
ERMƏNİSTANA BİR İL VERDİLƏR
Fransa prezidenti İrəvana ümumi sülh razılaşması üzərində işə başlanılmasını təklif etməklə, Azərbaycana dəstək verib
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Parisin Marinyi sarayında Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar keçirilib.
Görüşün keçirilməsilə bağlı təklif Fransa prezidenti tərəfindən onun bu ilin mayında Cənubi Qafqaza etdiyi səfəri zamanı səsləndirilmişdi. Lakin konkret vaxtın və gündəliyin müəyyənləşdirilməsinədək qoşunların təmas xəttində vəziyyət kəskin şəkildə ağırlaşmış, atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar olmuşdu. Gərginliyin daha da artmasını önləmək üçün Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan dövlət başçılarının təcili görüşünə dair təşəbbüslə çıxış etmiş və onlar Soçidə bir araya gəlmişdilər. Daha sonra NATO-nun Uelsdə keçirilən sammiti zamanı ABŞ-ın dövlət katibi Con Kerri İlham Əliyevlə Serj Sarqsyan arasında daha bir görüş təşkil etmişdi. Cəbhə xəttindəki gərginliyin fonunda bu görüşlər sülh danışıqlarının inkişafı yox, prezidentlər arasında dialoqun davamlılığının dəstəklənməsi, ən əsası isə münaqişənin qaynar fazaya qədəm qoymasının önlənilməsi məqsədi güdürdü.
Paris görüşünə gəlincə, ondan əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etmiş, görüşə ciddi hazırlıq aparılmışdı. Bu üzdən tərəflərin son dövrlər üçün xarakterik olan qarşılıqlı məzəmmətlərdən, ittihamlardan imtina edəcəklərinə, məzmunlu danışıqlara qayıdacaqlarına ümid var idi. Bu gözləntilər tam olmasa da, qismən doğruldu. Fransa prezidentinin iştirakı ilə aparılan məsləhətləşmələrdən sonra Azərbaycan və Ermənistanın dövlət başçıları Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyur Andio (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiklə birlikdə ətraflı müzakirələr apardılar. Daha sonra İlham Əliyevlə Serj Sarqsyan arasında təkbətək görüş oldu. Danışıqlara 3 ölkə prezidentinin Minsk Qrupunun həmsədrlərilə birgə keçirdikləri görüşlə yekun vuruldu.
Danışıqlar masasına vasitəçilər tərəfindən hər hansı razılaşdırılmış sənəd qoyulmadığından, Paris görüşündə konkret razılaşmanın əldə olunacağı gözlənilmirdi. Bu üzdən görüşün lokal nəticəsi kimi, tərəflərin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Qırmızı Xaç təşkilatının himayəçiliyilə informasiya mübadiləsinin həyata keçirilməsi haqda razılığa gəlmələrini göstərmək olar. Güman etmək olar ki, görüşdə tərəflər Minsk Qrupu həmsədrlərinin iştirakı ilə sülh razılaşmasının əsas məqamlarının müzakirəsinin intensivləşdirilməsində, təmas xəttində ən azı yaxın dövrlərdə sabitliyin qorunub saxlanması üçün səylərin göstərilməsində maraqlı olduqlarını ifadə ediblər.
Azərbaycanın Paris görüşünə qiymətini xarici işlər naziri Elmar Məmmədyarov ifadə edib. «Prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək, hələlik inkişafa nail olunmamış məsələlərə baxıldı», - deyə APA-nın məlumatına görə, nazir qeyd edib. E. Məmmədyarovun sözlərinə görə, Prezident İlham Əliyev görüşdə bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır: «ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbinin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaq. Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər əsaslı şəkildə azalacaq».
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə öz növbəsində Paris görüşünü "...faydalı, səmimi və konstruktiv" adlandırıb. O bildirib ki, görüşdə "...tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində addım atılıb, Soçi görüşündən Paris görüşünədək tərəflərin əhvallarında müsbət dəyişiklik var". E.Nalbandyan ermənilərin məşhur mövqeyini bir daha dilə gətirərək bildirib ki, ilk növbədə, qarşılıqlı inamın yaradılması, atəşkəs rejiminin möhkəmləndirilməsi, Minsk Qrupunun bu mövqeyilə həmrəyliyin açıq şəkildə bəyan olunması vacibdir. Amma görüşün yekununa dair yayılmış sənədə gözucu baxmaqla, erməni diplomatiyasına və təbliğatına xas olan yalanı və faktların təhrifini görmək mümkündür.
Yelisey sarayının rəsmi saytında yer almış məlumata görə, Fransa prezidenti qoşunların təmas xəttində gərginliyin effektiv şəkildə azaldılmasının vacibliyini bildirib. Fransua Olland iki ölkə prezidentlərini danışıqlarla bağlı səyləri artırmağa, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, o cümlədən Minsk Qrupunun həmsədrləri tərəfindən müəyyənləşdirilmiş prinsiplərə əsasən dayanıqlı həllinə nail olmağa çağırıb. Olland Qarabağ münaqişəsində status-kvonun davam etməsinin yolverilməzliyini də bəyan edib. O, hər iki prezidenti fikir ayrılıqlarının aradan qaldırılması üçün siyasi iradə nümayiş etdirməyə səsləyib. Fransa prezidenti danışıqlar prosesini "ölü nöqtə"dən tərpətmək üçün ümumi sülh razılaşması üzərində işə başlanılmalı olduğunu deyib. Xatırladaq ki, Azərbaycan artıq xeyli müddətdir ki, məhz bu sənəd üzərində işə başlanılmasını təklif edir.
Göründüyü kimi, ermənilər Paris görüşündə nə "DQR"in danışıqlar prosesinə qoşulmasının məqsədəuyğunluğunu, nə də mövcud "status-kvo"nun möhkəmləndirilməsinin vacibliyini gündəmə gətirə biliblər. Əksinə, Fransa prezidenti "status-kvo"nun qorunub saxlanmasının yolverilməz olduğunu bildirib, tərəfləri ümumi sülh razılaşması üzərində işə başlamağa çağırıb.
Sözdə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan Ermənistan tərəfi həmişəki kimi, Paris görüşü ərəfəsində də atmosferi zəhərləmək üçün əlindən gələni edib. Görüş ərəfəsində Amerikanın "Nyu-York Tayms" Ermənistan prezidenti Serj Sarqsyanın kifayət qədər təxribat xarakterli müsahibəsi dərc olunub. Müsahibəsində o, Azərbaycanın və Azərbaycan hökumətinin ünvanına kobud, sivil siyasətçiyə layiq olmayan fikirlər səsləndirib. Bir tərəfdən erməni tərəfinin hər görüş ərəfəsində bu cür əməllərə əl atması diqqətin sülh prosesindən yayındırılması məqsədi daşıyırsa, digər tərəfdən Sarqsyanın "cəsarətli" bəyanatları Ermənistan daxilində başlamış etiraz aksiyaları və sosial narazılıqlar fonunda hakim rejimin siyasi çəkisini az da olsa qoruyub saxlamağa yönəlib. Bilavasitə Paris görüşünün keçirildiyi gün - oktyabrın 27-də diversant elan edilmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə prosesi" adlı tamaşanın təşkili də qətiyyən təsadüf deyil. Xatırladaq ki, onlar ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində düşmənə əsir düşüblər (onlarla birlikdə olan üçüncü azərbaycanlı Həsən Həsənov əsir götürülən zaman qətlə yetirilib). Azərbaycanlılar "sərhədi qanunsuz keçməkdə" ittiham olunurlar. Halbuki onlar Azərbaycanın ayrılmaz hissəsi olan Kəlbəcərə analarının, atalarının məzarını ziyarət etmək üçün getmişdilər. D.Əsgərova və Ş.Quliyevə qarşı 1 erməni oğlan uşağını və 1 zabiti qətlə yetirdiklərilə bağlı irəli sürülən ittihamların heç bir əsası yoxdur və bu, tamamilə qondarma ittihamlardır. Bu cür əməllərin davam etdirilməsi erməni tərəfinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində real irəliləyişə nail olmaq niyyətinin səmimiliyinə şübhə yaradır.
Paris görüşünün sonunda bəyan edildiyi kimi, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarqsyan dialoqun BMT Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək sammiti çərçivəsində davam etdirilməsinə dair razılığa gəliblər. Ermənistan KİV-i bunu Qarabağ münaqişəsinin nizamlanması prosesində, təxminən, 1 il müddətinə taym-autun elan olunması kimi şərh edir. Onların fikrincə, qlobal dünyada münasibətlərə müəyyən aydınlıq gəlməsinədək belə bir pauzanın elan olunması zəruri idi. İranla Qərb arasındakı yaxınlaşma, Yaxın Şərqdə yeni qüvvələr nisbəti, Qərb-Rusiya münasibətlərinin yeni xarakterinin nəzərə alınması, qarşıdakı ilin region üçün dönüş ili ola biləcəyi də söylənilir.
Amma daha sadə, qlobal geosiyasətə aidiyyəti olmayan məqamlar da var. 2015-ci ilin yazında Ermənistan "erməni soyqırımı"nın 100-cü ildönümünü qeyd etməyə hazırlaşır. Ermənilər bu mərasimə dünyanın müxtəlif ölkələrindən nümayəndələr dəvət edir. Onlar bu tarixdən erməniliyin beynəlxalq mövqelərinin gücləndirilməsi, Serj Sarqsyanın korrupsiya qalmaqalları, iqtisadi durğunluqla laxlamış hakimiyyətinin möhkəmləndirilməsi üçün maksimum istifadə etməyə çalışırlar. Bu şəraitdə Ermənistanın Qarabağ münaqişəsinin həllində güzəştə gedəcəyinə, konstruktivlik nümayiş etdirəcəyinə inanmaq çətindir.
"Soyqırımının 100 illiyi" ərəfəsində beynəlxalq aləmdə "əzabkeş xalqın taleyinə acıma" dalğasının qalxması fonunda ermənilərə hərbi təzyiq də məqsədəuyğun deyil. Üstəlik, Bakı özü yayda Birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu, hətta müharibənin getdiyi yerlərdə belə, barışığın elan olunmasını nəzərdə tutan yarışdır.
Bu şəraitdə tərəflər "sakit diplomatiya"ya, ekspertlər, XİN, Minsk Qrupunun həmsədrləri səviyyəsində danışıqlara üstünlük verəcəklər. Vacib olanı vaxtın itirilməməsi, prezidentlər səviyyəsində görüşün bərpasınadək ümumi sülh razılaşması üçün əsas sayıla biləcək sənədlərin hazırlanmasıdır. Yəni bu ili həm də Ermənistan tərəfinə konstruktiv yola qayıtmaq üçün verilmiş vaxt da hesab etmək olar.
2015-ci ilin payızına Azərbaycan hazırda ordunun ciddi şəkildə gücləndirilməsinə yönəlmiş proqramın reallaşdırılmasını, demək olar ki, başa vuracaq. Ermənilərin "1915-ci il soyqırımı" ilə bağlı müəyyən imtiyazlara, üstünlüklərə olan ümidlərinin xülya olduğu təsdiqlənəcək, Krım və Donbass hadisələri fonunda beynəlxalq birliyin aqressiv separatçılığa, başqa dövlətlərin ərazisinin güc yolu ilə işğalına mənfi münasibəti daha da güclənəcək. Üstəlik, Ermənistanın iqtisadi və demoqrafik problemləri də həllini tapmayacaq. İstənilən taym-autun sonu var və tərəflərin həlledici qərarların təxirə salınmasının mümkünsüz olduğu mərhələyə necə gedib çıxacaqları çox önəmlidir.
MƏSLƏHƏT GÖR: