15 Mart 2025

Şənbə, 01:45

TƏHLÜKƏLİ "SOYQIRIM" OYUNU

Müəllif:

01.02.2012

Fransa demokratik dövlət imicinə ciddi zərbə vura biləcək, həmçinin, Türkiyə ilə münasibətlərini korlayacaq addımı atmağa risk etdi. İndi yalnız Paris-Ankara münasibətlərinin perspektivi yox, Fransanın Cənubi Qafqazın və Türkiyə ilə həmsərhəd olan digər regionların geosiyasətinə təsir perspektivləri də sual altına düşüb.

Fransa Parlamentinin yuxarı palatası "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etdi. Nəticədə, erməniliyin tarixi yalanını həqiqət saymayacaq hər kəs Fransada 1 il həbsdə yatmalı və ya 45 min avro cərimə ödəməli olacaq. İndi qalmaqallı sənədin taleyi Yelisey sarayının sahibi Nikola Sarkozinin əlindədir. O, qanunu ya imzalamalı, ya da rədd etməlidir.

Ankaranın baş verənlərə təbii olaraq hansı reaksiya göstərəcəyini təsəvvür etmək çətin deyildi. Türkiyə Xarici İşlər Nazirliyinin baş verənlərlə bağlı yaydığı bəyanatda Fransanın yeni qanunu "məsuliyyətsiz, bütün mənalarda şübhəli qərar" adlandırılıb.

Rəsmi Ankaranın ən vacib bəyanatı Fransa vətəndaşlarının Nikola Sarkozini və onun silahdaşlarını pisləməli olduğunu düşünən Baş nazir Rəcəb Tayyib Ərdoğandan gəlib. "Bu gün susanlar Avropada faşizmin bərpasına göz yumur", - deyə Ərdoğan bildirib. Bundan başqa, ölkəsinin Fransaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu da bəyan edib.

Ekspertlərin hesablamalarına görə, fransalı parlamentarilərin qərarı ölkəyə, ən azı, 4 milyard dollara başa gələcək. Türkiyə Fransadan uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sisteminin alınması üçün "Eurosam" şirkətinə məhz bu məbləği ödəməyə hazırlaşırdı. İndi, güman ki, Ankara diqqətini Amerikanın strateji silah istehsalçılarına yönəldəcək.

Fransalı siyasətçilərin bu çirkin qərarlarının hansı nəticələrə aparıb-çıxaracağını bilmədikləri inandırıcı deyil. Sadəcə, onların güman etdikləri "dividendlər", Ankara ilə münasibətlərin pozulmasından gələcək bütün zərərləri kompensasiya etməlidir. Onların iki hədəfi var. Birincisi - uzunmüddətli hədəf: Türkiyənin Avropa İttifaqına yolunun birdəfəlik bağlanması və bununla da Avropa məkanında güclü fövqəldövlətin peyda olması perspektivinin üzərindən xətt çəkilməsi. Məsələ ondadır ki, Türkiyə öz demoqrafik, iqtisadi və hərbi potensialına görə, Aİ-də əsas rollardan birinə sahib çıxa bilər.

İkinci hədəf - qısamüddətlidir: bu, Fransada bir neçə ay sonra keçiriləcək prezident seçkisidir. Nikola Sarkozinin partiyası və onun əsasən, sosialistlərdən ibarət rəqibi, demək olar ki, hər səs uğrunda mübarizə aparır. Bu üzdən seçkidə yarımmilyonluq erməni diasporunun dəstəyinin alınması Fransada qüvvələr nisbətinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Göründüyü kimi, bu hədəflər demokratiya, azadlıq və humanizm ideallarından çox uzaqdır. Halbuki, Fransa özünü məhz bu idealların təbliğçisi kimi təqdim edir. "Erməni soyqırımı" haqda qanunun Fransa ictimaiyyəti tərəfindən birmənalı qarşılanmaması da təəccüblü deyil. Fransanın "Direct 8" telekanalında nümayiş olunan populyar tok-şou zamanı məşhur jurnalist Xloya Leprens yeni qanunun qəbulunda prezidentin xanımı Karla Bruni-Sarkozinin də əlinin olduğunu bildirib və Fransa Parlamentinin qərarını mənfi qiymətləndirib. Onun fikrincə, tarixə aidiyyəti olan belə məsələlər qanunverici orqanın səlahiyyətlərinə aid deyil.

Hüquq professorları Bertran Matye və Anna Levadın qanun haqda ətraflı fikirləri isə nüfuzlu "Liberation" qəzetinin səhifələrində dərc olunub. Onlar hesab edir ki, "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan sənəd bütünlükdə Fransada söz azadlığı və tədqiqat azadlığını şübhə altına alır. "Ermənilərin xatirəsinə hörmətə,  onların təqib faktının tanınmasına cəhdlər nə qədər qanuni olsa belə, bunu konstitusion hüquqların pozulması hesabına reallaşdırmaq olmaz", - deyə fransalı alimlər bildirir.

Maraqlıdır ki, Parisin ermənilərə hədsiz simpatiyasını onun Avropadakı qonşuları da tənqid edib. Böyük Britaniyanın Baş naziri Devid Kemeron Fransa Parlamentinin qanunların qəbulunda azad olduğunu qeyd etməklə yanaşı deyib: "Mənim ölkəmdə də keçmişə aid qanun layihələri hazırlanır. Amma hesab edirəm ki, keçmişlə yox, bugünlə yaşamalıyıq".

Kemeron "müsəlman Türkiyəsinin Avropa İttifaqına üzvlüyünə zəmanət verilməli olduğunu" da bildirib. Bu, Londonun Ankara-Brüssel danışıqlarının gələcək gedişini öz üzərinə götürmək niyyətindən, Parisi bu prosesdən kənarlaşdırmaq istəyindən xəbər verir.

Avropa İttifaqının rəhbərliyinə gəlincə, Brüsseldə də Fransa Parlamentinin qərarı xüsusi həvəslə qarşılanmayıb. "Hesab edirəm, Aİ üzvü olan və birliyə namizəd ölkələr arasında məsələlərə qarışmaq Avropa Komissiyasının işi deyil. Belə vacib həssas məsələlər siyasi bəyannamələrlə yox, tarixçilər tərəfindən, dialoq, faktların ortaya qoyulması yolu ilə daha yaxşı həll olunur", - deyə genişlənmə və mehriban qonşuluq siyasəti üzrə avrokomissar Ştefan Füle bildirib.

Paris okeanın o tayından da mənfi qiymət alıb. ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonun "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulması qərarına rəğbətlə yanaşmadığını bildirib. Faktik olaraq, Fransanın demokratik imicini şübhə altına alan Klinton fikrini belə davam etdirib: "Birləşmiş Ştatların güclü cəhətlərindən biri odur ki, biz insanları fikirlərinə görə cəzalandırmırıq. Bizdə insanlar, demək olar ki, istədikləri hər şeyi danışa bilərlər. ABŞ-da onlar belə edir. Başqa ölkələrin fərqli standartları və qaydaları ola bilər. Ümid edirəm, biz heç zaman heç kəsi fikrinə görə cəzalandırmayacağıq".

H.Klinton bildirib ki, "erməni soyqırımı"nın tanınması məsələsini "siyasətçilər yox, tarixçilər həll etməlidir". "Sübutlar toplayın, arqumentlərinizi deyin və diskussiyalarda iştiraka hazır olun. Dövlətin belə məsələlərin həllinə cəlbi çox təhlükəli təcrübədir", - deyə Dövlət Departamentinin rəhbəri qeyd edib.

Fransalı parlamentarilərin qərarı yalnız Türkiyəyə yox, Azərbaycana da toxunur. "Azərbaycan Respublikası Fransa Senatında "erməni soyqırımı"nın inkarına görə cəzanı nəzərdə tutan qanun qəbulundan dərindən təəssüflənir və bu qərarı qəti şəkildə pisləyir. XX əsrin sonlarında erməni təcavüzü nəticəsində məcburi köçkün düşmüş 1 milyonadək azərbaycanlının hüquqlarının tapdanmasına, onun torpaqlarının 20%-nin işğalına göz yuman fransalı deputatların bu məsələni siyasiləşdirməsi Fransanın obyektivliyini şübhə altına salır", -  Azərbaycan XİN-in bəyanatında bu fikirlər yer alıb. Rəsmi Bakı tam haqlı olaraq bildirir ki, fransalı senatorlar, əslində, təxminən, 20 il əvvəl erməni başkəsənləri tərəfindən 600-dən artıq insanın xüsusi amansızlıqla qətlə yetirildiyi Xocalının dinc sakinlərinin soyqırımını tanımalı idi.

Artıq Bakıda bu qanunun qəbulundan sonra, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik etməyə mənəvi haqqının olmadığını deyənlərin səsi daha yüksəkdən eşidilməyə başlanıb. Məsələnin bu cür qoyuluşu ilə rəsmi Ankara da razıdır. "Parlamentində müəyyən mövqeni belə fanatikcəsinə müdafiə edən ölkə, eyni zamanda, necə ATƏT-in Minsk qrupuna həmsədrlik edə bilər? Biz bu məsələ ilə mütləq məşğul olacağıq. Ya Türkiyə də həmsədrlər arasında olmalı, ya da Fransa orada olmamalıdır", - deyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Bir həqiqət də var: ermənilərin baş verənləri açıq sevinclə qarşılamalarına baxmayaraq, fransalı siyasətçilərin təxribatçı qərarından ən çox əziyyət çəkən məhz ermənilərin özləri olacaq. Bundan sonra onsuz da ağır durumda olan Ermənistanın vəziyyəti bir qədər də ağırlaşacaq. Çünki onun təcavüzkar siyasətinin himayədarları tərəfindən şirnikləndirilməsi Ermənistanın qonşuları ilə münasibətlərinin pisləşməsinə aparır və "Fransanın bacısı"nın məhvedici təcrid durumundan çıxmasını mümkünsüz edir.


MƏSLƏHƏT GÖR:

490