14 Mart 2025

Cümə, 10:34

NÖVBƏTİ NÖVBƏDƏNKƏNAR SEÇKİ

Radanın yeni deputatları Ukraynanı Avropa ölkəsinə çevirəcəklərini vəd edirlər

Müəllif:

06.11.2014

Ukrayna Ali Radasına oktyabrın 26-da keçirilən növbədənkənar seçkidə əsas avropapərəst partiyaların qələbə qazanacağına heç kəs şübhə etmirdi. İntriqa yalnız rəqəmlərlə bağlı idi. Onlar isə ümumi uğura rəğmən, Ukraynanın bütün siyasətçilərinin faktiki olaraq, məğlubiyyətlə üzləşdiklərini göstəriblər. Digər yandan, bəlkə də, ümumi qələbə məhz belə qazanılır. Seçkinin gedişini müşahidə etmiş əksər icmalçılar Ukrayna ictimaiyyətinin indiyədək heç zaman olmadığı qədər vətənpərvər əhvalda olduğunu bildirirlər. Bu, "Maydan siyasətçiləri"nə birmənalı dəstəkdə özünü göstərib. Onları dəstəkləyənlər daha yaxşı gələcəyə ümid edirlər. Seçici fəallığına isə bu, heç bir təsir göstərməyib - o, cəmi 52,42% təşkil edib və bu, bütün seçkilər arasında ən aşağı göstəricidir. 

Qeyd edək ki, Ukrayna hələ də iki hissəyə bölünmüş haldadır. Ukraynanın şərqinin - Xarkov, Zaporoje, Dnepropetrovsk, Donetsk, Luqansk vilayətlərinin (sonuncu iki vilayətin bir hissəsi Kiyevə tabe olur) sakinlərinin əksəriyyəti "Müxalifət bloku"na üstünlük veriblər.

Qərb ölkələri seçkini demokratik və şəffaf adlandırıb. Onun "bütünlükdə Ukraynanın ərazisində" keçirilməməsinə rəğmən, nəticələri Rusiya da tanıyıb.

Beləliklə, Ukraynanın yeni parlamentinə Arseni Yasenyukun "Xalq cəbhəsi" partiyası (22,16%), "Pyotr Poroşenko bloku" (21,83%), Lvov meri Andrey Sadovıyın "Özünümüdafiə" partiyası (10,98%), "Müxalifət bloku" (9,40%), Oleq Lyaşkonun "Radikal partiya"sı (7,45%) və Yuliya Timoşenkonun "Batkivşşina" partiyası (5,68%) düşüblər.

Seçkinin əsas nəticələrindən biri Oleq Tyabnikovun radikal "Azadlıq" partiyasının cəmi 4,71% səs yığaraq parlamentə düşə bilməməsidir. Bundan başqa, ilk dəfə olaraq, Radaya kommunistlər də düşə bilməyiblər. "Sağ sektor"un lideri Dmitri Yaroş isə parlamentdə yer alacaq. O, Dnepropetrovsk vilayətində birmandatlı formada qatıldığı seçkidən qalib çıxa bilib.

Seçkinin daha bir parlaq nəticəsi kimi "Batkivşşina"nın, yaxud onun lideri, sabiq baş nazir Yuliya Timoşenkonun faktiki iflasını göstərmək olar. Seçicilər hörüklü və ya hörüksüz olmasından asılı olmayaraq, bu siyasətçidən bezdiklərini açıq şəkildə ortaya qoyublar. Yeri gəlmişkən, ikinci yeri tutacağı gözlənilən "Radikal partiya" da müəyyən mənada məğlub sayıla bilər. Poroşenkonun rəhbərlik etdiyi blok da gözlədiyindən daha az səs yığıb. Prezident seçkisilə müqayisədə dövlət başçısının elektoratının əhəmiyyətli bir hissəsinin inamını itirdiyini söyləmək olar. Ümumiyyətlə, Ali Radaya seçkidə birmənalı şəkildə qalibin adını çəkmək çətindir. Əlbəttə ki, ən üstün mövqedə "Xalq cəbhəsi"dir (Yasenyuk/ Turçinov).

Nəticədə, Ukraynanı postmaydan koalisiyası ilə bağlı sövdələşmə gözləyir. Yasenyuk onun "Avropa Ukraynası" adlandırılmasını təklif edir. Prezidentlə baş nazirin necə və hansı şərtlərlə razılığa gələcəkləri maraq doğurur. Yasenyuk hökumətdəki vəzifələrin və spiker postunun (Turçinov) onda qalmasını tələb edir. O, eyni zamanda daxili işlər naziri postunu da istəyir. Amma bu, çətin ki, Poroşenkonu qane etsin. Yeri gəlmişkən, Poroşenko istənilən variantda azlıqda qalacaq. Digər partiyaların koalisiyaya hansı şərtlərlə qoşulacaqları isə başqa məsələdir. Bəzi məlumatlara görə, koalisiya haqda danışıqlara Lyaşko da dəvət alıb. Bununla yanaşı, seçkidə üçüncü yeri tutmuş "Özünümüdafiə" partiyası da koalisiyada yer almalıdır. "Batkivşşina" və "Müxalifət bloku" isə çətin ki, koalisiyada yer alsınlar.

Bütün bunlarla yanaşı, Krımda, həmçinin Donetsk və Luqansk vilayətlərindəki dairələrin yarısında seçki keçirilməyib. Bundan başqa, tanınmamış Donetsk və Luqansk Xalq respublikalarının (DXR və LXR) rəhbərliyi öz parlamentlərinə seçki keçirməkdən imtina etmək niyyətində deyillər. Halbuki Kiyev regionun xüsusi statusu haqqında qanuna əsasən, seçkinin mərkəz tərəfindən təşkil olunmalı olduğunu bildirir. Kiyev Rusiyadan DXR və LXR-ə təsir etməyə, onları bu seçkinin keçirilməsindən çəkindirməyə çağırıb. Moskva isə bu dərəcədə "məhdudiyyətsiz təsir rıçaqlarına" malik olmadığını bildirib. Qəzəbə gəlmiş regionlarda keçirilən seçkilərin nəticələrini isə o, əlbəttə ki, tanıyır. Rusiya əmindir ki, seçkilərin keçirilməsi Minsk razılaşmasında nəzərdə tutulub, Poroşenkonun Donetsk və Luqansk vilayətlərində özünü idarəetmənin xüsusi qaydaları haqda imzaladığı qanun isə bu razılaşmaya ziddir.

ABŞ və Aİ isə öz növbələrində Ukraynanın cənub-şərqindəki seçkiləri tanımadıqlarını dərhal bəyan ediblər. Onlar Kremli sanksiyaların daha da sərtləşdiriləcəyilə hədələyiblər. Belə olan təqdirdə, Minsk razılaşmalarının dəyəri nədən ibarətdir? O, ya sonadək razılaşdırılmayıb, ya oradakı məqamlar tərəflərdən birinə tam aydın deyil, ya da kimsə tərəfdaşlarını aldadır. KİV-də isə daim hansısa şifahi razılaşmalara işarə edilir - deyilənə görə, onlar çox vacib razılaşmalardır, lakin nədənsə geniş ictimaiyyətə açıqlanmır.

