15 Mart 2025

Şənbə, 02:46

"SƏFEH" MÜHARİBƏDƏN SONRA DÜNYANI NƏ GÖZLƏYİR?

Çətin ki, 2012-ci ildə Amerika ilə İran arasında hərbi qarşıdurma baş versin

Müəllif:

01.01.2012

ABŞ-ın hazırkı Prezidenti Barak Obama hələ senator olan zaman Çikaqoda keçirilən mitinqdəki çıxışında İraq müharibəsini "səfeh, terrorla mübarizənin, Əfqanıstandakı əməliyyatların gücünü azaldan" savaş adlandırmışdı. Obamanın seçkiqabağı vədlərindən biri də bu müharibənin başa çatdırılacağı, İraqdan Amerika qüvvələrinin çıxarılacağı ilə bağlı idi. Nəhayət, bu ilin sonunda o, ABŞ-ın İraq müharibəsinə son qoyduğunu bəyan etdi, bunu seçkiqabağı vədinin yerinə yetirilməsi kimi təqdim elədi. Məhz bu səbəbdən, bəzi ekspertlər Obamanın bu addımını növbəti prezident seçkisi öncəsi məharətlə atılmış addım kimi qiymətləndirir. Onların fikrincə, bu, dövlət başçısının laxlamış reytinqinə müsbət təsir göstərə bilər. Hər halda, İraqda, təxminən, 9 ildir davam edən hərbi əməliyyatlara ABŞ cəmiyyətində mənfi münasibət getdikcə artmaqda idi. Əgər 2003-cü ilin martında ABC teleşirkəti və "The Washington Post" qəzeti tərəfindən aparılmış sorğuda İraq müharibəsini amerikalı respondentlərin 69%-nin dəstəklədiyi, 23%-nin isə onun əleyhinə olduğu üzə çıxmışdısa, bu ilin noyabrında bu rəqəmlər müvafiq olaraq 29 və 68% idi (CNN teleşirkətinin sorğusu).

Rəsmi məlumata görə, İraqda aparılan hərbi əməliyyatlarda, ümumilikdə, 4,5 min amerikalı hərbçi həlak olub, 30 mindən çox hərbçi isə yaralanıb və kontuziya alıb.

21 ölkədən ibarət beynəlxalq koalisiya İraqda 200-dən artıq əsgərini itirib. Bəzi ekspertlərin fikrincə, bu müharibə amerikalı vergiödəyicilərinə 1 trilyon dollara başa gəlib. Amma bütün bu rəqəmlər İraqın və İraq xalqının itkiləri ilə müqayisədə çox kiçikdir. Rəsmi statistika fərqli nəticələr göstərsə də, "Opinion Research Business" şirkətinin hesablamasına görə, 2008-ci ilin yanvarında İraq müharibəsi 946 000 - 1 120 000 arası dinc iraqlının həyatına son qoyub. Statistikaya əsasən, 2010-cu ildə ölkədə 2,7 milyona yaxın qaçqın və məcburi köçkün var idi. 2 milyonadək iraqlı ölkədən qaçıb.

Ən ciddi zərbəni isə İraq dövlətçiliyi alıb. 2005-ci ildə burada kifayət qədər şəffaf seçkinin keçirilməsinə və hakimiyyət orqanlarının formalaşdırılmasına baxmayaraq, demokratikləşmə, tamhüquqlu dövlət quruculuğu prosesləri son dərəcə ləng gedir.

Amerikanın "Foreign Policy" jurnalı hər il "baş tutmamış dövlətlər" reytinqini tərtib edir. 2011-ci ilin nəticələrinə əsasən, İraq ən ağır durumda olan dövlətlər sırasında 9-cudur. NBC teleşirkəti və "The Wall Street Journal" qəzetinin tədqiqatı isə göstərir ki, hər 5 amerikalıdan 1-i ABŞ hərbçilərinin çıxmasından sonra İraqda vətəndaş müharibəsinin başlanacağını düşünür. Respondentlərin yalnız 4%-i İraqda tamhüquqlu demokratiyanın yaranacağına, yalnız 7%-i onun sabit və dinc ölkəyə çevriləcəyinə inanır. "Səfeh" müharibənin qərəzsiz nəticələri bundan ibarətdir.

CBS teleşirkətinin apardığı sor-ğuda iştirak etmiş amerikalıların yarısı hesab edir ki, Səddam Hüseynin hakimiyyətdən kənarlaşdırılması bu prosesdə ölmüş insanların həyatına və itirilmiş resurslara dəyməzdi. Amerika qoşunlarının İraqdan çıxarılması və müharibə nəticəsində əldə edilmiş nailiyyətlərə gəlincə, bu məsələlərdə ekspertlərin fikri bir-birindən fərqlənir.

Əksər amerikalı analitiklər əmindirlər ki, ABŞ qoşunlarının İraqdan çıxarılması bu ölkəyə təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırmış İranın xeyrinədir. Amerikalıların oranı tərk etməsi Tehranın qarşısının alınması üçün istənilən real imkanı məhdudlaşdırır, Vaşinqtonun regiondakı müttəfiqlərində narahatlıq yaradır. İran isə yalnız Suriyaya deyil, Livanın "Hizbullah" təşkilatına da dəstək vermək imkanı qazanır.

Analitiklərin fikrincə, ABŞ-ın özü üçün İraq müharibəsi birmənalı olaraq məğlubiyyət sayıla bilər. Amma uzaq perspektivdə Vaşinqtonun mövqeyini yaxşılaşdırması müm-kündür. Respublikaçılardan prezidentliyə namizədlərin əksəriyyəti Obama administrasiyasını qoşunların İraqdan çıxarılmasına görə sərt tənqid edir. Onların fikrincə, prezident bu qərarı verməklə Amerikanın milli təhlükəsizliyini risqə atır, İraq müharibəsi nəticəsində ABŞ-ın çətinliklə qazandığı üstünlüklərə təhlükə yaradır. Respublikaçılar, xüsusilə İranın İraqa təsir imkanlarının sürətlə genişlənə biləcəyini, bunun İraqın Baş naziri Nuri əl-Malikinin Vaşinqtona loyallığına təsir göstərəcəyini düşünür. Yeri gəlmişkən, millətçi və sərt rəhbər sayılan əl-Maliki ABŞ-la hərbi əməkdaşlıq haqda razılaşmanı imzalamaqdan və amerikalı hərbçilərə toxunulmazlıq hüququ verməkdən imtina edib. Bundan başqa, Vaşinqtonda rəsmi səfərdə olan zaman o, Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməsi çağırışlarına qoşulmaqdan da boyun qaçırıb. Bəzi Amerika KİV baş nazirin bu addımını vaxtilə onun Səddam Hüseyndən qaçaraq, Suriya və İranda sığınacaq tapması ilə əsaslandırıb.

Əl-Malikinin bu cür sərt mövqeyi ABŞ-ın İraqa təkrar hərbi müdaxiləsi haqda fərziyyələrə əsas verir. Həqiqətən də, İraq müharibəsinin birdəfəlik başa çatdığını və Amerikalı hərbçilərin oranı tərk etdiyini söyləmək olarmı?

ABŞ qoşunlarının İraqı tərk etməsindən dərhal sonra ölkədə daxili siyasi vəziyyətin gərginləşməsi göstərir ki, faktik olaraq 3 yerə parçalanmış ölkə hələ uzun müddət davam edəcək xaos və gərginlik burulğanındadır. İraqda sünni siyasətçilərlə şiə Baş nazir Nuri əl-Malikinin tərəfdarları arasında gərginlik yenidən artır. Ardarda baş verən terror aktlarından sonra, dini zəmində zorakılıq ehtimalı yüksəlib. Güman ki, ABŞ-ın İraqla bağlı strateji vəzifələrindən biri məhz bu məqamı önləmək idi. Amma buna nail olunmadı. Belə ssenari İraqda daim amerikalı hərbçilərin simasında münsiflərin mövcudluğunu zəruri edir. Məhz bu səbəbdən, Amerika kontingentinin İraqdan "gedişi" elə təşkil olurur ki, bu, Amerikanın ölkədə qalmasına mane olmasın; məsələn, İraqdakı Amerika diplomatik missiyalarında 16 minədək diplomat, xidmət personalı və mühafizəçi fəaliyyət göstərəcək. Bu, kifayət qədər qəribə görünür. Digər tərəfdən, bəzi məlumatlara görə, ABŞ-ın özəl hərbi şirkətlərində 50 minədək döyüşçü var. Bu, dolayısı ilə onu göstərir ki, İraqda Amerika xüsusi xidmət orqanlarının böyük bir aparatı fəaliyyətini davam etdirəcək. Bundan başqa, İraqdan çıxarılan hərbçilər heç də tam şəkildə regionu tərk etməyib. Fars körfəzi regionunda 40 minlik ABŞ hərbi kontingenti qalmaqdadır. Onlar müxtəlif ərəb dövlətlərində, xüsusilə, Küveytdə (23 min nəfər) yerləşdirilib. Amerika mənbələri bildirir ki, onlar İranın qarşısının alınması ilə məşğul olacaq.

