24 Noyabr 2024

Bazar, 13:39

İPOTEKA ÜMİDLİ İL

2012-ci ildə əhalinin ipoteka krediti almaq imkanlarının genişləndiriləcəyi gözlənilir

Müəllif:

01.01.2012

2012-ci il ipoteka kreditləşdirilməsi sahəsində müsbət dəyişiklikləri səbirsizliklə gözləyən ailələr üçün son dərəcə sevindirici ola bilər. Bu il Azərbaycanda sosial ipoteka proqramının maliyyələşdirilməsinə ayrılmış məbləği tənqid edən Milli Bankın (MB) rəhbəri Elman Rüstəmov bu gün sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi imkanlarının olduğunu bildirib. "Bu məsələ kəskin şəkildə qoyulub və artıq növbəti ildə öz həllini tapa bilər", - deyə o, qeyd edib.

 

Tələbat və risklər

Ölkənin baş bankiri hesab edir ki, sosial ipoteka çox vacib sosial proqram olmaqla yanaşı, həm də iqtisadiyönümlü proqramdır. Çünki o, iqtisadiyyatın tikinti sektoruna dəstək olur, bu sahədə iş yerlərinin yaranmasına kömək edir.

Bu gün sosial ipoteka ala biləcək təsdiqlənmiş kontingent 100 min  nəfərdir. "Sosial ipotekanın maksimal məbləğinin cəmi 35 min manat olduğunu nəzərə alsaq, belə çıxır ki, 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 20 milyon manat yalnız 600 nəfərin ipoteka krediti almasına kifayət edəcək", - deyə E.Rüstəmov bildirib.

E.Rüstəmovun narahatldığı başadüşüləndir: banklar artıq ümumilikdə, təxminən, 80 milyon manat üçün sosial ipoteka sorğusu ilə qeydiyyatdan keçiblər. Belə müraciətlərin sayı artmaqadır. Amma onlara müsbət cavabın verilməsi üçün maliyyə resursları yoxdur.

Axı bu pulu əhalinin məhz aztəminatlı hissəsi gözləyir. Onlar üçün güzəştli ipoteka bəlkə də mənzil almağın yeganə yoludur.

Xatırladaq ki, güzəştli şərtlər şəhid ailələrinə, Milli Qəhrəman ailələrinə, məcburi köçkünlərə, ən azı, 3 il təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədi və doktorlarına, idman sahəsində xüsusi xidməti olan şəxslərə, həmçinin, ən azı, 3 il iş təcrübəsi olan hərbçilərə şamil olunur. Güzəştli ipoteka krediti almaq hüququ olan hər bir ailə ondan yalnız 1 dəfə istifadə edə bilər. Hazırkı şərtlərə əsasən, sosial ipotekanın maksimal həddi 35 min manatdır. O, 4%-lə verilir. Adi ipoteka isə 8%-lə və maksimum 50 min manat məbləğində nəzərdə tutulur.

AMB-nin tədqiqatlarına əsasən, ölkədə ildə, orta hesabla, 100 milyon manat ipoteka kreditinə tələbat var. Bunu AMB rəhbərinin müavini Aftandil Babayev bildirib. "Məhz bu məbləğ hissolunan, təsirli ola, bu kateqoriyadan olan insanlara xeyir gətirə bilər", - deyə o, qeyd edib.

Amma Maliyyə Nazirliyinin bu məsələnin həllinə yanaşması bir qədər fərqlidir. Nazir Samir Şərifov bildirib ki, əksər ölkələrdə maliyyə böhranı məhz ipoteka kreditlərindən başlanıb və buna böyük həcmdə ipoteka kreditlərinin ayrılması səbəb olub. Bu gün Yunanıstanda və bir sıra digər Avropa ölkələrində yaşanan problemlər məhz ucuz ipoteka kreditlərinin verilməsi ilə əlaqədardır. "Dövlət 20 il ərzində (ipoteka kreditinin verilmə müddəti) davamlı olaraq bu həcmdə və aşağı faizlə maliyyələşdirməni həyata keçirə bilməz. Bu baxımdan sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən xərclərin artırılması məsələsinə çox ehtiyatla yanaşmalıyıq", - deyə S.Şərifov bildirib. - "Dövlət büdcəsindən illik xərclərin 50 dəfə artırılmasına məsuliyyətlə yanaşılmalıdır. Çünki inflyasiya problemləri ilə yanaşı, vacib olanı bu maliyyələşdirilmənin davamlılığıdır".

 

Problemin həlli

Əlbəttə ki, nazir haqlıdır - dünyada qlobal iqtisadi böhranın ikinci dalğasının gözlənildiyi dövrdə ölkə iqtisadiyyatını risk qarşısında qoymaq olmaz. Amma sosial ipotekaya ümid olan çoxlu sayda insanın mənzil problemi kəskindir və onun tezliklə həllinə ehtiyac var. Nəzərə alsaq ki, sosial ipoteka üçün 20 milyon manatlıq büdcə artıq qəbul edilib və təsdiqlənib, AMB yanında Azərbaycan İpoteka Fondu problemi əlavə vəsaitlərin cəlbi ilə çözməyi düşünür. Xatırladaq ki, yerli bankların əksəriyyəti öz xətləri ilə də ipoteka kreditləri verir. İpoteka Fondu isə ipoteka istiqrazlarının yatırılması ilə xeyli məbləğdə əlavə vəsait toplayır. "2012-ci ildə ölkədə ipotekaya tələbatın ödənilməsi üçün əlavə resurslar da axtaracağıq", - deyə Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, banklar artıq öz ipoteka proqramları çərçivəsində beynəlxalq maliyyə strukturlarından vəsait cəlb edir. Sosial ipoteka kreditləşdirilməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində də işlər gedir. "2012-ci ildə bu istiqamətdə qəti addımların atılacağına çox ümid edirik", - deyə E.Rüstəmov qeyd edib. O, bu gün sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi imkanlarının olduğunu da söyləyib; məsələn, AMB gənc ailələrin ipoteka krediti ilə təmin edilməsinin genişləndirilməsi üçün təkliflər hazırlayıb. AMB-nin baş direktoru Rəşad Orucovun bildirdiyinə görə,  təkliflərin qəbul edilməsi bu siyahının minimum bir neçə dəfə genişləndirilməsinə imkan yaradacaq və ipoteka krediti almış gənc ailələrin sayı 150 mini ötəcək. Yeri gəlmişkən, AMB-nin bu planını Maliyyə Nazirliyi də dəstəkləyir və bunu nazir Samir Şərifov da təsdiqləyib.

Bundan başqa, 2012-ci ildən Azərbaycanda güzəştli ipoteka alan gənc alimlərin "yaşı artırıla bilər". Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin intellektual inkişafı mərkəzinin rəhbəri İlqar Orucovun sözlərinə görə, bu gün ölkədə yalnız 35 yaşınadək olan elmi işçilər gənc alim sayılır. Bu üzdən də güzəştli ipotekadan yalnız onlar yararlana bilər. Bu qaydalara əlavə və dəyişikliklərin edilməsi üçün AMEA öz təkliflərini hazırlayıb. Orada nəinki artıq 40 yaşına çatmış alimlərin, fəlsəfə doktoru və elmlər doktoru dərəcəsi olan şəxslərin ailələrinə güzəştli ipoteka kreditinin verilməsi də nəzərdə tutulur, eyni zamada, ailəli olmayan gənc alimlərə də bu imkanın yaradılması təklif olunur. "Artıq təkliflər müvafiq qurumlarla razılaşdırılıb", - deyə İ.Orucov bildirib.

Bu ilin əvvəlində təklif olunmuş dəyişikliklərin yer alacağı sənədin qəbulu gözlənilir. İ.Orucovun sözlərinə görə, təkliflər təsdiqləndikdən sonra mənzilə ehtiyacı olan 36-40 yaşlı alimlər güzəştli ipoteka krediti ilə mənzil ala biləcəklər.

Mərkəzi Bank ipoteka kreditlərinin verilmə şərtlərinə də dəyişikliklər etməyə hazırlaşır. "Hesab edirik ki, həm sosial, həm də adi ipoteka kreditlərinin maksimal məbləği artırılmalıdır. Hazırda müxtəlif variantlar nəzərdən keçirilir. Güman ki, bu məbləğlər minimum 1,5 dəfə artırılacaq. Yəni, adi ipotekanın maksimal məbləği 100, sosial ipotekanınkı isə 60 min manatadək artırılacaq. Bu, mənzillərin bazar qiymətinə uyğundur", - deyə baş direktor bildirib.

R. Orucov onu da deyib ki, ipoteka kreditlərinin faiz dərəcələrinə dəyişikliklərin edilməsi də gündəmdədir. Amma o, faizlərin hansı həddə endiriləcəyini açıqlamayıb.

İpoteka kreditlərinin müddətində isə dəyişiklik nəzərdə tutulmur: "Çünki onlar beynəlxalq təcrübəyə uyğundur və qəbulolunacaq həddədir".

Xatırladaq ki, bu gün Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri belədir: kreditlər milli valyuta ilə və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditin predmeti yalnız mənzil və ya şəxsi ev ola bilər. İpoteka kreditinin məbləği bazar qiymətinin 80%-dən artıq olmamalıdır. Kreditə görə aylıq ödənişin həcmi kreditgötürənin aylıq gəlirinin 70%-dən çox ola bilməz. Kreditləşmə zamanı həyat sığortası vacibdir.

 

Bunlarla yanaşı, digər şərtlər də var.

AMB ölkədə Mənzil-Əmanət Bankının yaradılmasına da maraq göstərir və bu mexanizmin işə salınması imkanlarını nəzərdən keçirir. Mərkəzi Bankın ölkədə ipoteka mexanizminin təkmilləşdirilməsinə dair təklifləri ipoteka kreditləşdirilməsi üzrə zəmanət fondunun yaradılmasını da nəzərdə tutur. "Təkliflərimiz çərçivəsində belə fondun yaradılması da var. O, normal maddi durumu və gəlirləri olan, lakin ilkin ödəniş imkanı olmayan şəxslərə də ipoteka krediti ilə mənzil almaq imkanı yaradacaq", - deyə R.Orucov qeyd edib.

Başqa sözlə, qarşıdan gələn ildə ipoteka kreditləşdirilməsi sahəsində ciddi dəyişikliklər gözlənilir. Bunlar, əlbəttə ki, ciddi əhəmiyyəti olan mənzil probleminin həlli ilə yanaşı, ölkədə tikinti sektorunun sabit inkişafına da müsbət təsirini göstərəcək.


MƏSLƏHƏT GÖR:

441