15 Mart 2025

Şənbə, 23:52

ƏMMAN RAUNDU

İsrail ilə fələstin arasında sülh mümkün olsa da, təəssüf ki, o hələ də çox uzaqdadır

Müəllif:

15.01.2012

Fələstin-İsrail münaqişəsinin həlli prosesi növbəti dəfə uzun müddətdən bəri gözlənilən davam şansı əldə edib. Amma təəssüf ki, tam nikbinlik üçün yenə də heç bir əsas yoxdur. Çünki Yaxın Şərq münaqişəsinin məğzini təşkil edən məqamlarla bağlı tərəflərin mövqeyi yenə də bir-birindən fərqlənir.

Yanvarın ilk günlərində İordaniya paytaxtı Əmmanda Fələstin və İsrail nümayəndələrinin görüşü oldu. Görüş Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Saib Arikatla İsrail Baş naziri Benyamin Netanyahunun məsləhətçisi İtskaho Molho arasında baş tutdu. Danışıqlarda İordaniyanın xarici işlər naziri Nəsr Cude və beynəlxalq vasitəçi "dördlük"ün (BMT, ABŞ, Rusiya, Avropa İttifaqı) nümayəndələri də iştirak edirdilər.

Bu, son bir ildən artıq dövrdə Fələstinlə İsrail arasında ilk birbaşa dialoq idi.

Xatırladaq ki, Fələstinlə İsrail arasında dialoq israillilərin Qəzza zolağında həyata keçirdikləri "Ərimiş qurğuşun" əməliyyatından sonra, təxminən, 20 ay idi ki dayanmışdı. Tərəflər arasında bu qədər fasilədən sonra dialoqun bərpasına cəhdlər hələ 2010-cu ilin sentyabrından göstərilsə də, İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasından imtina etməməsi üzündən, onlar heç bir nəticə vermirdi.

Bu səbəbdən, Əmman görüşü Yaxıq Şərq sülh prosesinin uzun aylardır durğunluq halında qalmasından sonra sanki dərindən nəfəs almaq şansı idi. Amma aparılan müzakirələr göstərdi ki, Fələstin - İsrail münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək üçün oksigen potensialı o qədər də böyük deyil. Yanvarın 3-də keçirilmiş görüş və ayın 9-da baş tutmuş ikinci raund heç bir ciddi irəliləyişə səbəb olmadı. Təsəlliverici faktor yalnız münaqişə tərəflərinin tam əks mövqelərdə olmalarına rəğmən, kənardan ciddi təzyiqlər altında olsa belə, danışıqlar masasına əyləşmələridir.

Prosesə kənar təsirlərdən danışarkən qeyd olunmalıdır ki, beynəlxalq "dördlük"lə yanaşı, Əmman görüşünün hazırlanmasında "ev sahibi" olan ölkənin - İordaniyanın da rolu az olmayıb.  İordaniya Kralı Abdulla Fələstinlə İsrail arasında sülh dialoqunun bərpasına xüsusi maraq göstərir. Çünki bu, son aylar "ərəb baharı" fonunda bəzi çalxalanmaların baş verdiyi İordaniyada vəziyyətin sabitləşdirilməsində əhəmiyyətli rol oynaya bilər. Üstəlik, İordaniyanın siyasi həyatında fələstinlilərin aparıcı yer tutmaları, həmçinin, iordaniyalıların əksəriyyətinin fələstinköklü olmaları da məlumdur.

Birbaşa dialoqun bərpasındakı çətinliklər isə özünü elə tərəflərin Əmman danışıqlarına münasibətində göstərib. Məsələn, Fələstin tərəfi Əssan danışıqlarını dialoqun bərpası kimi qəbul etmir. Molho ilə danışıqlara bir neçə saat qalmış Saib Arikat bu mövqelərinin səbəbini də açıqlayıb: İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmaqdan, həmçinin, 1967-ci ildə mövcud olmuş sərhədlər çərçivəsində Fələstin dövlətinin yaradılmasına razılıq verməkdən imtinası buna gətirib çıxarıb. O, bunların danışıqların növbəti mərhələsinə başlanılması üçün şərt olduğunu bildirib.

Fələstin lideri Mahmud Abbas isə Əssan görüşünə şərtlə razılaşıb və bildirib ki, faktiki danışıqlar yalnız İsrailin yəhudi yaşayış məntəqələrinin inşasını dayandıracağı təqdirdə başlayacaq.

İsrail tərəfinin Əmman gö-rüşünə yanaşmasına gəlincə, Baş nazir Netanyahu onun 2012-ci ildə birbaşa sülh danışıqlarının başlanğıcı olacağına ümidini ifadə edib.

Əmman görüşünün başa çatmasından sonra, tərəflər görüşün müsbət atmosferdə keçdiyini söyləyib. Əsas nəticə danışıqların sonunda tərəflərin münaqişənin hazırkı mərhələsi ilə bağlı mövqelərin əks olunduğu sənəd mübadiləsi olub. Saib Arikat Fələstinin sərhədlərlə bağlı mövqeyini təsdiqləyib. İtshak Molho isə öz növbəsində 22 maddədən ibarət sənəddə İsrailin mövqeyini ortaya qoyub. Orada əsas diqqət sərhədlər, yəhudi yaşayış məntəqələri və ya Qüdsün statusuna deyil, təhlükəsizlik məsələsinə yönəldilib.  Yəni həmin sənəddə heç də Fələstini narahat edən əsas məsələlərdən danışılmır.

Mövqelərin, yumşaq desək, belə uyğunsuzluğu yanvarın 9-da baş tutmuş görüşün də nəticəsiz qalmasına səbəb olub. İkinci görüşün sonunda tərəflər mətbuatla ünsiyyətdən qaçıb və müzakirənin gedişi haqda heç bir məlumat verməyib. Lakin bir qədər sonra məlum olub ki, tərəflər bir-birinin təkliflərini qəbul etməyib. Fələstin tərəfi İsrailin mövqeyinin konkretlikdən uzaq olduğunu bildirib. Məlum olub ki, Molhonun təqdim etdiyi sənəddəki 22 maddə cəmi 1 səhifəyə yerləşdirilib. Odur ki, məsələn, "Qüdsün sərhədləri" ifadəsi ilə israililərin nəyi nəzərdə tutduqlarını fələstinlilər anlaya bilməyiblər. İsrail tərəfinin sənədindəki maddələr fələstinlilərdə belə qənaət yaradıb ki, Təl-Əviv əvvəlkitək qoşunlarını işğal altındakı Şərqi Qüdsdən çıxarmağı, İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrini sökməyi, BMT qətnamələrinə əsasən, fələstinli qaçqınların İsrail ərazisinə qayıtmasına imkan yaratmağı düşünmür.

Əslində, Fələstin və İsrailin münaqişənin həllindəki ənənəvi mövqelərindən imtina edəcəyini heç kim gözləmirdi. Üstəlik, fələstinlilər yanvarın 6-da BMT-də növbəti demarş ediblər və bununla, Rəmallahın Əmman danışıqlarının perspektivi ilə bağlı heç bir xülya qurmadığını nümayiş etdirməyə çalışıblar.

Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur  BMT Təhlükəsizlik Şurasının sədrinə və 66-cı Baş Assambleyanın rəhbərinə İsrailin işğal olunmuş Fələstin ərazilərindəki qeyri-qanuni əməllərindən bəhs edən sənəd təqdim edib. Həmin sənəddə dünya ictimaiyyəti qeyri-qanuni əməllərə son qoyması üçün İsrailə aydın çağırış etməyə dəvət olunur.

Elə həmin gün - yanvarın 6-da Qəzzadakı HƏMAS hökumətinin rəhbəri İsmail Haniyyə ikigünlük rəsmi səfərdə olduğu Tunisdəki Kayruan məscidində cümə xütbəsi ilə çıxış edib. O bildirib ki, Mahmud Abbas administrasiyasının İsraillə apardığı danışıqlar iflasa uğrayıb və indi "Əl-Qüdsün (Yerusəlim) və bütün Fələstin torpaqlarının azad olunmasının yeganə yolu müqavimətdir".

Mahmud Abbasın özü isə hələ bir neçə həftə əvvəl bildirmişdi ki, İsrailin mövqeyi üzündən birbaşa danışıqların bərpası mümkün olmasa, Fələstin mövqeyini sərtləşdirəcək. O, "mövqeyin sərtləşməsi"ni yanvarın 26-sı tarixi ilə əlaqələndirmişdi. Xatırladaq ki, vasitəçi "dördlük" hələ ötən ilin payızında münaqişə tərəfləri arasında ilkin razılaşmanın əldə olunması üçün yanvarın 26-nı son tarix olaraq göstərmişdi.

Fələstinlilər danışıqları məhz yanvarın 26-dək davam etdirməyə hazır olduqlarını göstərirlər. İsrail tərəfi isə hesab edir ki, qarşı tərəfin yanvarın 26-nı gözləməyərək rəftarını sərtləşdirməsində məqsəd, İordaniya paytaxtındakı aralıq danışıqlarının getdiyi vaxt İsrailə təzyiqləri artırmaqdır.

Beynəlxalq "dördlük" öz növbəsində yaxın günlərdə və ya heç olmasa, həftələrdə Fələstinlə İsrail arasında hansısa razılaşmaya nail olunacağına ümid edir. ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, "möhkəm sülhə nail olunması son dərəcə vacibdir və bu üzdən münaqişə tərəfləri irəliləyiş əldə etmək üçün cəsarətli addımlar atmalıdırlar".

"Dördlük"ün Fələstin-İsrail nizamlanmasını hərəkətə gətirmək cəhdləri anlaşılandır: Yaxın Şərqdə "ərəb baharı" ilə əlaqədar baş verən ciddi proseslər, Türkiyə-İsrail qarşıdurması, ilk növbədə, İran ətrafında böhranın dərinləşməsi fonunda "dördlük"ə daxil olan beynəlxalq siyasətin nəhəng oyunçuları üçün bu region onsuz da kifayət qədər "qaynar"dır. Bu üzdən də onlar yaxın zamanlarda beynəlxalq siyasətin ən böyük başağrısının aradan qaldırılması istiqamətində, heç olmasa, nikbinlik yaratmaqda maraqlıdırlar. Bu, şübhəsiz, "dördlük" üzvlərinin özlərinə də müəyyən dividendlər gətirəcək. Onların hər biri Yaxın Şərqdə öz oyununu oynayır və özünü həm Fələstin, həm də İsrailin gözündə sülhməramlı kimi göstərməyə çalışır. Çünki bu onlara, yaxın vaxtlarda "dördlük"ün Qərb hissəsinin sərt addımlar ata biləcəyi digər istiqamətlərdə (məsələn, Suriya və ya İran məsələsində) də manevr etmək imkanları yaradacaq.



MƏSLƏHƏT GÖR:

395