gün Avropa "böyük" Azərbaycan qazını gözləməkdədir.

 

Azərbaycan qazına olan ümid 

Davos danışıqları Azərbaycana dünya əhəmiyyətli karbohidrogen ixracatçısı olan ölkə kimi marağın yüksək olduğunu da açıq şəkildə nümayiş etdirdi. Azərbaycan Prezidenti İsveçrədə Almaniyanın RWE şirkətinin baş icraçı-direktoru Yurgen Qrossmanla, Avstriyanın OMV və İtaliyanın "Edison" şirkətlərinin rəhbərləri Herhard Roiss və Bruno Lesker ilə də görüşlər keçirib. Hər iki görüşdə "Şahdəniz" qaz-kondensat  yatağının işlənməsinin ikinci fazası müzakirə edilib. Qeyd edək ki, bu fazanın işlənməsi çərçivəsində "böyük" Azərbaycan qazı Avropa bazarına, həmçinin, onun cənubuna nəql olunacaq. OMV rəhbəri ilə "Nabucco" qaz kəməri layihəsinin perspektivləri, gələcəkdə Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq məsələsi də müzakirə edilib.

Davosda enerji məsələləri üzrə avrokomissar Günter Ottingerin Gürcüstanın Baş naziri Niko Gilauri ilə keçirdiyi və Azərbaycana birbaşa aidiyyəti olan görüşü də qeyd olunmalıdır. Görüşdə "Avropa İttifaqının Tbilisi ilə Gürcüstan, Türkiyə və Bolqarıstanın vahid enerji şəbəkəsinin yaradılması işində əməkdaşlıqda maraqlı olduğu" bəyan edilib, bunun "bütün ölkələr üçün səmərəliliyi " vurğulanıb.

Q. Ottingerlə görüşdə mayeləşdirilmiş Azərbaycan qazının Gürcüstan vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romania Interconnector (AGRI)" layihəsi də müzakirə edilib. Gürcüstanın Baş naziri bildirib ki, bu layihə həm onun iştirakçıları (Azərbaycan, Gürcüstan və Rumıniya), həm də bütün Avropa dövlətləri üçün vacibdir.

N.Gilauri yaxın aylarda Gürcüstanda AGRI ilə bağlı növbəti konfransın keçiriləcəyini, orada Gürcüstan, Azərbaycan, Rumıniya, Macarıstan və Aİ nümayəndələrinin iştirak edəcəyini söyləyib. Ukrayna və bir sıra Mərkəzi Asiya ölkələrinin də konfransa qatılacağı mümkündür.

Bütün bunlar nədən xəbər verir? Avropanın qaz mənbələrinin diversifikasiyasında maraqlı olmasından, Xəzər regionunun, həmçinin, Azərbaycanın dünya bazarlarına karbohidrogen xammalın ixracındakı rolunun artmasından.

Azərbaycan qazına Ukrayna da maraq göstərir. Azərbaycan və Ukrayna prezidentləri - İlham Əliyevlə Viktor Yanukoviç arasında baş tutmuş görüşdə enerji sahəsində əməkdaşlığın perspektivləri mövzusu da müzakirə edilib.

Artıq 2025-ci ilə Ukraynada SOCAR-a məxsus 1000 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərəcək. Ukrayna ərazisində qazın durulaşdırılması üçün terminalın inşası da planlaşdırılır. Azərbaycanın sənaye və enerji nazirinin sözlərinə görə, Ukrayna Gürcüstan sahillərindən Azərbaycan maye qazının nəqlinə çox ciddi yanaşır.

Bununla yanaşı, Ukrayna 2012-ci ildə 2 milyard kubmetr, 2014-cü ildən isə 5 milyard kubmetr Azərbaycan qazının nəqli məsələsinin nəzərdən keçirilməsini təklif edir. Azərbaycan hələ ki bu təklif üzərində düşünür.

Davosda Prezidentin Pakistanın Baş naziri Sayed Yusuf Rza Gilani, İsveçrə Konfederasiyası prezidenti Evelin Vidmer-Şlumpf, Polşanın dövlət başçısı Bronislav Komorovski ilə də görüşləri olub. Görüşlərdə ölkələr arasında həm də enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Azərbaycanda həyata keçirilən islahatlar ABŞ-da da yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti ilə ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və kənd təsərrüfatı üzrə müavini Robert Qormats arasında baş tutmuş görüşün nəticələrini belə qiymətləndirmək olar.

ABŞ  Prezidenti və dövlət katibinin salamlarını İlham Əliyevə çatdıran R.Qormats deyib: "Ağ evdə Azərbaycanda gedən inkişaf prosesləri, xüsusilə iqtisadiyyatda və sənaye sahəsindəki uğurlu islahatlar yüksək qiymətləndirilir".

Görüşdə Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində görülən işlərin, həmçinin, qeyri-neft sektoruna yatırılan investisiyaların müsbət nəticələr verəcəyinə ümid ifadə olunub.

 

Şərqdən-Qərbə

Qara bürünmüş Davosda keçirilən "ÜİF-2012"də 40-dək dövlət və hökumət başçıları iştirak edirdilər. Foruma rekord sayda iştirakçı qatılmışdı - 2,6 mindən artıq iştirakçının 1,6 mini işgüzar dairələrin təmsilçiləri idi.

ÜİF-də iştirak Azərbaycan üçün nə deməkdir? Bu, ilk növbədə, özünü təqdim etmək, əldə edilmiş uğurlardan danışmaq üçün daha bir şansdır. Bu, dünya iqtisadiyyatının inkişafındakı son tendensiyaları, istiqamətləri diqqətlə nəzərdən keçirmək, onlara əsaslanmaq, perspektivləri planlaşdırmaq imkanıdır.

"ÜİF-2012" çərçivəsində Azərbaycan heç bir razılaşmaya imza atmayıb. Əvəzində bu meydan dövlət başçısı səviyyəsində bir sıra vacib görüşlərin keçirilməsinə imkan yaradıb ki, bu da öz-özlüyündə əhəmiyyətli göstəricidir.

Bundan başqa, Davosda keçirilmiş forum Azərbaycana insan kapitalının inkişafında böyük perspektivləri olan, Avropanın gələcək enerji təchizatında böyük rol oynayacaq, demək, həm də dünyanın geosiyasi xəritəsində daha böyük yerə sahib çıxmış ölkə kimi böyük marağın olduğunu göstərib.

Almaniya kansleri Angela Merkel "ÜİF-2012"ni açaraq deyib: "Almaniya problemli ölkələrə verə biləcəyindən artığını vəd etməməlidir. Maliyyə Sabitliyi Fondunun artırılması haqda söhbətlərə son qoyulmalı, büdcə kəsrinin azaldılmasına, iqtisadi inkişafa diqqət ayrılmalıdır".

Başqa sözlə, Almaniya bundan sonra da başqa dövlətlərin problemlərinin həlli ilə məşğul olmaq fikrində deyil və həmin ölkələr problemlərini özləri həll etməlidirlər. Davos forumu avrozonada böhranın dərinləşdiyini də göstərdi. İnkişaf etmiş ölkələr "böhran" adlı hər şeyi məhv edən xəstəliyin həlli üçün yeni resept axtarmalıdır. "Böyük transformasiyanın yeni modelləri" isə təəssüf ki, hələ formalaşmayıb.

Şübhəsiz, bütün bu diskussiyalarda Azərbaycan iştirakçı yox, daha çox kənar müşahidəçi rolu oynayıb. Çünki ölkənin siyasi və iqtisadi inkişaf üçün öz reseptləri var. Avropadakı böhran fonunda ölkəmizin rolu daha da arta bilər. Məsələn, Azərbaycanın Avropa bazarlarında mövcudluğunu genişləndirmək imkanı var və bu, yalnız enerji bazarına aid deyil. Sərbəst maliyyə imkanlarına malik olan ölkə investor rolunda çıxış edə və yenə də bunu qeyri-enerji sektorunda gerçəkləşdirə bilər (indi bunu SOCAR həyata keçirir). Bu, sadəcə, zaman məsələsidir...



MƏSLƏHƏT GÖR:

461