Görünən odur ki, Vaşinqtonun xarici siyasi kursu artıq İran probleminin həllinə yönəlib. Bir neçə konkret məqam bunu sübut edir. Birincisi, İraqı "tərk edən" ABŞ hərbi kontingentini Fras körfəzində saxlayır. Bu, onun İrana istiqamətləndirilməsini mümkün edir.

İkincisi, Vaşinqton arxa cəbhənin təhlükəsizliyini təmin etmək üçün Əfqanıstanın "Taliban" hərəkatı ilə gizli danışıqlar aparır. Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, onlar taliblərlə razılığın əldə edilməsinin astanasındadırlar. Bu, sülh danışıqlarına və Əfqanıstanda müharibənin başa çatmasına imkan verəcək.

Üçüncüsü, Vaşinqton Suriyada Bəşər Əsəd rejiminə təzyiqləri getdikcə artırır, bununla da Tehranın müttəfiqlərindən birini məğlub etməyə çalışır.

Dördüncüsü, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general M. Dempsi bəyan edib ki, "lazım gələcəyi təqdirdə", ABŞ Silahlı Qüvvələri İranın nüvə və hərbi obyektlərinə zərbələr endirmək iqtidarındadır. Bununla yanaşı, general bunun ABŞ-ı uzunmüddətli münaqişəyə cəlb edəcəyini də söyləyib. Dempsi hesab edir ki, bu, "region və bütünlükdə dünya üçün fəlakət olardı".

Məsələyə dərhal münasibət bildirən ABŞ-ın müdafiə naziri L.Panetta da Vaşinqtonun İrana hərbi müdaxiləni istisna etmədiyini deyib və bunu "Tehranın nüvə silahına malik olmasının yolverilməzliyi" ilə əsaslandırıb: "Onların nüvə silahının istehsalı ilə məşğul olduqlarına dair məlumatlar əldə etsək, bunu əngəlləmək üçün bütün lazımi addımları atacağıq. Vaxt çox azdır. İran, uzağı, 2012-ci ilin sonuna nüvə başlıqları yaratmaq imkanı qazanacaq".

Amerikanın güc strukturları nümayəndələrinin bəyanatları göstərir ki, Vaşinqton gələn il "İran düyü"nünü açmağa çalışacaq. Amma bunun üçün, ilk növbədə, onun məsələnin həlli mexanizmini tapması lazımdır. Diplomatik səylər və İrana qarşı iqtisadi sanksiyaların tətbiqi bugünədək nəticə verməyib. Vaşinqtonun və müttəfiqlərinin İranın neft sektoru ilə bağlı daha sərt sanksiyaların tətbiqinə cəhdləri isə Rusiya və Çin tərəfindən məharətlə əngəllənir. Bundan başqa, prezident seçkisi ilində B.Obama amerikalı seçicini İrana hərbi müdaxilənin vacibliyinə inandırmağı bacarmalıdır  - istər dəqiq raket zərbələri olsun, istərsə də yerüstü əməliyyatlar. Eyni inamı beynəlxalq ictimaiyyətdə də yaratmaq vacibdir. Çünki İraq müharibəsinə yalan məlumata əsaslanaraq, start verildiyinin üzə çıxmasından sonra, dünya ictimaiyyəti İranın nüvə dosyesinə kifayət qədər şübhə ilə yanaşır. Vaşinqton İrana hərbi müdaxiləyə qərar verəcəyi təqdirdə, məhz bu amil beynəlxalq koalisiyanın yaradılmasında əsas əngəllərdən biri olacaq.

Bu gün İrana hərbi müdaxilədə ABŞ-ı dəstəkləmək niyyətini yalnız İsrail və Böyük Britaniya ortaya qoyur. Yeri gəlmişkən, ABŞ-ın İraq kampaniyasına lap başlanğıcda Almaniya, Fransa və Rusiya qəti şəkildə etiraz edirdi. Bu baxımdan, Amerikanın BMT Təhlükəsizlik Şurasında İranda hərbi əməliyyatların başlanmasını nəzərdə tutan qətnamənin qəbuluna nail olması çətindir. ABŞ-ın BMT-dən kənar təkbaşına fəaliyyət göstərmək qərarına gələcəyi təqdirdə (bu, ABŞ-ın yeni "Milli təhlükəsizlik strategiyası"nda yer alıb), Moskva ilə Pekin müşahidəçi rolunda çıxış etmək niyyətində deyil. Onların buna kifayət qədər ciddi səbəbləri də var. Amerikanın İraq və Əfqanıstana hərbi müdaxiləsi, həmçinin, Yaxın Şərq və Şimali Afrikada baş verənlər Rusiyanın Fars körfəzi regionundakı maraqlarına ciddi zərbə vurub. Rusiyanın bu məkanda siyasi-iqtisadi iştirakı, demək olar ki, sıfıra endirilib. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi isə Rusiyanın Aralıq dənizi regionundakı mövcudluğunun sonu demək olacaq. Bütün bunların fonunda İranda da rejim devrilərsə, bu halda Rusiyanın cənub cinahı tam açılacaq. Bu, Moskvanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Xəzəryanı regiona geosiyasi təsir imkanlarını itirəcəyinin göstəricisi sayılacaq.

Son illər İranda iqtisadi mövcudluğunu artırmış Çin də bu ssenarinin gerçəkləşməsində maraqlı deyil. ABŞ öz növbəsində Çinin siyasi-iqtisadi və hərbi inkişafından narahatlığını gizlətmir. Belə olan təqdirdə, Pekin ABŞ-ın son strateji hədəfinin məhz Çin olduğunu anlayır. Beləliklə, nə qədər ki, Vaşinqton taktiki işlərlə məşğul olacaq, Çin sakit şəkildə iqtisadi və hərbi potensialının artırılmasının qeydinə qalacaq.

İranın özünün, hərbi ssenari seçiləcəyi təqdirdə, ABŞ-a verə biləcəyi cavablara gəlincə, Vaşinqtonu və müttəfiqlərini heç də asan günlər gözləmir. Tehran raket zərbələrinə məruz qalacağı təqdirdə, buna "layiqli" cavabın veriləcəyini dəfələrlə bəyan edib. İranlılar sərhəd ölkələrdəki ABŞ obyektlərinin hədəfə alınacağını da gizlətmir. İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz körfəzindəki son hərbi təlimləri isə onun dünyanın əsas neft arteriyasını bağlaya biləcəyini də sübut edib. Qeyd edək ki, təlim zamanı iranlılar Fars körfəzini Ərəb dənizi ilə birləşdirən Hörmüz körfəzini tam bağlamışdı. Fars körfəzindən neft və qaz ixracı isə məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Bundan başqa, İran obyektlərinə dəqiq raket zərbələrini mümkün saymaq olarsa, ona qarşı yerüstü əməliyyatların başlanması imkanı sıfıra bərabərdir. İran Silahlı Qüvvələri gücünə görə amerikalılardan zəif olsa da, Fars körfəzinin digər ölkələri ilə müqayisədə kifayət qədər böyükdür. Üstəlik, İran ordusu ciddi texniki təchizata da malikdir.

Yuxarıda qeyd olunanları, üstəlik, bir sıra fövqəldövlətlərin (xüsusilə Çin və Rusiyanın) mövqeyini nəzərə alsaq, çətin ki, 2012-ci ildə Amerika ilə İran arasında hərbi qarşıdurma baş versin. Güman ki, Vaşinqton bu məsələdə də Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrində sınanmış və özünü doğrultmuş üsullardan yararlanmağa çalışacaq.  Xüsusilə də nəzərə alsaq ki, ABŞ-ın yeni "milli təhlükəsizlik strategiyası" qapalı "səfeh müharibə"lərdənsə, bu cür taktikadan istifadəni nəzərdə tutur.



MƏSLƏHƏT GÖR:

355