
İRƏVANIN KƏSİLİB-ATILMIŞ ÜRƏYİ
Ermənilər tərəfindən yer üzündən silinmiş Irəvan qalasının Azərbaycana məxsusluğunu sübut edən təkzibolunmaz faktlar ortaya qoyulub
Müəllif: Ramin ABDULLAYEV Bakı
Azərbaycan Prezidenti İlham Əliyevin müasir Ermənistan paytaxtının İrəvan xanlığının xarabalıqları üzərində qurulduğuna dair dəfələrlə səsləndirdiyi bəyanatlar dekabrın 23-də Bakıda təqdim edilmiş erevangala500.com internet-portalının səhifələrində növbəti dəfə təsdiqini tapıb. Tədbirin məğzi şüarda da əks olunurdu: "Hazırkı İrəvanın kəsilib-atılmış ürəyi - İrəvan qalasının 500 illiyinə".
Təqdimat mərasimində iştirak edən qonaqların marağı, həmçinin, çoxsaylı internet istifadəçilərinin gördüklərinə reaksiyası göstərir ki, İrəvan qalası mövzusu çoxları üçün yenilik olub. Çünki Azərbaycan tarixinin bu qatı uzun illər ərzində beynəlxalq ictimaiyyətin ürəyindən, ağlından və yaddaşından kənarda qalmışdı.
Azər-Globe İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz və Kiçik Asiya Tarixi Mərkəzi tərəfindən hazırlanmış portal İrəvan qalasının məhv edilməsindən, tarixi Azərbaycan torpaqlarının erməniləşdirilməsindən bəhs edir. Orada hazırkı Ermənistan paytaxtının yaradılması və mənsubiyyətinə dair təkzibolunmaz faktlara rast gəlinir.
Hazırkı İrəvanın müsəlmanlara və türklərə məxsusluğunun sübutu kimi, məşhur rusiyalı batalist rəssam Frans Rubonun "1 oktyabr 1827-ci ildə İrəvan qalasının təslim olması" adlı əsəri ictimaiyyətə təqdim olunub. Rubonun əsərində İrəvan qalasının ən qədim forması, oradakı məscidlərin günbəzləri, minarələri, Xan sarayı və Şərqə məxsus müsəlmangeyimli sakinləri əks edilib.
Qafqaz və Kiçik Asiya Tarixi Mərkəzinin rəhbəri Şəhla Həsənovanın sözlərinə görə, portalda nadir foto və videomateriallar toplanıb. Orada İrəvan şəhərinin yaranması tarixindən, sonradan onun adının İrəvan, daha sonra Yerevana çevrilməsindən, eyni zamanda, şəhərin mirvarisi olan İrəvan qalasından bəhs edən müxtəlif, əsasən, əcnəbi müəlliflərin kitablarına da rast gəlinir.
Portalda sübut olunur ki, hazırkı İrəvanı azərbaycanlılar, daha konkret desək, Səfəvilər sülaləsinin nüma-yəndələri yaradıb. 1504-cü ildə Səfəvi şahı İsmayıl öz sərkərdəsi Rəvanqulu xana bu ərazidə qala tikməyi tapşırıb. O, 7 il ərzində Zəngi çayının cənub-qərb sahilindəki qayalıqda inşa olunub və Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra İrəvan adlandırılıb. 1827-ci ildə İrəvan qalası general Paskeviçin rəhbərlik etdiyi Rusiya ordusu tərəfindən ələ keçirilib, daha sonra İrəvan xanlığı Rusiya İmperiyasına birləşdirilib. Portalda bildirilir: " Ermənistan SSR-in yaradılmasınadək bu qalaya toxunulmamışdı. Yalnız Ermənistan SSR-in yaradılmasından sonra, qalanın məqsədli şəkildə məhv edilməsinə başlanıldı və indi ondan heç bir əsər-əlamət qalmayıb".
İrəvan qalasının salamat qalmış bəzi hissələri də 1920-ci illərdə erməni hökuməti tərəfindən məhv edilib. Məhz həmin dövrdə Sərdar sarayı, məscidlər, hamamlar və şəhərin müsəlmanlara, türklərə məxsusluğunu sübut edən digər tikililər dağıdılıb. Bu prosesin yekunu olaraq, 1936-cı ildə ermənilər şəhərin adını Yerevan qoyub, bununla da şəhərin kim tərəfindən yaradıldığını, Azərbaycan və müsəlman mədəniyyətinin mirvarisi olmuş bu şəhərdə kimlərin yaşadığını göstərən əlamətləri tam yox ediblər.
Erməni tarix saxtakarlarına daha bir pis sürprizi Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi şöbəsinin Siyasi tədqiqatlar və analitika sektorunun müdiri Fuad Axundov edib. Təqdimat mərasimində o, erməniəsilli Rusiya sovet tarixçisi İosif Orbelinin 1919-cu ildə Petroqradda işıq üzü görmüş "Qandzasar kitabələri" kitabının mətnini Azərbaycan tarixçilərinə təqdim edib. Bu kitab uzun illər "yoxa çıxmış" sayılıb. Çünki içərisində 300-dən artıq Qanzasar yazısının, həmçinin, Dağlıq Qarabağ ətrafındakı məbəd yazılarının olduğu kitabın bütün tirajı, nəşrindən dərhal sonra müəllif Orbeli tərəfindən qəflətən yığılaraq, sonradan onların hamısı məhv olunub.
Səbəb Orbelinin dissertasiyası olan kitabda Dağlıq Qarabağdakı XIII əsrə aid alban Qandzasar monastır kompleksinin, həmçinin, Qarabağın digər məbədlərinin bütün kitabələrinin cəmlənməsi idi. Onlardan aydın şəkildə görünürdü ki, bu məbədlərin ermənilərə aidiyyəti yoxdur. Onlar albanların mədəni-tarixi irsidir.
Fuad Axundovun sözlərinə görə, tarixi sənədlərə əsasən aydın olur ki, ermənilərin özlərinə məxsus "Notr-Dam" adlandırdıqları Qandzasar kilsəsi tarixən albanlara məxsus olub. Çar Rusiyasının qurulmasından sonra 1836-cı ildə Alban Avtokefal Kilsəsi və onun bütün mülkiyyəti, məbədlər, dini kitablar və dindarlar erməni kilsəsinə verilib.
Fuad Axundov xatırladıb ki, Pompey ən yaxşı qorunub-saxlanmış qədim şəhərdirsə, İrəvan da mədəni mərkəzi məqsədli şəkildə Yer üzündən silinmiş yeganə şəhərdir. "Pompeyin vulkan külü altından çıxarılması zamanı orada bir daşın belə dəyişmədiyi aydın oldu. Qədim İrəvandan isə daş-daş üstündə qalmayıb", - deyə F.Axundov qeyd edib. O bildirib ki, şəhərin dağıdılması İrəvanın oraya köçürülmüş ermənilər üçün yad şəhər olmasının nəticəsi idi. Prezident Administrasiyasının sektor müdiri İrəvan qalası məsələsinin ilk dəfə Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə qaldırıldığını xatırladıb. Onun bu məsələyə toxunduğu hər sammitdən sonra ermənilərin içinə vəlvələ düşür.
Ermənilər yol verdikləri vandalizm aktlarını məharətlə Rusiya vasitəsilə ört-basdır edir. Onlar viranəyə çevirdikləri bütün Azərbaycan abidələrinin yerinə Rusiya adları verir. Bu, 2008-ci ilin oktyabrında Yerevanda "Rusiya" meydanının açılışı zamanı da bir daha sübut olunub.
Rusiya Prezidenti Dmitri Medvedevin də iştirak etdiyi tədbirdə Ermənistan dövlət başçısı Serj Sarqsyan Rusiya meydanının İrəvan xanlığının yerləşdiyi ərazidə salındığını etiraf edib. Amma o, Azərbaycan qalasını erməni-rus münasibətlərinin abidəsi kimi təqdim etməyə çalışıb. "Rusiya prezidentinə "Ağıldan bəla" pyesinin səhnələşdirildiyi ev haqda danışan Sarqsyan söhbətin İrəvan xanlığının Sərdar sarayından getdiyini gizlədib. Hansı ki, Qriboyedov qonaq olduğu bu güzgülü zala malik dəbdəbəli xan sarayından böyük şövqlə yazırdı!.. İndi bu saray Yer üzündən silinib. Halbuki sürgün edilmiş dekabristlərin sağ ikən səhnələşdirdikləri "Ağıldan bəla" ("Qore ot uma") pyesinin ilk və yeganə nümayişi məhz orada olmuşdu. Və təkcə bu fakt kifayət edirdi ki, həmin memarlıq şedevri qorunsun, ən azından isə memorial lövhədə xatirələrə həkk olunsun", - deyə erevangala500.com saytında belə bildirilir.
Ermənistan rəhbərinin ən böyük həyasızlığı isə "erməni-rus münasibətlərinin abidəsi" adlandırdığı İrəvan qalasını Yer üzündən sildiklərini faktik olaraq etiraf etməsidir. Bununla yanaşı, o utanmadan bildirir ki, Moskvadakı Vasili Blajennı kilsəsində erməni apostol kilsəsinin apostolu müqəddəs Maarifpərvər Qriqorinin xatirəsi əbədiləşdirilib.
F. Axundovun da dediyi kimi, sivil dövlətlər digər xalqların mədəni irsini də qoruyub-saxlayır. Bunu yalnız Azərbaycanın deyil, digər xalqların da saysız-hesabsız maddi və mədəni irs abidələrini məhv edən ermənilərin rəhbəri də təsdiqləyir.
Qeyd edək ki, erevangala500.com portalında Ermənistanın interaktiv xəritəsi də yerləşdirilib. Orada sonradan erməniləşdirilmiş Azərbaycan toponimlərinə, yaşayış məntəqələrinə, adlarına rast gəlinir. Portalda əcnəbi səyyahların məlumatları əsasında İrəvan qalasının necə tikildiyini, hansı görkəmdə olduğunu, son-radan XIX-XXI əsrlərdə ermənilərin onu mərhələli şəkildə necə məhv etdiyini interaktiv rejimdə göstərən bölüm də var.
İrəvan qalası o dövrlərdə Şərqdə minarələr şəhəri kimi tanınıb. Qalada 8 məscid, 800 ev olub. Orada yalnız Azərbaycan türkləri yaşayıb və bunu hələ XVII əsrdə fransalı səyyahlar Tavernye, Şarden, XIX əsrdə isə rus arxeoloqu Uvarov və başqaları yazırdılar. Ermənilərin yalnız xanlığın ətrafında yaşadıqlarını, qalaya yalnız günəmuzd işləmək üçün gəldiklərini sübut edən çoxsaylı sənədlər var.
İndiyədək heç bir mənbədə, arxiv materiallarında İrəvan qalasının əsasının qoyulduğu XVI əsrin əvvəllərinədək olan dövrdə Yerevan adına rast gəlinmir. İrəvan qalası və onun quruluşu Bakıdakı İçərişəhəri, Şəkidəki Xan Sarayını və hazırda işğal altında olan Şuşada ermənilər tərəfindən, demək olar ki, tamamilə dağıdılmış Xan Sarayını xatırladırdı. Bütün bunlar və digər memarlıq abidələri, həmçinin, İrəvan qalası aydın şəkildə göstərir ki, orta əsrlərdə Azərbaycan mədəniyyəti çox geniş ərazini əhatə edib. Bu, ermənilərə rahatlıq vermir. Əks təqdirdə, hazırkı Ermənistan paytaxtının tarixi mərkəzi məhv edilməzdi. Axı əksər qədim şəhərlərin öz tarixi mərkəzi var, fəxr mənbəyi və xəzinə sayılan bu mərkəzlər hökumət və xalq tərəfindən qorunur. Tarixi mərkəzlərə Moskvada, Tbilisidə, Bakıda və dünyanın bir çox qədim şəhərlərində rast gəlmək mümkündür.
İrəvanın tarixi mərkəzinin - İrəvan qalasının ermənilərə cüzi də olsa aidiyyəti olsaydı, onlar qalanı mütləq qoruyub-saxlayardılar. Amma İrəvan qalasının memarlıq üslubu orta əsrlərə aid Azərbaycan memarlıq əlamətlərini özündə əks etdirirdi və onu ermənilərə məxsus qala kimi təqdim etmək heç cür mümkün deyildi. Məhz o səbəbdən də bu tarixi mərkəz ermənilər tərəfindən məhv edilib.
Portalın təqdimatında çıxış edən tarixçi, albanşünas professor Fəridə Məmmədova Sovetlər dönəmində özünün və digər tədqiqatçıların Moskva, Leninqrad arxivlərində işləməsinə yaradılmış maneələrdən danışıb. Bu maneələrin yaradılmasında məqsəd alban irsinə aid arxiv materialları və əsərlərlə tanışlığa imkan verilməməsi idi.
F. Məmmədovanın sözlərinə görə, tədqiqatçıların arxivdə işləməsinə maneə yaradanlar bütün alban irsinin ermənilər tərəfindən dəyişdirilməsi faktlarını gizlətməyə çalışırdı.
F.Məmmədova İrəvanın ermənilərin tarixi vətəni olmadığına, onların bu ərazilərə sonradan köçürüldüklərinə dair də bir neçə fakt gətirib. Xüsusilə o, bir neçə il əvvəl Vyanada keçirilmiş tarixi forumundakı çıxışını xatırladıb. Həmin tədbirdə F.Məmmədova erməni həmkarlarının nəzərinə çatdırmışdı ki, onların əsas mənbələrdən saydıqları orta əsrlərə aid Movses Xorenatsinin yazdığı "Erməni tarixi" ("Patmutyun Ayots", tərcümədə "Hayların tarixi" deməkdir) kitabında ermənilərin tarixi məskəni kimi Yevfrat çayının ətrafı və Kiçik Asiya göstərilib. Həmin əsərdə müəllif ermənilərin xaç suyuna salınması mərasimindən danışarkən yazır ki, onlar Vaqarşapatdan çıxıblar və Yevfrat çayında xaç suyuna salınıblar. Bu səbəbdən də hazırkı erməni tarixçilərin Vaqarşapatı Yerevan kimi təqdim etmək cəhdlərinin heç bir əsası yoxdur. Çünki Yevfrat çayı bu ərazilərdən 1000 kilometr aralıdadır.
Suxumi Dövlət Universitetinin (Gürcüstan) professoru Quram Marxulia isə bildirib ki, "Ermənistan paytaxtı - Azərbaycanın qədim İrəvan şəhəri" əsərini yazarkən çoxları onu başa düşmürdü: "O zaman mən erməni tarixçilərdən soruşdum: "İrəvan" özü erməni dilində nə deməkdir? Məsələn, "Tbilisi" "qaynar su" anlamı verir. Siz "öz şəhəriniz"in adının mənasını başa düşürsünüzmü? Yox. Çünki bu, qədim Azərbaycan şəhəridir. Tarix sübut edir ki, ermənilər bu ərazilərə sonradan köçürülüblər".
Azərbaycanın Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov da öz növbəsində bildirib ki, artıq erməni yalanının ifşa olunması üçün hücuma keçmək vaxtıdır: "Erməni təbliğat maşını yalanı bizə reallıq kimi sırımaq istəyir. Amma məntiqi olan insanlar həqiqəti yalandan ayırmağı bacarır".
Saytın təqdimatında Milli Məclisin deputatı Qənirə Paşayeva, Moskva Dövlət Universitetinin Tarix fakültəsinin professoru İsmayıl Atakişiyev, azərbaycanlı tarixçilər, diplomatik korpus nümayəndələri, qeyri-hökumət təşkilatları və mətbuat təmsilçiləri də iştirak ediblər.
Sonda xatırlatmaq istərdik ki, bu il İrəvan qalasının 500 yaşı tamam olacaqdı. Amma o... yoxdur! Ermənilər bu tarixi abidəni Yer üzündən siliblər, Sərdar sarayını özülünə qədər məhv ediblər. Çünki onun memarlıq üslubu orta əsrlərə aid Azərbaycan memarlığının elementlərini özündə əks etdirirdi. Onu erməni qalası kimi təqdim etmək isə mümkün deyildi. Bu üzdən də erevangala500.com saytında deyildiyi kimi, "Bizim üçün onun rusiyalı rəssam Frans Rubonun əsərində qalmış görüntüsü qiymətlidir. Bizim üçün onun tarixi qiymətlidir. Çünki o BİZİMDİR".
SİTAT
"Hamımız yaxşı bilirik ki, hazırkı Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında qurulub. İrəvan xanlığı, Zəngəzur mahalı, digər regionlar bizim tarixi torpaqlarımızdır".
İlham Əliyev, Azərbaycan Prezidenti
KƏNARDAN BAXIŞ
"BU, BAĞIŞLANMAZ CİNAYƏTDİR"
Gürcüstanın Suxumi Universitetinin professoru, tarix elmləri doktoru Quram MARXULİYA ermənilərin İrəvan qalasını dağıtması haqda
- Regionumuzun tarixini tədqiq edən alim kimi, İrəvan qalasının mənsubiyyəti haqda nə deyə bilərsiniz?
- Əlbəttə, İrəvan qalası İrəvan xanlığı tərəfindən tikilmişdi. Orada azərbaycanlılar yaşayırdılar. İrəvan onlar üçün doğma idi. Tarix göstərir ki, sonradan bu şəhər süni şəkildə erməniləşdirilib. Azərbaycan tərəfinin tapdığı və İrəvan qalasının əks olunduğu şəkil də göstərir ki, bugünkü Ermənistan İrəvan xanlığının ərazisində yerləşir. Aydındır ki, bu Azərbaycan şəhəri sonradan hazırkı Ermənistanın paytaxtına çevrilib. Ermənilər orada Azərbaycana məxsus bütün abidələri məhv ediblər.
- Ermənistan tarixi faktları təhrif edərkən hansı konkret məqsədləri güdüb?
- Ermənilər İrəvan qalası kimi sübutları Yer üzündən silməli idilər. Bu üzdən də onlar qalanın Azərbaycana məxsusluğunu göstərən heç bir əlaməti saxlamayıblar. Amma tarix istənilən halda, bu tarixi torpaqların Ermənistana yox, Azərbaycana məxsus olduğunu göstərəcək. Ermənilər bilir ki, onların bu ərazilərə sonradan gəldiklərinin tam sübut olunacağı vaxta çox az qalıb.
- Bir xalqın keçmişinin məqsədli şəkildə məhv edilməsi cinayət sayıla bilərmi?
- Əlbəttə ki, bu, cinayətdir, həm də bağışlanmız cinayət. Bugünkü Ermənistan faktik olaraq Azərbaycan və Gürcüstan torpaqlarında yaradılıb. İrəvan və Ermənistanın cənub hissəsi Azərbaycana məxsusdur. Amma bu gün həmin ərazilər Ermənistan hesab olunur.
MƏSLƏHƏT GÖR: