14 Mart 2025

Cümə, 10:38

MƏĞRİBİN "TİKANLI" YOLU

"Ərəb inqilabı"nın Şimali Afrika ölkələrindəki vəziyyətə təsiri davam edir

Müəllif:

06.11.2014

Son illərdə Yaxın Şərqin bir sıra ölkələrini bürümüş "ərəb inqilabı"nın nəticələri ümumi regional vəziyyətə təsirini davam etdirir. Bu, 3 ölkəsində - Misir, Liviya və Tunisdə "inqilab baharı"nın fəsadlarının daha ciddi hiss olunduğu Şimali Afrikaya da aiddir.

Nüfuzuna və potensialına görə, regionun əsas dövləti Misir olaraq qalır. Bu yaxınlarda onu növbəti qanlı terror aktı çalxaladı: 2 ton partlayıcının quraşdırıldığı avtomobilin sükanı arxasına əyləşən kamikadze Şimali Sinayda, Qəzza sektoru ilə sərhədin yaxınlığındakı Şeyx-Züveyddə yerləşən böyük hərbi posta "girdi". Nəticədə, 33 misirli hərbçi dünyasını dəyişdi.

Faciə postinqilab Misirinin zəifliyini bir daha üzə çıxardı. Qahirə sərt daxili siyasi gərginliyi heç cür aradan qaldıra bilmir. Ölkədə ordunun dəstəklədiyi dünyəvi dairələrlə islamçılar arasında qanlı qarşıdurmalar davam edir.

Artıq, təxminən, yarım ildir ki, Misirə ölkənin quru qoşunlarının sabiq komandanı Abdel Fəttah əl-Sisi başçılıq edir. O, "Müsəlman qardaşlar" islamçı hərəkatının qanla da olsa, yatırılması kursunu həyata keçirir. Uzun illər davam edən Hüsnü Mübarək rejiminin devrilməsi nəticəsində hakimiyyət başına keçmiş, lakin qısa müddət sonra devrilmiş eks-prezident Məhəmməd Mursinin əksər tərəfdarları edam olunublar, yaxud uzun müddətə azadlıqdan məhrum ediliblər. İslamçılar da baş verənləri cavabsız qoymur və ard-arda partlayışlar törədirlər. Bu cür terror aktları nəticəsində son 1 ildə Misirdə hüquq mühafizə orqanlarının 500-dən artıq əməkdaşı həlak olub.

Sinayda törədilmiş terror aktına gəlincə, o, hər kəsi son dərəcə güclü olması və daha da önəmlisi, xarici qüvvələrlə əlaqəsilə heyrətə salıb. Prezident əs-Sisi xalqa müraciətində diqqəti məhz sonuncu məqama çəkib. O, xarici güc mərkəzlərini Fələstinlə sərhəddə törədilmiş bu terror aktına aidiyyətləri olmaqda günahlandırıb. Konkret xarici dövlət adı çəkməyən prezident, eyni zamanda onları misirli islamçıları maliyyələşdirməkdə, "Misirin belini qırmağa çalışmaqda" ittiham edib.

Misirin hökumətpərəst "Əl-Vətən" qəzeti isə istintaqa istinadla Şeyx-Züveyddəki terror aktının fələstinli yaraqlılar və "Cişal-İslam" radikal qruplaşması tərəfindən həyata keçirildiyini yazır. Bununla yanaşı, KİV-ə Misir xüsusi xidmət orqanlarının məlumatları da sızdırılıb. Həmin məlumatlara görə, terror aktının arxasında sələfilərə məxsus "Ansar Beyt əl-Makdis" qruplaşması dayanır. Söhbət İraq və Suriyada müharibə aparan "İslam Dövləti"lə əlaqəli qruplaşmadan gedir.

İstənilən halda, izlər radikal islamçı qruplaşmalara gedib çıxır. Onlar xüsusilə Fələstində kifayət qədər güclü mövqelərə malikdirlər. Bu yerdə əs-Sisinin həyata keçirdiyi vacib tədbirlərdən biri kimi Qahirənin HƏMAS-a dəstəyə son qoymasını göstərmək olar. Şəxsən əs-Sisinin son terror aktında Qəzzadan olan radikallardan şübhələnməsini onun təcili olaraq həyata keçirdiyi tədbirlər də təsdiqləyir: Fələstin anklavı ilə sərhəddə yerləşən "Rəfah" Nəzarət Buraxılış Məntəqəsi qapadılıb, İsraillə Fələstin arasında Qahirənin vasitəçiliyilə aparılan danışıqlar qeyri-müəyyən vaxta təxirə salınıb.

Misirdə baş verənlərə, həqiqətən də, ölkənin beynəlxalq arenadakı mövqeyindən kənar baxmaq olmaz. Bu mənada əsas məqamlardan biri Qahirənin Fars körfəzinin ərəb monarxiyaları ilə münasibətidir. Əs-Sisi Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ ilə yaxınlaşma siyasəti yürütməyə başlayıb. Onlar isə öz növbələrində Misirə 12 milyard dollar həcmində maliyyə yardımı ayırmağa söz veriblər. Bununla yanaşı, əs-Sisi Qətərlə münasibətləri pozub. Səbəb Qətərin "Müsəlman qardaşlar"a və Misirin sabiq prezidenti Mursiyə açıq dəstək verməsidir.

Beləliklə, Misirin yaşadığı ağır iqtisadi böhran, bitmək bilməyən çevrilişlər və "inqilab" nizamsızlığı ölkə rəhbərliyini kənarda maliyyə dəstəyi axtarmağa, bununla da, Misiri bu və ya digər xarici qüvvədən asılı vəziyyətə salmağa məcbur edir. Yaxın Şərqin bir çox ölkələrini bürümüş qanlı hadisələri nəzərə alsaq, Misir kimi əhəmiyyətli ərəb dövləti qlobal və regional güc mərkəzlərinin qarşıdurma meydanına çevrilmək riski ilə qarşı-qarşıyadır. Üstəlik, regiondakı faciəvi hadisələrin birbaşa artıq "hamı hamıya qarşı" həddinə çatan qarşıdurmaların nəticəsi olduğunu düşünmək doğru olmazdı. Bu mənada Misir-ABŞ münasibətləri kifayət qədər maraqlı xarakter alıb. Barak Obama administrasiyası Mursinin devrilməsini və general əs-Sisinin hakimiyyətə gəlməsini son dərəcə soyuq qarşılayıb. Ola bilsin, ona görə ki, bu hadisə Misirdə hadisələrin tərsinə, yəni hərbçilərin idarəçiliyinə dönməsi deməkdir. Bu isə Qərbdə ruh yüksəkliyi ilə qarşılanmış "ərəb inqilabı"ndan imtina anlamına gələ bilər. Yalnız Qahirənin "İslam dövləti"nə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmaq qərarı Amerika-Misir münasibətlərində müəyyən isinmə haqda danışılmasını mümkün edib. Şübhəsiz ki, Qahirə "İslam Dövləti" terrorçuları ilə müharibəyə rəsmən qoşulmaqla ABŞ tərəfindən hərbi və maddi yardımların bərpasına ümid edir. Bununla yanaşı, özü üçün son dərəcə vacib olan, ABŞ-ın isə o qədər də aktual saymadığı şərtə əməl olunmasını tələb edir. Söhbət Qahirənin beynəlxalq antiterror koalisiyasının qonşu Liviyada da islamçılarla mübarizəyə yönləndirilməsi istəyindən gedir. Müəmmar Qəddafi rejiminin devrilməsindən sonra bu ölkə ən müxtəlif terror təşkilatlarının məskəninə çevrilib. Nəticədə, Liviyanın illər boyunca əldə etdiyi uğurlardan əsər-əlamət qalmayıb. Ümumiyyətlə, artıq Liviyanın vahid dövlət kimi mövcud olmadığını söyləmək mümkündür. Əs-Sisi hakimiyyətə gəldikdən dərhal sonra Liviyadakı bu vəziyyətin Misirin təhlükəsizliyi üçün hansı təhdidləri yaratdığını anlayıb. Bu səbəbdən də, o, Liviyanın Abdulla Abdurrahman ət-Taninin başçılıq etdiyi hökumətinə hərbi-texniki və kadr yardımı göstərməyə hazır olduğunu bəyan edib. Yeri gəlmişkən, Abdulla Abdurrahman ət-Tani islamçıların zərbələri qarşısında duruş gətirə bilməyərək, paytaxtdan Misirlə sərhədin yaxınlığında yerləşən Tobruk şəhərinə qaçıb.

ABŞ və digər fövqəldövlətləri isə deyəsən, Liviyadakı xaos az maraqlandırır. Liviyanın baş naziri ət-Tani bu yaxınlarda Qahirəyə etdiyi səfər ərəfəsində beynəlxalq birliyə müracit edərək Liviyada vəziyyətin normallaşdırılması üçün onlardan yardım istəyib. Qeyd edək ki, hazırda Liviya ərazisinin bir hissəsi islamçı qruplaşmaların nəzarəti altındadır. Söhbət "Müsəlman qardaşlar"ın yerli qanadından, "Ansaraş-Şaria", "Əl-Qaidə" və digər qruplaşmalardan gedir. Lakin BMT Təhlükəsizlik Şurası bu müraciətə diqqət göstərməyib, Liviyadaxili problemlərə müdaxilə etməyi lazım bilməyib. Bununla da, Misir Liviyada sabitliyin və bütövlüyün qorunub saxlanmasında maraqlı olan yeganə ölkəyə çevrilib (ən azı qərb sərhədlərində görünməkdə olan terror təhlükəsinin azaldılması üçün).

Misir və Liviyanın fonunda Şimali Afrikanın digər ölkəsi, "ərəb inqilabının ilk qurbanı" olmuş Tunis nisbi sabitliyilə öyünə bilər. Hər halda prezident Zin əl-Abidin be Əlinin uzun illər davam edən hakimiyyətinin devrilməsindən sonra Tunis ən azı hələlik islamçıların yayılması təhlükəsinin öhdəsindən gələ bilir. 2011-ci ildə ben Əlinin devrilməsindən dərhal sonra keçirilmiş parlament seçkisində mötədil islamçı partiya olan "An-Nahda" ("Oyanış") partiyası qələbə qazanmışdı. O, ölkənin aparıcı dünyəvi partiyaları ilə koalisiya hökuməti qurmuşdu. Amma islamçıların ölkənin siyasi həyatında aparıcı rola sahib çıxmaları tunislilərin həyat şəraitini yaxşılaşdırmayıb. İnflyasiya və qeyri-sabitlik 2013-cü ildə koalisiya hökumətinin dağılması ilə nəticələnib. Onu texnokratlar kabineti əvəzləyib. Və indi Tunisdə yeni parlament seçkisi keçirilib və o, ölkədə qüvvələr nisbətini dəyişib. Seçkidə dünyəvi "Nidaa Tunis" ("Tunisin səsi") partiyası qələbə qazanıb. Xalq Nümayəndələri Assambleyasındakı 217 yerdən 85-i məhz bu partiyaya qismət olub. İslamçı "An-Nahda" seçkidə ikinci yeri tutaraq, 69 deputat yeri qazanıb. Tunisdə hakimiyyət sisteminin formalaşması 2014-cü il noyabrın 23-də keçiriləcək prezident seçkisindən sonra başa çatacaq. Odur ki, Misir və Liviyadan fərqli olaraq, postinqilab Tunisinin bəxti bir qədər gətirib.

Amma "ərəb baharı"nın inkişaf yolu necə olsa da, kənar müdaxilənin regionda inqilabın baş verdiyi ölkələrdə vəziyyəti daha da ağırlaşdırdığı ortadadır. Amerikanın "The National Interest" nəşri bu mənada bir mübahisə doğurmayan faktı etiraf edib: inqilabi proseslərin nəticələri Qərbin diktaturaları demokratiya ilə əvəzləmək cəhdinin tam iflasa uğradığını göstərir. Misir və Liviya kimi ölkələrdə diktatorların devrilməsi nəticəsində hakimiyyətə radikal islamçı qüvvələrin və ya hərbçilərin gəlməsi orada daha sərt siyasi rejimin qurulmasına səbəb olub. Bundan başqa, "Qərbin "xoşuna gəlməyən" liderin devrilməsi demokratiya və sabitlik üçün vacib addım deyil".

Şimali Afrikanın hələlik "ərəb inqilabı" nəticəsində regionu, ümumiyyətlə, Yaxın Şərqi bürümüş miqyaslı dəyişikliklərin ilkin mərhələsində olduğuna şübhə yoxdur. Bu dəyişikliklər xalqın arzuladığı yeniliklərə yol açacaq, yoxsa dövlətlər yenidən transformasiyalara məruz qalacaq (özü də, heç də müsbət istiqamətdə yox)? Bəlkə, bu dövlətlər, ümumiyyətlə, beynəlxalq terrorun zərbələri altında süqut edəcək? Bu suallara birmənalı cavab verməyə heç bir ekspert özündə cəsarət tapmır. Bununla yanaşı, bir şey aydındır: regionun və ümumilikdə, qloballaşan dünyanın taleyi planetimizdə beynəlxalq münasibətlərin bütün subyektlərinin maraqlarına cavab verən yeni nizamın qurulub-qurulmayacağından asılıdır. Çünki əks təqdirdə, dövlətlər və xalqlar "dünya xaosu"nun qurbanına çevriləcəklər.



MƏSLƏHƏT GÖR:

673