
PƏRDƏNİN ARXASINDA
Aktyor və rejissorlardan başqa teatrlarda elə peşə sahibləri işləyir ki, onlara bu gün də kəskin ehtiyac hiss olunur
Müəllif: Valentina REZNİKOVA Bakı
Teatr hələ qədim zamanlardan diqqəti cəlb edib, özü də yalnız incəsənət növü kimi yox. Aktyorların "pərdəarxası" həyatı da onların səhnədə təqdim etdiyi incəsənət qədər böyük maraq doğurub. Amma heç kim və heç zaman dramaturqun iradəsi ilə qəhrəmanlıqlar göstərən və bununla da çılğınduyğulu, qızğınfantaziyalı xanımların sevgisini qazanan qəhrəmanların ətrafındakı sehrli-xəyali səhnə dünyasını yaradanlara böyük maraq göstərməyib. Kimlərsə onları görün-məyən cəbhənin işçiləri adlandırıb. Amma bu ifadə, hətta pərdənin arxasında həqiqətən nə baş verdiyinin yarısını belə izah etmir. Səhnədə yox, ondan o tərəfdə. Orada isə sexlər yerləşir, onları da nə vaxtsa emalatxana adlandırıblar. Kostyumların, butaforiyanın, rekvizitin, qrimin, dekorasiyaların istehsalı üçün yaradıcılıq emalatxanaları, çəkməçi, dülgər emalatxanaları. Sonra işıq və səs. Daha sonra quraşdırma emalatxanası. Bu emalatxanalarda həmişə aktyorlara tamaşaçı üçün səhnədə baş verənlərlə bağlı lazım olan illüziyalar yaratmaqda yardımçı olanlar işləyiblər. Hazırda bu emalatxanaları sex adlandırırlar, onlar hamısı quruluş hissəsi adlandırılan ümumi teatr bölməsində birləşiblər. Orada illüziya yaratmaqda yardımçı olan sehrbazlar işləyirlər. Amma onlara heç vaxt çiçək vermirlər, heç vaxt onları alqışlamırlar. İndi sadəcə, ümumi uğur haqqında danışmaq dəbdədir. Əslində isə tamaşaçı oyuna görə aktyorları alqışlayır.
Onlar düşünmürlər ki, məsələn, filan aktrisa bu gün çox gözəl görünür, çünki qrimçilər çox yaxşı işləyiblər; digər bu aktyor isə elə ustalıqla qılınca qurşanıb ki, sanki uşaq yaşlarından ondan ayrılmayıb, çünki butaforlar onu elə keyfiyyətli düzəldiblər ki, həqiqisindən fərqləndirmək olmaz! Şıltaq teatr muzasına xidmət göstərən hər bir insanın yaradıcılığı məhz nə ilə bağlıdır? Gəlin, Rus Dram Teatrının sexinə baxaq və görək ki, aktyorlara illüziya yaratmağa yardım edən insanlar nə ilə məşğuldurlar. Gəlin, butafor-dekorativ adlandırılan sexdən başlayaq. Bu, o deməkdir ki, məhz burada dekorasiyalar qururlar, butafor əşyalar yaradırlar və onları teatrda qısa və aydın belə adlandırırlar - butaforiya.
Butaforiya
Bu söz də, teatr sözü kimi, İtaliyadan gəlib - "butta fuori" ("atılmaq") sözlərindəndir və rejissorun aktyora səhnəyə çıxmaq əmrini bildirir. Məcazi mənada isə "saxta" mənasını verir. Daha sonra o, səhnə arxasında dayanaraq, rol ifa edən aktyora butafor rekvizit əşyaları (kitablar, məktublar, güllər və s.) verən adamın fəaliyyət növü mənasını daşımağa başlayıb. Sonra bu sözlə xüsusi olaraq tamaşalar üçün hazırlanan saxta əşyaları - mebeli, qabları, heykəlləri, bəzəkləri, yeməyi, silahı və s.-i adlandırmağa başladılar. Butaforiiya tamaşanın tərtibatının dekorativ elementidir. Bir qayda olaraq, butaforiya əşyaları orijinalın dəqiq "kopiyası" olmurlar, amma möhkəm, sadə və ucuz olmalıdır, xüsusi ifadəli xarici forması ilə seçilməlidirlər. Əgər tamaşada Tan sülaləsinə aid iri vaza lazımdırsa, onda butaforlar onu papye-maşedən düzəldirlər.
Aleksandr FYODOROV, butafor-dekorasiya sexinin rəisi, əməkdar mədəniyyət işçisi:
- Papye-maşe forma verməyin mümkün olduğu kütlədən fiqur düzəltməkdir. Bir qayda olaraq, biz yumşaq kağız və yapışqan maddədən - PVA yapışqandan və ya sexdə hazırlanan kleysterdən istifadə edirik. Papye-maşe texnologiyasından heykəldüzəltmə zamanı, məsələn, Elxan Rəhimovun düzəltdiyi div başında istifadə edilir (söhbət "Müsyö Jordan və dərviş Məstəlişah" tamaşasına düzəldilmiş butaforiyadan gedir - müəllif).
Əgər biz böyük vaza düzəldəsi olsaq, onda cırıq kağızları lay-lay yapışdırmaq texnikasından istifadə edəcəyik. Adətən, kütləni hazırlamaq üçün qəzet vərəqlərindən istifadə edirik, amma bu qəti deyil, tualet kağızından da, kağız dəsmallardan da, salfet kağızlardan da istifadə etmək olar.
Tamaşa üçün əşyaların hazırlanmasında biz yapışqan və kleysterdən istifadə edirik, çünki yalnız yapışqandan yararlanmaqla nəsə düzəltmək çətindir, təkcə kleyster isə lazımi möhkəmliyi vermir. Möhkəmliyi artırmaq üçün xırda ağac kəpəyindən də istifadə etmək olar. Amma bu, rejissorun təxəyyülünə uyğun olaraq səhnədə nəyin olmasından çox asılıdır.
Hər hansı bir əşyanı düzəldən butafor anlayır ki, onu kütlə üçün düzəldir; məsələn, alma. Əgər o, aktrisanın əllərində olmalıdırsa, onu təbii böyüklükdə edirlər. Əgər o, ağacdan asılı olacaqsa, deməli, ölçüləri artırılacaq. Çünki onu parterin son cərgəsindən də görə bilməlidirlər. Çağdaş butaforiya texnologiyası elə də xüsusi maddi xərclər olmadan dekorasiyalar və istənilən əşyalar yaratmağa imkan yaradır. Bu, teatrın quruluş üçün lazım olan mebel və əşyaların həqiqisinə pul xərcləmək istəməməsi ilə bağlı deyil. Bu, teatr incəsənətinin qaydasıdır.
Belə bir fikir var ki, butafor olmayan həqiqi əşyalar illüziyanı dağıdır və izləyicinin qavramasına mane olur. Butafor sənəti üzrə köhnə dərsliklərin birində deyilir ki, əgər tamaşanın quruluşu üçün pul azdırsa, bu pisdir, amma əgər pul çoxdursa, bu daha da pisdir. Təbii ipək və bahalı xalçalar başlanan yerdə teatrın sehrli incəsənəti də başa çatır. Əsl butafor rəssam istənilən tullantı materialdan - penoplastdan, sintetik boru qırığından, kağızdan, ağac kəpəyindən və başqa şeylərdən şedevr yaratmalıdır. Bəzən butafor paxlavanı həqiqi paxlavadan seçə bilmirsən! Tort, kürü buterbrodu və s. kimi əsl mulyaj yeməyi inciləri yaratmağa qadir olan istedadlı butaforlar haqqında teatr nağılları nəsildən-nəslə keçir və aktyorlar tərəfindən böyük həvəslə danışılır.
Məsələn, danışırlar ki, hansısa artist mulyaj dondurmanı həqiqi sayaraq yalamaq istəyib, hansısa aktyor isə həmişə tamaşadan sonra mənbə rekviziti (saxta yox, əsl qidanı) yeməyi sevirmiş və cidd-cəhdlə qırmızıkürülü mulyaj buterbrodu yeməyə çalışırmış! Butaforiya əşyaları izləyicinin təsəvvürünə musiqi, kostyumlar, mahnılar və rəqs kimi təsir göstərməlidir, rejissor üçün lazım olan lazımi reaksiya yaratmalıdır. Bu səbəbdən çox vaxt butafor peşəsini "eynəksilən" adlandırırlar.
Butafor
Əgər bu barədə sadə danışılarsa, bu söz müxtəlif butaforiya əşyaları yaradan teatr işçisi anlamını verir. Əslində isə hər şey elə də birmənalı deyil. Butafor hər şeydən öncə rəssamdır. Yaradıcı şəxsiyyətdir. Öz məğzinə və ruhunun vəziyyətinə görə. O, əşyaların quruluşçu rəssamın eskizləri əsasında düzəldilməsinə cavabdehdir, həmçinin, dekorasiyalar üzrə rəssamın. O, çox şeyi bilməli və bacarmalıdır. Quruluşçu rəssamdan, başqa istənilən adamdan çox bilməlidir.
Yaxşı butafor pis butafordan nə ilə fərqlənir? Yaxşı butafor işə başlarkən lazımi əşyanın hazırlanma texnologiyasına nüfuz edir və təxminən, belə düşünür: "Mənim bunun üçün filan-filan materiallarım, filan-filan alətlərim yoxdur. Belə! Bəs nə var?". Düşünməyə başlayır ki, heç nədən nə düzəldə bilər. Və düşünür! Butafor zarafat peşəsidir. Fantaziyalı - yaradıcı. Yaxşı butafora çox nadir hallarda rast gəlinir (özü də teatr sahəsinin böhran yaşadığı bizim günlərdə!).
Bu peşədə, ümumiyyətlə, heç nə ilə məhdudlaşmayan düşüncələrə malik olmaq lazımdır. Hətta tamaşa rəssamının eskizləri ilə də. Təəssüf ki, bu sahədə əsl istedadlar, demək olar ki, qalmayıb. Əgər 20 il qabaq bu sənətə Moskvanın və ya Sankt-Peterburqun müvafiq tədris müəssisələrində yiyələnmək mümkün idisə, amma bu gün durum xeyli mürəkkəbdir. Bizim bu cür müəssisəmiz yoxdur, mütəxəssislərimiz də yoxdur ki, sənətin sirlərini yeni nəsil rəssamlara ötürə bilsinlər.
Teatr sexləri üçün emalatxanaçı mütəxəssislərin hazırlanması əsl problemə çevrilib. Bu peşənin daşıyıcıları olan praktik mütəxəssislər tək-tək qalıb. Bu cür sənətlər üçün tədris bazası yoxdur. Uyğun olaraq, əldə olan vasitələrdən "konfet" düzəltmək ustalığının sirləri, peşəkar vərdişləri də keçmişdə qaldı. Rusiyada təhsil alınması üzrə dövlət proqramı teatr sənəti üzrə təhsili nəzərdə tutmur. Aktyor və ya rejissor olmaq istəyənləri oxumağa göndərirlər. Amma heç zaman rəssamlıq-sənətkarlıq emalatxanalarında işləyə bilənləri göndərmirlər. Halbuki, bir zamanlar teatr sexlərini teatrın quruluş hissəsi adlandırırdılar. Bu ad bu sexlərdə baş verənlərə daha çox uyğun gəlirdi. Bu gün həmin "konfet"ləri yaratmaqla izləyiciləri heyran qoyan və aktyorlar üçün lazımi atmosfer yaratmağa qadir olanlar, demək olar ki, qalmayıblar. İndi elə bir proses baş verir ki, teatr getdikcə daha çox tamaşalarda butafor yox, əsl təbii əşyalardan istifadə etməyə başlayır. Bu da bizim yuxarıda xatırlatdığımız kimi, teatr nağılının illüziyasını dağıdır. Janr təyinatına görə yox, emosional məzmununa və təsirinə görə.
Rus Dram Teatrına rəssamlıq təhsili olan gənc insanlar - Elxan Rəhimov və Hüseynağa Kərimov gəlib. Onların bədii yaradıcılığa meyli var, fantaziyaları güclüdür. Onlar sex rəisi Aleksandr Fyodorovun ötürdüyü bütün təcrübəni qəbul edirlər. Amma indi bu da artıq tam yetərli deyil.
MƏSLƏHƏT GÖR: