
"ƏRƏB BAHARI"nın GEOSİYASİ DUMANLIQLARI
Soyuq ziddiyyətlər və ya "körfəzdə çovğun" ehtimali
Müəllif: Azər XUDİYEV, politoloq Bakı
2011-ci ildə dünya siyasi leksikonunda “ərəb baharı” termini çox tez-tez işlənməyə başlandı. Bu terminin ifadə etdiyi siyasi mənaya bəziləri ümidlə, digərləri isə bədbin nəzər salırlar. Çünki “ərəb baharı” adlanan hadisə geniş geosiyasi məkanda dəyişikliklərə aparıb çıxara bilər. Eyni zamanda, bu hadisənin meydana gəlməsi müxtəlif səviyyələrdə özünü göstərən geosiyasi, siyasi, hərbi və energetik faktorlara bağlı kimi görünməkdədir. Problemin mürəkkəbliyi və ziddiyyətli məqamları da məhz bu faktorlarla əlaqəlidir. Bəs “ərəb baharı”nın mümkün geosiyasi nəticələri nədən ibarət ola bilər?
Böyük güclərin qlobal oyunları
ABŞ-ın İraqa hərbi müdaxiləsi dünya miqyasında bir çox geosiyasi-hərbi proseslərin məzmununa ciddi təsir etdi. Vaşinqton anladı ki, müasir tarixi mərhələdə hərbi güc vasitəsilə uzunmüddətli qələbə əldə etmək, başqa ölkələr üzərində nüfuz sahibi olmaq çox çətindir. Paralel olaraq, ABŞ-ın İslam Dünyasında nüfuzu kəskin surətdə düşdü - ona qarşı müxtəlif istiqamətlərdən addımlar atıldı. Xüsusilə, müsəlman dövlətlərdən etirazlar çoxaldı. Neftin qiyməti ilə bağlı manipulyasiyalar bunun əsas göstəricilərindən biri idi. Onda rəsmi Vaşinqton özü üçün bir sıra nəticələr çıxardı. Ən böyük nəticə isə bundan ibarət idi - rəsmi Vaşinqton dəyişməli, dünyaya yeni siyasətlə yanaşmalıdır. Barak Obamanın Ankarada əsas cümləsi də məhz bu məqamla bağlı idi: “Biz dəyişdik, siz də dəyişməlisiniz”! Bununla ABŞ dünyanın özü üçün daha əhəmiyyətli saydığı bölgələrində yeni siyasət tətbiq etməyə başladı. Onların sırasında Yaxın və Orta Şərq öndə idi.
Təbii ki, ABŞ-ın bu addımı dünyanın böyük geosiyasi gücləri - AB, Rusiya və Çinə öz təsirini göstərməli idi. Onlar rəsmi Vaşinqtonun İslam dövlətlərinə qarşı “yumşaq” siyasətinə cavab verməli idilər. Bununla da bir tərəfdən, böyük geosiyasi güclər arasında “gizli savaş”ın yeni xətti açıldı, digər tərəfdən, AB, Rusiya və Çin Yaxın və Orta Şərq siyasətində dəyişikliklər etdi. İndi baş verənlərdə bu iki məqamın bir yerdə təsiri çoxdur. Böyük dövlətlər regionda yerləşən ölkələrə birbaşa müdaxilə variantından qaçmağa başladılar. Onlar “pərdəarxası”nda durmaqla və yerli dövlətlərin daxilində olan faktorlardan istifadə etməklə proseslərə təsir etmək modelinə üstünlük verdilər.
Lakin bunun üçün ciddi təsir vasitələri lazım idi. “Ərəb baharı”nın “temperatur ölçüsü”ndə bu məqam əsas yer tutmaqdadır. Yəni böyük güclər, əsasən, ABŞ region dövlətlərinin daxilində olan etnik, siyasi, tarixi, mədəni və s. ziddiyyətləri manipulyasiya etməklə prosesləri idarə etməyə girişdilər. Liviyanın timsalında bu mühüm məqamı aydınlaşdırmaq olar.
Liviyada əsrlərdir ki, bir neçə qəbilə arasında hakimiyyət və nüfuz uğrunda mübarizə gedir. Obrazlı desək, müasir Liviyanın dövlət tarixi həmin qəbilələrin savaş tarixidir. Sonuncu dövlət başçısı Müəmmar Qəddafi 1969-cu ildə Sənnusi qəbiləsinə mənsub olan Kral I İdrisi inqilabla devirmişdi. Avtomatik olaraq Qəddafinin daxili siyasətində həmin qəbilənin nümayəndələrini dövlət vəzifələrindən sıxışdırmaq əsas yerlərdən birini tutmuşdu. Bununla Qəddafi Əl-Qəddaf qəbiləsinin hakimiyyətini qurmağa başladı. Ancaq bunun üçün o, Liviyanın iki böyük qəbiləsi ilə ittifaqa girməli oldu. Həmin qəbilələr Varfalla və Əl - Məqarihədir. Onu da deyək ki, Liviyada 140 qəbilə vardır, ancaq onun 30-u əsas sayılır. Qəddafi iki iri qəbilə ilə yanaşı, digərləri ilə də müxtəlif səviyyələrdə əlaqə saxlamağa çalışırdı. Lakin Liviyanın qəbilə xəritəsi elədir ki, müxtəlif qruplar arasında düşmənçilik və çəkişmələrə heç zaman son qoyulmayıb. Liviya məsələsində Qərb, əsasən, məhz bu faktordan yararlanıb. Yəni onların işi Liviyadakı qəbilə psixologiyasının ziddiyyətlərindən maksimum dərəcədə yararlanmaq olub. Təsadüfi deyil ki, Liviya Milli Keçid Şurasının sədri Mustafa Əbdül Cəlil Əl-Hərabi qəbiləsinə mənsubdur. Bu qəbilə Qəddafinin devirdiyi Kral I İdrisin də mənsub olduğu qəbilədir (Əl-Hərabi Sənnusi qəbiləsinə aiddir). Deməli, Liviyada faktik olaraq Sənnusilər Kəddafidən qisaslarını alıblar. Siyasət aləmində isə proseslər Liviyanın demokratikləşməsi kimi təqdim edilir. Əslində, hər iki deyimin əsası var. Çünki Qərb Liviyanın enerji resurslarına uzun müddət nəzarət etmək üçün özünə loyal, yəni demokratik Liviya iqtidarının formalaşmasında maraqlıdır. Sənnusilər isə həm bu funksiyanı yerinə yetirir, həm də daxili rəqiblərini məğlub etmiş olurlar. Necə deyərlər, hər oyunçu qabiliyyəti və məqsədinə görə pay almış olur.
İndi eyni proseslər Suriyada cərəyan edir. Burada sünni-şiə və kürd amilindən istifadə etməyə çalışırlar. Onu da deyək ki, kürd faktorundan digər region dövlətləri də yararlanmağa çalışırlar. Bu yaxınlarda Suriyadakı kürd siyasətçi Meşonun müəmmalı qətli çox məqamlardan xəbər verir. Bundan başqa, PKK məsələsindən Suriyanın daxili vəziyyətinə təsir etməklə bağlı siyasi oyunlar hələ də davam edir. Çox güman ki, kürdlərdən müxtəlif tərəflər hələ uzun müddət istifadə etməyə çalışacaq. Əsas zərbə alan isə sadə və zəhmətkeş kürdlər olacaqdır. Qlobal və regional oyunçular öz məqsədləri üçün sadə insanların etnik duyğusunu istismar etməkdən çəkinmirlər. Hər bir halda Suriyada Liviyadan fərqli cəhətlər olmasına baxmayaraq, oyun fəlsəfəsi eynidir - daxili ziddyyətləri şişirdib konkret məqsəd üçün yararlanmaq! Maraqlıdır ki, Suriya iqtidarı bu situasiyada elə də mütəhərrik görünmür. Onlar bəzi addımlar atırlar; məsələn, KİV bəzi kürd siyasətçilərin Bəşər Əsəd ilə görüşdüyünü, kürdlərə vətəndaşlıq verilməsində razılığa gəlindiyi, əvəzində, kürdlərin radikal surətdə müxalifətdə durmadığı haqqında yazır. Burada kürd məsələsində Türkiyə, İraq və İranın da çox həssas olduğunu nəzərə alsaq, mürəkkəb siyasi kombinasiyaları istisna etmək olmaz. Hər bir halda bu kombinasiyaların sonucda bölgənin siyasi-psixoloji və ideoloji olaraq parçalanmasına yardım edəcəyini proqnozlaşdırmaq olar. Çünki bölgə xalqları arasında siyasi-ideoloji və hakimiyyət ziddiyyətləri dərinləşirsə, bundan yalnız kənardakılar qazanc əldə edə bilər.
Misirdə baş vermiş son olaylar və indi baş verən hadisələr də Liviya və Suriya ssenarilərinə oxşar məqamları göstərməkdədir. Təbii ki, Misirin özəllikləri vardır; məsələn, Hüsnü Mübarək Qəddafi və Bəşər Əsəd qədər dərinə getmədi. Lakin orada da kimlərin siyasi hakimliyə nail olacağı aydın deyil. Eyni fikirləri digər ərəb ölkələri haqqında da demək olar.
Problemin maraqlı və düşündürücü tərəfi odur ki, bu proseslər konkret ərəb dövlətlərinin daxili etnik, siyasi, psixoloji və ideoloji ziddiyyətlərinə bağlı olsa da, qlobal miqyasda dəyərləndirilmələr daha çox geosiyasi kontekstdə aparılır ki, məsələnin mühüm tərəfi də bundan ibarətdir.
“Ərəb baharı”nın soyuq “ayları”
Bu prosesin adı bahar olsa da, o, dünyanı çox “üşüdür”. Artıq Türkiyə, İran, İraq, Misir, Səudiyyə Ərəbistanı, Pakistan, Orta Asiya dövlətləri bu prosesin necə nəticələnəcəyi barədə düşünürlər. ABŞ, Avropa Birliyi, Rusiya və Çin kimi dövlətlər də “bahar”ın kimə daha çox dağıdıcı təsir edəcəyini müzakirə edirlər; məsələn, okeanın o tayında İrana qarşı müdaxilənin müxtəlif variantları dövriyyəyə buraxılıb. Türkiyənin həmin proseslərdə hansı rol oynadığı haqqında fərqli fikirlər səslənməkdədir. Bir sözlə, Yaxın və Orta Şərqdəki proseslərin dünyanı tam qarışdırmaqda olduğu haqqında fikirlər çoxalır. Elə bir təsəvvür yaranır ki, bundan sonra hansı dövlətdə hansı proseslərin gedəcəyini proqnozlaşdırmaq çox çətinləşib. Burada həqiqət də var, ancaq üzərində düşünüləsi məqamlar da az deyildir.
Birincisi, ərəb dövlətlərində baş verənlər İsrail faktorunu unutmamağı tələb edir. İsrail regionda hakim mövqedə olmaq iddiasını gizlətmir. Eyni zamanda, ərəb dövlətlərində özünə loyal siyasi qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdır. Siyasi təhlilçilər isə inqilab baş verən ərəb ölkələrində daha çox islam ideologiyasına üstünlük verənlərin, əsasən, antiisrail əhval-ruhiyyəli qrupların nüfuz qazandığını vurğulayırlar. Bu sırada “Əl-Qaidə” ilə “Müsəlman qardaşlar”ının adlarını tez-tez çəkirlər. Deməli, bir tərəfdən, İsrail üçün müsəlman ölkələrində savaşın olması sərfəlidir, digər tərəfdən, hakimiyyətə kimlərin gəlməsi məsələsi açıqdır. Bu prosesin İsrail üçün “astarı üzündən baha ola bilər”. Başqa tərəfdən isə İsrail Türkiyənin timsalında güclü regional liderlə üz-üzə qalıb. Türkiyə son ərəb proseslərində bölgə liderliyinə iddiasını qəti şəkildə bildirib və Ərdoğanı bəziləri bütün müsəlman dünyasının lideri hesab edirlər.
Başqa bir cəhət İranla bağlıdır. İran Suriyanı aktiv müdafiə etməyə məcburdur. Bu onun son qalası ola bilər. Çünki inqilablar meydana heç də İrana sərf edən siyasi qruplaşmalar çıxarmır və rəsmi Tehranın radikal siyasi qruplara təsiri azalır. Bu məqam rəsmi Tehran üçün çox mühümdür. Çünki illərdir ki, İran ərəb dövlətlərinə və Qərbin oradakı dayaqlarına məhz radikal dini düşüncəli qruplar vasitəsilə təsir edirdi.
Rusiya məsələsinin əhəmiyyəti böyükdür; məsələn, bu ölkənin Baş naziri Vladimir Putin Rusiya telekanallarına verdiyi müsahibədə maraqlı bir fikir bildirib. O vurğulayıb ki, “Əsas mübarizə dünya liderliyi uğrunda gedir və biz burda Çinlə mübahisə etməyə hazırlaşmırıq. Burada Çinin başqa rəqibləri vardır. Qoy onlar da öz aralarında dartışsınlar”. Yəni “ərəb baharı” daha böyük miqyasda aparılan geosiyasi oyunların bir parçasıdır. Rusiya həmin proseslərə qlobal miqyasda aparılan oyunların məntiqi prizmasında reaksiya verəcəkdir. V.Putinin bu fikri, ümumiyyətlə, “ərəb baharı” adlanan prosesin qaranlıq olduğu, bunun arxasında duran əsl məqamların tamamilə indi KİV-də təqdim edildiyindən fərqli ola biləcəyini ifadə etməkdədir.
MƏSLƏHƏT GÖR: