
BMT-yə ÜMİD ET, AMMA EHTİYATI ƏLDƏN VERMƏ
Azərbaycan BMT-nin qlobal gənclər siyasətini dəstəkləyən ilk ölkədir
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Söhbət dini və ya milli dözümlülük problemləri, mədəniyyətlər və ya sivilizasiyalararası dialoqa dair tədbirlərdən, gənclər forumlarından gedəndə, bu tədbirlərin harada keçiriləcəyi haqda çox baş sındırmırlar: Bakı, ümumiyyətlə, çoxmillətli və qonaqpərvər Azərbaycan müasir dövrün bu aktual problemlərinin müzakirəsi üçün ən uyğun məkan sayılır.
Bu üzdən oktyabrın 28-30-da dünyanın 150 ölkəsindən 700 nümayəndənin iştirak etdiyi Gənclər siyasəti üzrə I qlobal forumun məhz Azərbaycan paytaxtında keçirilməsi təşəbbüsünü dünyanın gənclər siyasətilə məşğul olan strukturlarından tutmuş, BMT-nin baş katibinədək hər kəsin dəstəkləməsi təəccüblü deyil.
BMT-nin baş katibi Pan Gi Munun özü qrafikinin sıxlığından tədbirə qatıla bilməsə də, forumun işə başlamasından 1 gün əvvəl o, tədbirə hazırlıq məsələlərini Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müzakirə etmiş, eyni zamanda tədbir iştirakçılarına məktub ünvanlamışdı. Forum iştirakçılarına ünvanladığı videomüraciətdə Pan Gi Mun Azərbaycan hökuməti bu cür miqyaslı tədbirin təşkilinə görə təşəkkürünü bildirib. "Bu forumun Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridirlər və onların inkişafına xüsusi diqqətin ayrılması vacibdir. BMT sizinlə işləməyə hazırdır", - deyə baş katib qeyd edib.
Gənclərin problemlərinin son dərəcə əhəmiyyətli olduğu Bakıda da vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev nəinki forum iştirakçılarına məktub ünvanlayıb, hətta işgüzar səfərdə olduğu Fransadan qayıdar-qayıtmaz tədbirə şəxsən qatılıb. Təşkilatçılara forumun ev sahibi kimi məhz Azərbaycanın seçilməsinə görə təşəkkürünü bildirən prezident deyib ki, Bakı bunu hökumətin ölkə üçün prioritet sayılan idman və gənclər sahəsindəki səylərinin etirafı kimi qiymətləndirir. Bu isə tamamilə qanunauyğundur: Azərbaycanda əhalinin əksəriyyətini gənclər təşkil edir, onların liderlik xüsusiyyətlərinin inkişafı üçün şərait yaradılır. Azərbaycan BMT-nin qlobal gənclər siyasətini dəstəkləyən ilk dövlətdir və Bakıda keçirilən forum XXI əsrdə həyata keçirilən gənclər siyasəti sahəsində təşkil olunmuş ən miqyaslı tədbirlərdən biridir.
Bundan başqa, ölkədə gənclərin zehni, fiziki inkişafı, onların yaradıcı potensialının ortaya çıxarılması üçün lazımi tədbirlər görülür. Bu istiqamətdə milli qanunvericilikdə də ciddi addımlar atılıb. Azərbaycanda gənclər siyasəti haqqında qanun var, gənclərlə bağlı 2 Dövlət Proqramı qəbul olunub və uğurla həyata keçirilib. Bu yaxınlarda Gənclər Fondu yaradılıb, dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərin özlərini cəmiyyətə təqdim etmələrinə şərait yaradır, başqa sözlə, gənc nəslin arasında istedadlı şəxslərin üzə çıxarılmasına kömək edir.
Prezident İlham Əliyev beynəlxalq təhsil mərkəzlərilə sıx əməkdaşlıq yolu ilə Azərbaycanın təhsil sahəsində daha böyük nailiyyətlər qazanacağına ümidini dilə gətirib. Azərbaycan hökuməti uzun illərdir ki, gənclərin dünyanın aparıcı ali məktəblərində təhsil almalarını nəzərdə tutan proqramı maliyyələşdirir. Bununla yanaşı, ölkə dünyanın aparıcı təhsil ocaqları ilə əlaqələri daha da genişləndirmək istəyir. Maraqlıdır ki, yalnız bu il gənclərin xaricdə təhsil almasına, təxminən, 40 milyon avro yönəldilib.
Azərbaycan gənclərinin idmana cəlbi və ümumiyyətlə, qlobal miqyasda idmanın inkişafına da böyük töhfələr verir. Xatırladaq ki, gələn il Bakı I Avropa Oyunlarına ev sahibliyi edəcək.
