Müəllif: Redaksiya
Deyilənə görə, Yeni ili necə qarşılayırsansa, elə də keçirirsən. Belə bir fikir də var ki, Əjdaha ili, adətən, bəşəriyyət üçün dönüş anı, taleyüklü il olur. Nəhayət, deyirlər ki, hansısa ayın 13-ü cümə gününə düşürsə, bu, "qara gün" sayılır.
Xalq deyimlərinə inanıb-inanmamaq hər kəsin şəxsi işidir. Amma qara su əjdahasının ilk "cümə, 13" tarixinin Avropa üçün, həqiqətən də, "qara gəldiyi" faktdır. "Standard & Poor's" (S&P) Beynəlxalq Reytinq Agentliyi sanki qərarının effektivliyini artırmaq üçün avrozonanın 9 ölkəsi üzrə suveren kredit reytinqinin aşağı salındığını məhz həmin gün elan etdi. Aralarında Fransanın da olduğu dövlətlərin kredit reytinqi maksimal "AAA" həddindən "AA+" həddinə endirildi. İtaliya, İspaniya, Kipr və Portuqaliya üçün uzunmüddətli suveren kredit reytinqi 2 pillə, Avstriya, Malta, Slovakiya və Sloveniya üçün isə 1 pillə aşağı salındı.
Agentliyin bəyanatında bildirilir ki, dəyişiklik "S&P" ekspertlərinin rəyinə əsaslanır, avrozona ölkələri rəhbərləri və Aİ-nin məsul orqanlarının təşəbbüsləri mənfi nəticələrin kompensasiyası üçün kifayət deyil. Reytinqin aşağı salınmasına təsir göstərmiş əsas mənfi faktorlar isə bunlardır: kreditləşdirilmə şərtlərinin pisləşməsi, avrozonanın əksər ölkələri üçün risklərin artması, iqtisadi inkişaf proqnozlarının pisləşməsi, ittifaq ölkələrində böhranın aradan qaldırılması işində vahid mövqenin olmaması.
Demokratik Köhnə Dünya bu qərarı, yumşaq desək, anlaşılmazlıqla qarşıladı: maliyyə məsələləri üzrə avrokomissar Olli Ren bildirib ki, görülən tədbirlərin fonunda belə qərarın verilməsi "əsassız" təsir bağışlayır. O, xüsusi olaraq vurğulayıb ki, valyuta ittifaqı öz problemli yerlərini yaxşı bilir və artıq onların aradan qaldırılması işində ciddi nailiyyətlər qazanır: "Reytinqin aşağı salınması bardə qərarın açıqlanması vaxtının təsadüfən seçilmədiyinə əminəm. Bu əsassız qərardan təəssüfümü ifadə etmək istəyirəm".
Kipr Prezidenti Dmitris Xristofias, öz növbəsində, reytinqin aşağı salınması qərarının düzgün olmadığını bəyan edib. O, qərarın Kipr iqtisadiyyatının ayağa qalxmağa başladığı anda (yəqin ki, Rusiyadan 2,5 milyard avro həcmində ilk kredit tranşının alınması nəzərdə tutulur) açıqlanmasına diqqət çəkib.
Almaniyanın xarici işlər naziri Qvido Vestervelle isə ümumiyyətlə, Amerikanın reytinq agentliklərinin hegemonluğuna son qoyulmasını, Avropanın öz agentliklərinin yaradılmasını təklif edib.
Həqiqətən də, "S&P" agentliyinin qərarı nə qədər qəribə olsa da, investorlarda Avropadakı böhranın aradan qalxacağına ümidlərin yarandığı vaxtda açıqlanıb. İtaliya və İspaniyada son günlər dövlət istiqraz vərəqələrinin gəlirləri böhran nöqtəsindən uzaqlaşmaqda idi. Vəsaitlərin cəlbi asan və gözləniləndən yaxşı alınır, gərginlik isə azalırdı.
Amma yəqin ki, bunları artıq unutmaq lazımdır. Bir çox pensiya və investisiya fondları öz vəsaitlərini "böyük üçlük"ün (buraya "S&P" ilə yanaşı, "Moody's" və "Fitch" daxildir) qiymətləndirməsinə əsasən yatırır. Reytinqlərin bu cür "doğranması"ndan sonra, qiymətli kağızların böyük kütləsi etibarlılıq kriteriyasını itirməyə başladı. Bazar isə baş verənlərə dərhal reaksiya göstərib. Avronun kursu, az qala, 1 sent düşüb: əgər yanvarın 12-də avro 1,28 dollara bərabər idisə, "cümə, 13" tarixində o, 1,265 dollara düşüb.
Eyni zamanda, Amerika istiqraz vərəqələrinə (Treasuries) tələb kəskin şəkildə artıb. İnvestorlar avroaktivlərdən imtina edib, dərhal dollara və digər müdafiə olunan aktivlərə keçməyə başlayıb.
"Qara cümə" günü "sürpriz"lərin "tam" olması üçün bircə Yunanıstanın özəl banklara borcunun restrukturizasiyası ilə bağlı danışıqların iflasa uğraması qalırdı ki, bu ba baş verib. Müzakirələrin iflası ölkəni defolt təhlükəsinə daha bir addım yaxınlaşdırıb. Yeri gəlmişkən, bu fakt əksinə, "S&P" agentliyinin qərarının doğru olduğunu göstərir - Avropa hansı cəhdləri göstərsə də, hansı plan və proqramları qəbul etsə də, böhranlı vəziyyəti ölü nöqtədən tərpətmək mümkün olmur: vəziyyətin daha da pisləşdiyi ortadadır.
Bunu "reytinq şoku"ndan cəmi bir neçə gün sonra, nüfuzlu Beynəlxalq Valyuta Fondu da təsdiqləyib. Fondun baş direktorunun xüsusi məsləhətçisi Devid Lipton bildirib ki, Avropada vəziyyət bundan sonra da pisləşərsə, regionun heç bir ölkəsində immunitet qalmayacaq və böhranın digər dövlətlərə də keçməsi qaçılmaz olacaq.
Təbii ki, bu, 2012-ci ildə iqtisadi proseslərin ən pis inkişaf ssenarisidir. Böhran dünyanı bürüyərsə, onun Azərbaycan üçün də müəyyən təsirləri qaçılmaz olacaq. Ən azı ona görə ki, Azərbaycanın bütünlükdə ticarət dövriyyəsinin 43%-i "S&P" tərəfindən reytinq dərəcəsi aşağı salınmış bu 9 ölkənin payına düşür. Azərbaycanın öz məhsullarını ixrac etdiyi ilk 10 ölkə arasında birinci və ikinci yerləri, müvafiq olaraq, İtaliya ilə Fransa tutur. Azərbaycandakı investisiyasının həcminə görə, ilk 12 ölkə arasında 7 Avropa dövləti də var (Fransa və İtaliya da daxil olmaqla). Azərbaycana yatırılan ümumi kapitalın, təxminən, 56%-i məhz onların payına düşür. Üstəlik, Dövlət Neft Fondu aktivlərinin 64,81%-i Avropa ölkələrində yerləşdirilib. Tənəzzülün, dünyada təl?batın azalmasının neftin qiymətində də azalmaya aparıb-çıxaracağını nəzərə alsaq, ilk baxışdan yaranan mənzərə o qədər də ürəkaçan deyil.
Amma əslində, məhz Azərbaycan üçün və məhz bu il vəziyyətin ağırlaşması üçün səbəb yoxdur: Azərbaycan iqtisadiyyatı qlobal və lokal şoklara hazırdır. Bunu hökumətdən bildirirlər. Bu fikrin müəlliflərinin onu səsləndirmək üçün kifayət qədər əsası var.
Son 8 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dünya iqtisadiyyatı tarixində bunun analoqu yoxdur. 2012-ci ildə Azərbaycanın dövlət büdcəsi yenə də dünyada gedən bir çox çətin proseslər fonunda formalaşdırılıb. Hansı ki, həmin çətinliklər dünya iqtisadiyyatının bütün aparıcı güc mərkəzlərini də mürəkkəb duruma salıb.
Amma Mərkəzi Bankında əmindirlər ki, qlobal fonda Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlı və inamlı görünür. "Böhranlı illərə nəzər salsaq, 2009-2011-ci illərdə Azərbaycan iqtisadiyyatı, orta hesabla, ilə 5% artıb. Dünyada yaşanan prosesləri nəzərə aldıqda bu, kifayət qədər böyük artımdır", - deyə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib.
Amma bu, Azərbaycanın "qlobal çağırışlar"a gözünü yummalı olduğu anlamına da gəlmir. Dövlət iqtisadiyyatındakı dayanıqlılığı uzaq perspektivdə də qoruyub-saxlamaq istəyiriksə, bu çağırışlara dərhal reaksiya verilməlidir. Belə addımlar isə artıq atılmaqdadır.
MƏSLƏHƏT GÖR: