15 Mart 2025

Şənbə, 01:28

SANKSİYALARIN TƏSİRİ HİSS OLUNUR

Tehran danışıqlara razılaşdı, amma bu, Qərbi yumşaldacaqmı?

Müəllif:

01.02.2012

İran Prezidenti Mahmud Əhmədinejad yanvarın 27-də ölkəsinin nüvə proqramı ətrafında vəziyyətin gərginləşməsindən sonra, ilk dəfə beynəlxalq vasitəçilərlə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. Əhmədinejad, eyni zamanda, onu da bildirib ki, Tehranın danışıqları davam etdirməyə hazır olmasını İranın sanksiyalar qarşısında mövqelərindən geri çəkilməsi kimi qiymətləndirmək olmaz. "Əksinə, İran Qərbə lazımdır. Çünki bizim ölkəmiz sanksiyaların tətbiqindən heç nə itirməyəcək", - deyə Əhmədinejad bildirib. 

O deyib ki, sanksiyaların sərtləşdirilməsi Tehranı nüvə proqramından imtinaya məcbur edə bilməyəcək.

Qeyd edək ki, Əhmədinejadın bu bəyanatından bir neçə gün əvvəl, Aİ ölkələri Tehrana yeni sanksiyalar tətbiq edib. O, İran neftinin və neft-kimya məhsullarının idxalına qadağanı nəzərdə tutur. Qurumda İrana neft sahəsi üçün avadanlıq və texnologiyanın ixracının qadağan olunması, İran mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqda da qərar qəbul edilib.

Hələ ötən ilin noyabrında ABŞ, Böyük Britaniya və Kanada İran iqtisadiyyatının enerji və maliyyə sektoruna sanksiyaların tətbiq edildiyini açıqlamışdı. Elə həmin vaxt Fransa Prezidenti Nikola Sarkozi Tehranla bağlı presedenti olmayan tədbirlərə əl atılması təklifi ilə çıxış etdi. Söhbət İran Mərkəzi Bankı aktivlərinin dondurulması və İran neftinin boykotundan gedirdi. 

Nəhayət, bu sanksiyalar qəbul edildi.

İran hasil etdiyi neftin, təxminən, 20%-ni Avropaya ixrac edir. Onun əsas istehlakçıları Yunanıstan, İspaniya və İtaliyadır. Hazırda qüvvədə olan müqavilələrə əsasən, onların İran neftini almaq öhdəliyi bu il iyulun 1-dək nəzərdə tutulub. Görünən odur ki, Qərb İran neftini əvəz etmək üçün alternativ mənbələrin tapılması məqsədilə vaxt udmaq istəyir. İranın Hörmüz boğazını bağlamasının qarşısını almaq məqsədilə isə oraya ABŞ, Fransa və Britaniyanın Hərbi Dəniz Qüvvələrindən ibarət birgə qrup göndərilib.

Maraqlıdır ki, İran hökuməti Avropa bazarının itirilməsi ilə bağlı xüsusi narahatlıq nümayiş etdirmir. İranın Rusiyadakı səfiri Mahmud Rza Sacadi bildirib ki, Tehranın bu məsələdəki vacib tərəfdaşı əvvəlkitək Çindir və o, hətta ABŞ-ın sərt təzyiqi qarşısında belə, İran neftindən imtina etməyəcək.

İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst isə bildirib ki, Aİ-nin Tehranı nüvə proqramından imtinaya məcbur etməyə yönəlmiş qərarı heç bir nəticə verməyəcək. 

Tehranın bu ritorikası kifayət qədər ənənəvi olsa da, Vaşinqton və onun avropalı müttəfiqlərini çox qıcıqlandırır.

Hələ İran neftinə embarqonun qoyulması qərarının qəbulu ərəfəsində Fransa Prezidenti N.Sarkozi bildirmişdi ki, Paris İran probleminin hərbi yolla həllini əngəlləmək üçün əlindən gələni edəcək. Bununla yanaşı, Sarkozi Tehranın danışıqlar masasına əyləşməyə məcbur edilməsinin, onunla nüvə proqramından imtinaya dair razılığa gəlinməsinin  vacibliyini də qeyd etmişdi. Əks təqdirdə, hərbi qarşıdurmadan və İrana kənar müdaxilədən qaçmaq çətin mümkün olsun. Bununla əlaqədar olaraq N.Sarkozi Rusiya və Çini Tehrana qarşı, heç olmasa, sərt sanksiyaların qəbuluna dəstək olmağa çağırıb. Amma İranda ciddi geosiyasi maraqları olan Moskva və Pekinin məsələyə öz baxışı var.

Aİ-nin İran neftinə embarqo qoymaq qərarını şərh edən Rusiya XİN bəyan edib ki, Moskva problemin diplomatik yolla həlli cəhdlərinin, həmçinin, "altılıq" (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) xətti ilə görülən tədbirlərin iflasa uğrayacağından narahatdır. 

Belə qərar xüsusilə yanvarın sonlarında MAQATE katibliyi mütəxəssislərinin nüvə obyektlərinə baş çəkmək və "ehtimal olunan tədqiqatlarla bağlı" İrana səfərə hazırlaşdığı ərəfədə, həmçinin, Tehranın "altılıq"la danışıqları bərpaetmə ehtimalının artdığı bir vaxtda, xüsusilə arzuolunmazdır. Bu səbəbdən, Moskva hamını, həmçinin, Aİ-ni maksimum səbirlilik və ehtiyatlılıq nümayiş etdirməyə, qarşıdurma atmosferi yaratmamağa çağırır.

Aİ-nin İran nefti ilə bağlı sanksiyaları Pekin tərəfindən də tənqid olunub. Çin onları "kobud təzyiq" və "qeyri-konstruktiv yanaşma" adlandırıb.

BMT-nin Baş katibi Pan Gi Mun isə öz növbəsində, İranın nüvə proqramından ciddi narahatlıq ifadə edib. Bununla yanaşı, o, "İran probleminin sülh yolu ilə həllinin alternativinin olmadığını" da bildirib. Baş katib qarşı-qarşıya olan tərəfləri "səmərə verməyəcək ritorikadan qaçmağa" səsləyib. Amma zərurət yaranacağı təqdirdə, son zamanlar nüfuzu xeyli aşağı düşmüş Baş katibin çağırışları çətin ki eşidilsin. Düzünə qalsa, püşk artıq çoxdan atılıb.

İranın nüvə obyektlərində təftiş aparılmasına razılaşması əksər Qərb ekspertləri tərəfindən Tehranın vaxt udmaq cəhdi kimi qiymətləndirilir. Bununla yanaşı, İran da borclu qalmaq niyyətində deyil. Qabaqdangəlmişlik etməyə çalışan İran Parlamenti bu ilin iyulunu gözləmədən Aİ-yə neft ixracının dayandırılmasını nəzərdə tutan qanun layihəsi üzərində işləyir. İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Məhəmməd Kousari isə bildirib ki, onun ölkəsi neft satışı ilə bağlı problemlə üzləşəcəyi təqdirdə, Hörmüz boğazını bağlayacaq. O əmindir ki, ABŞ, hətta öz müttəfiqləri ilə qüvvələrini birləşdirsə belə, boğazın açılmasına nail ola bilməyəcək.

Tehranın cəsarətli bəyanatlarına baxmayaraq, Qərbin bu ölkəyə birgə təzyiqi və iqtisadi sanksiyaların tətbiqi artıq nəticə verməkdədir. Aİ-nin İran neftinə embarqo qoyulması haqda qərarı dəstəkləməsindən sonra, İran rialının dollara nisbətdə qiyməti 7% azalıb. Son ayda isə ümumiyyətlə, bu ucuzlaşma, təxminən, 50% təşkil edib. Üstəlik, İran milli valyutası ötən il ərzində də 60%-dən artıq ucuzlaşmışdı. Bu vəziyyət İranda daxili siyasi sabitliyin pozulmasına aparıb çıxara ilər ki, Qərb də məhz buna ümidlidir.

Bütün bunlarla yanaşı, İranda hakimiyyət uğrunda mübarizə aparan müxtəlif siyasi qruplar arasında davam edən savaş fonunda, yanvarın sonlarına yaxın 5 gün ərzində elit hərbi birləşmə - İslam İnqilabı Keşikçiləri Korpusunun 4 yüksək rütbəli nümayəndəsi dünyasını dəyişib. Yaşı 50-55 arasında olan hərbçilərin ölümünün rəsmi səbəbi insul və ürəktutması göstərilir. Amma İran ictimaiyyətində bu ölüm faktları ilə bağlı müxtəlif söz-söhbətlər gəzir. Bəzi İran KİV-də onların qətlə yetirilə biləcəkləri haqda üstüörtülü fikirlərə də rast gəlinir.

Bu gün İranın nüvə proqramı Tehran-Qərb münasibətlərində əsas maneəyə çevrilib. Amma paradoksal olan odur ki, İranın nüvə proqramına vaxtilə Vaşinqton və onun müttəfiqlərinin fəal iştirakı ilə start verilib. Hələ 1967-ci ildə ABŞ İrana gücü 5 mvt olan nüvə reaktoru satmışdı. Daha sonra Almaniya və Fransa İrana reaktorların inşası üçün texnoloji dəstək göstərdi. 1974-cü ildə İranın Atom Enerjisi Təşkilatı yaradıldı və o, 25 il ərzində ABŞ və Qərb dövlətlərinin dəstəyi ilə qiyməti, təxminən, 30 milyard dollar olan 23 nüvə enerji blokunun tikintisinə dair plan hazırladı. Elə həmin il ozamankı İran şahı Məhəmməd Rza Pəhləvi gözlənilməz bəyanat səsləndirərək bildirdi ki, "İran nüvə silahını çoxlarının gözlədiyindən daha tez əldə edəcək". Bu bəyanat Qərbdə əsl şok yaratdı. Çünki İran hələ 1968-ci ildə nüvə silahlarının yayılmamasına dair sazişə qoşulmuş, 1970-ci ildə isə onu ratifikasiya etmişdi.

Vaşinqton tərəfindən Tehrana göstərilən təzyiqlər bir müddət sonra, şahı öz bəyanatından imtina etmək məcburiyyətində qoydu. Bundan sonra - 1977-ci ildə Paris və Bonn İrana 2 atom reaktoru satdı. Bir il sonra İran Amerikadan 5 mvt gücündə tədqiqatçı reaktor da aldı. İranla atom enerjisi sahəsində əməkdaşlığa Argentina da başladı. Qərbi Almaniya isə Buşəhrdə 2 AES blokunun inşasına başladı.

İranda islam inqilabının qələbəsi və şah rejiminin devrilməsindən sonra, yeni hökumət AES tikintisi proqramından imtina etdi. Ölkəni nəinki əcnəbi mütəxəssislər tərk etdi, eyni zamanda, nüvə layihələrində iştirak edən çoxlu sayda iranlı da başqa ölkələrə üz tutdu. Bir neçə il sonra ölkədə vəziyyət sabitləşdi, İran rəhbərliyi nüvə proqramının icrasını bərpa etdi. Çinin köməyi ilə İsfahanda  tədqiqat reaktoru ilə elmi-tədqiqat mərkəzi yaradıldı, uran filizinin hasilatı davam etdirildi. Eyni zamanda, İran uranın zənginləşdirilməsi, ağır suyun istehsalı üçün texnologiyaların alınması məqsədilə İsveçrə və AFR şirkətləri ilə danışıqlara başladı. İranlı fiziklər Amsterdamdakı Milli Nüvə Fizikası, həmçinin, Yüksək Enerji Fizikası institutlarına, Niderlanddakı Petten Nüvə Mərkəzinə baş çəkməyə başladılar. 1992-ci ildən etibarən, İranla Rusiya arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində sıx əməkdaşlıq quruldu. 1995-ci ildə Moskva Buş?hrdəki ilk AES-in tikintisinin başa çatdırılmasına dair razılıq imzaladı. 1998-ci ildə tikinti işlərinə başlanıldı.

2003-cü ildən başlayaraq isə ABŞ İranı nüvə silahı əldə etmək üçün gizli iş aparmaqda ittiham etməyə başladı. Amma artıq bunadək - 2002-ci ildə ABŞ prezidenti Corc Buş İranı "şər ölkələr" siyahısına aid etmiş, onu terrorçuları maliyyələşdirməkdə, nüvə silahı əldə etməyə çalışmaqda təqsirləndirmişdi.

Əvvəlcə ABŞ-ın İranın nüvə silahı istehsalına mane olmaq üçün onu beynəlxalq təcrid durumuna salmaq cəhdləri Fransa, Almaniya, Böyük Britaniya və Rusiyanın müqaviməti ilə qarşılaşmışdı. Lakin vaxt keçdikcə, Vaşinqton vəziyyəti öz xeyrinə dəyişə bildi. Üstəlik, 2003-cü ildə MAQATE İranda uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş sentrifuqaları aşkarlamağa nail oldu.

Qeyd etmək lazımdır ki, bu vəziyyətdə həm Tehranın, həm də Vaşinqtonun zəif cəhətləri var. İran nüvə silahlarının yayılmaması sazişini imzalamaqla üzərinə heç zaman nüvə silahı istehsalı ilə məşğul olmamaq haqda öhdəlik götürüb. Amma İran bildirir ki, əgər ABŞ yalnız Yaxın Şərqdə deyil, bütün dünyada nüvə silahlarının yayılmasından belə narahatdırsa, bu tələb bütün dövlətlərə, eyni zamanda, İsrailə aid olmalıdır. Təl-Əviv isə nüvə silahlarının yayılmaması sazişini belə imzalamayıb. Tehran Vaşinqtonu sazişin başqa maddəsini də pozmaqda günahlandırır - nüvə silahı əldə etmək hüququna malik dövlət nüvə silahı istehsalı texnologiyasını üçüncü ölkəyə verə bilməz. Bu gün, müxtəlif ehtimallara görə, İsrailin 100-200 nüvə başlığı var. Təl-Əviv bu fakta heç bir münasibət bildirməsə də, Tehran bu işdə Vaşinqtonu günahlandırır. İranda hesab edirlər ki, məhz ABŞ müttəfiqi olan ölkəyə nüvə silahının əldə olunmasında köməklik göstərib. Vaxtilə Hindistan və Pakistanın Rusiya və ABŞ-ın fəal dəstəyi ilə nüvə dövlətlərinə çevrilməsi faktı da vəziyyəti qəlizləşdirir.

Bununla yanaşı, ABŞ-İran qarşıdurmasında Vaşinqtonun mövqeyi daha konkret və güclü görünür. Vaşinqtonun taktikası dəyişməz qalır: "Nüvə silahının yayılmasına imkan verməmək". Tehran isə ya nüvə proqramının dincxarakterli olduğunu bəyan edir, ya da İrana İsraili Yer üzündən silə biləcək nüvə silahı əldə etməkdə heç kimin mane ola bilməyəcəyini açıqlayır. Belə dəyişkənlik isə, təbii ki, dünya ictimaiyyətində Tehranın siyasətinin səmimiliyinə şübhə və inamsızlıq yaradır.



MƏSLƏHƏT GÖR:

444