"Gənclərin özləri Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində bilavasitə rol oynayırlar". Bunu isə Azərbaycan Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumun kluarlarında jurnalistlərə verdiyi açıqlamasında bildirib. O, Azərbaycanın gənclərə yaradılan şərait göstəricilərinə görə dünyada ilk otuzluqda yer aldığını söyləyib.
Azərbaycanın gənclər siyasətilə bağlı atdığı addımlarla bağlı səsləndirilən bütün bu bəyanatlar BMT nümayəndələrində rəğbət və məmnunluq yaradıb. Onlar dünyanın bir sıra ölkələrində gənclər siyasətinin, ümumiyyətlə, olmadığını, prinsipcə, hər şeyə "sıfırdan başlamağın" vacibliyini etiraf edirlər.
Forum iştirakçıları da tədbirin önəmindən danışıblar. Onlardan bəzilərini təqdim edirik.
Mariya Vasileva-Blajev, BMT-nin Əhali Fondunun İstanbuldakı regional ofisinin gənclər sahəsində proqram mütəxəssisi: "Bu forumun hökuməti, QHT-ləri, gəncləri, gənclər sahəsində ekspertləri birləşdirməsi çox vacibdir. Gənclər siyasəti hərtərəfli və effektiv olmalıdır".
Pol Neri, UNİCEF-in Cenevrədəki regional ofisinin İİV/QİÇS-in profilaktikası və yeniyetmələrin inkişafı üzrə mütəxəssisi: "Düşünürəm ki, gənc insanların inkişafı ilə bağlı çox diskussiyalar olacaq. Siyasəti və maliyyəni birləşdirməyə nail olsaq, çox maraqlı olardı. Axı, siyasət sadəcə kağızdır. Strategiyalar çoxdur, onların reallaşdırılması isə tamamilə başqa məsələdir. Odur ki, ən vacibi onların maliyyələşdirilməsidir".
Saodat Bayqaziyeva, Community Initiatives and Research Central Asia (Qırğızıstan) təşkilatının nümayəndəsi: "Bu forum mənim üçün vacibdir. Çünki hazırda ölkəmin gənclər siyasətində azsaylı icmaların ehtiyacları və maraqları nəzərə alınmır. Söhbət miqrantlardan, küçə uşaqlarından, İİV-ə yoluxmuş insanlardan gedir. Bizim gənclər siyasətimiz əsasən üstünlük təşkil edən qruplara, millətlərə şamil olunur. Bu forum mənim üçün ona görə vacibdir ki, burada tez-tez üzləşdiyimiz məsələnin - yaşla bağlı ayrı-seçkiliyin müzakirəsi üçün imkanlar var. Ümid edirəm ki, forum bizə milli gənclər siyasətlərinin insan haqları sahəsində beynəlxalq normalara uyğunlaşdırılması üçün istiqamətlər, sənədlər verəcək".
Qeyd edək ki, Gənclər Siyasəti üzrə I Qlobal Forum BMT-nin İnkişaf Proqramı, UNESCO və BMT baş katibinin gənclər məsələləri üzrə xüsusi nümayəndəsinin ofisinin dəstəyilə keçirilib. Ümumilikdə, forum çərçivəsində Bakıda təhsil, sahibkarlıq, sülh və təhlükəsizlik, gender bərabərliyi, gənclərin sağlamlığı ilə əlaqəli 20-dən artıq məsələ müzakirə olunub. Bütün bunlar qlobal əhəmiyyət daşıyan son dərəcə aktual problemlərdir. Regional sessiyalara BMT-nin 5 iqtisadi komissiyası rəhbərlik edib - Afrika üzrə, Qərbi Asiya və Sakit okean üzrə, Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə. Forumun yekununda tövsiyə xarakterli sənəd hazırlanıb.
Şübhəsiz ki, bu dərəcədə yüksək səviyyədə keçirilən forum gənclər siyasətlərində hədəflərin koordinasiyasına, bu sahədəki problemlərin həllinə, dünya dövlətlərinin strukturları arasında təcrübə mübadiləsinə xidmət edir. Ümid edək ki, forum orada qaldırılmış qlobal problemlərin həllinə kömək edəcək.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, dünyanın öncül dövlətlərinin uğurlu inkişafının şərti, ümumiyyətlə, bütünlükdə bəşəriyyət üçün aparıcı qüvvə təbii sərvətlər yox, yüksək səviyyəli elm və təhsildir.
MƏSLƏHƏT GÖR: