15 Mart 2025

Şənbə, 01:45

"FİLLƏR"in DÖYÜŞÜ

Respublikaçılar abş prezidentliyinə namizədini seçməkdə çətinlik çəkir

Müəllif:

15.01.2012

Bu il, dünyada baş verəcək bir çox proseslərə birbaşa təsir imkanları olan seçki ili hesab olunur. Belə ki, martda Rusiyada, apreldə Fransada prezident seçkiləri keçiriləcək. İlin sonuna yaxın Çində Kommunist Partiyasının qurultayı, ABŞ-da isə Prezident seçkisidir. 

Rusiyada prezidentliyə namizədlərin qeydiyyatı davam edir. Fransada da seçkiqabağı yarışa start verilib.

ABŞ-da isə Ayova ştatında praymeriz - ilkin seçkiqabağı yarış start götürüb. Yarışda yalnız respublikaçılar iştirak edirlər. Çünki demokratlar artıq seçkiyə hansı namizədlə gedəcəklərini müəyyənləşdiriblər. Bu, hazırkı Prezident Barak Obamadır.

2012-ci ilin seçki kampaniyasının ötəndəfəki ilə müqayisədə daha aqressiv və bahalı olacağı gözlənilir. Hazırkı prezident üçün budəfəki kampaniyanın əvvəlkindən əsas fərqi ondan ibarətdir ki, bu dəfə elektorat gələcək prezidentin seçki proqramını yox, onun ilk prezidentlik dövründə gördüyü işləri qiymətləndirəcək. Başqa sözlə, qarşıdan gələn seçki Barak Obama üçün sanki ona olan inamın dərəcəsinin müəyyənləşdirilməsi üçün referendum olacaq. Psixoloji və taktiki baxımdan, B. Obamanın indiki rəqiblərinin işi 2008-ci ildə seçkidə respublikaçıları təmsil etmiş Con Makkeynlə müqayisədə daha asan olacaq. Ötən dəfə onlar oğul Corc Buşun 8 il ərzində həyata keçirdiyi siyasəti müdafiə etməli idilər. Bu dəfə isə vəziyyət başqadır. Bir müddət əvvəl Konqresə keçirilmiş seçkidə qələbənin dadını hiss etmiş respublikaçılar uğurlarını 2012-ci ilin prezident seçkisində də təkrarlamaq üçün əllərindən gələni edir.

Respublikaçılar hazırkı hakimiyyəti ABŞ-da işsizliyin 8%-dən artıq olmasında, iqtisadiyyatın böhrandan çox ləng templərlə çıxmasında, daşınmaz əmlak bazarında nikbin heç nəyin baş verməməsində, prezident administrasiyasının xarici siyasətdə ardıcıllığın olmamasında günahlandırır. Respublikaçıların fikrincə, Obama administrasiyası ABŞ-ın dövlət borcunu artırmaqla ölkəni Yunanıstanın vəziyyətinə sala bilər. Onlar hesab edir ki, demokratların vergilərin artırılması siyasəti də Amerikanı vergilərin yüksək olduğu Avropa dövlətlərinə bənzədəcək.

2010-cu ilin noyabrında keçirilmiş aralıq seçkilərində demokratların məğlubiyyəti əksər analitikləri Obamanın ikinci müddətə seçilə bilməyəcəyini düşünməyə vadar edib. Şübhəsiz, Konqresin hər iki palatasında əhəmiyyətli sayda yerin itirilməsi Obamanı prezidentlik uğrunda mübarizə aparan zaman verdiyi bir çox vədləri yerinə yetirmək imkanlarından məhrum edib. Amma o, yenidən prezident seçilmək şanslarını itirməyib. Tarix göstərir ki, prezident seçkisinin nəticələrini proqnozlaşdırmaq üçün aralıq seçkilərinin nəticələri yeganə meyar deyil. Obamanın qələbə şansını artıran amillər arasında, şübhəsiz, Ben Ladenin məhvi, İraqdan ABŞ qoşunlarının çıxarılması, işsizliklə mübarizə, səhiyyə və təhsil sistemində aparılan islahatlar da var. Amma Obamanın xeyrinə olan əsas amil respublikaçıların hələ də onunla mübarizə aparacaq şəxsin kimliyi ilə bağlı yekdil fikrə gələ bilməməsidir.

Respublikaçıların sıralarında hələ də seçkinin  favoriti yoxdur. Ola bilsin, C.Buşun ölkəyə 8 illik rəhbərliyi Respublikaçılar Partiyasının nəzəri bazasını məhdudlaşdırıb: nə yeni ideyalar var, nə xarizma, nə "əsl gümrah siyasətçi". Respublikaçılar arasında gələcək prezidentliyə namizədlə bağlı belə qeyri-müəyyənliyə çoxdandır rast gəlinməmişdi. Son zamanlar partiya daxilində əsas məsələlərlə bağlı fikir ayrılıqları yaranıb. Ayrı-ayrı qruplar prezidentlik yarışına öz namizədləri ilə qatılmağa çalışırlar. Klassik olaraq, bu qrupları mühafizəkarlara, sosial mühafizəkarlara və libertarian mühafizəkarlara ayırırlar.

Ənənəvi mühafizəkarlar partiyanın köhnə və ən geniş qanadıdır. Bu siyasətçilər iqtisadiyyat və maliyyə sahəsi ilə maraqlanır, daim aşağı vergi dərəcələrinin tətbiqinə çalışır, nəhəng biznesə güzəştlərin olmasını vacib sayır. Ənənələrə sadiqlik nümayiş etdirənlər həmkarlar ittifaqları hərəkatlarına qarşıdır. Onlar əksər mübahisələrdə, əsasən, işçilərin deyil, rəhbərliyin tərəfini turur. Bu üzdən də onları ictimai münasibətlərdəki problemlər hər şeydən az maraqlandırır. Halbuki, onlar bu məsələdə də sərt mühafizəkarlıq nümayiş etdirirlər.

Sosial mühafizəkarlar, adından da göründüyü kimi, daha çox sosial məsələlərə diqqət ayırır. Bu siyasətçilər abortların qadağan olunmasına, seksual azlıqlara hüquqların verilməməsinə qarşıdır. Onlar hesab edir ki, məktəblərdə din tədris olunmalı, silah alınması və gəzdirilməsinə heç bir məhdudiyyət qoyulmamalıdır və sair.

Bu qanadı iqtisadi məsələlər o qədər də maraqlandırmır. Bu məsələdə onlar daha çox populistdirlər. Say etibarilə bu qrupa daxil olanlar ənənəvi mühafizəkarlardan azdır. Amma onlar son dərəcə fəaldırlar və çox vaxt məhz bu üzdən üstünlük təşkil edirlər. Onlar məqsədlərinə nail olmaq üçün inanılmaz həcmdə həm maddi, həm də digər vəsaitdən keçməyə hazırdırlar.

Bir tərəfdən, çox inadkar mühafizəkar olan libertarian mühafizəkarlara gəlincə, onlar dövlətin iqtisadiyyata və vətəndaşların həyatına mümkün qədər az müdaxilə etməsinə  tərəfdardırlar. Amma buna baxmayaraq, onlar seksual azlıqlara hüquqların verilməməsində və abortun qadağan olunmasında partiyadakı həmkarlarını dəstəkləmir. Onlar mənəvi məsələləri dövlət maşınının funksiyası çərçivəsində görür. Bu qrup respublikaçı üçün ənənəvi olan müdaxiləyə əsaslanan xarici siyasətə də etiraz edirlər. Bu məsələdə onlar liberallar və hərbi vasitələrə əl atılmasına qarşı olanlarla daha yaxındırlar.

Bütün bunlarla yanaşı, son illər Amerikanın siyasi arenasında "Çayiçənlər qrupu" və ya "Çay partiyası" (1773-cü ilin "Boston çay içənləri"nin analoqu) adlı yeni siyasi qrup da peyda olub. Onların qarşılarına qoyduqları vəzifələrdən bəziləri bunlardır: hökümət aparatında ixtisarlar, vergilərin, dövlət xərclərinin, milli borcun və büdcə kəsrinin azaldılması, ABŞ Konstitusiyasına riayət olunması.

Respublikaçılar arasında bu fikir ayrılıqları özünü Ayovada keçirilən praymerizin nəticələrində də göstərir. Bu ştatdan keçirilən ilkin seçki məhz orada seçkiqabağı kampaniyaya rəsmən start verilməsi ilə əlamətdardır. Onun nəticəsi prosesin sonrakı mərhələsi üçün vacibdir. Çünki o, seçicilərin seçimini üzə çıxaracaq. Prezident Obama da praymeriz zamanı seçicilərə müraciətində 2008-ci ildə Ayovada qələbə qazandıqdan sonra təcrübə topladığını, bir çox məsələlərə daha nikbin baxdığını söyləyən zaman bunu nəzərdə tuturdu.

Amma respublikaçılar Ayova-dakı praymerizin nəticələrinin açıqlanmasından sonra heç də nikbinlik üçün əsas əldə etməyiblər. Çünki bu onların namizədləri arasında aşkar favoritin meydana çıxmasına kömək etməyib. Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni və Pensilvanidın olan keçmiş senator Rik Santorium hərəyə 25% səs qazanıb. Romni rəqibini cəmi 8 səs üstünlüklə məğlub edib. Texasdan olan konqresmen Ron Pol 21%-lə üçüncü, Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç isə 14%-lə dördüncü olub. Bu mənzərə Respublikaçılar Partiyası daxilində ideoloji qarşıdurmanın olduğunu da açıq şəkildə göstərir. Hələlik, ən az səs qazananlar Texas ştatının qubernatoru Rik Perri və Minnesota ştatından olan deputat Mişel Bahmandır. Sonuncu nəticələrin açıqlanmasından sonra, yarışdan çıxdığını bəyan edib.

B. Obamanın düşərgəsində təbliğat pullarının xərclənməsinə əsaslanaraq hesab edirlər ki, prezident seçkisində hazırkı dövlət başçısının rəqibi Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni olacaq. Xatırladaq ki, 2008-ci ildə keçirilmiş seçkidə də o, partiyadaşı Con Makkeynin əsas rəqiblərindən biri idi. Amma indi Makkeynin özü də Mitt Romnini dəstəkləyir.

Romni mərkəzçi siyasətçilərdəndir. Respublikaçıların daxilində, adətən, məhz bu qrupa aid olanlar əsas birləşdirici qüvvə rolunu oynayır. Onun siyasi platforması rəqibləri ilə müqayisədə xeyli qəbulediləndir. Romni iqtisadiyyatın əsas korporasiyalar üçün vergilərin azaldılması yolu ilə inkişafına, vətəndaşların bir qismi üçün əsas vergi və gəlir vergisinin ləğvinə, həmkarlar ittifaqlarının qarşısını müəyyən qədər almağa, biznesi qismən tənzimləməyə söz verir.

Romninin varlı olmasını da onun üçün üstünlük saymaq olar. Bu, siyasətçiyə həm uğurlu biznesmen imici qazandırır, həm də seçki kampaniyasını müstəqil şəkildə aparmasına imkan verir.

Amma partiyanın mühafizəkarlardan ibarət qanadının gözündə Romni çox mülayimdir. "Çay partiyası"nın tərəfdarları Romninin Ağ evdə onların maraqlarını müdafiə etməyəcəyindən narahatdırlar. Bu şəxslərin fikrincə, namizəd indi, sadəcə, hamını razı salmaq üçün "nə gəldi danışır". 2002-ci il kampaniyası zamanı çəkilmiş videogörüntülərin internetdə yayılması bu insanların narahatlığını daha da artırıb. Orada Romni jurnalistlə söhbəti zamanı bildirir ki, özünü "respublikaçıların sadiq tərəfdarı" yox, "mülayim" və "ardıcıl" (2012-ci il namizədləri üçün qadağan olunmuş ifadə) siyasətçi hesab edir. Romninin dini inancına görə mormon olması da onun qələbə şanslarını azaldan amillərdəndir. Belə olan təqdirdə o, respublikaçıların əsas elektoratı olan yevangelistlərin tam dəstəyinə arxalana bilməz. Bu səbəbdən, Mitt bəlkə də diqqəti daha çox proqramının mühafizəkarlığa əsaslanan hissələrinə yönəltməlidir. Amma bu da digər konfessiyadan olanların və liberalların dəstəyinin itirilməsi bahasına başa gələ bilər.

Romninin güclü tərəflərii arasında onun namizədliyinin maliyyə dairələri və yəhudi lobbisi tərəfindən dəstəkləndiyini göstərmək olar. Bunun da səbəbi var: Romni xarici siyasətdə bütün məsələlərdə İsraili dəstəkləyəcəyinə, Quantanamodakı həbsxananı genişləndirəcəyinə söz verir. Yeri gəlmişkən, Romni dövlət başçısı kimi, ilk rəsmi səfərini də İsrailə etmək niyyətindədir. O, Obamanı "ABŞ-ın milli maraqlarını Rusiyanın maraqlarına satmaqda" və "ABŞ-ın əbədi müttəfiqi olan İsraildən uzaqlaşmaqda" günahlandırır.

Ayovada praymerizin başlanması ərəfəsində Mitt Romni Barak Obamanı seçicilərə 2008-ci ildə elə Ayovada verdiyi vədə əməl etməməkdə təqsirləndirib. O, bu ittihamı zamanı Obama ilə erməni pornoaktrisa, 72 gün sürən nikahı öncəsi ərini "ölənədək sevəcəyini" vəd etmiş Kim Kardaşyan arasında analoq da aparıb.

İlk gündən heç də məşhur olmayan Rik Santorium favoritin əsas rəqibinə çevrilə bilib. O, katolik olsa da, yevangelistlərin sırasından inanclı seçicilərin əhəmiyyətli hissəsini özünə cəlb etməyi bacarıb. Din və mənəviyyat məsələlərində kompromisə getməyən, iqtisadiyyatda ultraliberal olan Santorium mühafizəkarlığın nümunəsi sayıla bilər.

Xarici siyasətə gəlincə, o, ABŞ-ın düşmənləri olan İran və Latın Amerikası ölkələrinin "işini bitirməyə", İsraili ən sıx şəkildə dəstəkləməyə söz verir. Sanatoriumu seçkiqabağı yarışın "sürpriz ismi" adlandırırlar. Çünki bu yarışadək tanınmayan siyasətçi, təxminən, Mitti Romni ilə eyni sayda səs qazanmaqla hər kəsin təəccübünə səbəb olub. Analitiklər bunu "Çay partiyası" tərəfdarlarının proqnozlaşdırılanın əksinə olaraq, Mişel Bahmannı deyil, Santoriumu dəstəkləməsi ilə izah edir. Yeganə qadın namizədin bu dərəcədə az səs toplaması və yarışdan çıxması da məhz bu amillə bağlıdır. Buna baxmayaraq, zəif seçki büdcəsi və radikal ritorikası Santoriumun qələbə şanslarını azaldır.

Respublikaçıların siyahısında sonrakı yeri 76 yaşlı Ron Pol tutur. O artıq praymerizə üçüncü dəfə qatılır. Polun fəlsəfəsi belədir: minimum dövlət müdaxiləsi, maksimum şəxsi azadlıq.

Libertarian namizədin əsas tərəfdarları gənclər, tərəddüd edən respublikaçılar, həmçinin, "Çay partiyası" tərəfdarlarının bir qismi hesab olunur. Amma onun, az qala, fantastik seçkiqabağı vədləri partiyadaşları arasında birinci olmasına maneə yaradır. Belə vədlər arasında, İsrail də daxil olmaqla, digər ölkələrə bütün yardımların dayandırılması, ABŞ-ın ölkədən kənarda və Quantanamodakı hərbi bazalarının bağlanmasını göstərmək olar.  Bəzi analitiklər Ron Polun seçkidə müstəqil namizəd kimi iştirak edə biləcəyini proqnozlaşdırır. Bu isə şübhəsiz, digər namizədlər üçün çox təhlükəli tendensiyadır.

Mütəxəssislərin fikrincə, bir müddət əvvələdək Konqresin sabiq spikeri Qinqriç və Texas ştatının qubernatoru Rik Perinin də yaxşı şansları var idi. Amma birincinin ultramühafizəkar mövqeyi və tərcümeyi-halındakı bəzi məqamlar, ikincinin isə teledebatlar zamanı yol verdiyi səhvlər və xarici siyasətdə biliklərinin az olması onların paymerizdə qələbə şanslarını azaldıb. Amma hələlik hər iki namizədin vəziyyəti öz xeyrinə dəyişmək şansları qalır.

Namizədlərin hamısı ilə tanışlıqdan sonra, onların yarışını müşahidə etmək qalır. 2008-ci ildə B.Obama və H.Klinton ştatlarda qələbələri, demək olar ki, yarı bölmüş və son anadək mübarizə aparmışdılar. Görək, bu dəfə respublikaçılarda necə olacaq və onlar demokrat prezidentin qarşısına kimi çıxaracaqlar. Nə qədər pafoslu səslənsə də, Ağ evə rəhbərlik edəcək şəxsdən bütün-lükdə dünyanın taleyi ilə bağlı çox şey asılı olacaq.



MƏSLƏHƏT GÖR:

449