Müəllif: Alyona MOROZ Bakı
ABŞ dollarının başına nə iş gələcək? Bu məsələ həm hakimiyyət sahiblərini, həm də sadə planet sakinlərini narahat etməkdədir, çünki Amerika valyutasının kəskin düşməsi həm qlobal, həm də məişət səviyyəsində çox sayda mənfi nəticələrə səbəb olur. "Amerika dolları imperiyası"nın iflasının bizim üçün hansı "müsbət" və "mənifi" təzahürləri ola biləcyi məsələsi əvvəlki kimi aktual olaraq qalır.
Dollar avroya qarşı
Qlobal məsələdən başlayaq. Elə də uzaq olmayan tarixdə - 2011-ci ilin avqustunda beynəlxalq reytinq agentliyi "Standard&Poor's" ABŞ-ın kredit reytinqi səviyyəsini bir pillə azaldaraq "AA+"ya salıb. Qeyd edək ki, ABŞ-ın reytinqi hələ 1941-ci ildən ən yüsək səviyyədə ("AAA") idi və 1917-ci ildən bu yana onda azalma olmamışdı.
"Reytinqin azalması ABŞ iqtisadiyatının vəziyyətinin möhkəmləndirilməsi üzrə Ağ ev və Konqres tərəfindən təsdiq edilmiş uzunmüddətli plana bizim verdiyimiz qiyməti əks etdirir. Bizim fikrimizcə, o, Amerika hökuməti tərəfindən öz borc öhdəliklərinə ortamüddətli perspektivdə fasiləsiz xidməti təmin etmir", - deyə "S&P"nin bəyanatında bildirilir.
Başqa sözlə, dünyanın aparıcı agentliklərindən biri Amerika iqtisadiyyatının qabiliyyətinə şübhə nümayiş etdirib. Ekspertlər dərhal vurğuladılar ki, "ABŞ-ın suveren reytinqinin azalması Amerika valyutasının daha da zəifləməsinə səbəb olacaq". Amma bu baş vermədi. Cari il yanvarın birinci ongünlüyündə "dollar-avro" qarşıdumasında dollar inamlı qələbə nümayiş etdirir: yanvarın 11-də Almaniyanın 2011-ci il üzrə ümumi daxili məhsul (ÜDM) göstəricilərinin gözlənilməsi, İtaliya və İspaniya tərəfindən borc qiymətli kağızlarının yerləşdirilməsi fonunda avronun məzənnəsi dollar qarşısında azaldı. Yanvarın 11-də səhər tezədən bir avronun qiyməti 1,2757 dollara qədər endi, halbuki bir gün əvvəlki hərracların nəticələrinə görə, bir avroya 1,2778 dollar verirdilər. Dolların məzənnəsi ABŞ-ın əsas ticarət tərəfdaşları olan 6 ölkənin valyutasından ibarət səbətə nisbətən 0,14% - 81,00 bəndə kimi bahalaşıb.
Məsələ bundadır ki, sərmayəçilər Almaniyanın 2011-ci il üzrə ÜDM göstəricilərini pessimizmlə gözləyirlər: ölkə iqtisadiyyatının artımı bir il əvvəlki 3,6% göstəricisindən 3% göstəricisinə düşüb. Həmçinin, avrozonada sənaye istehsalı həcminin azalması ilə bağlı məlumatlar da məzənnəyə təsir göstərir. "Westpac Banking Corp."un bazar strateqi İmre Şpayzerin sözlərinə görə, Avropada böhranlı durumun fonunda "yaxın üç ayda avro 1 avro qarşılığında $1,2 səviyyəsinə düşə bilər".
Adama elə gəlir ki, bu gün Amerika valyutasının bütün keçmiş "şöhrət"ini geri qaytarmaq şansı var. Həmçinin, "Morgan Stanley"in analitikləri düşünür ki, 2012-ci ildə "dollar əsas valyutalara baxanda nəzərəçarpacaq dərəcədə möhkəmlənəcək, yalnız iena istisnadır, o, ən təhlükəsiz valyuta statusunu saxlamaqdadır".
Ekspertlərin fikrincə, dolların məzənnəsinin möhkəmlənməsinə yeganə maneə, kəmiyyət yumşalması proqramının yeni raundu QE3 ola bilər, onun 2012-ci ilin ortalarında işə salınacağı proqnozlaşdırılır. "Ancaq hətta bu amil də valyutanın davranışına məhdud təsir göstərəcək", - deyə "Morgan Stanley"də düşünürlər. Amma bunun nə səviyyədə "məhdud" olacağını zaman göstərəcək. Hələliksə, məsələni Ştatların özündə gərginləşdirirlər: ABŞ Federal Rezerv Xidməti (FRX) qızılla təmin olunmayan dollarları çap etməyə davam edir. "Çap dəz-gahı" biznesin iqtisadiyyata sərmayələrinin olmaması fonunda aktivdir, yəni iqtisadiyyatda, demək olar ki, ucuz pullar "aşıb-daşır" ki, bu da valyutanın daha da qiymətdən düşməsinə, hiperinflyasiyaya səbəb ola bilər.
Aydındır ki, ABŞ maliyyə sisteminin sabitliyinin pozulması və avrozonanın dağılması şəraitində Amerika valyutası qlobal sərmayəçilər üçün etibarlı "sığınacaq" ola bilməz - avrozonada böhran gec-tez Amerika banklarına təsir göstərəcək ki, bu da dollar üçün yaxşı deyil. Buna görə də bu gün, hətta Amerika valyutasının Avropa valyutasına nisbətən məzənnəsinin artdığı bir zamanda, ölkələrə ABŞ dolları ilə qarşılıqlı hesablaşma aparmaq əlverişli deyil. 2008-ci il böhranı göstərdi ki, bir tək valyutaya arxayın olmaq ən azından rasional deyil. Özü də ABŞ dolları pul vahidi kimi, artıq çoxdan amerikalıların özündə də etibarını itirib.
Ortaq məxrəcə gəlmək
Beynəlxalq ticarətdə və başqa maliyyə əməliyyatlarında qarşılıqlı hesablaşma üçün rezerv valyutası kimi dollara (o cümlədən, həm də avroya) alternativ axtarışı bu gün məhz bunun üçün davam etdirilir. Və bu valyuta istisnasız şəkildə hamını qane etməlidir. 2009-cu ilin mart ayında "G20" sammiti ərəfəsində belə təkliflə Rusiya çıxış edib, Moskva hələ 2008-ci ildən Belarusla qarşılıqlı hesablaşmaları Rusiya rublu ilə aparmaq barədə anlaşmışdı, Rusiya valyutası, şəksiz ki, Belarusunkundan güclüdür. İlk "hə" səsi Çindən gəldi, amma bundan 2,5 il keçsə də, ölkələr dollara alternativ tapmaq məsələsində anlaşa bilmirlər. Böyük ehtimalla, bu, Çinin qızıl-valyuta ehtiyatlarının böyük hissəsinin ($3,2 trln) məhz ABŞ dollarında saxlanması ilə bağlıdır. Dollara əvəzedici tarpmaq ideyasını bir çox inkişaf etməkdə olan ölkələr dəstəkləyir. Amma "dəstəkləmə" hələ ki məsələni "həll etmək" deyil. Bunun nəticəsidir ki, Amerika dollarına real alternativ hələ tapılmayıb. Yəni bu gün tam keyfiyyətli dünya hesabat valyutasının yaradılması məsələsi, sadəcə, söhbətdən ibarətdir.
Bununla yanaşı, bu istiqamətdə artıq ilk addımlar atılıb. Yaponiya və Çin qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina etməyi qərara alıblar - yalnız ien və yuanın istifadəsinə yardım göstərmək barədə anlaşıblar. İran və Rusiya, həmçinin, ikitərəfli ticarətdə öz milli valyutalarından istifadə etmək barədə razılaşıblar. İran özü son iki il ərzində ardıcıl olaraq xarici dünya ilə ticarətdə dolların başqa valyutalarla əvəz olunmasına doğru gedir. Məsələn, Hindistanla, Çinlə və Yaponiya ilə neft ticarətində alternativ valyutalara keçib. Rusiya "Qazprom"u və Ukrayna da qarşılıqlı hesablaşmalarda rubla keçirlər. Həmçinin, 2009-cu ildə Moskvada keçirilən Türkiyə - Rusiya biznes-forumunda Türkiyə Prezidenti Abdullah Gül Rusiya Federasiyasına qarşılıqlı münasibətlərdə dollar və avrodan imtina etməyi, rubla və Türkiyə lirəsinə keçməyi təklif edib. Nəticədə, Türkiyənin "Garanti" bankı idxal-ixrac əməliyyatlarında vasitəçilik üçün Rusiya rublunu istifadə etməyə başladı. Bu qərar özünü gözlədiyindən də artıq doğrultmağa başladı: Rusiya və Türkiyə iri ticari tərəfdaşlardır. Bu cür nümunələr həddindən artıqdır.
Bu istiqamətdə dəyişikliklər Azərbaycanda da baş verə bilər. Belə ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılovun sözlərinə görə, "Bu gün GUAM-a üzv ölkələrin bank sistemlərinin bir-birinə qarşılıqlı nüfuz etməsi vacibdir, onlar da üçüncü valyutanın istifadə edilməsindən imtina etməlidirlər". Onun fikrincə, "Əgər GUAM ölkələri arasında ticarət dövriyyəsinin həcmi böyük deyilsə, onda dolların məzənnəsinin qalxıb-düşməsindən itkilər elə də hissedilən deyil... Amma tezliklə GUAM ölkələri arasında ticarət dövriyyəsi arta bilər və malların milli valyutalara bağlanması barədə ciddi düşünmək lazımdır", - deyə o vurğulayır.
Öz növbəsində, MDB İcraiyyə Komitəsində 2017-ci ilə kimi MDB ölkələrinin valyuta sahəsində əməkdaşlığı və əlaqələndirmə üzrə tədbirlər planı və konsepsiya işlənilib. MDB Maliyyə-Bank Şurasının prezidenti, "Bank VTB" ASC İdarə Heyətinin sədri Andrey Kostinin sözlərinə görə, "Vahid valyuta fəzasının yaradılması mərhələli prosesdir... İlkin mərhələdə milli valyutalarda qarşılıqlı hesablaşmalar sistemi yaratmaq lazımdır". Onun fikrincə, Gömrük İttifaqı (Rusiya, Qazaxıstan, Belarus - müəl.) və Vahid İqtisadi Məkan (MDB-nin üç ölkəsinin - Rusiya, Qazaxıstan və Belarusun iqtisadi inteqrasiya layihəsi) bu prosesi sürətləndirməyə vadar edəcək.
Qeyd edək ki, yuxarıda vurğulanan konsepsiyanın əsas məsələləri sırasında dövlətlərarası hesablaşmaların ölkələrin milli valyutaları ilə aparılması praktikasının tətbiqi; dövlətlərarası valyutaların konvertasiyası üçün şəraitin yaradılması; ümumi valyuta məkanının ayrı-ayrı elementlərinin yaradılması ilə MDB ölkələrinin inteqrasiya edilmiş valyuta bazarının yaradılması; kollektiv istifadə valyutası barədə anlaşmanın əldə edilməsi dayanır. O, gələcəkdə həm beynəlxalq ödəniş vasitəsi, həm də rezerv valyutası ola bilər.
Azərbaycan üçün rezerv valyutasının yaradılma məsələsi xüsusilə aktualdır - ölkə strateji təyinatlı malların ixracatçısıdır. Zəif dollar (avro) və güclü milli valyutası fonunda öz valyutası ilə hesablaşmağa keçid onun gələcək möhkəmlənməsi, həmçinin, neft və qaz ixracatı zamanı maliyyə itkilərindən kənar durmaq üçün sadəcə vacibdir. Sirr deyil ki, Azərbaycan ixracatının 90%-ini neft və neft məhsulları təşkil edir. Tezliklə Avropaya böyük həcmdə Azərbaycan qazı axacaq. Bu zaman Azərbaycanın iri ticarət tərəfdaşları sırasında Avropa ölkələri - İtaliya və Fransa gəlir ki, avronun aşağı məzənnəsi, şəksiz ki, Azərbaycan ixracına mənfi təsir göstərəcək.
Amma neft və qaza dönək. Bir aprel 2011-ci il tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli $25 mlrd 779,32 mln.-a çatıb. Bu zaman vəsaitlərin 55,26%-i ABŞ dollarında ($14 mlrd 244,61mln), 39,67%-i avroda (7 mlrd 236,06 mln avro), 5,07%-i ingilis funt-sterlinqində (813,21 mln funt) və 0,07%-i manatda ($17,536.28 mln manat) saxlanılır.
Mərkəzi Bankının (AMB) 1 yanvar 2012-ci il tarixinə rekord həddə - $10 mlrd 481,5 mln.-a çatan valyuta ehtiyatları isə dollar, avro və funt-sterlinq arasında paylanıb. Özü də bunun 60%-i Amerika valyutasının, 40%-i isə vahid Avropa valyutasının və Britaniya valyutasının payına düşür. Buna görə də bizim ölkə rəhbərliyinin ölkəni dollar və ya başqa bir valyutanın asılılığından qurtarmağa tam əsası var.
Hələ 2007-ci ildə bildirilmişdi ki, Azərbaycan dünyanın başqa ölkələri ilə hesablaşmanı manatla aparmağa, yəni neft və qazı manatla satmağa hazırdır. Manatın beynəlxalq rezerv valyutasına çevrilməsi realdırmı? Uzaq perspektivdə tamamilə mümkündür. Amma əvvəlcə manat regiondaxili valyutaya çevrilməlidir və Azərbaycana qonşu olan ölkələr - Türkiyə, Rusiya, Gürcüstan və İran beynəlxalq hesablaşmalarda manatı işlətməlidirlər.
Görürük ki, dünya üzrə stratejitəyinatlı malların ixracının aparıcı ölkələri olan Rusiya və Çin yeni rezerv valyuta yaradılması üçün cəhdlər edirlər. Düzdür, bu addımlar zəifdir, amma çoxları tərəfindən bu, dolları dünya ticarətindən çıxarmağa, etibardan düşmüş bu valyutanı "boğmağa" qadir olan ümumdünya valyutasının axtarışı prosesinin ilkin mərhələsi kimi qəbul edilir. Amma hələ nə qədər ki, ümumi məxrəcə gəlinməyib, Amerika dolları əvvəlki kimi "at üstündə" olacaq. Avrozonada dərinləşən böhran fonunda isə bu təyinat getdikcə daha dəqiq forma alır.
Əmanəti etibar etmək
İndi də gündəlik işlərdən danışaq. Sadə vətəndaşı bir məsələ narahat edir - öz əmanətlərini hansı valyutada saxlasını Valyuta məzənnələrinin dəyişkən olması şəraitində necə pul qazanmaq olar? Dolların və ya avronun düşməsi heç də qəti qərar verərək, əlində olanları yaxınlıqdakı valyutadəyişmə məntəqəsinə aparmaq və onları manata çevirmək üçün təkan demək deyil. Şəksiz ki, Azərbaycanın maliyyə sistemi dayanıqlılıq göstərir, hətta böhran dövründə belə, bizim valyuta devalvasiyaya uğramadı və Azərbaycan manatı sabitdir. Amma bütün bu dəlillərə baxmayaraq, Amerika valyutasından yaxa qurtarmağa çalışmaq məsləhət deyil.
Birincisi, biz artıq belə qərara gəldik ki, ABŞ dollarına hələ ki alternativ yoxdur. İkincisi, onun məzənnəsi bu gün artır. Üçüncüsü, dünyanın çox ölkələri hazırda dollar və avronun, təxminən, 70:30 nisbəti ilə daxil olduğu bivalyuta səbəti mexanizmi ilə məzənnə siyasəti həyata keçirir. Amma klassik səbətdən - yəni iki valyutanın, məsələn, dollarla avronun 50-yə 50 daxil olduğu səbətdən istifadə edilməsi daha doğru olardı. Yəni əgər Amerika valyutası "enirsə", Ümumavropa valyutası uyğun olaraq qalxır.
"Dollar-manat" proporsiyası da yetərincə aktualdır. Yeri gəlmişkən, 2011-ci il yanvarın 10-da Mərkəzi Bank öz məzənnə siyasətini "avro/ABŞ dollar" bivalyuta səbəti vasitəsilə gerçəkləşdirməkdən imtina edib və "dollar/manat" məzənnəsinin ikitərəfli targetləşdirilməsi, yəni inflyasiya üzərində nəzarət siyasətinə keçib. Bu qərar aparıcı valyutaların məzənnələrinin volatilliyinin, yəni dəyişkənliyinin daha da güclənməsi səbəbindən verilib. AMB-dən bildiriblər ki, bu mexanizm "xüsusilə də inflyasiya səviyyəsinə təsir üçün çox əlverişlidir". Hər şeylə yanaşı, o, uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmə imkanını artırır.
Yeri gəlmişkən, yerli banklar müştərilərinə həm də "multivalyuta əmanətləri" təklif edir, bunun hesabına yığımları şaxələndirmək, yəni valyuta məzənnələrinin titrəməsindən və ya inflyasiya artımı üzündən yaranan riskləri minimallaşdırmaq mümkündür. Cari xərclər üçün pulu isə ən çox tələb olunan valyutadan çıxarmaq lazımdır. Çox şükür ki, 90-cı illərin maliyyə piramidaları tarixə qovuşdu və banklardakı pullar məbləğdən asılı olaraq əlverişli faizlər gətirir. Bu zaman unutmaq olmaz ki, Azərbaycan Əmanətlərin Sığortası Fondu (ADIF) da fəaliyyət göstərir. ADİF üzvü olan bütün banklar 30 min manatı keçməyən bütün əmanətləri sığorta edir - bu, MDB üzrə ən yüksək göstəricidir. Yəni əgər bank "çökərsə", bu gün əmanətləri qaytarmaq şansı tamamilə realdır.
...Amma fakt faktlığında qalır: böhranların və çoxsaylı həyəcanların fonunda istər amerikalı olsun, istərsə də avropalı, Yer kürəsi əhalisinin böyük bölümü üçün yeni dünya rezerv valyutasının yaradılma məsələsi aktual olaraq qalır; nə qədər bayağı səslənsə də, bu, var-dövlətlərinin qorunması və artırılması üçün lazımdır. Bu gün banklarda depozit açmaq, əmlak və əntiq əşyalar almaq, birjada oynamaq mümkündür. Həm də ən nəhayət, qızıl külçələr almaq olar ki, bu gün Amerikanın hər yerdə keçərli olan və heç kimin ləğv etmədiyi əsginasların böyük "ordu"sunun qızılla dəstəklənməyə çox böyük ehtiyacı var.
MƏSLƏHƏT GÖR: