15 Mart 2025

Şənbə, 01:39

ƏZƏLƏ NÜMAYİŞİ

Hörmüz boğazı "qan girdabı"na çevrilə bilərmi?

Müəllif:

15.01.2012

Bu ilin başlanğıcı Tehranla Vaşinqton arasında münasibətlərin, həmçinin, Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi ilə yadda qaldı. ABŞ və müttəfiqlərinin İrandan neft ixracına embarqo qoyacaq yeni sanksiyaların tətbiqinə hazırlaşdığı məlum olan kimi, İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında "Vilayət-90" adı altında genişmiqyaslı təlimlərə başladı. Təlim çərçivəsində İslam respublikası iki yeni raketini - gəmi əleyhinə "Yer-yer" tipli "Nur" və "Qadir" uzunmənzilli raketlərini uğurla sınaqdan keçirdi.

Bundan başqa, İran Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə də hərbi təlimə start verdi. Bu ilin fevralında isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz qüvvələri Hörmüz boğazı və Fars körfəzində "Ulu Peyğəmbər" adlı hərbi manevrlər keçirəcək.

 

Ehtiraslar coşur

Maraqlıdır ki, İran Hərbi Dəniz Qüvvələrinin təlimləri haqda da, bu ölkənin Hörmüz boğazı ilə bağlı sonrakı niyyətləri ilə bağlı da Tehrandan ziddiyyətli bəyanatlar gəlir. Hələ ötən ilin sonunda İran Parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü P.Sarvari bildirmişdi ki, təlimlər zamanı boğazın bağlanması yolları da sınaqdan keçiriləcək. Lakin sonradan İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirdi ki, Tehran təlim zamanı boğazı bağlamayacaq. Onun ardınca İranın birinci vitse-prezidenti M.R.Rahimi daha bir fərqli bəyanatla çıxış etdi. Onun sözlərinə görə, Qərb, İslam respublikasından neft ixracına embarqo qoyarsa, bu zaman Tehran boğazı bağlayacaq.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral X.Sayari də İranın ali rəhbərliyi tərəfindən belə qərar veriləcəyi təqdirdə, hərbçilərinin boğazı bağlamaq gücündə olduğunu bəyan etdi. 

Lakin ali dini lider Əli Xamnei məsləhətçisi vasitəsilə Hörmüz boğazının bağlanmasına dair əmrin olmayacağını açıqladı.

Şübhəsiz, Tehranın bütün son əməlləri, eyni zamanda, İran rəsmilərinin şimal sahillərinə İslam respublikasının, cənubuna isə ABŞ-ın müttəfiqləri olan BƏƏ və Omanın nəzarət etdiyi Hörmüz boğazı (Fars körfəzindən neft və qaz ixracının əsas su yolu) ilə bağlı ziddiyyətli bəyanatlarına Vaşinqton və Brüssel reaksiya verməyə bilməzdi. Üstəlik, İran ordusu, Hərbi Dəniz Qüvvələri (HDQ) və Hərbi Hava Qüvvələrinin (HHQ) operativ idarəolunmasına məsul A.Salehi ABŞ-ı hədələmişdi. İlin əvvəlində Birləşmiş Ştatların "Con Stennis" atom təyyarədaşıyan gəmisi və digər gəmilərin Fars körfəzini tərk etməsindən sonra, Vaşinqtondan bir daha gəmilərini Fars körfəzi sahillərinə göndərməməyi tələb edən Salehi, əks təqdirdə, "cavab tədbirlərinin görüləcəyini" bildirmişdi.

Pentaqon isə Tehranın bu tələblərinə əhəmiyyət verməyərək, ABŞ gəmilərinin Fars körfəzində mövcudluğunun bütün beynəlxalq hüquq normalarına uyğun olduğunu bəyan edib. Vaşinqton bildirib ki, bu, "dünya ticarəti üçün son dərəcə vacib olan regionda gəmiçiliyin mühafizəsinə yönəldilib və bu baxımdan, Amerikanın bu istiqamətdəki fəaliyyətində heç bir dəyişiklik olmayacaq".

Qeyd edək ki, ABŞ-ın Fars körfəzində hərbi mövcudluğu Bəhreyndə yerləşən güclü Beşinci Amerika Donanması hesabına həyata keçirilir. Onun digər xarici dövlətlərin imkanları ilə birlikdə gücü İran ordusunun potensialından xeyli artıqdır.

ABŞ bu məsələdə güzəştə getməyəcəyini sübut etmək üçün, Fars körfəzində HDQ-nin zərbəçi qüvvələrini kəskin şəkildə artırmağa başlayıb. Bundan başqa, İrana növbəti psixoloji təzyiq göstərməyə çalışan ABŞ və İsrail yaxın həftələrdə hava hücumundan müdafiə sahəsində analoqu olmayan miqyasda birgə təlim keçirməyə hazırlaşır.

İran isə öz növbəsində artıq növbəti psixoloji zərbəsini endirib: Tehran bəyan edib ki, iranlı alimlər zənginləşdirilmiş uran ehtiva edən ilk yanacaq naqilləri istehsal ediblər və onu artıq sınaqdan da keçiriblər. MAQATE-nin İranın uranın 20 faizədək zənginləşdirilməsi üçün işə başladığı haqda növbəti açıqlaması isə vəziyyəti daha da qarışdırıb. Qərb ekspertləri Tehranın yanacaq vasit?l?ri ilə bağlı bəyanatına şübhə ilə yanaşsalar da, istənilən halda, bu açıqlama odun üzərinə yağ töküb. BMT TŞ-də dərhal İranın nüvə proqramına dair müzakirə aparılıb. BMT Baş katibinin rəsmi nümayəndəsi M.Nesirke isə Tehrandan nüvə proqramının sülhxarakterli olduğuna dair sübutlar tələb edib.

 

Təhlükə artır

Tehranın dərhal nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu bəyan etməsinə baxmayaraq, Avropa İttifaqı İrandan neft ixracına qoyacağı qadağanı ləğv etmək fikrində deyil. Aİ üzvləri arasında bununla bağlı prinsipial razılaşma hələ yanvarın 4-də əldə olunub. Əvvəl qurum bu qərarı yanvarın sonunda qəbul etməyi planlaşdırırdısa, sonradan Parisin təşəbbüsü ilə məsələyə yanvarın 23-də - Aİ Şurasının XİN başçıları səviyyəsində keçiriləcək sammitində baxılması qərara alınıb. Brüsseldə hesab edirlər ki, Tehrana təzyiqi yalnız bu yolla gücləndirmək, onu daha üzüyola olmağa məcbur etmək mümkündür. Bəzi ekspertlərin fikrincə, ən çətini, bu razılaşmanın reallaşdırılmasıdır. Çünki bu, Aİ-nin İran neftindən daha çox asılı olan üzvlərinin iqtisadiyyatında balansı poza bilər. Bu addım dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə artmasına da aparıb çıxara bilər. Bu isə İran neftinin müştəriləri arasında Çindən sonra ikinci olan Aİ ölkələrinin əksəriyyətinin iqtisadiyyatına zərbə deməkdir. Amma Aİ-nin enerji məsələləri üzrə ali komissarı Q.Ottinger əmindir ki, başqa neft hasilatçılarına, məsələn, artıq neft hasilatını artırdığını bəyan etmiş Səudiyyə Ərəbistanına müraciət edə bilər.

Bütün bunlarla yanaşı, ABŞ və Aİ İranın Hörmüz boğazını mümkün bağlaması halında reallaşdırılacaq plan üzərində işləyir. Hörmüz körfəzindən neftdaşımaları dayandırılacağı təqdirdə, Beynəlxalq Enerji Agentliyi strateji ehtiyatından 14 milyon barelədək neft buraxmağı və bununla da "qara qızıl"ın qiymətinin bahalaşması ilə bağlı yaranacaq çətinliyi bir qədər aradan qaldırmağı düşünür. O da məlum olub ki, BƏƏ üçün strateji əhəmiyyət daşıyan (sutkada 1,5 milyon barel neft nəql etmək imkanına malik), Fras körfəzi və Hörmüz boğazından yan keçən "Fucayra" neft borusu da bu ilin iyununda istismara veriləcək.

Amma əvəzində Aİ-nin neft embarqosu İran iqtisadiyyatına ciddi zərbə vurmaq iqtidarındadır. İslam respublikası neftini Aİ-dən başqa inkişaf etməkdə olan ölkələrə, Çinə, Hindistana, həmçinin, neft ixracından çox asılı olan Yaponiyaya da satır. Amma Avropanın İran neftindən imtinasından sonra bu dövlətlər Tehrandan "qara qızıl"ın qiymətini xeyli aşağı salmasını istəyəcək. Bu təcrübədən Pekin dəfələrlə və çox uğurla istifadə edib.

Düşünmək olar ki, Qərb İran neftinin ixracına embarqo qoymaqla, həm də İslam respublikasında daxili siyasi vəziyyəti qarışdırmağa çalışır. Ölkədə yaşanacaq iqtisadi çətinliklər İran əhalisinin kütləvi etiraz aksiyalarına başlamasına səbəb ola bilər. Digər yandan, bunun hakim molla rejiminin daxilində parçalanmaya aparıb-çıxaracağı da mümkündür.

Vaşinqtonla Tehran arasında münasibətlərin gərginləşməsi bir sıra başqa məqamlarla da bağlıdır. Bu günlərdə İslam respublikasında iranəsilli Amerika vətəndaşı A.M.Hikməti casusluqda və təxribatçı fəaliyyətdə təqsirləndirilərək, ölüm hökmünə məhkum edilib. Tehran Məhkəməsi onu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda təqsirli bilib. 

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri V.Nuland isə ittihamları rədd edib. O, Vaşinqtonun adından Tehrandan İsveçrənin İrandakı səfirliyinin əməkdaşlarına Hikmətiyə baş çəkmək imkanı yaradılmasını, müttəhimin vəkil xidmətindən yararlanmasına imkan verilməsini tələb edib.

Bir neçə gün əvvəl isə Tehranın şimalında iranlı nüvə alimi M.A.Roşan qətlə yetirilib. O, Netanzdakı uranın zənginləşdirilməsi obyektinin şöbələrindən birinə rəhbərlik edirdi.

Xatırladaq ki, 2010-cu ilin yanvarında İranda daha bir nüvə alimi M.A.Məhəmmədi də qətlə yetirilmiş, həmin ilin noyabrında İranın nüvə fəaliyyətində əsas ekspertlərdən olan F.A.Davani isə yaralanmışdı. Sonuncu hazırda İranın Atom Enerjisi Təşkilatına rəhbərlik edir.

Son qətlə görə Tehran İsrail kəşfiyyatını - "Mossad"ı ittiham edib.

Bəzi ekspertlərin fikrincə, yuxarıda sadalanan faktlar istənilən ehtiyatsız addımın ABŞ ilə İran arasında müharibənin başlanmasına səbəb ola biləcəyini göstərir. Və bu ölkələr hazırda öz müttəfiqlərini də bu qarşıdurmaya cəlb etməklə məşğuldurlar. Bu məsələdə Vaşinqtonun strateji müttəfiqləri rolunda İsrail, Böyük Britaniya, Fransa və Aİ çıxış edir. Tehran isə hələlik yalnız BMT TŞ-də sərt antiiran qətnamələrin qəbulunu önləyən Rusiya və Çinin, həmçinin, onu müdafiə edən bəzi Latın Amerikası ölkələrinin (Venesuela, Ekvador, Nikaraqua və Kuba) dəstəyinə bel bağlaya bilər. Yeri gəlmişkən, bu yaxınlarda İran Prezidenti Mahmud Əhmədinejad bu ölkələrə səfər də edib.

Adıçəkilən qruplar arasında hərbi qarşıdurma bütünlükdə regionda sabitliyi poza bilər. Bu müharibənin fəsadları Cənubi Qafqaz və Mərkəzi Asiyada da özünü göstərəcək.

 

Region narahatdır

Azərbaycan regionda hərbi qarşıdurmanın olmasında qətiyyən maraqlı deyil. Daim problemlərin sülh yolu ilə həllinə tərəfdar olan Bakı yenə də balanslaşdırılmış xarici siyasi kursa və mehriban qonşuluq münasibətlərinə sadiqdir. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əlyiev dəfələrlə bildirib ki, Azərbaycan heç zaman İrana hərbi zərbələrin endirilməsi üçün meydana çevrilməyəcək. Rəsmi Bakı hərbi qarşıdurmanın başlamasında həm də ona görə maraqlı deyil ki, bu halda o, əsl demoqrafik və humanitar fəlakətlə qarşılaşa bilər. Çünki müxtəlif məlumatlara görə, İranda 22 milyondan 30 milyonadək azərbaycanlı yaşayır və onların əksəriyyəti müharibədən qurtulmaq üçün məhz Azərbaycana axışacaq. Onsuz da Ermənistanın işğalçı siyasəti nəticəsində qaçqın düşmüş 1 milyon insanın qayğısını çəkən Azərbaycan üçün bu, əsl fəlakət olardı.

İranlı qaçqınların axışa biləcəyi Mərkəzi Asiya da bu vəziyyətdən sığortalanmayıb.

Hərbi əməliyyatların Xəzər dənizinə də keçmək ehtimalı var, bu, region üçün ekoloji fəlakətə yol aça bilər. Xüsusilə də nəzərə alınsa ki, İran dəfələrlə bildirib ki, hərbi əməliyyatlar başlasa, o, Qərbin qonşu ölkələrdəki obyektlərinə də zərbələr endirmək niyyətindədir.

Qərblə İran arasında hərbi qarşıdurma neftin qyimətinin artması ilə əlaqədar olaraq, taktiki baxımdan Moskvaya nəhəng maliyyə gəlirləri gətirə bilər. Amma strateji baxımdan Rusiya da müharibənin başlanmasında maraqlı deyil. Çünki Cənubi Qafqazda və Mərkəzi Asiyada nüfuzunu qoruyub-saxlamaq yolunda Qərblə apardığı mübarizədə Moskvanın yeganə etibarlı və güclü müttəfiqi teokratik quruluşun hökm sürdüyü İrandır. İranda qərbpərəst hakimiyyətin qurulması Moskvanı Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində də etibarlı müttəfiqdən məhrum edəcək. İranın nüvə proqramı da müəyyən mənada Rusiyaya sərf edir. Bu, ilk növbədə, Moskvaya  İranla nüvə proqramına dair əməkdaşlıqdan milyardlarla gəlir götürmək imkanı verir. Bundan başqa, Tehranın nüvə proqramı Moskvanın opponentlərini xeyli qıcıqlandırır. Digər yandan, Qərblə İran arasında hərbi qarşıdurma çoxlu sayda iranlı qaçqının Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçid məntəqəsi kimi kimi istifadə edərək, Rusiyanın cənubunda məskunlaşmasına da gətirib çıxara bilər. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə qaçqınların həddindən artıq böyük kütlə ilə axışacağı təqdirdə, Rusiyanıın öz sərhədlərinə nəzarət etməsi və onları bağlı saxlaması son dərəcə çətin olacaq.

Eyni zamanda, Moskvanın gözündə  İran Cənubi Qafqazda, Mərkəzi Asiyada və İslam dünyasında mövqelərin möhkəmləndirilməsi baxımından, Türkiyənin də real rəqibidir.

Son məqamla bağlı olaraq deyə bilərik ki, İranda sərt teokratik rejimin hakimiyyətdə olması Ankaraya sərf etmir. Hazırda hakimiyyətdə mülayim islamçıların olduğu Türkiyə İrana açıq-aydın göstərir ki, Qərb məhz belə rejimlərlə sıx əməkdaşlığa hazırdır. Qərbpərəst  İran Türkiyəyə həm də ona görə sərf edir ki, onlar qarşılıqlı səmərəyə əsaslanan iqtisadi layihələrdə iştirak edə bilər. 

İranla Ermənistan arasında yaxın münasibətlər də Ankaranı narahat etməyə bilməz. Mövcud İran-Ermənistan "həyat yolu" öz-özünü iqtisadi təcrid durumuna salmış və bu şəraitdə boğulan Ermənistan iqtisadiyyatı üçün yeganə xilas yoludur. Bu, İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində destruktiv mövqe nüma-yişinə də kömək edir. Ankara isə bu ölkə ilə sərhədlərini məhz Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq bağlayıb.

Bütün bunlara rəğmən, Ankara Qərblə İran arasında kifayət qədər çətin problemin birmənalı olaraq sülh yolu ilə həllini dəstəkləyir.

Qeyd etmək lazımdır ki, bu məsələdə bütün regional oyunçular arasında ən çətin durumda qalanı Türkiyədir. Söhbət onun NATO üzvü olmasından gedir. Amma Vaşinqtonun çağırışlarına baxmayaraq, hələlik Ankara ABŞ və Aİ-nin İrana qarşı sanksiyaları sərtləşdirmək qərarını dəstəkləmək fikrində deyil. Ankara bəyan edib ki, o, yalnız BMT-nin tətbiq etdiyi  sanksiyaları dəstəkləyir və bu məsələdə ABŞ və Qərbə dəstək olmaq fikrində deyil. Amma ABŞ və müttəfiqləri NATO-nu məsələnin hərbi yolla həllinə cəlb edə biləcəksə, Türkiyə alyansdaxili nizam-intizamın girovuna çevriləcək.

Nə qədər qəribə səslənsə də, regional xaosdan ən çox qazanan Ermənistan ola bilər - baxmayaraq ki, bu gün onun yeganə hərtərəfli yardımı Tehrandan, yeganə "həyat yolu" İrandan gəlir. Hərbi qarşıdurma dünya ictimaiyyətinin diqqətini, ən azı, hansısa müddətə Ermənistan - Azərbaycan münaqişəsindən uzaqlaşdıracaq və Ermənistanın Azərbaycan ərazilərini işğalı məsələsi ikinci plana keçəcək.

Amma hətta qazanc olmasa da, Ermənistanın baş verəcəklərdən itirəcəyi heç nə yoxdur. Birincisi, İrandan başını götürüb-qaçan kütlə, çətin ki, xilasını Ermənistanda axtarsın. Çünki Ermənistanın öz əhalisi bir tikə çörək ardınca ölkədən kütləvi şəkildə miqrasiya edir.

İkincisi, İrəvana İranın həm hazırkı molla rejimi, həm də orada qurula biləcək qərbpərəst hakimiyyət sərf edir. Əsas odur ki, Tehran Ermənistan iqtisadiyyatına maliyyəni dayandırmasın. Məsələ ondadır ki, İranın hazırkı rejimi İrəvana dəstək verir, onun yaşamasına kömək edirsə, qərbpərəst hakimiyyət də bunu etməyə məcbur olacaq. Çünki bu halda Qərb Ermənistanı Rusiyanın təsirindən tam çıxarmaq, həmçinin, enerjidaşıyıcılarının potensial tranzit marşrutlarının sayını artırmaq üçün belə ssenariyə əl atacaq. Bu halda Ermənistan Rusiyanı satmalı olacaq ki, buna da İrəvan çoxdan hazırdır.

İstənilən halda, İran ətrafında baş verənlərin mümkün hərbi qarşıdurmaya aparıb çıxarması bütünlükdə bu ölkənin yerləşdiyi regiona mənfi təsir göstərəcək. Ona görə də ümid edək ki, baş verənlər, sadəcə, əzələ nümayişidir... 



MƏSLƏHƏT GÖR:

498