Müəllif: Nurlanə QULİYEVA Bakı
Bu gün Bakı əhalisinin yarısı, ən azı, bir debet kartına malikdir, amma kredit kartı sahibləri isə paytaxt əhalisinin yalnız 2%-ni təşkil edir. Özü də bank kartları sahiblərinin əksəriyyəti yaşı 18-dən 34-ə kimi olan ali təhsilli kişilərdir. Kartlar, əsasən, bankomatlardan nağd pul çıxarmaq üçün istifadə edilsə də, azərbaycanlıların yalnız 14%-i onlardan ancaq bankomatlarda istifadə etməyə üstünlük verir, qalanları isə xüsusilə də ticarət sektorunda istifadənin genişləndirilməsinin tərəfdarıdır, amma bir şərtlə ki, bundan özləri üçün hansısa əlavə gəlir də əldə edə bilsinlər.
Bu cür maraqlı məlumatlar ilk dəfə 2011-ci ilin payızında Bakıda beynəlxalq "MasterCard" şirkəti tərəfindən aparılmış "Masterİndeks" araşdırması nəticəsində əldə edilib. "Masterİndeks" araşdırması Bakı sakinləri ilə onların evlərində aparılmış 1000 fərdi müsahibəyə əsaslanır. Rəyi soruşulanların 50%-i bank kartlarının sahibləri olub. "MasterCard" mütəmadi olaraq müxtəlif ölkələrdə plastik kartların istifadəsi vərdişlərini və üsullarını, onların istifadəsi üçün stimul və maneələri aşkar etmək üçün bu cür araşdırmalar aparır.
Azərbaycan üzrə məlumatlar xüsusilə maraqlıdır, çünki bu il ölkədə Prezident İlham Əliyevin sərəncamı ilə nağdsız ödənişlərin tətbiqi sahəsinin genişləndirilməsi üzrə işlər fəallaşdırılıb. Yada salaq ki, 2011-ci ilin yanvar ayında Nazirlər Kabinetindəki çıxışında dövlət başçısı bildirmişdi ki, Azərbaycanda bu sahədəki vəziyyət inkişaf etmiş ölkələrdəki vəziyyətdən fərqlənməməlidir. "Kredit, ödəniş kartları hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda işlədilməlidir. Belə olan halda vergi bazası istənilən halda xüsusi səy göstərmədən avtomatik olaraq genişlənəcək", - deyə Prezident vurğulayıb.
Ötən il ərzində Azərbaycan qarşıya qoyduğu bu məqsədə nə səviyyədə çatıb və prosesi sürətləndirmək üçün nələri etmək lazımdır - "Masterİndeks" araşdırması buna müəyyən mənada cavab verir. Bu məsələ bizim ölkə üçün, xüsusilə də "Avroviziya - 2012" müsabiqəsi ərəfəsində aktualdır, onda respublika bank kartları artıq çoxdan nağd pulları uğurla əvəz etmiş ölkələrdən turistlərin axınını qəbul edəcək.
Heç nə dəyişməyib?
"Masterİndeks"in araşdırması göstərir ki, hökumətin ödəniş kartlarının tətbiqi sahəsini genişləndirmək üzrə səylərinə baxmayaraq, onlar hələ də pensiya və maaşların alınması üçün istifadə edilir - kart sahiblərinin 47%-i məhz bu bəndi qeyd edib. Halbuki adətən, bankın seçimi kart sahiblərinin özləri tərəfindən gerçəkləşdirilmir, emitent bank bütün tip istifadəçilər üçün seçimin önəmli amili sayılır. Araşdırmalar həm də göstərir ki, bank kartının seçimi zamanı qiymət və əlavə xidmət növləri də azərbaycanlılar üçün önəmlidir.
Amma bu zaman kartı alan ortastatistik azərbaycanlı onu bankomatlarda nağdsızlaşdırmağa tələsir. Çünki "Öz debet kartınızı daha çox harada işlədirsiniz?" sualına cavab verən respondentlərin 86%-i bildirib ki, bankomatdan nağd pul alıblar. Daha müfəssəl araşdırmalar göstərib ki, debet kartların 95%-i ayda üç dəfədən az olmaqla pensiya və maaşlar almaq üçün istifadə edilir. Vətəndaşların 14%-i kartları yalnız bankomatlarda istifadə etməyə üstünlük verir. Amma qalanlar cavab veriblər ki, onlar kartların tətbiqinin genişləndirilməsinin tərəfdarıdırlar, əgər endirim və ya başqa güzəştlər təklif edilərsə, kart vasitəsilə alış-veriş etmək də istəyərlər.
Sonuncu bənd, yeri gəlmişkən, "MasterCard" şirkətinin də diqqətini cəlb edib. Şirkət banklara kredit kartları vasitəsilə tranzaksiya gerçəkləşdirən müştərilər üçün bonuslar sistemi tətbiq etməyi düşünür - nağdsız ödənişlərin bu cür həvəsləndirmə üsulundan dünyanın bir çox ölkələrində istifadə edilir.
Böyük ehtimalla, banklar bu təklifi qəbul edəcəklər, axı onların çoxu müştərilərə müəyyən mağazalarda alqı-satqının haqqının ödənilməsi zamanı endirimlər və s. kimi həvəsləndirmə növləri təklif edirlər. Yeri gəlmişkən qeyd edək ki, rəyi soruşulanların 79%-i supermarketlərdə alış-veriş zamanı üstünlük əldə etmək istəyirdi, 72% isə geyim mağazalarında əlverişli təkliflər haqda öz arzusunu bildirib (qadınların 81%-i və kişilərin 59%-i isə geyim mağazalarında endirimlərə üstünlük verib).
Bununla yanaşı, əgər kart sahiblərində "nağd pullar"dan imtina edərək elektron pullara həvəs yaranarsa belə, ticarət məntəqələrinin, xidmət sahələri sahiblərinin bundan sevinəcəyinə inanmaq çətindir. Belə ki, "Masterİndeks"in araşdırması göstərib ki, kart sahiblərinin qəbul edilməsi ilə bağlı problemlər var : "Niyə kartları mağazalarda istifadə etmirsiniz?" sualına rəyi soruşulanların 54%-i cavab verib ki, orada kartları qəbul edən POS-terminallar yoxdur. Buna əlavə olaraq, respondentlərin 24%-i bildirib ki, hətta aparatlar olan zaman belə satıcılar onların kartlarını götürmək istəmirlər. Belə çıxır ki, məhz mağazalardakı durum il ərzində xüsusi dəyişikliklərə məruz qalmayıb - mağazalarda məcburən POS-terminalların olmasına baxmayaraq, satıcıların çoxu, sadəcə, onları müştəriyə göstərmək istəmir. Səbəb hər yerdə eynidir - əlavə bank komisyonları ödəmək lazımdır, burada vergidən yayınmağa imkan verilmir və s. Amma necə ola bilər ki, bu problemin həlli üçün heç bir üsul yoxdur?
"MasterCard"ın Azərbaycandakı regional meneceri Hakan Açarın sözlərinə görə, ticarət obyektləri arasında rəqabəti stimullaşdırmaqla durumu dəyişmək mümkündür. "Əgər bir mağaza kartları götürməyə başlayarsa, bunu əsas seçim amili sayan müştərilərin ora axını başlayacaq. Onda rəqabət aparan obyektlər də öz müştərilərini itirməmək üçün bunu örnək götürəcəklər", - deyə o, "Region plus"un suallarına cavab verərkən bildirib. Müştərinin öz kartından istifadəetmə istəyini stimullaşdırmaq lazımdır və bu çox zəruridir, o, satıcını kartı qəbul etməyə məcbur edə bilər. "Dünyanın çox ölkələrinin təcrübəsi göstərir ki, əgər əvvəllər nağdsız vəsaitlər ticarət obyektlərinin sahibləri üçün maneə kimi görünə bilərsə, satış həcmlərinin və əldə olunan gəlirlərin artması ilə onlar bu üsulun gəlirliliyini anlayarlar", - deyə H. Açar bildirir.
Avropa yanaşması
Amma mağazalar heç də Azərbaycanda nağdsız hesablaşmanın son həddi deyil. Əhali öz kartlarından gündəlik həyatda da - ictimai nəqliyyatda, bazarlarda, səhiyyə müəssisələrində daha tez-tez istifadə etmək istəyərdi. "Masterİndeks" respondentlərdən soruşanda ki, kartları hələ istifadə edilməyən daha hansı sahələrdə istifadə etmək istəyirlər, 67% nəqliyyatda (avtobus, metroda), 48% bazarlarda və 46% tibb müəssisələrində istifadə etmək istədiyini deyib.
Məhz bu istəkləri nəzərə alan "MasterCard" bank kartlarının istifadəsi sahəsində müəyyən texnoloji yeniliklər tətbiq etməyə hazırlaşır, onların ən parlaqları sırasında kontaktsız kartların tətbiqi üzrə planları hesab etmək olar. Belə ki, kartı terminala daxil etmədən də istifadə etmək mümkün olacaq, onu sadəcə, aparata yaxınlaşdırmaq yetərlidir və yarım saniyədən sonra onunla əməliyyat aparmaq mümkündür. H. Açar bildirib ki, bu, təbii ki, xidmət, nəqliyyat, kinoteatrlara bilet satışı kimi ödənişin sürətli olması tələb edilən yerlərdə nağdsız hesablaşmaların tətbiqi sahəsini genişləndirəcək.
Bütün bu yeniliklər Bakıda "Avroviziya" müsabiqəsinin keçiriləcəyi 2012-ci ildə çox yerinə düşəcək, onda ölkəyə Avropa ölkələrindən böyük turist axını gözlənilir. Onda bütün ticarət nöqtələri və xidmət sahəsi obyektləri avropalıların bank kartı ilə ödəniş eləmək adəti ilə barışmalı olacaqlar. "MasterCard" təmsilçiləri bildirirlər ki, bütünlükdə Azərbaycan buna hazırdır - burada artıq otellərdə, ticarət məntəqələrində kartla pul ödəmək mümkündür, geniş bankomat şəbəkəsi var və s. "Azərbaycana xaricdən gəlmiş bir adam kimi deyə bilərəm ki, nə oteldə, nə də restoranda mənim kartdan istifadə etməyimlə bağlı heç bir problemim olmadı, düşünürəm ki, turistlərinki də olmayacaq. Bundan başqa, "MasterCard" Azərbaycan Mərkəzi Bankına (AMB) "Avroviziya" müsabiqəsi ərəfəsində nağdsız ödənişin tətbiqi mümkün olan obyektlərin "yol xəritəsi"nin tutulması işində yardımçı olacaq", - deyə H. Açar bildirib.
Ümumiyyətlə, AMB "Avroviziya" olmadan da 2012-ci ildə nağdsız hesablaşmaların stimullaşdırılmasını aktivləşdirmək istəyir. Bunun üçün 2012-ci ildən 2016-cı ilə qədər olan dövrü əhatə edəcək dövlət proqramı hazırlanıb. AMB sədrinin müavini Alim Quliyevin sözlərinə görə, dövlət proqramının əsas məqsədləri sırasına elektron ödəniş sistemlərinin potensialından effektiv istifadə edilməsi, normativ-hüquqi bazanın genişləndirilməsi, məlumatlandırma məsələləri daxildir. "Bütünlükdə, məqsəd biznesin, əhalinin müxtəlif qruplarının elektron xidmətə çıxış imkanlarının artırılmasıdır", - deyə Quliyev bildirir.
Bildirmək gərəkdir ki, hökumətin tapşırığı ilə Azərbaycan Vergilər Nazirliyi nağdsız hesablaşmaların stimullaşdırılması haqqında qanun layihəsi hazırlayıb. Layihə uyğun dövlət qurumları ilə razılaşdırılmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. Qanun layihəsində nağdsız hesablaşmaların stimullaşdırılması üçün güzəştlər, o cümlədən, güzəştli vergi dərəcələri tətbiq edilməsi planlaşdırılıb. Əsasən, POS-terminallardan istifadə üçün güzəştlər nəzərdə tutulub, həmçinin, bir əməliyyat zamanı istifadə edilə biləcək nağd pulun maksimum məbləği məhdudlaşdırılıb. Yəni müəyyən hədd qoyulacaq və bunun pozulması zamanı maliyyə sanksiyaları tətbiq ediləcək.
Beləliklə, 2012-ci il Azərbaycanda nağdsız hesablaşmalar bazarının stimullaşdırılması baxımından dönüş ili olmağı vəd edir. H.Açarın sözlərinə görə, "Azərbaycanda birinci "Masterİndeks" sorğusunun nəticələrini əldə etdikdən sonra biz bir daha əmin olduq ki, bu ölkə region üzrə ödəniş sistemi lideri olmaq üçün böyük potensiala malikdir. 2012-ci ildə və ondan sonrakı illərdə istehlakçılara, satıcılara və banklara fayda gətirəcək qabaqcıl ödəniş həllərini və texnologiyalarını tətbiq etmək üçün biz Azərbaycan bankları ilə işləyirik". Yəni istifadə edilməmiş potensial banklar, ödəniş sistemləri üçün iqtisadiyyatı dinamik inkişaf edən və xarici risklərin təsiri altına daha az düşən, əhalisi isə gənc və daha oxumuş olan bir ölkənin bazarında özünü göstərmək üçün yaxşı şansdır. "Bütün bunlar nağdsız hesablaşmaların inkişafı üçün münbit zəmindir", - deyə H. Açar bildirir.
Başlıca məsələ isə bu zəminin, nəhayət ki, yaxşı məhsul verməsidir.
MƏSLƏHƏT GÖR: