25 Noyabr 2024

Bazar ertəsi, 17:49

RƏQƏMSAL FORMAT

Azərbaycan analoq teleyayımdan imtina edən ilk MDB ölkəsi olacaq

Müəllif:

15.01.2012

Bu il Azərbaycanın bütün dövlət və özəl kanallarının rəqəmsal formatda yayımı ölkə ərazisinin 90%-ni əhatə edəcək. Eyni zamanda, ölkədə sürətlə kabel TV inkişaf edir ki, o da çoxdan rəqəmsaldır və bu gün yüksəkdəqiqlikli  "HighDefinition" formatına keçməkdədir. Həmçinin, kabel televiziyası yavaş-yavaş ölkənin regionlarını da əhatəsinə alır. 

 

Bütün ölkə üzrə 

Rəqəmsal formatda televiziya yayımı hələ keçən əsrin 90-cı illərindən Yaponiya və ABŞ-da tətbiq edilir. Son 10 il ərzində isə demək olar ki, Avropanın bütün dövlətləri rəqəmsal formata keçiblər. Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) tövsiyəsinə görə, dünya dövlətlərinin əksəriyyəti 2015-ci ilə kimi rəqəmsal televiziya yayımına keçməlidir. 

Rəqəmsal  televiziya texnologiyalarının tətbiqi templərinə görə, bizim ölkə uzun müddət postsovet məkanında Ukrayna və Rusiya ilə birlikdə liderlər üçlüyünə başçılıq edərək birinci olub. Azərbaycan paytaxtında rəqəmsal teleyayımın hələ 2004-cü ildən başlayan test sınaqları, yerli relyef nəzərə alınmaqla, ötürücülərin lazımi gücünü müəyyən etməyə, həmçinin, başqa parametrləri hesablamağa imkan verdi. Dörd il qabaq isə "Teleradio" İB-nin mütəxəssisləri Azərbaycanda rəqəmsal televiziya yayımı sisteminin tətbiqi və inkişafı üzrə Dövlət Proqramının gerçəkləşdirilməsinə başladılar. 2009-cu ilin avqust ayından isə Bakıda və Abşeron yarımadasında rəqəmsal yayım daimi əsasda gerçəkləşdirilir. 

İlkin mərhələdə paytaxda bir ödənişsiz yayım paketi tətbiq edilib: buraya dövlət və aparıcı özəl kanalların, həmçinin, bir neçə xarici kanalın proqramları daxildir. Bir tezlikdə 10 kanalın yayımı MPEG-4 standartının tətbiqi ilə mümkün oldu, bu, rəqəmsal audio və videoları effektiv şəkildə sıxmağa imkan verir. Sözügedən standart efir yayımında məlumatların daha dayanıqlı yayımına imkan yaradır ki, bu da ənənəvi olaraq radiomaneələrin səviyyəsinin yüksək olduğu iri meqapolislər üçün çox vacibdir. Maraqlıdır ki, MPEG-4 bütün tip axın məlumatlarının, yəni yalnız audio və videoməlumatların deyil, həm də qarışıq interaktiv kontentin dayanıqlı qəbulunu təmin edir. Bunun hesabına televizor ekranları vasitəsilə  keyfiyyətli yayım təmin etməklə yanaşı, internet vasitəsilə kompyuter, planşet, smartfon və başqa mobil qurğuların monitoruna istənilən tipli göstəriciləri ötürmək olacaq. 

Paytaxtda rəqəmsal fəzanın əhatə edilməsindən iki ildən bir qədər artıq müddət keçib. Bu müddət ərzində "Teleradio" İB-nin mütəxəssisləri Gəncə, Sumqayıt, Şirvan, Lerik, Lənkəran, Ağsu, Cəlilabad, Poylu, Naxçıvan Muxtar Respublikasında yerləşən retranslyatorlarında MPEG-4 formatlı rəqəmsal ötürücülər qoyublar və  avadanlığı yeniləşdiriblər. Keçən ilin payızında Ağsuda yeni modernləşdirilmiş retranslyator işə salınıb və o, doqquz ətraf rayonu rəqəmsal yayımla təmin edir. 

Həmçinin, Bakıda yeni 40 kanallı baza stansiyası quraşdırılıb ki, bu da mərhələli şəkildə televiziya kanallarının sayını artırmağa imkan yaradır. Keçən ilin sonlarında Quba sakinləri rəqəmsal kanalları qəbul etməyə başladılar, orada quraşdırılan yeni televiziya qülləsi və güclü rəqəmsal ötürücü Azərbaycanın şimal-şərqinin bütün dağ rayonlarını yayımla təmin edir. Eyni vaxtda Şəkidə də rəqəmsal ötürücü işə başlayıb - onun gücü Mingəçevir, Ağdaş və Yevlaxda siqnalın əminliklə qəbulu üçün şərait yaradır. Keçən ilin dekabr ayında həm də Qəbələ, Neftçala, İmişli, Daşkəsən və Gədəbəy rayonlarında əhali rəqəmsal televiziyadan yararlanmaq imkanı əldə edib. 

 

Dönüş addımı 

Ümumiyyətlə, adıçəkilən rayonların çoxunda rəqəmsal yayım hələ keçən ilin əvvəlindən gerçəkləşdirilməyə başlanırdı: 2011-ci ilin fevral ayında Nazirlər Kabineti "Azərbaycan ərazisində DVB-T rəqəmsal televiziya yayımının tətbiqi və inkişafı proqramı"nı təsdiq edib. Proqrama görə, analoq yayımla paralel şəkildə rəqəmsal yayıma başlamaq da qərara alınıb. 

"Hazırda ölkə əhalisinin 85%-i rəqəmsal televiziya ilə əhatə edilib, nəticədə, bizim ölkə MDB üzrə analoq yayımdan ilk imtina edən dövlət olacaq - bu, təxminən, cari ilin birinci yarısında baş verəcək. Milli televiziya tarixinin bu dönüş addımı yayılan televerilişlərin keyfiyyətinin yaxşılaşmasına gətirəcək", - deyə yaxın günlərdə Milli Tele-Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. MTRŞ başçısının sözlərinə görə, rəqəmsal televiziya tezlik sayını azaltmağa imkan verəcək, həm də elektrik enerjisi xərclərini azaldacaq. Bundan başqa, əgər bu gün dövlət kanalı "AzTV" ölkə ərazisinin 90-95%-ni, özəl kanallar isə yalnız 70-75%-ni əhatə edirsə, rəqəmsal formatın tətbiqindən sonra, bütün telekanallar Azərbaycan ərazisində eyni ölçüdə yayıla biləcək. 

Beləliklə, 2012-ci ilin əvvəlinə ölkənin, demək olar ki, bütün aparıcı yayım şirkətləri rəqəmsal standarta keçid üçün hazırlanıb, bir neçə regional telekanalda avadanlığın rəqəmsallaşdırılması üzrə işlər başa çatdırılır. Yeni formata keçid üzrə yüksək templəri hökumətin regionlarda kiçik özəl və dövlət teleşirkətlərinin yazı sisteminin, studiya və yayım avadanlığının yenidən təchiz olunmasına göstərdiyi yardım hesabına təmin etmək mümkün olub. "Teleradio" İB-nin bütün retranslyatorlarında MPEG-4 formatlı rəqəmsal ötürücülərin və başqa avadanlığın quraşdırılması da başa çatıb. Son mərhələ üzrə isə 2013-2014-cü illərdə əsas işlər ayrı-ayrı rayonlarda əlavə ötürücülərin quraşdırılmasına və siqnalın zəif qəbul edildiyi yerlərdə yayımı yaxşılaşdırmağa doğru yönəldiləcək. 

Bütün ölkə ərazisində mümkün olan əsas yayım paketinə bu gün doqquz ümumi respublika kanalı - "AzTV", "MədəniyyətTV","IdmanAzərbaycanTV", "ITV", "ANS", "LiderTV", "SpaceTV", "ATV", "XəzərTV", həmçinin, Türkiyənin dövlət kanalı "TRT1" daxildir. Bununla yanaşı, bölgə sakinlərinə regionların kanallarının verilişlərinin qəbulu ilə bağlı ikinci yayım paketi də təqdim ediləcək. O cümlədən, əsas paketlə yanaşı, sakinlərə Gəncə-Tovuz zonasında "KəpəzTV", "TurkelTV", "AlternativTV" telekanallarına, Quba-Xaçmaz zonasında isə "RegionTV", "QutbTV", "XəyalTV",  Mingəçevir, Şəki, Yevlax və Zaqatala rayonlarında isə "MingecevirTV", "KanalS", "ElTV", "AygunTV" telekanallarına baxmaq imkanı yaradılacaq. Yalnız "SenubTV" və "DunyaTV" istisna təşkil edir, onlar rəqəmsal formata daxil edilməyib və ayrıca yayılacaqlar. 

"Analoq televiziyadan rəqəmsal televiziyaya keçid mərhələli olacaq, bu il hər iki yayım növü, ən azı, yarım il paralel aparılacaq", - deyə N. Məhərrəmli vurğulayıb. Bu keçid dövrü ona görə ayrılır ki, əhalinin bütün təbəqələri köhnə analoq teleqəbuledicilərdə rəqəmsal siqnalları qəbul etməyə imkan verən dekoderlər əldə edə bilsinlər, bu cür qəbuledicilər hələ də ölkənin televiziya parkının əsas hissəsini təşkil edir. Keçən il MTRŞ rəhbərliyi dövlət başçısına məktubla müraciət edib və dekoderlər alınması üçün aztəminatlı ailələrə yardım edilməsini xahiş edib. Bu məsələyə artıq Nazirlər Kabinetində baxılır və belə yardımın 120 min aztəminatlı ailəni əhatə edəcəyi istisna edilmir. Xaricdən idxal edilən dekoderlərin orta qiyməti, təxminən, 30-40 manat ətrafında dəyişir, amma tezliklə bu qurğular nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq, çünki  artıq "KUR" kompyuter zavodunda DBB-T formatlı dekoderlər istehsalına başlanılıb. Yeni ildən dekoderlər, həmçinin, Hərbi-Sənaye Nazirliyinin zavodu "PEYK" tərəfindən də buraxılacaq. Bu cür məhsula tələbat yetərincə böyükdür. Yalnız bizim ölkədə rəqəmsal tüner-dekoderlərə tələbat 1,5 mln ədədə çata bilər, postsovet məkanı ölkələrinə ixrac imkanlarının da xüsusi yeri var. Bu ölkələrdə 2015-ci ilə kimi teleyayımın rəqəmsal formata keçidinin başa çatdırılması nəzərdə tutulur. 

 

Yüksək keyfiyyətli kabel TV 

Maraqlıdır ki, paytaxtda gur inkişaf edən kabel televiziyası artıq çoxdan rəqəmsal formatda yayılır, özü də son zamanlar şəbəkə operatorlarının regional bazarlara doğru irəliləməsi müşahidə edilir. Bu gün ölkədə 12 təşkilatın kabel teleyayımına lisenziyası var, amma real olaraq onlardan yalnız 4-5-i aktivdir. Kabel yayımının liderləri arasında artıq neçə illərdir ki, "KATV1", "B&BTV", "AileTV" və "SNTV" kimi şirkətlərin adları gəlir. 

İş burasındadır ki, bu güclü kabel qurumlarının peyda olması ilə paytaxtda peyk antennaları nəzərəçarpacaq dərəcədə azalıb və onlara bu gün, əsasən, əyalətlərdə, xüsusilə də ölkənin yüksək dağlıq və ucqar rayonlarında tələbat var.  Bu gün əyalətlərin əhalisinin, təxminən, 60%-i peyk antennaları istifadə edir, amma tezliklə regionlarda onlar da sıxışdırılacaq. O cümlədən, artıq Böyük Bakı və Sumqayıt ərazil?rində yayım gerçəkləşdirən "KATV1" yaydığı 60-dan artıq kanalı ölkənin şimal-qərbinə doğru genişləndirmək istəyir. Bu yaxınlarda Mingəçevirdə şirkətin ilk regional filialı açılıb, tezliklə bu cür filiallar Gəncə, Şəki və Zaqatalada fəaliyyət göstərməyə başlayacaq. Keçən ilin noyabr ayından "KATV-1" beş telekanalın yüksək dəqiqlik formatı "HighDefinition"da (HD) yayımını gerçəkləşdirir. 

Maraqlıdır ki, cari ilin birinci rübündən İctimai kanal (ITV) da HD formatda efir yayımına başlayacaq. "Full-HD" təsviri rəqəmsal yayıma baxanda, ən azı, beş dəfə dəqiqdir, ancaq bu cür ötürmələrin qəbulu üçün abunəçi 1920 pikselin 1080 pikselə dəqiqlikli teleqəbuledici əldə etməlidir. 

Efir-kabel şirkəti "B&BTV"nin də regionların mənimsənilməsi üzrə planları var: gələn il o, Naxçıvan Muxtar Respublikasından başlamaqla, öz rəqəmsal yayımını əyalətlərə də yaymağa başlayacaq. Kabel bazarının başqa bir iştirakçısı - "AileTV" də coğrafiyasını genişləndirmək üzrə planlar qurur. 

Başqa sözlə, yaxın zamanlarda, demək olar ki, bütün ölkə ərazisində əhali həm  Azərbaycan telekanallarına, həm də xarici telekanallara yüksək keyfiyyətlə baxmaq imkanı əldə edəcək. 


MƏSLƏHƏT GÖR:

658