15 Mart 2025

Şənbə, 01:39

YENİ UZENDƏN JANAOZENƏDƏK

Qazaxıstan 25 ildən sonra növbəti dəfə kütləvi iğtişaşlara səhnə oldu

Müəllif:

01.01.2012

1986-cı il dekabrın 16-da Qazaxıstan SSR-in Alma-Atı şəhərinin mərkəzi meydanında başlamış küt-ləvi aksiyaları çoxları Sovet İttifaqının sonunun başlanğıcı sayırdı. O zaman gənclər yerli MK-yə uzun illər rəhbərlik etmiş Dinmuhammed Kunayevin mərkəzdən göndərilmiş və respublika üçün yad hesab olunan Gennadi Kolbinlə əvəzlənməsinə etiraz olaraq mitinqlərə çıxmışdı. Mərkəz isə buna "zirehli yumruq"la cavab vermişdi. Rəsmi statistikaya əsasən, həmin hadisələr zamanı 174 nəfər həlak olmuş, minlərlə insan yaralanmış, 8500 nəfər həbs olunmuşdu.

Düz, 25 il sonra - 16 dekabr 2011-ci ildə Qazaxıstanda yenidən qan töküldü. Bu dəfə kütləvi iğtişaşlar ölkənin qərbindəki Janaozen şəhərində baş verdi. Xatırladaq ki, burada "Ozenmunayqaz" şirkətinin əməkdaşları işdən çıxarıldıqları üçün bu ilin iyunundan kütləvi aksiyalar keçirirdilər. Qazaxıstanın Müstəqillik gününün qeyd olunduğu gündə isə qəzəbli kütlə bayram tədbiri üçün meydanda quraşdırılmış səhnəni, dekorasiyanı dağıtdı, inzibati binalara və "Ozenmunayqaz"ın ofisinə od vurdu. 5 minədək insanın iştirak etdiyi iğtişaşlar səhəri gün də davam etdi. Baş verənlər Qazaxıstanın digər şəhərlərində də mitinqlər və digər aksiyalara yol açdı. Kütlə Şepte stansiyasında sərnişin qatarının hərəkətini saxladı, bəzi dəmir yol keçidlərində relsləri sökdülər. Bundan başqa, Qazaxıstanın ən böyük şəhəri olan Alma-Atada və Mangistau vilayətinin paytaxtı Aktauda nümayişlərə çıxan insanlar Janaozendəki aksiyalara dəstək nümayiş etdirdi. Çox keçməmiş, Janaozenə Aktaudan güc strukturlarının bölmələri və hərbi texnika yeridildi, şəhər üzərində hərbi vertolyotlar uçmağa başladı, şəhərdə fövqəladə vəziyyət və komendant saatı elan olundu.

Rəsmi məlumata görə, iğtişaşlar və aksiyanın dağıdılması zamanı 16 nəfər həlak olub, yüzlərlə insan yaralanaraq xəstəxanalara yerləşdirildi, şəhərdə mobil rabitə və İnternet kəsildi.

Müxalifət hakimiyyəti aksiyanın dağıdılması zamanı həddindən artıq sərtlik nümayiş etdirməkdə, dinc sakinlərə atəş açmaqda günahlandırır və aksiyanı başqa yollarla dayandırmağın mümkünlüyünü bildirirdi. Müxalifətçilər hesab edirdilər ki, alternativ vasitə kimi sudan da istifadə etmək olardı və şaxtalı havada o, kifayət qədər effektiv vasitə sayılır. 

Neftçilər də baş verənləri hakimiyyətin təxribatı kimi qiymətləndirirdi. Onların fikrincə, tətil edən kütlənin şərtlərini qəbul etmək istəməyən hökumət bu üzdən özü iğtişaşlara yol açmışdı.

Qazaxıstan hakimiyyətini nümayişləri yatırmaq üçün qeyri-adekvat sərt tədbirlərə əl atmaqda ittiham edənlərlə razılaşmaq olardı. Amma baş verənlərin hökumət tərəfindən təşkili haqda deyilənlərə əsas tapmaq mümkün deyildi. Qazaxıstanda müstəqilliyin yubiley ildönümünün qeyd olunduğu bir vaxtda, ölkə dünya ictimaiyyətinin diqqət mərkəzində idi və belə bir vaxtda iğtişaşların baş qaldırması hökumətə qətiyyən sərf edə bilməzdi. Qazaxıstanın yanvarın 15-də keçiriləcək parlament seçkisi ərəfəsində olduğunu da nəzərə aldıqda isə iğtişaşların hökumətin təxribatı ilə baş verməsi versiyası hətta ehtimallılığını da  itirirdi.

Yaşananların əsl səbəbini Astananın daxili və xarici siyasətindəki son tendensiyalara nəzər salmaqla üzə çıxarmaq olar.

 

Xarici siyasi tendensiyalar

Qazaxıstan MDB ölkələri arasında xrom filizləri və qurğuşun ehtiyatı həcminə görə birinci, neft, gümüş, mis, sink, nikel və fosfor ehtiyatına görə ikinci, qaz, kömür, qızıl və qalay ehtiyatına görə isə üçüncü yerdə idi. Üstəlik, Qazaxıstanın 1,6 milyon ton təsdiqlənmiş uran ehtiyatı var idi və ölkə bu göstəriciyə görə, dünyada ikinci yerdə dururdu.

Məşhur amerikalı politoloq Z.Bjezinski vaxtilə Qazaxıstanın geosiyasi əhəmiyyətini vurğulayaraq, onu Avrasiyanın "yumşaq qarınaltısı" adlandıraraq bildirmişdi ki, "Qazaxıstan Mərkəzi Asiyaya nəzarət edilməsinə imkan yaradır, eyni zamanda, Rusiyaya, Çinə, Xəzər vasitəsilə  Qafqaza yol açır. Avrasiya İttifaqının gələcəyi Qazaxıstanın taleyindən birbaşa asılıdır".

Xatırladaq ki, Qazaxıstan Avrasiya İttifaqının yaradılması təşəbbüsü ilə hələ 90-cı illərin əvvəllərində çıxış etmişdi. O zaman Nazarbayevin keçmiş SSRİ üzvləri arasında yeni inteqrasiya layihəsinin reallaşdırılmasına dair təklifi nə Rusiya, nə də regionun digər dövlətləri tərəfindən tam dəstək aldı. Amma 2000-ci il oktyabrın 10-da məhz Qazaxıstanda Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Qırğızıstan prezidentləri arasında Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılmasına dair müqavilə imzalandı. Ötən ilin noyabrında isə Rusiya, Belarus və Qazaxıstanın dövlət başçıları Kremldə Vahid İqtisadi Məkanın yaradılmasını nəzərdə tutan sənədlər paketinə imza atdılar. Dmitri Medvedev, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev Avrasiya iqtisadi inteqrasiyası haqqında Bəyannaməni, Avrasiya İqtisadi Ko-missiyası haqqında Müqaviləni və Avrasiya İqtisadi Komissiyasının fəaliyyət reqlamentini imzaladılar.

Vahid İqtisadi Məkan artıq 1 yanvar 2012-ci ildən fəaliyyətə başla-yacaq. 2015-ci ildə isə tərəflər birləşmənin yeni mərhələsinə qədəm qoymağı planlaşdırır. Bu, Avrasiya İttifaqında bir araya gəlməkdir.

Bütün bu hadisələr Rusiyanın Baş Naziri V. Putinin məşhur "manifesti"ndən sonra baş verib. O, məhz həmin vaxt bu inteqrasiya ideyasını bərpa edib.

Ötən il Qazaxıstan Prezidenti N.Nazarbayev də ölkəsinin Avrasiya İqtisadi Birliyinin yaradılması prosesində daha sıx iştirak etmək niyyətini dəfələrlə  dilə gətirib. Qeyd edək ki, Qərb siyasi dairələrində bu birlik "Sovet İttifaqının bərpası layihəsi" adlandırılır.

Bununla yanaşı, Qazaxıstan digər regional ittifaqda - Şanxay Əməkdaşlıq Təşkilatında da fəal iştirak edir. Bu birlik çərçivəsində, həmçinin, ikitərəfli münasibətlərdə Çin Qazaxıstanın iqtisadi tərəfdaşları arasında liderdir. Qazaxıstanın qərbindəki yataqlarından hasil olunan enerji xammalını, əsasən, məhz Çin alır. Bu baxımdan, Qazaxıstanda etirazların yalnız Çin investisiyası ilə fəaliyyət göstərən müəssisələrin əməkdaşları tərəfindən başlanması kifayət qədər diqqətçəkəndir. Halbuki bu müəssisələrdə çalışan neftçilər heç də digər müəssisələrin əməkdaşlarından az əməkhaqqı almırlar. Qeyd etmək lazımdır ki, Qazaxıstanın qərb regionlarının enerji resurslarından başqa, həm də strateji coğrafi əhəmiyyəti var. Görünür, Qərb KİV-də Janaozendə baş verənlərin, az qala, Benqazidəki qiyamın ilk günləri ilə müqayisə olunması da təsadüf deyil. Yeri gəlmişkən, Benqazi də Janaozen kimi, liman şəhəri və nəhəng neft ehtiyatına malik əyalətin mərkəzidir.

Rusiyalı politoloq Yuri Solozobovun fikrincə, "hücum neft ehtiyatlarına malik liman, sahil şəhərlərinə yönəlib. Çünki onların uzaq mərkəzdən ayrılması, orada mikroseparatçı dövlətin elan olunması asandır. Bu variant Liviyada gerçəkləşdirildi və "Benqazi" adlandırıldı. Qazaxıstanla bağlı da eyni ssenari müzakirə olunur. Söhbət neft ehtiyatlarına malik Qərbin mərkəzdən ayrılması və orada marionet rejimin yaradılmasından gedir. Qərbdə böyük yatağın adına uyğun olaraq, "Tengiz-şevronistan" adlı rejimin yaradılması ideyası çoxdan - az qala, Qazaxıstanın müstəqillik əldə etdiyi vaxtdan olub".

Amma əksər analitiklər hesab edir ki, Qazaxıstanda baş verənləri birmənalı şəkildə kənar qüvvələrin təsiri ilə əlaqədəndirmək yanlış olardı.

 

Daxili siyasi tendensiyalar

Böyük  təcrübəyə malik qocaman siyasətçi olan N.Nazarbayev Qazaxıstanda 1989-cu ildən hakimiyyətdədir. Təbii ki, bu dövrdə o, özünə yalnız dost və müttəfiqlər, "millətin atası" (qazax dilində "Yelbası") titulunu deyil, həmçinin opponentlər və düşmənlər də qazanıb. Onlardan biri də Qazaxıstanın sabiq energetika, sənaye  və ticarət naziri (1998-ci ilin aprelindən 1999-cu ilin oktyabrınadək), "BTA" bankının sabiq rəhbəri, mühacirətdə yaşayan oliqarx Muxtar Ablyazovdur. Hələ 2002-ci ildə həbs olunmuş Ablyazov bir müddət sonra prezident tərəfindən əfv edilərək azadlığa çıxıb. Amma 2009-cu ildə onun ölkəni tərk edərək Böyük Britaniyaya köçməsindən sonra, Ablyazova qarşı yenidən cinayət işi qaldırıldı. Sabiq nazir 10 milyard dollar vəsaitin mənimsənilməsində təqsirləndirilirdi. 2010-cu ildə Moskvanın Tver Məhkəməsi Muxtar Ablyazovun həbsinə order verdi, 2011-ci il yanvarın 27-də isə Qazaxıstan Baş Prokurorluğu Böyük Britaniyaya onun ekstradisiyası ilə bağlı müraciət etdi. Görünür, Londonda bank vəsaitinin mənimsənilməsinə yanaşma heç də Ablyazovun xeyrinə deyildi və bu üzdən o, təcili olaraq üzərində siyasi mühacir imici yaratmaq qərarına gəldi. Qazaxıstanın Rusiya, Polşa və Böyük Britaniyadakı, Janaozendəki hadisələrdən sonra isə Avropanın digər ölkələrindəki səfirlikləri qarşısında aksiyaları da məhz bununla əlaqələndirirlər. Nəzərə alsaq ki, Qazaxıstanın "Respublika" qəzeti və "K+" telekanalı kimi media resursları hələ də Ablyazova məxsusdur, onun Qazaxıstan ictimaiyyətinə təsir imkanlarını təsəvvür etmək mümkündür.

Qazaxıstan hakimiyyətinin daha bir nüfuzlu opponenti Prezident Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyevdir. O, ABŞ Federal Təhqiqatlar Bürosu Akademiyasının məzunu, keçmiş general-mayor, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi rəhbərinin sabiq birinci müavinidir. Əliyev 2002-ci ildən 2007-ci ilədək Qazaxıstanın Avropa ölkələrindəki diplomatik korpusuna rəhbərlik edib. 2005-ci ilin yayından xarici işlər nazirinin birinci müavini, həmçinin, Qazaxıstanın ATƏT-lə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi olub. 2007-ci il mayın sonlarında Əliyev səhmdarı olduğu "Nurbank"ın rəhbərinin oğurlanması və qətlində ittiham olundu. Lakin məhkəmə prosesi başlananadək ölkəni tərk edərək siyasi mühacir qismində Avstriyaya qaçdı. Ona ünvanlanmış ittihamları rədd edən R.Əliyev "hakimiyyət başında duranlar"ı günahlandırmağa başladı. Əliyev bildirdi ki, Qazaxıstanın güc strukturlarında ona qarşı nifrətin yaranmasına, nüfuzdan salınmasına cəhdlərə Qazaxıstan Prezidenti olmaq iddiaları səbəb olub.

Qazaxıstanda qadağan olunmuş "Xaç atası" kitabının müəllifi Rahat Əliyev ölkənin qərbində baş verənlərdə də hamıdan çox şübhəli bilinir. Onun keçmişdə xüsusi xidmət orqanları ilə əlaqəsini xatırladanlar Əliyevin həm bütünlükdə Qazaxıstan cəmiyyətinin, həm də ölkənin qərbinin "zəif yerləri"ni yaxşı bildiyinə diqqət çəkir. Belə "zəif nöqtələr" isə heç də az deyil.

Janaozen Aday nəslinin ənənəvi ərazisidir. Adaylar döyüşkənlikləri və aqressivlikləri ilə məşhurdurlar. Onlar sonuncu dəfə bu xüsusiyyətlərini 1989-cu ilin ortalarında göstərmişdilər. Həmin vaxt Janaozendə (ozamankı Yeni Uzen) yerli qazax əhali ilə Şimali Qafqazdan gəlmiş əhali arasında kütləvi qarşıdurma yaşanmışdı. Sovet xüsusitəyinatlıları gəlmələrin həyatını xilas etmək üçün şəhərdən, bəzi məlumatlara görə, 25 min insanı çıxarmalı olmuşdu. Məhz həmin dövrdə Yeni Uzendə Nursultan Nazarbayev ilk dəfə Qazaxıstanın lideri seçilmişdi. İlk baxışdan bu, hazırkı hakimiyyət üçün nəhs xəbərdarlığa bənzəyir: "Od-alov içində olan Yeni Uzenin fonunda hakimiyyətə gəldin, indi də od-alov içində olan Janaozenin fonunda hakimiyyətdən gedəcəksən". 

Amma məlum olduğu kimi, Qazaxıstan Prezidentinin əsas səlahiyyətlərindən biri də klanlararası mübahisə və münaqişələrdə hakim rolunu oynamaqdır. Nazarbayev bu zəmində yaranan problemləri indiyədək qansız həll etməyə nail olub. Nursultan Abişeviçin ali lider və sabitliyin qarantı kimi böyük nüfuza sahib olması da məhz bu bacarığının nəticəsidir.

Sözügedən regionda, xüsusilə Janaozen şəhərində yerli qazaxlar - adaylarla yanaşı, böyük sayda "oralmanlar" (Qazaxıstana müstəqillikdən sonra qonşu ölkələrdən köçmüş etnik qazax mühacirlər) da yaşayır. Qazaxıstan Prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi Yermuhamed Yertısbayev iğtişaşlarda onların iştirakına işarə edərək bildirib ki, "Janaozendə baş verənlərin əsas təşkilatçıları Qazaxıstan vətəndaşlığını bir müddət əvəl almış şəxslərdir. Onlar Türkmənistandan, Özbəkistandan gəliblər və hələ qazax mentalitetini tam qavramayıblar".

Yertısbayev iğtişaşların Ablyazov və radikal islamçılar tərəfindən maliyyələşdirildiyini də istisna etməyərək, əsas diqqəti kriminal birləşmələrə yönəldib.

Xatırladaq ki, əksər ekspertlər kriminal qruplar arasında çəkişmə versiyasını da istisna etmir. Çünki Janaozendəki dövlət neft müəssisəsinin başında kriminal aləmlə əlaqəli yerli bosslar dayanırdı. Bir müddət əvvəl isə müəssisə, milli şirkətin Astanada yerləşən baş ofisinin nəzarətinə keçdi.

16 dekabr hadisələrinə aidiyyəti ola biləcək faktorları sadalayan zaman, ölkədə gözlənilmədən gizli islam terrorçuları təşkilatlarının baş qaldırdığını da yaddan çıxarmaq olmaz. İndiyədək belə təşkilatların mövcudluğunu yalnız ehtimal etmək mümkün idi. Son zamanlar isə Qazaxıstanda mütəmadi olaraq partlayışlar baş verir, atəş səsləri eşidilir. Oktyabrın 31-də Qazaxıstanın qərbindəki Atıraus vilayət administrasiyasının (akimat) həyətində partlayış törədilib. Noyabrın 12-də isə Taraz şəhərində Maksat Kariyev adlı şəxsin təşkil etdiyi terror aktı da 7 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub. Elə həmin Kariyev Şəhər Milli Təhlükəsizlik Komitəsinin binasını qumbaraatandan və avtomatdan atəşə tutub, ələ keçəcəyini görən zaman isə özünü partladıb.

Hər iki hadisəyə görə məsuliyyəti "Xəlifət əsgərləri" ("Cund əl-xalifət") təşkilatı öz üzərinə götürüb. Halbuki bir müddət əvvələdək belə təşkilatın mövcudluğu heç kəsə bəlli deyildi. Qurumun terror aktlarından sonra yaydığı bəyanatında törədilmiş partlayışlar "dinlə bağlı yeni qanunun qəbuluna görə, Qazaxıstan hökumətinə xəbərdarlıq" kimi təqdim edilib. Qeyd edək ki, sözügedən qanun Qazaxıstanın dövlət qurumlarında namaz qılınmasını qadağan edir.

Bütün bu hadisələr istər ayrı-ayrılıqda, istərsə də cəm halında Qazaxıstanda baş vermiş dekabr hadisələrinə təsirini göstərə bilər. Amma səbəb nə olursa-olsun, cəmiyyətdəki gərginlik ortadadır. Bu, hələ uzun müddət hakimiyyəti düşündürəcək. O səbəbdən də hökumət nümayəndələri artıq sənaye-innovasiya proqramlarının əhəmiyyətli hissəsinin depressiv regionlara, xüsusilə Janaoenə yönəldilməsinin vacibliyindən danışmağa, şəhərin infrastruktur və iqtisadi problemlərinin həllinin vacibliyindən bəhs etməyə  başlayıb. Bununla yanaşı, güman ki, neftçilərin və iqtisadiyyatın digər sahələrində çalışan vətəndaşların problemlərinin həlli üçün tədbirlər də görüləcək.



MƏSLƏHƏT GÖR:

553