25 Noyabr 2024

Bazar ertəsi, 17:43

AVRO: ÖLDÜRMƏK OLMAZ, ƏFV ETMƏLİ!

Vahid Avropa valyutası sağ qalacaqmı?

Müəllif:

01.01.2012

2010-cu ilin yayında iri müstəqil "Capital Economics" konsultasiya mərkəzində işləyən Britaniya iqtisadçısı Kristofer Smolvud "Niyə avrozona buraxılmalıdır" adlı ikisəhifəlik məruzə dərc edib. Onun ardınca amerikalı iqtisadçı, 2008-ci il maliyyə böhranını əvvəlcədən görmüş  Nuriel Rubini silsilə proqnoz məqalələri yazaraq bildirmişdi ki, bir sıra Avropa ölkələri avrodan imtina etməli olacaq. Keçən ilin sonunda isə bütün dünyada məşhur maliyyəçi və milyarder Corc Soros vahid Avropa valyutasının indiki sisteminin məqsədəuyğunluluğuna şübhə ilə yanaşmışdı. 

Almaniyanın cənubunda Lindau adasına yığışmış on yeddi Nobel mükafatçısı isə avrozonanın perspektivini müzakirə edərək bu qərara gəlmişdilər: vahid Avropa  valyutası məhvolma astanasında deyil. "Mən optimistəm. Avropa islahatlar aparmalıdır. Onlar oturacaqlar, razılaşacaqlar və islahat aparacaqlar. Onda Avropa qələbə qazanacaq və Amerikanı keçəcək", - deyə Nobel mükafatı laureatı Edvard Preskott bildirmişdi.

 

Alimlərin fikri 

Dünya maliyyə böhranı və onun nəticələri bir sıra Avropa ölkələri üçün borc böhranı ilə müşayiət olundu. Belə ki, avrozonanın dövlət borcu 2010-cu ildə rekord səviyyəyə qədər qalxdı: Avropa Birliyinin (AB) statistika idarəsinin məlumatına görə, keçən il avrozona ölkələrində  borcun səviyyəsi ümumi daxili məhsulun (ÜDM) 85,4%-i səviyyəsinə qədər qalxıb, halbuki bir il qabaq bu, 79,8% olmuşdu. Borc yükünün ən böyük səviyyəsi Yunanıstanda (ÜDM-in 144,9%-i) və İtaliyada (118,4%) qeydə alınıb. Avrozoanın maliyyə çətinliyi çəkən ölkələri sırasına Yunanıstan və İtaliya ilə yanaşı, Portuqaliya, İrlandiya və İspaniyanı da daxil etmək olar. Məhz bu dövlətlər valyuta bloku üzrə öz tərəfdaşlarına daha çox problem yaradırlar, çünki böyük xarici borc və onun ödənilməsi üçün az imkanlara malikdirlər. 

"Borc problemləri Qərb sistemini dağıdır", - deyə Amerika Mütərəqqi Araşdırmalar İnstitutunun professoru, 2007-ci ildə Nobel mükafatı almış E. Maskin bildirib. Kolumbiya Universitetinin professoru, 2006-cı ildə iqtisadi siyasətin uzunmüddətli effektlərinin araşdırılmasına görə yüksək mükafata layiq görülmüş E.Felps isə sanır: "Son onilliklər boyunca Qərb öz vəsaitlərinə uyğun şəkildə yaşamayıb, beləliklə, öz gələcəyinin bir hissəsini xərcləyib/. Qərb keçmişin səhvlərinə görə cavab verməlidir".

"Avropada hakimiyyətlər iqtisadi stimullar sistemini pis günə qoyub. İndi Qərb ölkələrinin vətəndaşları iqtisadiyyatı depressiyadan çıxarmaq üçün igidlik  göstərməlidir, siyasətçilər, yəqin ki, vergi yükünü ciddi şəkildə artırmalıdırlar", - deyə professor E.Felps bildirir.

Nobel laureatları Daniel Makfadden və Con Neş isə hesab edirlər ki, avrozonanın gələcəyi, əsasən, Almaniya hakimiyyətindən asılıdır. Onların fikrincə, Almaniya hansı rolu oynadığını anlamalı və vəziyyəti düzəltməlidir. Bunun üçün o, sabit uzunmüddətli maliyyə sistemi qurmalıdır və onu effektiv idarəetməyi öyrənməlidir. 

"Avrozonanın böhran şəraitində yaşamaq şansı mövcuddur, ancaq bir şərt də var - bütün iştirakçılar birləşmək üçün maksimum səy göstərməlidir", - deyə Con Neş bildirir.

Beynəlxalq maliyyə holdinqi  "Fibo qrupp"un analitikləri bildiriblər ki, Avropa maliyyə böhranı unikal hadisədir. Çünki avrozonada bir deyil, 17 iqtisadiyyat var, buna görə də bir problemi 17 müxtəlif iqtisadi mövqe və təcrübə həll etməlidir.

"Avropa iqtisadi sistemini stimullaşdırmaq - borc problemini həll etmək və tənəzzül çökəkliyindən çıxmaq məsələsində hələ ki həmrəylik yoxdur. Regionun güclü ölkələri - Almaniya və Fransa hələ də alyansın  problem yükünü öz üzərində daşımaqda davam edir. Amma Yunanıstan kimi əyal?tlər isə daha çox pul tələb etməyə başlayırlar. Böhran doğrudan da var, amma o dünən yaranmayıb ki, elə bir gündə də həll edilsin", - deyə onlar bildirirlər.

Rusiya "Sberbank" ekspertlərinin Avropa ölkələrinin valyutalarının real kursu ilə onların bərabər qiyməti arasında nisbəti üzrə maraqlı hesablamaları var. Əgər Yunanıstanın öz valyutası olsaydı, onun ədalətli məzənnəsi $0,97-a bərabər olardı, hazırda isə avronun tərkibində bu,  $1,34 götürülür. Almaniya və Fransada isə əks durumdur, orada avro 5% qiymət itirir, ən ucuz avro isə Belçikadadır (6,8% qiymət  itirir).  Əgər məzənnələr mütənasib olsaydı, indiki avro 1,23 yunan valyutasına və 0,92 alman valyutasına bərabər olardı. 

Dolların məzənnəsi 10,6% aşağı salınıb, ən aşağı salınan isə 15% ucuz götürülən Britaniya funtu və İsveç kronudur. Yunanıstan, Portuqaliya və İspaniyanın xarici aktivlərinin səviyyəsi elədir ki, onların valyutaları uyğun olaraq,  19,5, 17,8 və 15,5% ucuz olmalıdır. İtaliya avrosunun qiyməti 6,1%, İrlandiya avrosununku isə 9,7% şişirdilib. Əgər Avropa ölkələrinin valyutaları müstəqil olsaydı, hesabatlar onların lazımi korreksiyasının miqyasını göstərə bilərdi. Real məzənnənin zəiflədilməsi ölkənin dünya bazarında rəqabət qabiliyyətini artırır, real ifadədə işçi qüvvəsinə, o cümlədən, yerli mallara xərcləri azaldır. Bunun naminə məzənnə devalvasiyası aparmaq mümkündür, amma vahid avro şəraitində ayrıca götürülmüş bir ölkədə bunu etmək mümkün deyil. 

 

Ümid işartısı 

Beləliklə, məntiqi nəticə çıxır: "böhran" ölkələri - Yunanıstan, Portuqaliya, İspaniya, İtaliya avrozona çərçivəsində rəqabət baxımından yetərincə əlverişsiz vəziyyətə düşürlər. Amma Almaniya, Fransa, Belçikaya isə avrozona çərçivəsində qalmaq çox əlverişlidir - avrozonanın dağılması ilə onların valyutaları kəskin möhkəmlənəcək, uyğun olaraq, dünya bazarında perspektivləri aşağı düşəcək. 

Buna görə də məsələn, Yunanıstan üçün rəqabət qabiliyyətini artırmaqdan ötrü iki variant qalır: büdcə kəsrini azaltmaq və ya avrozonadan çıxmaq. Avrozonanı xilas etməyin başqa yolu da var - Avropa Mərkəzi Bankı dövlət borclarını satın ala bilər. Amma bu addım gələcəkdə əyalət Avropasına baxanda "əsas" avrozonada daha böyük inflyasiyaya səbəb ola bilər, bu da uyğun olaraq, bu ölkələrin real məzənnələrinin möhkəmlənməsinə gətirər. 

Daha öncə İsveçrənin  "UBS" bankının ekspertləri ölkələrin avro zonasından çıxmasının əhaliyə neçəyə başa gəlməsini hesablayıblar. Belə ki, borclarla yüklənmiş və iqtisadiyyatı zəifləmiş ölkələr üçün avrozonadan çıxmağın birinci ili  əməkqabiliyyətli hər bir sakin üçün 9,5 min avrodan 11,5 min avroya başa gələcək ki, bu da ÜDM-in təxminən, yarısına bərabərdir. Avrodan imtina halında Almaniya kimi avrozonanın nüvəsi sayılan ölkələrdə bu "haqq" hər bir yetkin sakin üçün birinci il 6 min avrodan 8 min avroya qədər təşkil edə bilər. 

Bununla yanaşı, Corc Soros vahid Avropa xəzinədarlığı yaradılmasına çağırıb ki, bu qurum əhaliyə vergi tətbiq edilməsi və həmçinin, vəsaitlərin cəlb edilməsi üzrə səlahiyyətləri daşıyacaq. Yalnız bu, onun fikrincə, qlobal böhranın təkrarlanmasından qaçmağa imkan yaradacaq. Sorosun fikrincə, dünyanı təhdid edən XXI əsrə xas böyük depressiya Yunanıstandakı borc böhranının uzanması nəticəsində başlaya bilər. Hadisələrin bu cür inkişafından qaçmağa yalnız radikal tədbirlər imkan verə bilər ki, buna getməyə də hələ ki Avropanın inkişaf etmiş dövlətlərinin liderləri hazır deyillər. Soros hesab edir ki, AB Yunanıstanın avrozonadan çıxması üzrə prosedurları işləməlidir ki, bu, bir ölkənin büdcə problemlərinin bütün Avropa Birliyinə keçməsinin qarşısını alar. 

Bir sıra ekspertlərin fikrincə, yaranmış böhran durumundan çıxmaq üçün vahid avrozonanın maliyyə nazirliyini yaratmaq lazımdır ki, ümummonetar siyasəti müəyyən etsin,  bərpa prosesinə nəzarət olunsun və fikir ayrılıqlarına yol verilməsin. Bundan başqa, region iqtisadiyyatına etibarın artmasının maraqlı üsulu eyni zamanda 17 ölkə tərəfindən təminat verilən ümumi avroistiqrazların buraxılması da ola bilər. 

Bir sıra ekspertlər hesab edirlər ki, yaranmış durumdan çıxış üçün "çap dəzgahı"nı işə salmaq lazımdır. Amma bu, inflyasiyanın artmasına səbəb olacaq və yaranmış böhran durumundan heç də uğurlu çıxış deyil.  "Pricewaterhouse Coopers" auditor qrupu analitiklərinin qiymətləndirməsinə görə, belə ssenari zamanı "inflyasiyanın artımı plan göstəricisi üzrə 2%-dən yüksək olacaq və avro qiymətdən düşəcək".

Bununla yanaşı, Avropa dövlət və hökumət  başçılarının son sammitinin nəticələri müəyyən ümidlər verir, sammitdə fəaliyyətdə olan Lissabon sazişinə əlavə olaraq, 27 AB üzvü ölkə tərəfindən Avropanın xilası planı qəbul edilib. Bu plan sərt büdcə intizamı normalarını müəyyən edir və onların yerinə yetirilməməsi üzrə sanksiyalar təyin edir. Normalar inzibati  olmalıdır, sanksiyalar isə avtomatik tətbiq edilir. Avropa Komissiyası büdcə kəsri planlaşdırılan nominaldan - ÜDM-in 0,5%-dən artıq olan ölkəni dərhal cəzalandırmaq hüququ əldə edir. 

Büdcə kəsrinin fəaliyyətdə olan kəsri 3% səviyyəsində qalır, amma buna görə AB-dən çıxara bilərlər. Pozucu ölkənin cəzalandırılması və ya bağışlanması haqqında qərar avtomatik olaraq sammitə  çıxarılacaq və səslərin üçdəikisi ilə qəbul ediləcək. Dövlət borcu ÜDM-in 60%-də az olan ölkələrə büdcənin yol verilən kəsrini bir qədər örtməyə yol verilir. Ehtimal olunur ki, "büdcə sabitləşməsi" planı 2012-ci ilin martına qədər işlənəcək. 

Bu iki il ərzində 15-ci sammit və Avropa ölkələrində  borc böhranının qarşısının alınması üçün tədbirlər zərfinin hazırlanması üzrə beşinci cəhddir. Sammitin yekununa görə, AB üzvü olan ölkələr yeni maliyyə sazişi bağlamaq üzrə anlaşıblar və onun şərtləri milli qanunvericiliyin tərkib hissəsi olacaq. Sazişi avrozonaya daxil olan 17 ölkə və AB-nin milli valyutaların qüvvədə olduğu daha 9 ölkəsi imzalayacaqlar. Beləliklə, Böyük Britaniyadan başqa bütün ölkələr sazişə qoşulacaqlar. 

Nəticədə bildirmək olar ki, avrozona açıq-aydın həm siyasi, həm də iqtisadi baxımdan zəif birliyə çevrilib. Hələ ki Almaniya və Fransada vəziyyət yaxşı olduğundan, onun problemlərini həll etmək mümkün olur. Əgər bu ölkələrin iqtisadiyyatında problem yaranarsa, avrozonanın digər ölkələrinin zəif iqtisadiyyatları çökəcək. Avrozona problemlərinin yalnız artdığını son arzuolunmaz göstəricilər də sübut edir. Belə ki, ən problemli ölkə olan Yunanıstan bu il qarşısına qoyduğu məqsədlərə çata bilmədi. 

Beləliklə, avronun taleyini AB-nin iki aparıcı ölkəsi - Almaniya və Fransa həll edəcək, onlar Avropanın satış bazarlarına ehtiyac duyduqca, avronun həyatı uzanacaq, avro zonasında böhran əlamətləri isə bu gün bizim düşündüyümüzdən də uzun çəkəcək. Bununla yanaşı, Avropa Mərkəzi Bankının başçısı Mario Draqinin ümidverici sözləri ilə də razılaşmalı oluruq: "Vahid valyuta geridönməzdir". 

 

SİTAT

"Mənim avronun gücünə, onun sabitliyinə və dönməzliyinə heç bir şübhəm yoxdur!".

Mario DRAQİ, Avropa Mərkəzi Bankının başçısı

 

"Mən qərara aldım ki, həyəcan təbili çalmağın vaxtı çatıb: avro iflas astanasındadır, amma hamı özünü elə aparır ki, sanki heç nə baş vermir". 

Jak Delor, Avropa Komissiyasının keçmiş sədri

 

"Bütün hökumətlər qarşılarına elə məqsəd qoyublar ki, avrozonanı indi olduğu kimi saxlasınlar". 

 

David QREQOŞ, Konrad Adenauer Fondunun AB-nin iqtisadi inkişaf üzrə eksperti

 



MƏSLƏHƏT GÖR:

498