
ÇİNLƏ "YAXINLAŞMA"
Abş şərqdəki əsas rəqibini sıxışdırmağa çalışır
Müəllif: Fuad HİLALOV Bakı
ABŞ Prezidenti Barak Obama bu ilin payızında keçiriləcək prezident seçkisi öncəsi Konqresə yanvarın 26-da son müraciətini edib. O, çıxışında, əsasən, iqtisadi məsələlərdən danışıb. Məsələ bundadır ki, Amerika iqtisadiyyatının durumu hələ də narahatlıq yaradır. Analitiklərin fikrincə, görülən tədbirlər problemi kökündən həll etmir və iqtisadiyyatın çökməsini, sadəcə, təxirə salır.
Müharibə çıxış yolu deyil
İqtisadçıların laxlamış iqtisadiyyatın bərpası yollarını axtardığı bir vaxtda, politoloqlar Vaşinqtonun mümkün addımları haqda proqnozlar verir. Analitiklər bir sıra digər mümkün tədbirlərlə yanaşı, Vaşinqtonun iqtisadi böhrandan hansısa müharibə və ya müharibə qorxusu yaratmaqla çıxmağa çalışacağını da istisna etmir. Çünki belə nəhəng dövlətlər üçün müharibə və ya onun baş verəbilmə qorxusu hərbi sahədə ixracın artırılması üçün yaxşı imkandır. Məsələn, 1929-39-cu illər böhranı İkinci Dünya müharibəsinə səbəb olmuşdu. "Soyuq müharibə" də əsl müharibədən, demək olar ki, fərqlənmirdi. Onun gedişində hərbi bloklar daim üçüncü dövlətlər vasitəsilə bir-biri ilə mübarizə aparır, müttəfiqlərinə nəhəng həcmdə silah-sursat satırdılar. İran-İraq müharibəsi zamanı da belə oldu: Qərb dövlətləri və SSRİ hərbi-texniki baxımdan münaqişə tərəflərini dəstəkləyirdi. Mərkəzi Amerika, Afrika ölkələrində, Vyetnam, Koreya, Əfqanıstanda hərbi əməliyyatlar illərlə davam edib.
Bununla yanaşı, son illər ABŞ-ın böhrandan çıxış yolu kimi hərbi vasitəyə əl atmaq siyasətindən, bir qədər, imtina etdiyi görünür. Amerikanın İraqdan qoşunlarını çıxarmağa başlaması da buna nümunə sayıla bilər. Amma digər tərəfdən, İran ətrafında yaşananları növbəti müharibə xofunun yaradılması kimi də xarakterizə etmək mümkündür. Eyni zamanda, Vaşinqtonun İranla və ümumilikdə, Şərq istiqamətində planlarının tamamilə fərqli, uzaq hədəflərə hesablandığını söyləmək üçün də kifayət qədər əsas var.
ABŞ Əfqanıstan və İraq "dərs"lərindən sonra Nikolas Spaykmenin qüvvələr balansı strategiyasına dönüb. Bu strategiyada deyilir:
- dünyada və hər bir regionda resurslar qüvvələr balansının yaradılması ilə istifadə olunur;
- bu qüvvələr nisbətinin yaradılması üçün müttəfiqləri hərbi texnologiyalarla, təhlükə ilə üzləşəcəkləri təqdirdə, birbaşa hərbi müdaxilənin ediləcəyi ilə həvəsləndirmək lazımdır;
- hərbi qüvvədən yalnız qüvvələr balansının pozulduğu və müttəfiqin bacarıqsızlığı halında istifadə edilməlidir.
Yeni doktrina
2012-ci ilin ilk həftəsində ABŞ Prezidenti Barak Obama Pentaqondakı mətbuat konfrasında Amerikanın yeni hərbi doktrinasını açıqlayıb. Prezidentin Pentaqonda peyda olması və bu strateji sənədi şəxsən təqdim etməsi onun vacibliyindən, hazırlanmasında dövlət başçısının da iştirak etdiyindən xəbər verir.
Obama mətbuat konfransındakı çıxışını ABŞ Müdafiə Nazirliyinin ondan bir müddət əvvəl açıqladığı "ABŞ-ın dayanıqlı qlobal liderliyi: XXI əsrdə müdafiə prioritetləri" adlı hesabatına həsr etdi.
Hesabatda ABŞ-ın çoxsaylı maraqlarından danışılır, Çinin artan qüdrətindən, Şimali Koreya təhlükəsindən, "ərəb baharı", İsrailin təhlükəsizliyi, İranın nüvə problemi, Avropa ölkələri ilə müttəfiq münasibətlərinin vacibliyi və NATO-nun Avropa və digər regionlardakı rolundan, həmçinin, NATO və müttəfiqlərinin "ağıllı müdafiə" (Smart Defence) yanaşmasının hazırlanmasından, ümumi maraqlar naminə Rusiya ilə əməkdaşlıqdan, Afrika və Cənubi Amerika dövlətləri ilə dünyanın təhlükəsizliyi kontekstində qarşılıqlı əməkdaşlıqdan bəhs olunur.
Yəqin ki, ABŞ-ın yaxın gələcək üçün əsas xarici siyasi istiqamətlərindən biri onun Asiya-Sakit okean regionunda mövcudluğunu artırması olacaq. Bu arada ölkənin hərbi büdcəsini azaltması əsas regionlarda mövqelərin zəifləməsi anlamına gəlmir. Obama ötən il noyabrın 17-də Avstraliya Parlamentindəki çıxışı zamanı da məhz Asiya-Sakit okean regionunun vacibliyindən danışmışdı.
"Bizə olduqca baha başa gələn 2 müharibə apardığımız 10 illik müddətdən sonra, Birləşmiş Ştatlar diqqətini Asiya-Sakit okean regionunun nəhəng potensialına yönəldir", - deyə prezident bildirmişdi. Bu üzdən yeni kursun həyata keçirilməsi işində ABŞ administrasiyasının ilk konkret addımının Şimal ərazisində (Avstraliyada inzibati vahid) 2500 hərbçinin yerləşdirilməsi qərarının olması təsadüf deyil. Bunun davamı olaraq, ABŞ dövlət katibi Hillari Klinton artıq 2011-ci ilin noyabrında Vaşinqtonun XXI əsri Sakit okean siyasəti yüzilliyinə çevirmək niyyətini açıqladı.
Disbalansı aradan qaldırmalı
Bununla yanaşı, bütün nəzərlər iqtisadiyyatı, siyasəti və hərbi qüdrəti yalnız Asiya-Sakit okean regionunda yox, bütünlükdə dünya miqyasında sürətli templərlə inkişaf edən Çinə yönəlib. Hələ ki Asiyanın ən nəhəng fövqəldövləti olan Çin, hərbi qüdrətinə görə, Birləşmiş Ştatlardan geri qalır. Lakin Pekinin region və dünya ilə bağlı strategiyası, plan və təşəbbüsləri Qərbi əməlli-başlı narahat edir. Xüsusilə ABŞ Çinin həm Asiya-Sakit okean regionunda, həm də başqa dövlətlərdə iqtisadi potensialı hesabına mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş geosiyasi fəaliyyətindən narahatdır. Amerikalı analitiklər hə-yəcan təbili çalır: Çin ABŞ-ın normal münasibətlər qurmaq istəmədiyi və ya qura bilmədiyi dövlətləri ətrafına yığır.
Məsələn, uzun onilliklər ərzində Qərb Myanmanı (keçmiş Birma) demokratik azadlıqları boğmaqda ittiham edərək, onunla əlaqə qurmayıb. Çinlilər isə əksinə, əlaqələr qurmaqla Myanma iqtisadiyyatına on milyardlarla dollar sərmayə qoyub. Çinin bu ölkəyə hərbi yardımı da qeyd olunan rəqəmdən geri qalmır.
Hindistan, Çin, Tailand və Laosla ümumi sərhəldlərə malik olan Myanma geosiyasi əhəmiyyətinə görə, Çin üçün cəlbedicidir. Myanma Malakka boğazına nəzarəti də ələ ala bilər. Hansı ki bu boğazdan il ərzində 50 minədək gəmi keçir. Boğaz vasitəsilə neft daşımalarının həcmi gündə 11 milyon bareldir. Çin isə bu boğazdan keçən enerji resurslarının əsas istehlakçısıdır.
Eyni mənzərə səmərəli coğrafi mövqeyə malik kiçik ada dövləti olan Şərqi Timora münasibətdə də müşahidə olunur. Buradan Avstraliya və İndoneziya "əl çatacaq" qədər yaxındır. Bircə Timor dənizi böyük karbohidrogen ehtiyatları ilə nəyə desən dəyər.
2002-ci ildə Portuqaliyanın keçmiş müstəmləkəsi olmuş Şərqi Timor müstəqillik əldə etdikdən sonra, ABŞ və Çin arasında onun uğrunda mübarizə başlayıb. Hələlik bu mübarizədə Pekin daha üstün görünür. Bu gün Çin bu ölkədə bir yox, iki elektrik stansiyasının inşasına dair müqavilə imzalamağa nail olub. Layihənin dəyəri 378 milyon dollardır. Bundan başqa, timorlular hərbi təchizatda da Çinə müraciət edir, ondan yüngül silahlar və uniforma alır. 2011-ci ilin yanvarında iki ölkə arasında Pekinin Şərqi Timora 3 milyard dollar borc ayırmasına dair razılaşma imzalanıb. Əvvəllər yerli iqtisadiyyat və siyasətdə yüksək postlar tutmağa iddialı timorlular təhsil almaq üçün ABŞ və Avstraliyaya yollanırdılarsa, indi bunun üçün də Çinin ali məktəblərinə üz tuturlar.
Çinin bütün sahələrdə və vacib regionlarda mövqelərini möhkəmləndirməsinin ABŞ-ın dünyadakı hegemonluğuna təhlükə olduğunu anlayan Obama administrasiyası, Asiya-Sakit okean regionu, həmçinin, Çin-Amerika qarşıdurmasının bu və ya digər dərəcədə hiss olunduğu bütün dövlətlərlə bağlı siyasətində "yenilənməyə" qərar verib.
Son 50 ildə ilk dəfə olaraq 2011-ci ilin noyabrında ardarda ABŞ, İngiltərə və Fransanın xarici siyasət idarəsi rəhbərlərinin Myanmaya səfərləri heç də təsadüf deyildi. Onların səfər proqramları və orada səsləndirdikləri bəyanatlar, demək olar ki, eyni idi. Həm ABŞ-ın dövlət katibi Hillari Klinton, həm Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq, həm də Fransa XİN başçısı Alen Jüpe səfər zamanı Myanmanın əsas müxalifət lideri olan Aun San Su Çji ilə görüşüb, ona ölkələrinin müxtəlif fəxri mükafatlarını təqdim edib və ölkədə demokratik dəyişikliklərin həyata keçirilməsində müxalifətə bütün yardımın göstəriləcəyinə söz veriblər. Xatırladaq ki, apreldə Su Çji "Demokratiya uğrunda milli liqa"nı əlavə parlament seçkisinə aparacaq.
Bundan başqa, ABŞ Filippinlə onsuz da möhkəm olan hərbi münasibətlərini də yeniləyib. ABŞ-la Filippin arasında qarşılıqlı müdafiə haqqında müqavilənin imzalanmasının 60 illiyinin qeyd olunduğu vaxtda, Amerikanın dövlət katibi Klinton ölkəsinin 2012-ci ildə Filippinə sahil mühafizəsi üçün nəzərdə tutulmuş ikinci patrul gəmisini "demək olar ki, havayı verəcəyini" bəyan edib.
Çinin artmaqda olan təsir imkanları ilə əlaqədar olaraq, Avstraliya, Yaponiya, Cənubi Koreya, Tailand, Filippin, İndoneziya, Sinqapur, Malayziya, Yeni Zelandiya, hətta Monqolustan belə, ABŞ-la qarşılıqlı münasibət saxlayır. Onların sırasına illərlə ABŞ-a qarşı müharibə aparmış Vyetnamı da daxil etmək olar. Vyetnamla Çin arasında Cənubi Çin dənizində sərhəd pozulmaları ilə bağlı yaşanan problem birincini Vaşinqtonda dəstək axtarmağa vadar edir. Yeri gəlmişkən, strateji əhəmiyyətli dəniz əlaqələrinin qurulduğu, mütəxəssislərin fikrincə, enerji resursları ilə zəngin olan Cənubi Çin dənizi digər regional dövlətlərin də mübahisə predmetidir. Söhbət Filippin, Malayziya, Bruney və Tayvandan gedir.
Göründüyü kimi, Asiya-Sakit okean regionu ABŞ-ın da təsiri ilə simasını dəyişir. Çinlə bu və ya digər dərəcədə təhlükəsizlik problemi olan bütün dövlətlər Amerikanın himayəsi altında birləşir. Bu hərbi-siyasi birliyi, hətta "Sakit okean NATO"su da adlandırmaq olar.
Beləliklə, hazırda Çin-Pakistan-Şimali Koreya-Myanma ittifaqına qarşı ABŞ-Avstraliya-Cənubi Koreya-Filippin-Vyetnam-İndoneziya-Tailand alyasının qoyulduğunu söyləmək olar. Hindistan isə balanslaşdırılmış siyasət yürütməklə yanaşı, donanmasına Şərqə göndərməyi düşünür. Ən maraqlısı isə odur ki, ABŞ-ın regionda hərbi mövcudluğunu artırması və mühasirə strategiyasını gücləndirməsi Rusiya-Çin münasibətlərini strateji tərəfdaşlığadək yaxınlaşdıra bilər.
Obamanın Avstraliyadakı son çıxışına və 2500 dəniz piyadasının Darvindəki (Avstraliyanın şimalı) bazada yerləşdirilməsi qərarına qayıdaraq qeyd edək ki, Birləşmiş Ştatların strategiyasına quru qoşunları elementləri də əlavə olunmaqdadır.
Artıq qeyd edildiyi kimi, Çinlə ABŞ arasında qarşıdurma xətti, demək olar ki, bütün dünyanı əhatə edir və artıq indidən bir çox sahələrdə Pekinin üstünlüyü müşahidə olunur. Bu səbəbdən, Amerikanın yeni strategiyası ("anakonda kəməndi") - Çinin öz sərhədlərindən kənara çıxmasına imkan verməməyə, qızğın silahlanma ilə, bu ölkənin iqtisadiyyatını zəiflətmyə, nəhayət, Pekinin təsir dairəsində olan iqtisadi-ticarət bazarlarını onun üzünə bağlamağa yönəlib. ABŞ bu strategiyasını uğurla reallaşdıra biləcəyi təqdirdə, ciddi nailiyyətlərə ümid bəsləyə bilər: Vaşinqton qorxu yaratmaq siyasəti ilə regional bazarları ələ keçirə, Yaxın Şərq ölkələrində olduğu kimi, bu region dövlətlərinə də hərbi texnikanın satışı və təchizatını nəzarətə götürə, son illər Çinin əldə etdiyi Amerikanın dövlət istiqrazlarından mümkün istifadənin qarşısını ala, regionda Amerika dollarını gücləndirə bilər.
1970-1980-ci illərdə bu strategiyadan SSRİ-yə qarşı uğurla istifadə olunmuşdu.
Amerikanın strategiyası Sakit okean regionu ilə yanaşı, Pekinin regiondankənar iqtisadi, hərbi, si-yasi və strateji tərəfdaşlarına qarşı da yönəlib. İran, Suriya, Pakistan, Şimali Sudan, Liviya, Nigeriya kimi Çinlə sıx əlaqələri olan ölkələrdə xaos, siyasi qeyri-sabitlik və münaqişə əlamətləri müşahidə etmək mümkündür: demək olar ki, hər gün İrana qarşı mümkün müharibədən danışılır, Suriyada vətəndaş müharibəsi gedir, Pakistanda hərbi çevriliş təhlükəsi var, Liviyada Qəddafi rejimi devrilib, Cənubi və Şimali Sudan arasında gərginlik hökm sürür, Nigeriya tədricən xaosa sürüklənir. Çinin özündə isə uyğur və tibetlilərin hüquqlarının pozulması ilə manipulyasiya etmək mümkündür.
Çin iqtisadi, siyasi və hərbi mühasirəyə nə qədər tab gətirə biləcək və bunun cavabında hansı addımları atmaq iqtidarındadır? Bunu yalnız Çin yox, müttəfiqləri ilə birlikdə ABŞ da düşünməlidir. Nəhəng iqtisadi və hərbi potensiala, qədim ənənələrə və unikal sosial fəlsəfəyə malik Çin heç bir halda Sovet İttifaqının taleyini yaşamaq istəməyəcək.
Amma ABŞ da keçmişdəki səhvlərini təkrarlamaq niyyətində deyil. Əvvəllər Əfqanıstana hərbi müdaxilə və Çinin bilavasitə yaxınlığında yerləşən Orta Asiya dövlətlərinin hərbi dəhlizləri və aviabazalarından istifadə gözlənilən nəticəni vermədiyi halda, ABŞ-ın Çinin artmaqda olan qüdrətini önləmək üçün yürütdüyü hazırkı siyasət çoxistiqamətli və daha düşünülmüş şəkildə həyata keçirilir.
"XXI əsrdə xarici siyasətdə əsas mövzu Çinlə ABŞ-ın qarşılıqlı münasibətləri olacaq", - deyə Henri Kissincer bildirir. O Kissincer ki vaxtilə ABŞ-ın Çin sərhədləri yaxınlığında mövcudluğunu artırmaq niyyəti ilə başladığı, lakin 60 min qurban verərək məğlub olduğu Vyetnam müharibəsinin dayandırılmasına dair danışıqların fəal iştirakçılarından olub...
MƏSLƏHƏT GÖR: