24 Noyabr 2024

Bazar, 15:09

EHTİYATLI OLUN! TƏHLÜKƏLİ ZİBİL VAR

Enerjiyə qənaətli lampalardan istifadə onların utilizasiyası ilə bağlı problem yaradıb

Müəllif:

15.01.2012

Kimsədən gizli deyil ki, elektrik enerjisinə qənaət üzrə bütün dünyada aparılan kampaniya közərmə lampalarının istehsalının qadağan edilməsi ilə müşayiət olundu ki, nəticədə, əhali enerjiyə qənaət edən lüminessent lampalarından daha çox istifadə etməyə başladı. Ancaq bu lampalara keçid heç də onları necə utilizasiya etməklə bağlı maarifləndirmə ilə dəstəklənmir. Etiraf etmək lazımdır ki, bizdə belə lampaların "utilizasiya"sının ən geniş yayılmış üsulu "süpürgə - çalov - zibilqabı" zənciridir. Özü də bu yalnız Azərbaycanda deyil, MDB-nin bir çox ölkələrində, o cümlədən, Rusiyada, həmçinin, yaxın zamanlarda tamamilə lüminessent lampa istehsalına keçəcək bir sıra Avropa ölkələrində də müşahidə edilir. Ancaq yeni sistemə keçməzdən öncə, bu cür işıqlandırma cihazlarını necə utilizasiya eləmək barədə düşünən Avropa ölkələrindən fərqli olaraq, MDB dövlətlərində bu baş vermədi. Bununla da "süpürgə - çalov - zibilqabı" tipli utilizasiya zamanı lüminessent lampalar istehsalı olunanda istifadə edilən civə ilə zəhərlənmək  risqi  təhlükə mənbəyi kimi qalmaqdadır. 

Ekspertlər bildirirlər ki, məkanda civənin yol verilən konsentrasiyası 0,01 mq/m3 təşkil edir. Əgər otaqda yetərincə aktiv ventilyasiya yoxdursa, cəmi bircə enerjiyə qənaətli lampanı qırmaqla həmin həddi keçmək mümkündür. Öz avtomobilinə neon işıqlandırma quraşdıran avtomobil həvəskarları da risk altına düşürlər. Hətta kiçik qəzalar zamanı çox vaxt neon lampalar qırılır və salon civə ilə çirklənmiş olur. 

Əgər lampa öz müddətini başa çatdırıbsa və şermetiksizləşdirmə aparılmayıbsa, onu məişət tullantıları üçün konteynerə atmaq olmaz, çünki ya daşınma zamanı, ya da məişət tullantılarının saxlandığı və utilizasiya edildiyi yerdə mütləq onun hermetikliyi açılacaq. Bütün bunlar göstərir ki, yanmış lüminessent lampalarının xüsusi utilizasiyaya ehtiyacı var. Çünki standart lüminessent lampasında 3-5 milliqram civə olur. Bu metal xüsusilə zəhərlidir və birinci dərəcəli təhlükə səviyyəsinə ("həddindən təhlükəli kimyəvi maddələr") aiddir. Civə buxarları insan sağlamlığı üçün xüsusilə təhlükəlidir. 

Berlində yerləşən Almaniya Urbanistika İnstitutunun topladığı məlumatlara görə, lüminessent lampaların 40%-dən azı ekoloji normalara uyğun şəkildə utilizasiya edilir. Qalanların başına nə iş gəldiyi bəlli deyil. İdeal halda bu, "xüsusi zibil" qəbuletmə məntəqəsinə təhvil verilməlidir. Avropa ölkələrində civəli zibillərin qəbulu üzrə ən yaxın məntəqənin harada yerləşməsini, məsələn, internet vasitəsilə də öyrənmək olur. Amma kənd yerlərində məsələ qəlizləşir. Orada istehlakçı civəli zibildən yaxa qurtarmaq üçün 10-15 kilometr yol getməlidir. Buna görə də hətta Almaniya kimi yüksək sənaye ölkəsində enerjiyə qənaətli lapmaların utilizasiyası məsələsi problem olaraq qalır. Buna görə də Almaniyada qəbuletmə məntəqələrinin şəbəkəsini yetərincə genişləndiriblər. Həmçinin, iri ticarət mərkəzləri yanında yanmış lampaların yığılması üçün konteynerlər qoyublar. Özü də bu konteynerlər özəl quruluşludur, ayrı-ayrı yuvaları var ki, lampalar qırılmasın. 

Problemin həlli üçün daha bir qərar isə sıradan çıxmış lampaların yığılması üçün xüsusi mütəmadi avtomobil reyslərinin təşkil edilməsi olub. Düzdür, əgər lüminessent lampa termometrlər kimi evdə sınarsa, bunların heç biri xilas etmir. Mənzillərin civəsizləşdirilməsi çox böyük güc və enerji tələb edir. 

Azərbaycanda təhlükəli zibillərin qəbulu üçün bu cür qəbul məntəqələri, demək oar ki, yoxdur. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ətraf mühitin mühafizəsi departamenti fəaliyyət göstərir ki, onun da təhlükəli tullantılar sektoru var. ETSN-dən "R+"a bildiriblər ki, xüsusi zibili təhvil vermək üçün bu sektora müraciət edə bilər. Belə olan halda o, yalnız şəxsi təşəbbüsü ilə fəaliyyət göstərə bilər. Bu o deməkdir ki, məişət zibilinin belə növlərinin qəbulu üçün geniş şəbəkə yoxdur, həmçinin, əhali bununla bağlı maarifləndirilmir. ETSN-dən bildiriblər ki, şəksiz, bu məsələyə yaxın zamanlarda dövlət səviyyəsində baxılmalıdır, çünki çox tezliklə ölkələrin böyük hissəsi enerjiyə qənaət edən lüminessent lampaların istehlakına və istehsalına keçəcəklər. Ümumiyyətlə, Azərbaycanda da bu cür işıqlandırma cihazları fiziki şəxslər tərəfindən yetərincə geniş səviyyədə istifadə edilir. Vəziyyətdən çıxış isə "xüsusi zibil"in utilizasiyası üzrə dövlət və özəl müəssisələrin yaradılması ola bilər, bir çox ölkələrdə bu gerçəkləşdirilir. 

Qeyd edək ki, lüminessent lampaların utilizasiyası sovet dövründə gerçəkləşdirilirdi. Zavodlar, fabriklər və başqa iri müəssisələr belə zibili müvafiq təşkilatlara verməyə borclu idilər və bunun üçün pul da ödəməli idilər. Bu təhlükəli lampaları xüsusi konteynerlərə yerləşdirdikdən sonra, onların utilizasiya xərcini dövlətin öz üzərinə götürməsi mümkündür, həmçinin, bu məsələni kommunal xidmətlər sırasına da daxil edə bilərlər. Ən realı yaşayış binalarının yanına xüsusi konteynerlər qoymaqdır. Başqa sual isə bu məsələnin hansı tezliklə gerçəkləşdiriləcəyi ilə bağlı ortaya çıxır, çünki bu çox ciddi məsələdir və əhalinin sağlamlığına da təsir göstərə bilər. 

Yeri gəlmişkən, Rusiyanın bu ildən tamamilə  lüminessent lampaların istehsalına keçməsi ilə bağlı yaxınlarda hökumət işıqlandırma qurğularının, o cümlədən, tərkibində civə olan enerjiyə qənaətli lampaların utilizasiyası qaydalarını təsdiq edib. Çünki belə lampalar, düzgün yanaşmadıqda insanların sağlamlığına zərər vura bilər və ətraf mühitin çirkləndirilməsinə səbəb olar. Və bu qaydalar bütün hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən, çoxmənzilli evləri idarə edənlər üçün də məcburidir.  

Sənədə görə, tərkibində civə olan lampaların istismarı başa çatandan sonra, onları başqa tullantı növlərindən təcrid olunmuş şəkildə yığmaq nəzərdə tutulur, bu lampaları müstəqil şəkildə daşımaq və zərərsizləşdirmək qadağan edilir. Onların sakinlərdən yığılmasının təşkili yerli icra hakimiyyəti orqanları tərəfindən gerçəkləşdirilməlidir, yığımın özünü isə ixtisaslaşmış qurum həyata keçirməlidir. Qaydalar, həmçinin, istismardan çıxmış civəli lampaları torpağa basdırmağı qadağan edir. Amma KİV-dən bəllidir ki, indiyə kimi  ölkədə xüsusi tullantıının yığılma sistemi tam qaydaya salınmayıb və effektivlikdən  də çox uzaqdır.


MƏSLƏHƏT GÖR:

579