Maraqlıdır ki, Ali Radaya seçkidən dərhal sonra - oktyabrın 30-da Moskva, Brüssel və Kiyev təmsilçiləri Ukraynaya qaz ixracı ilə bağlı razılaşmanı imzalayıblar. Sənəd 2015-ci il martın sonunadək Ukraynaya min kubmetri 385 dollara qaz ixracının həyata keçirilməsini nəzərdə tutur. Sənədi Rusiya və Ukraynanın enerji nazirləri Aleksandr Novakla Yuri Prodan, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger imzalayıblar. Bundan başqa, "Qazprom"la "Naftoqaz" arasında əlavə razılaşma da imzalanıb. İmzalanmış sənədlərə əsasən, Ukrayna ilin sonunadək "Qazprom"a olan 3,1 milyard dollarlıq borcunu ödəyəcək. Bundan başqa, 2015-ci ilin ilk rübünün sonunadək Rusiya Ukraynaya daha 4 milyard kubmetr qaz tədarük edəcək. Kiyev bu həcmə görə borcunu ödəmək üçün əlavə 1,5 milyard dollar tapmalıdır. Bununla yanaşı, qaza görə borcun məbləğilə bağlı fikir ayrılıqları qalmaqdadır. Rusiya ona 5,3 milyard dolların ödənilməli olduğunda israr edir, Ukrayna isə Moskvaya yalnız 3,1 milyard dollar borcunun olduğunu və bunu ödəməyə hazır olduğunu bildirir. İndi borc məsələsi Stokholm Arbitraj Məhkəməsində həllini tapmalıdır.

Aydındır ki, Moskva vaxtı uzadaraq Ali Radaya seçkinin nəticələrini gözləyib. Rusiya bununla danışıqları kiminlə aparmalı olacağını müəyyənləşdirməyə çalışıb. Bəs, indi Rusiya qazın hesabına Kiyevdə hakimiyyət bölgüsünə təsir göstərə biləcəkmi? Ola bilsin ki, bu qış Ukrayna isinmək üçün daha çox şeydə güzəştə getməli olacaq. Moskvanın enerji qamçısına bel bağladığına şübhə yoxdur. Bu, ən azı Rusiya televiziyasının xəbərlər proqramlarında gedən reportajlardan bəllidir. Rusiya telekanalları az qala hər xəbər proqramında artıq donmaqda olan kiyevlilərdən danışır.

Ümumiyyətlə, Ukrayna böhranının sonu hələ görünmür. Yeni Radanın taleyi əksər sələflərinin taleyindən, çətin ki, uğurlu olsun. İndiki parlament qarşıdakı dövrdə bir çox qeyri-populyar qərarlar qəbul etməli olacaq. Bundan başqa, Poroşenko ilə Yasenyuk arasında münasibətlər Yuşşenko-Timoşenko münasibətlərinə çox bənzəyir. Sonuncuların münasibətlərinin nələrə aparıb çıxardığı hər kəsə yaxşı məlumdur. Timoşenko və Tyaqnibokun imkanları ilə müqayisədə bu qədər aşağı göstərici ilə razılaşacaqları da şübhəli görünür.

Ən problemlisi isə siyasi əlamətlərə görə bölünmədir - şərq vilayətlərində "Müxalifət bloku"na səs verənlər bunu rusiyapərəst mövqeləri üzündən ediblər, yoxsa onları Poroşenko və Yasenyukun siyasəti qane etmir? Son variant gələcək koalisiya üçün daha ağır görünür. Beləliklə, yaxın aylarda Ukraynada eyniliyin və milli tərəqqinin nə qədər güclü olacağı üzə çıxacaq. Onlar Rusiya KİV-nin iddia etdiyi kimi, yalnız Rusiyanı sevməməklə bağlıdır, yoxsa öz-özlüyündə güclüdür? Poroşenkonun koalisiya razılaşması layihəsində Ukrayna inqilabının baza dəyərləri haqda danışılır: "Ləyaqət. Azadlıq. Gələcək". Həmin sənəddə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə hesablanmış 13 islahatdan ibarət siyahı var. Amma abstrakt şüarlardan fərqli olaraq, konkret tədbirlərin həyata keçirilməsi üçün zaman və resurslar lazımdır. Odur ki, Ukrayna vətəndaşlarını, hələ ki, nə iqtisadi sabitlik gözləyir, nə də ölkənin siyasi həyatında sakitlik. İndi həm müxalifət narazıdır, həm də radikallar. Seçkinin nəticələrinə baxmayaraq, sonuncuların öz resursları var. "Avropa Ukraynası"nın qeyri-populyar qərarlarının yaradacağı narazılıqlar bu resursları daha da genişləndirə bilər. Narazılıqların olacağına isə şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

680