Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən iyirmi ildə effektiv iqtisadi islahatlar Azərbaycana tamamilə tam ener-getik, infrastruktur və ən başlıcası, maliyyə müstəqilliyi imkanı yaradıb. Son 10-15 ilin təcrübəsi göstərir ki, neft gəlirlərinin toplanması və ölkənin çağdaş sənaye istiqamətlərində lokallaşdırılması tamamilə özünü doğruldub. Sevindiricidir ki, son illərdə dövlətin sərmayə fəallığının istiqaməti müdafiə sənayesinin inkişafı tərəfinə yerini dəyişib. Hökumət yaxın onillik boyunca həddindən önəmli məsələ kimi müdafiə məhsulunun lokallaşdırılmasını qarşısına məqsəd qoyub. Bunun təsdiqi kimi, 2012-ci il üçün qəbul edilmiş dövlət büdcəsini göstərmək olar: xərclərin, təxminən, 14,8%-nin hərbi xərclərə yönəlməsi düşünülür. Özü də rezervləşdirilmiş üç milyard manata qədər vəsaitin yarıya qədəri müdafiə sənayesinin inkişafına xərclənəcək.
Altı ildə artan inkişaf
2011-ci il dekabrın 17-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradılmasının altıilliyini qeyd etdi və qaydaya uyğun şəkildə keçən dövrə yekun vurdu, perspektiv istiqamətləri bəyan etdi. Keçən dövrdə isə gerçəkdən az iş görülməyib: 2016-cı ilə kimi hərbi sənayenin inkişafı üzrə dövlət proqramına uyğun olaraq, MSN dünyanın aparıcı silah şirkətlərinin dəstəyi ilə hələ sovet dövründə yaradılmış iyirmiyə qədər zavodu bərpa edib və yenidən qurub. Onlar Azərbaycan hərbi qüvvələrinin çağdaş ehtiyaclarına uyğun şəkildə yenidən təchiz edilib, məhsul istehsalı onlarca dəfə artırılıb.
Belə ki, 2007-ci ilin dekabr ayından 2009-cu ilə kimi 10-a yaxın modernləşdirilmiş müəssisə işə salınıb. Onların sırasında "Şərq" birliyinin tərkibinə daxil olan "Üfüq" müəssisəsi və "İqlim" EİB, "Alov", "Cihaz", "Dalğa", "Peyk" zavodları, həmçinin, təcrübə istehsalına malik olan elmi-tədqiqat institutu və bir sıra başqa oyektlər də olub. Son iki ildə MSN müdafiə sənayesində iştirak etmiş daha 10 müəssisənin modernləşdirilməsinə başlayıb. Yaxın bir il ərzində MSN istehsal bazasının genişləndirilməsi və çağdaşlaşdırılması işləri çərçivəsində müdafiə zavodlarının sayının 28-ə çatdırılması planlaşdırılır.
Cari ilin mart və sentyabr aylarında dörd yeni müəssisə (Bakıda üç zavod və Xaçmazda bir zavod) işə başlayıb, qalanlar isə yaxın zamanlarda istifadəyə veriləcək. Nəticədə, artıq bu ilin sonuna MSN-in sənaye sistemi 42 istehsalat sahəsinə qədər genişləndirilib.
Nazir Yavər Camalovun sözlərinə görə, 2011-ci ildə müdafiətəyinatlı məhsullar 2007-ci illə müqayisədə 23 dəfə, qabaqkı illə müqayisədə 2,5 dəfə artıb. Keçən altı il ərzində dünyanın iyirmi xarici dövlətindən olan 60 xarici firma ilə beynəlxalq əməkdaşlıq yaradılıb. Nəticədə, ölkənin keyfiyyətcə yeniləşmiş hərbi sənaye kompleksi bu gün orduya 658 növə yaxın silah və sursat göndərir, özü də onların 228-i cari ildə mənimsənilib.
Milli müdafiə sənayesinin yüksək inkişaf templəri dəfələrlə xarici ekspertlər tərəfindən də təsdiqlənib, dörd beynəlxalq sər-ginin gedişində hərbi mütəxəssislər Azərbaycan tərəfindən istehsal edilən silahlara və sursatlara maraq göstəriblər. Küveytdə dekabrın 12-də başlanmış "Körfəzin müdafiəsi və aerofəza" beynəlxalq sərgisi də bu mənada istisna olmadı. Bu nüfuzlu forumun işinə MSN nümayəndə heyəti də qatıldı və müdafiə sənayesinin 97 adda məhsulundan ibarət maraqlı ekspozisiya təqdim edildi. Atıcı, yüngül və artilleriya silahlarının, sursatların və başqa məhsulların nümayiş etdirilən nümunələri ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada və başqa ölkələrin mütəxəssislərində böyük maraq oyatdı. Bundan başqa, MSN rəhbərliyinin Küveytin, həmçinin, başqa ərəb ölkələrinin güc strukturlarının təmsilçiləri ilə görüşün gedişində bizim hərbi sənaye kompleksinin məhsullarının İran körfəzi dövlətlərinin hərbitəyinatlı tenderlərində iştirakı barədə razılıq da əldə edilib.
Beynəlxalq sərgilərdə iştirak silahların və sursatların ixracında müəyyən rol da oynayır: belə ki, artıq 2010-cu ildə Azərbaycan üçüncü ölkələrə $13 mln.-luq hərbi məhsul satıb, 2011-ci ilin yekunlarına görə, satışlar $18 mln.-a qədər artıb. Silahların çeşidi genişləndikcə, bizim ölkənin ixrac imkanları da artacaq, bununla bağlı MSN 2014-cü ildə Bakıda birinci milli müdafiə sənayesi sərgisi keçirməyi də planlaşdırır.
Pilotsuz təyyarələrdən idarəolunan raketlərə kimi
Beləliklə, 25-ə yaxın müdafiə müəssisəsinin potensialından istifadə edərək, MSN tanklar və artilleriya silahları üçün yeni tip sursatların istehsalını təşkil etməyə hazırlaşır, 40 millimetrlik revolver tipli əl minaatanlarının buraxılışını düşünür. Bu yaxınlarda MSN Rusiyanın AK-74M avtomatlarının lisenziyalı analoqlarının seriyalı istehsalına da başlayıb: Azərbaycan versiyalı "Xəzri" adlanacaq avtomatda gecəgörmə cihazı və gündüz optikası, lazer nişangahı, işıqlandırma sistemi və ya lüləaltı qumbaraatan quraşdırılması nəzərdə tutulur. Cari ildə Müdafiə Nazirliyi beş minə yaxın belə avtomat əldə edəcək.
Cari ildə Azərbaycanın "Şərq" İstehsalat Birliyi Türkiyənin "MKEK" şirkəti ilə birlikdə artırılmış uzaqvurma və uçuş sürətli, 120 mm.-lik "HY1-12" minaatan istehsalını təşkil edib. Bu il həm də Türkiyənin "Roketsan" şirkəti və Azərbaycanın "İqlim" EİB tərəfindən birgə şəkildə 107 və 122 mm kalibirli, hədəfi 11 və 40 kilometrə qədər məsafədə vurmağa qadir olan çoxlüləli raket qurğuları üçün raket istehsalı da təşkil edilib.
MSN yaxın bir neçə il üçün vacib hədəflər kimi lazer idarəetməli tank əleyhinə idarə olunan raketlərin, həmçinin, infraqırmızı idarəetmə başlıqlı helikopter raketlərinin istehsal texnologiyasının transfertini müəyyən edib. O cümlədən, Pakistanın iri müdafiə holdinqi "GIDS" (Global Industrial & Defence Solutions) bizim ölkə ilə birlikdə "RPB-1" tipli idarəedilən aviasiya raketlərinin birgə istehsalını təşkil etməyi planlaşdırır. Pakistan MSN və müdafiə qurumu başqa aviasiya, quru və dəniz reaktiv sistemlərinin lisenziyalı istehsalı imkanlarını da müzakirə edir. MSN, həmçinin, Ukraynanın "Luç" korporasiyası ilə birlikdə tankəleyhinə idarəolunan raket (TƏİR) sistemlərinin birgə istehsalı barədə danışıqları başa çatdırır. Burada söhbət "Skif" və "Baryer" tipli buraxılış qurğularının alınmasından, daha sonra idarəolunan raketlərin bizim ölkədə istehsalından gedir.
2012-ci ilin birinci rübündə "Radioquraşdırma" zavodunda İordaniyanın "NP Aerospace Jordan" şirkətinin lisenziyası ilə kompozit materialların istifadəsi ilə təxminən, 12 min zirehli jiletin və 15 min dəbilqənin istehsalına başlanacaq. Bununla yanaşı, nazir Yavər Camalovun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda müxtəlif cür partlayıcı maddələrin buraxılışı üzrə bir neçə kimya müəssisəsinin tikintisi planlaşdırılıb. Gözlənilir ki, artilleriya barıtı, barıt selitrası, trotil və heksogen istehsalı üzrə ilk zavod gələn il işə salınsın.
Paralel olaraq, daha öncə buraxılmış obyektlərdə istehsal da genişlənir. Belə ki, "Cihazqayırma" müəssisəsində Cənubi Afrikanın "EWT" şirkəti ilə birlikdə "T-72" tanklarının, "BTR-70" və "BRDM-2M" tipli zirehli maşınların idarəetmə sistemlərinin modernləşdirilməsi, onların çağdaş radioelektronika, gündüz və gecə görüşü cihazları ilə təchizi və s. barədə işlər görülür. "Cihaz" zavodunda artıq ikinci ildir ki, Cənubi Afrikanın "Paramount Group" şirkəti ilə birlikdə tankəleyhinə minalardan müdafiə sistemi ilə təchiz edilmiş "Matador" və "Marauder" tipli zirehli transportyorların yığımı aparılır. Yalnız bu il Azərbaycan Ordusu 60 yeni döyüş maşını əldə edəcək. Elə də uzaq olmayan gələcəkdə "Paramount Group"un dəstəyi ilə bizim ölkədə çağdaş piyada döyüş maşını "Mbombe"nin buraxılışı mümkün ola bilər.
Ancaq ölkənin müdafiə səna-yesində daha önəmli sıçrayış bizim üçün keyfiyyətcə yeni olan bir sahədə - aviasiya istehsalında baş verib. 2011-ci ilin mart ayında MSN "Şərq" İB-nin tərkibinə daxil olan "Azad Systems Co" işə düşüb və orada məsafədən idarə olunan pilotsuz uçuş aparatlarının (PUA) istehsalı təşkil edilib. Gözlənilir ki, 2012-ci ilin sonuna qədər İsrailin "Aeronautics Defense Systems" şirkəti tərəfindən layihələndirilmiş 60-a yaxın "Orbiter-2M" və "Aerostar" PUA, həmçinin, bu aparatların yerdən idarə edilməsi üçün sistemlər istehsal ediləcək.
Həm də "dronlar" adlandırılan çağdaş pilotsuz uçuş aparatları (bu ad "Ulduz müharibələri" kinoepopeyasından götürülüb) cəbhə kəşfiyyatı üçün daha əlverişli və effektiv sistemlərdir, onlar həm də düşmənin radiolokasiya stansiyalarının və zirehli texnikasının aşkar edilməsi və məhvi üçün işlədilir. Onların korpusu karbonlu plastikadan hazırlandığından, bu, "dronları", demək olar ki, radiolokatorlar üçün görünməz edir. Bu aparatlar istənilən avadanlıqsız yerdən buraxıla bilər, həddindən aşağı yüksəklikdə çoxsaatlıq kəşfiyyat uçuşları yerinə yetirə, həmçinin, çəkilmiş məlumatları məsafədən ötürə və demək olar ki, istənilən nöqtədə yerə enə bilər. PUA-ların əsas üstünlüyü sırasında istehsalın nisbətən ucuz olması, texniki təchizatın çevikliyi və istifadənin çoxfunksionallığı gəlir.
Hərbi sənaye kompleksi mülki sektoru mənimsəyir
Maraqlıdır ki, son illərdə MSN müdafiətəyinatlı məhsulların çeşidini genişləndirsə də, yeni mülki məhsul növlərinin istehsalını da artırıb. Belə ki, 2011-ci ildə mülkitəyinatlı məhsulların istehsal həcmi 2007-ci illə müqayisədə, demək olar ki, iki dəfə artıb və onun çeşid sayı 358-ə çatıb. Başqa məhsullarla yanaşı, müdafiə müəssisələri neft-qaz sənayesi üçün fontan armaturlarının, terminallarda qaz qəbulu sistemlərinin, avtomatlaşdırılmış məlumat-nəzarət sistemlərinin, tənzimləmə və ölçmə qovşaqlarının, müxtəlif perforatorların, həmçinin, traktorlar üçün dişli təkərlərin, səyyar qida termoslarının, smart-sayğacların, rəqəmsal işıqforların və s. məhsulların istehsalını da mənimsəyir. "PEYK" zavodunda rəqəmsal televiziya siqnallarının qəbulu üçün DVB-T-tünerlərin və lisenziyalı Tayvan fleş-yığıcılarının istehsalı təşkil edilib.
Nisbətən uzaq perspektivdə MSN müəssisələri tərəfindən daha mürəkkəb radioelektronika növlərinin buraxılışı da mənimsənilməlidir; məsələn, VSAT rabitə peyki sistemlərinin, elektron kartların, müşahidə, izləmə şəbəkələri üçün avadanlıqların, həmçinin, kosmik xəbərdarlıq sistemlərinin və s.-in istehsalı ola bilər. Burada söhbət yaxın zamanlarda Azərbaycan Respublikası kosmik sənayesinin inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və Milli Aerokosmik Agentliyinin yaradılması fonunda ölkədə kosmik texnika və texnologiyaların inkişafı planlarından gedir.
Beləliklə, cəmi bir neçə il qabaq yaradılmış Müdafiə Sənayesi Nazirliyi çağdaş silah növlərinin istehsalına yiyələnir və Azərbaycan Ordusunun sursata və digər zəruri avadanlqlara olan ehtiyacının beşdədördünü təmin edir. Dövlət təhlükəsizliyinin vacib elementi olan hərbi sənaye kompleksi eyni zamanda iqtisadiyyatın mülki sahəsində innovasiyaların və elmtutarlı sənaye məhsul istehsalının əsas hərəkətvericisidir.
MƏSLƏHƏT GÖR: