Müəllif: Sabirə MUSTAFAYEVA Vəfa ZEYNALOVA Bakı
Təəssüf ki, Bakıda "azad" nəzarətçilərin əvəzinə pullu yerüstü dayanacaqların yaradılması ilə tıxacların qarşısını almaq mümkün olmadı. Səbəb, yəqin odur ki, bəzi strukturlar Prezident İlham Əliyevin müvafiq tapşırıqlarını şəhərin tıxaclardan azad olunması göstərişi kimi yox, büdcələrinə əlavə vəsaitlərin cəlb olunması imkanı kimi qəbul ediblər. Əks təqdirdə, parkomatlar bu yaxınlaradək tıxac yarandığı üçün avtomobillərin evakuasiya olunduğu qanunsuz dayanacaqlarda quraşdırılmazdı.
Nəticədə, əksər sürücülərdə bir şeyə əminlik yaranıb: "Dayanma-durmanı qadağan edən nişanın əvəzinə parkomatların quraşdırılması" sadəcə biznesdir. Üstəlik, bu gün hər birimiz şəhərdə xüsusilə pik saatlarında tıxacların heç də azalmadığının şahidiyik. Payızın gəlişi və tədris ilinin başlanması ilə isə vəziyyət daha da ağırlaşıb. Şəhər sakinləri evdən saat neçədə çıxmalarından asılı olmayaraq, işə gecikdiklərini deyir, uşaqların bağçaya, məktəbə, tələbələrin ali məktəblərə gecikməsindən şikayətlənirlər. Hətta deputatlar da görüşlərə və tədbirlərə gecikməkdən gileylənirlər. Bəs, nə etməli?
Gərginlik davam edir
Əksər ekspertlərin fikirləri birmənalıdır: dünyanın heç bir yerində pullu parklama tıxac problemini həll etməyib. Pullu parklama sadəcə yalnız tələbin təklifi aşkar şəkildə üstələdiyi ərazilərdə məsələnin nisbi tənzimlənmə vasitəsidir. Məmurlar elə hesab edirlər ki, bakılıların parklamaya görə ödənişə məcbur edilmələri tıxacların əhəmiyyətli dərəcədə aradan qaldırılması deməkdir. Bakı Şəhər İcra Hakimiyyətindən isə paytaxtın mərkəzinin tıxacdan hansı yollarla azad olunacağına, pullu parklama yerləri hesabına mərkəzdə hərəkətin necə asanlaşacağına dair suala birbaşa cavab verilmir. Qeyd edək ki, bu gün maarifləndirmə, parkomatların tətbiqi və yeni layihələrin hazırlanması işi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi məşğul olur. Qurumun əməkdaşı Rüstəm Həsənəliyev "R+" jurnalına açıqlamasında bildirib ki, hazırda paytaxtda 435 parkomat qurulub, ilin sonunadək onların sayının 1000-ə çatdırılması planlaşdırılır. Parkomatların quraşdırılma yerləri yol polisi ilə birlikdə şəhərin mərkəzi küçələrində avtomobil axınının həcminə əsaslanaraq müəyyənləşdirilir. Bununla yanaşı, yol polisinin əvvəllər avtomobilləri evakuasiya etdiyi ərazilərdə pullu dayanacaqların yaradılmasına nə deyib razılaşması aydın deyil. Belə çıxır ki, parklama pulsuzdursa, avtomobil küçədə nəqliyyatın hərəkətinə mane olur, pulludursa, mane olmur?!
Həyata keçirilən tədbirlərin tıxaclarla mübarizəyə necə kömək etdiyinə dair suala cavabında Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşı bildirib ki, şəhərin 1-ci zonasında (mərkəzi küçələr) parklama müddəti maksimum 4 saatdır. Orada avtomobillər səkiyə 45 dərəcə bucaq altında deyil, paralel saxlanılmalıdır və bu, küçənin daralmaması üçün belədir.
İdarə rəsmisinin sözlərinə görə, küçələrdə şəxsi avtomobillərin sayının azaldılması üçün avtodayanacaqların yaradılması və ya parkomatların avtobus dayanacaqlarının yaxınlığında quraşdırılması planlaşdırılır. "Sürücü avtomobilini dayanacaqda saxlayaraq avtobusa minir. Mən özüm də çox vaxt işə metro ilə gedirəm. Bu, insanı lazımi ünvana ən tez çatdıran nəqliyyat vasitəsidir", - deyə o, bildirib.
Bununla yanaşı, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşı təəssüflə qeyd edir ki, həmvətənlərimiz xaraktercə narahat olsa belə, öz əşyalarının girovuna çevrilirlər. Digər tərəfdən bizdə avtomobili idarəetmə mədəniyyətinin də lazımi səviyyədə olmadığı heç kəsə sirr deyil. Son illərdə ölkədə avtomobilə sahib olan insanların sayı dəfələrlə artıb. Bununla yanaşı, şəxsi avtomobilin seçimi zamanı aztirajlı avtomobillərə və ya velosipedə üstünlük verən avropalılardan fərqli olaraq, bizdə insanın şəxsi uğurlarının göstəricisi mütləq nəhəng yolsuzluq avtomobili olmalıdır. Bu cür "katafalklar"ın çox olması küçələrdə heç də tıxacların azalmasına xidmət etmir.
Narazı sürücülərin öz arqumentləri var: parkomatların tətbiqi sadəcə onların xərclərini artırıb, tıxac probleminin həllinə isə heç bir müsbət təsir göstərməyib. Rəsmi strukturların "şəxsi maşınlardan istifadə etməyin" məsləhətisə reallıqla heç də hər zaman uzlaşmır. "Mənim 3 övladım var. Onlar müxtəlif məktəblərdə oxuyurlar. Maşından istifadə etməsəm, onları məktəbə necə aparım?" - deyə paytaxt sakinlərindən biri sual edir.
Etiraf olunmalıdır ki, avtomobilini küçədə sərbəst şəkildə saxlaya bilməyən sürücü bunun üçün ciddi məbləğ ödəmək məcburiyyətində qalır. Üstəlik, şəhərin mərkəzində o, maşınını bir yerdə 4 saatdan artıq saxlaya bilməz. Bu halda o, əlavə vaxta görə daha 4 manat ödəməlidir. Ödənişin edilmədiyi təqdirdə, cərimə isə 60 manatdır. Beləliklə, şəhərin 1-ci zonasında (mərkəz, İçərişəhər ətrafı, Nizami küçəsi və s.) 1 saat müddətinə parklama 1 manata başa gəlir. Metronun "Gənclik", "Elmlər Akademiyası" stansiyalarının ətrafı, Yasamal qəsəbəsinin daxil olduğu 2-ci zonada bu, 50 qəpiyə başa gəlir. Şəhərin digər hissələri 3-cü zonaya aiddir və orada 1 saatlıq parklamanın qiyməti 30 qəpikdir. Amma tıxacların aradan qaldırılması üçün bu tədbirlərin işə yaramadığı ortadadır.
Bu problemin daha bir həll yolu yeraltı dayanacaqlardan istifadə hesab olunur. Dövlətə məxsus iki belə dayanacaqda qiymətlər 24 saata görə 50 qəpikdən 6 manatadəkdir. Amma abunəçi kartı da əldə etmək olar. Bu halda "Qış parkı"nın altındakı dayanacaqda parklamanın 1 saatı 10 qəpiyə, "Azadlıq" meydanındakı dayanacaqda isə 25 qəpiyə başa gəlir. Ümumilikdə, həmin kart vasitəsilə aya 30 manat ödəməklə orada avtomobili bütün iş günü ərzində saxlamaq olar. Bu dayanacaqlarda maşının sutka ərzində saxlanılması üçün isə ayda 60 manat ödənilməlidir və bu, əlbəttə ki, yaxınlıqda yaşayan sakinlər üçün əlverişlidir.
Bununla yanaşı, ciddi çatışmazlıq da var. Bu cür adekvat qiymətlərə yeraltı dayanacaqların sayı kifayət qədər deyil və bu, küçələrdə qalan bütün avtomobillərin park edilməsinə imkan vermir; məsələn, "Qış parkı"nın altındakı dayanacağa 4700 avtomobil yerləşir. Qeyd etmək lazımdır ki, özəl dayanacaqlarda belə, qiymətlərin yüksək olmasına rəğmən, boş yer tapmaq çətindir. Bundan başqa, uyğun qiymətlərə yeraltı dayanacaqlar heç də hamının iş yerinə yaxın ərazidə yerləşmir. Ümumilikdə, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində hesab edirlər ki, hazırda şəhərdə tikilməkdə olan bina və ofislərin sayı nəzərə alınarsa, ofis sahiblərinin üzərinə öz işçiləri üçün pullu dayanacaqların yaradılması öhdəliyi də qoyulmalıdır. Bundan başqa, mərkəzdə pullu dayanacaqların yaradılması biznes mərkəzləri rəhbərlərinin tədricən tarixi tikililəri tərk etməsinə də səbəb olacaq. Axı, dayanacaq üçün pulsuz və ya ucuz yerlər kirayəşinlərin obyekt seçimi zamanı əsas rol oynayan məqamlardan biridir. Digər tərəfdən adi ofis işçiləri çox nadir hallarda bu cür dayanacaqlardan istifadə edirlər. Biznes rəhbərləri və yüksək ranqlı məmurlar isə çətin ki, dayanacaqsız qalsınlar.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə yollardakı tıxacların aradan qaldırılması üçün parkomatların tətbiqinin yaxşı vasitə olduğunu düşünür. Amma onların tətbiqinin ilkin hədəfi rəsmi olaraq tıxacların aradan qaldırılması olsa da, vəziyyət o qədər də sadə deyil. İndi parkomat vasitəsilə ödəniş edən hər bir şəxs maşınını həmin ərazidə saxlamaq hüququna malikdir. Bu üzdən, yeni sistemin alternativsiz olması onu qeyri-effektli edir, şəhər sakinlərinə daha çox problem yaradır: istənilən halda, onlar maşınlarını bir yerdə saxlayaraq işə getməlidirlər və s. Görünən odur ki, tıxacların aradan qaldırılması üçün pullu dayanacaqların yaradılmasındansa, daha keyfiyyətli tədbirlər görülməlidir.
Şəhər içərisində şəhər
Bəs, pullu yerüstü dayanacaq nədən problemi həll etmir? Məsələ ondadır ki, hətta park edilmiş bir avtomobil belə, bir cərgəni onsuz da "tutur", parkomatlı dayanacağın olduğu halda isə səki boyunca boş yer olmayacaq. Mərkəzdə tıxac problemi praktiki olaraq, yalnız bir amillə bağlıdır: səhər saatlarında əksər insanlar oraya işə yollanır, axşamlar isə evlərinə qayıdırlar. Problemi iş yerlərini və administrativ obyektləri bütün Bakı ərazisinə bərabər şəkildə "səpməklə" çözmək olar. Ofislərin mərkəzdən kənarda peyda olması üçün biznes-zonalar yaradılmalıdır. Bu gün onlar, əsasən, dövlət hakimiyyəti orqanlarının binaları ətrafında yaradılır. Çünki oraya nəqliyyat vasitələrilə çatmaq daha asandır, şəhərin istənilən rayonundan oraya getmək heç bir əziyyət tələb etmir. Üstəlik, bu məkanlarda mənzərə də gözəldir - dəniz görüntüsü, qədim şəhər olan İçərişəhər və s. Yəni söhbət mərkəzətrafı zonalardan gedir.
Aydındır ki, bu gün mərkəzin tıxaclardan xilas edilməsi üçün ofisləri oradan köçürmək son dərəcə çətin, bəlkə də, mümkünsüzdür. Bundan başqa, şirkətlər üçün mərkəzdə işləmək daha asandır, çünki hər şey "əl altında"dır. Şəhərdən kənarda ofislər yalnız gün ərzində yerdəyişmələrə ehtiyacı olmayanlara maraqlıdır.
Bu arada KİV-də artıq xeyli müddətdir ki, Bakı yaxınlığında - Ələtdə paytaxtın peyk-şəhərinin tikiləcəyinə, 6 yeni xırda mərkəzlərin yaradılacağına və s. dair xəbərlər dolaşmaqdadır. Həmin plana əsasən, əksər dövlət qurumları, nazirliklər, diplomatik nümayəndəliklər, ali məktəblər Ələtə köçürülməlidir. Əlbəttə ki, bu, Bakının nəqliyyat yükünün xeyli azalmasına kömək edərdi. Bundan başqa, yeni şəhərlə Bakı arasında əlaqənin qurulması üçün sürət qatarlarının istifadəyə verilməsi planlaşdırılır. Məlumata görə, həmin qatarlar bu məsafəni 20 dəqiqə ərzində qət etmək iqtidarında olacaqlar.
Əlbəttə, şəhərarası və şəhərətrafı sürət qatarlarının tətbiqi nəinki paytaxt sakinlərinin şəhərətrafı ünvanlara tez bir vaxtda çatmasına imkan verər, həm də daha ekoloji və qənaətcil nəqliyyat vasitəsi olar. Ümid edək ki, bütün yeniliklərin tətbiqi zamanı onların effektli olması və əhaliyə real köməyi dəyməsi üçün əvvəlki səhvlərdən nəticə çıxarılacaq. Onu da başa düşmək lazımdır ki, nə qədər ki, paytaxtın mərkəzinin boşaldılması istiqamətində ciddi tədbirlər görülməyəcək, tıxaclar aradan qalxmayacaq. Buna iki yolla nail olmaq mümkündür: ya əhalinin parklama xərcləri süni şəkildə artırılmalı - pullu giriş, pullu dayanacaq, mərkəzə girişin məhdudlaşdırılması, parklamaların qadağan edilməsi; ya da daha sərfəli alternativ ortaya qoyulmalıdır: rahat ictimai nəqliyyat, velo və motoinfrastruktur, rahat piyada hərəkət mühiti, peyk şəhərin inşası.
Ən optimalı bütün bunları kompleks şəkildə həyata keçirməkdir. Başqa yol yoxdur.
MƏSLƏHƏT GÖR: