
AZƏRBAYCANLI DÜNYANI FƏTH EDİR
Emin Ağalarov yeni konsert proqramı ilə dünya turnesinə yola düşür
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Britaniyalı şou-direktor Piter Berd tərəfindən Emin Ağalarov üçün düşünülmüş və layihələndirilmiş yeni şou proqramının ilk tamaşaçıları Bakı sakinləri oldular. Uğurlu musiqiçi və iş adamının növbəti konserti dekabrın 22-də Heydər Əliyev Sarayında keçirildi. İndiki şouya Emin bir neçə ay qabaq hazırlaşmağa başlayıb. Xoreoqrafla, vokal pedaqoqu ilə, quruluşçu rejissor və musiqiçilərlə gərgin məşqlərin nəticələrini artıq Bakıda qiymətləndirməyi bacardılar və dünyanın çox ölkəsində də sözsüz ki, qiymətləndirəcəklər. Gələn il bu konsert proqramı ilə musiqiçinin dünya turnesi başlayacaq və bu, Rusiyanı, Böyük Britaniyanı, Almaniyanı, Türkiyəni, Birləşmiş Ərəb Əmirliklərini və ABŞ-ı əhatə edəcək.
Kompozisiyaları bu il Britaniya, Almaniya və Rusiya çatlarında liderlik edən tanınmış müğənni tamamilə yeni şou - rəngbərəng işıq həlləri, altı iri monitordan ibarət videosıra, mahnıların orijinal aranjmanını nümayiş etdirdi. Burada istedadlı musiqiçinin həm yeni kompozisiyaları, həm də köhnə hitləri təqdim edildi. Müğənni yeni repertuarının böyük bölümünü sonqraytinq üzrə dünya nəhəngləri - Enrike İqlesiasın hitlərinin yarıdan çoxunun müəllifi Pol Beri, Ceymi Skott, Ueyn Hektor ilə əməkdaşlıqda yaradıb. Diskə prodüserliyi Lara Fabian, Enrike İqlesias, Ceyms Morrison, Şer və başqa dünya ulduzları ilə əməkdaşlıqdan məşhurlaşan Brayan Roullinq olub. Yeni mahnılarından biri "Just for one night" artıq "Love Radio" və "Dfm"in dinləyicilərinin sevimlisinə çevrilə bilib, amma Emin öz köhnə hitlərindən bəzilərini də, məsələn, beş il əvvəl yazıb ifa etdiyi ilk mahnısı "Still" kompozisiyasını da səsləndirdi.
Yada salaq ki, bu ilin sentyabr ayında Emin Avropanın ən iri səsyazma leybllərindən olan "EMIMusicGermany" ilə "Won-der" albomunun Qərbi Avropa ölkələrində relizi və distrübasiyası üzrə beşillik saziş bağlayıb. Hazırda "Wonder" albomu bütün ölkələrin ərazisində yayılır, yalnız Böyük Britaniya və İrlandiya istisnadır, orada disk müstəqil "SaffronMusicLtd" leybli tərəfindən yazılıb və buraxılıb.
Saziş, həmçinin, Eminin sonrakı iki albomunun da öz məhsullarını dünyanın 50 ölkəsində satan EMI ilə əməkdaşlıqda buraxılmasını və yayılmasını nəzərdə tutur. Bu, "Universal Music Group", "Sony Music Entertainment" və "Warner"lə birlikdə dünyanın ən iri səsyazma şirkətlərindəndir. 1 mln.-dan artıq kompozisiyanın hüququ şirkətə məxsusdur. "EMI"nin tərəfdaşları sırasına dünya musiqi sənayesinin liderləri - Elvis Presli, "The Beatles", Kayli Minouq, Robbi Uilyams, "Roxette", Ketti Perri, Devid Qetta daxildir.
Heydər Əliyev Sarayındakı konsertdə musiqiçinin 97 yaşlı nənəsi, atası Araz Ağalarov və həyat yoldaşı Leyla Əliyeva da iştirak edirdi. Müğənni XX əsrin məşhur şlyageri, "Ruh" filmindən tanınan "Unchained Melody"ni gözəl Leylaya həsr etdi. Emin tamaşaçılarla çox həvəslə və uzun-uzadı ünsiyyət qurdu. Dözümlə avtoqraflar verdi və çiçəkləri qəbul etdi, konsertdən sonra isə öz fan-klubundan olan uşaqlarla fotoşəkil çəkdirməyə də xeyli vaxt sərf elədi.
Artıq oturuşmuş ənənəyə görə, məşhur "My Way" səsləndi və Eminin dediyi kimi, yenə də Müslüm Maqomayevə həsr olunurdu, izləyicilər Müslümün ifa etdiyi "Göy əbədiyyət" kompozisiyasını ekranda gördülər və dinlədilər. Bunlar axşamın ən həyəcanverici dəqiqələrindən idi: Müslüm Maqomayev Eminin müəllimlərindən və ustadlarından biri olub.
"Avroviziya-2012" yarışının qalibləri Eldar Qasımov və Nigar Camal axşamın xüsusi qonaqları oldular və öz məşhur hitlərini "Running Scared"i oxudular. Qeyd edək ki, Eminin Bakı konserti həmişəki kimi xeyriyyə məqsədli idi - biletlərin satışından yığılmış vəsaitlər Nardaran qəsəbəsindəki 130 saylı məktəbin yenidənqurma işlərini başa çatdırmağa imkan verəcək.
MƏSLƏHƏT GÖR: