24 Noyabr 2024

Bazar, 13:48

ZAMANIN YÜRÜŞÜ və HƏYATIN NƏBZİ

Gerçəkliyin illüziyası, yaxud qeyri-reallığı

Müəllif:

15.12.2011

Planeti bürümüş dünya şəbəkəsi, demək olar ki, hər bir insanın həyatına daxil olub. O dərəcədə daxil olub  ki, artıq virtual Allah evləri barədə danışırlar. Bir vaxt məşhur Kordova məscidinə oxşar virtual "Çebi" məscidi layihələndirilmişdi. 2009-cu ildə isə  İtaliyanın Ostiya şəhərinin Müqəddəs Məryəm kilsəsinin dindarlarına məbədin rəsmi saytında şam yandırmaq imkanı yaradılıb. Virtual şamlar Santyaqo-de-Kompostela (İspaniya) kafedral kilsəsində də peyda olub. Bu dəfə insanlara virtual dualar gerçəkləşdirmək məsələsində də yardım barədə düşünülür. Əgər bu sahədə diri bölmə də "işə salınıbsa", onda virtual işin geniş yayıldığı ilə razılaşmaqdan başqa işimiz qalmır ki, bu da həyatın indiki templərində o qədər də təəccüblü görünmür. Məsələn, real sektorda qida baxımında birdəfəlik paketlər (çay, qəhvə, hamburger və s.) lider mövqedədir. Onlar ziyanlıdır, amma biz razıyıq: saatlarla sobanın yanında durmağa ehtiyac qalmır, hətta uşaqları da tezbişən yeməklərə qonaq etmək mümkündür. Çoxları üçün birdəfəlik yaxınlıqdan doğan sevgini də bu sıraya aid etmək olar. 

Bütün bunlar ona görədir ki, bizim devizimiz sürətdir. Biz daim harasa gecikməkdən, nəyisə əldən buraxmaqdan qorxuruq. Bu fırlanqac dahi macar bəstəkarı Frens Listin əsərlərindən birinin notları üzərində məşhur müəllif qeydinə uyğun gəlir: "Tez, daha tez, nə qədər mümkündür o qədər tez, daha da tez". Bu sürət tamamilə anlaşılandır, amma görəsən, nəyə xidmət göstərir? Özü də bu sürət bizi əhatə edən hər şeyin keyfiyyətini qurban verir. 

Bəs bir sıra hallarda bu şəbəkəyə girməyin yararlılığı varmı? Burada həyat fəaliyyətinin görüntüsü təzahür etmir ki? Şəksiz, buradakı sürət insanı heyran qoyur. Sən heç bir çətinik çəkmədən dostların sırasını genişləndirirsən (nominal olsa da çoxları üçün bu, problem deyil). Səhifəni çevrirsən və xəbər lenti qulluğunda  durur. Buna paralel olaraq, sənə "doğma" olan portalların lazımi məlumatları ilə tanış olursan. Yeni pəncərələri açıb-bağlayırsan - sevimli musiqin dillənir, sonra virtual sevgi peyda olur. Bu gün şəbəkədə sevgili və sevimli olmaq çox asandır, heç bir diqqət və qayğıya ehtiyac yoxdur, sürprizlər barədə düşünmək, görüşə hazırlaşmaq lazım gəlmir. Deyəcəksiz ki, virtual dünya reala keçir? Bunsuz olmaz, bu, dəbə dönüb?   

Bütünlükdə, müəllif həmişə söyləyib və söyləyir ki, virtual məkan - real həyatın inkasıdır. Amma virtual dünyadakı münasibətləri həyatın tam keyfiyyətli "nəfəsi" saymaq olarmı? Əlbəttə, müəyyən qədər oksigen ehtiyatı orada da tapmaq olar, amma təmiz və təzədirmi? 

Bu gerçəkdir, yoxsa layihələşdirilən yaşayış massivinin reklamındakı ilə obyektin istifadəyə verilməsindən sonra hər bir mənzildə cərəyan edən real həyat arasındakı paralelliyə bənzəyir? Reklam bukletində hər şey gözəldir, amma mənzillərin içində mübahisələr, anlaşılmazlıqlar və məişət problemləri yaşanır. Məgər bizim özümüz üçün prospekt kimi yaratdığımız və rəsm etdiymiz bukletlərdə virtuallıq yaranmır?

Şəksiz, burada hisslər və emosiyalar var, amma onlar gerçək həyatda aradığımız və çatışmayan anlamların - duyğusal, fiziki və fizioloji anlamların "fantom" nəticələri deyilmi? Belə olan halda, 100% əminlik haradandır ki, bizimlə oynamırlar? Bəs biz oynamırıq? Bəlkə də bilərəkdən bunu etmirik, amma bəzi hallarda bu cür virtual yenilik axtaranlar olmaq istədikləri kimi özlərini təqdim edirlər. Belə çıxır ki, bu, virtual qeyri-reallıqdır və bəyan etmədən gerçəklikdə əlçatmaz olan üfüqlərin ölçülərindən kənarda olmağı sınamaq istəyidir? Amma onda biz işin məğzində qeyri-real oluruq, surroqat münasibətlərin surroqatına çevrilirik. Yəqin ki, özümüz barədə səmimi şəkildə düşündükdə, bizim üçün bu "fantom gerçəklik"in nə faydası olub-olmadığını anlaya bilərik. Əgər bunu etmək istəmiriksə, onda bizim virtual asılılığı etiraf etmək lazımdır, çünki "monitor arxası"ndakı dünyanı biz praktik olaraq öz real evimiz kimi qəbul edirik.     

   

Dahi X.Kortasarı xatırlarkən  

Məsələ bundadır ki, fantom həyat gerçəkliyinə çevrildikcə, biz bu aləmə daxil olaraq texnika tərəfindən idarə olunuruq.  Tamamilə ora daxil olduqdan sonra biz, demək olar ki, real aləmdən yox oluruq, orada yalnız məzmunsuz formamızı saxlayırıq.  Dahi Argentina yazıçısı Xulio Kortasarın "Aksolotl" əsərində nələrin baş verdiyini xatırlayırsınızmı? Əsərin qəhrəmanı hər gün nəbatat bağında akvariumda aksolotlu (bir sıra suda-quruda yaşayanların süfrəsini) müşahidə edirmiş. Birdən anlayır ki, "bizi" nəsə bağlayır. Müəyyən zaman kəsiyinin keçməsindən sonra, qəhrəman aksolotlun "ona görməyin başqa üsullarının olduğunu" deyən gözlərinə baxaraq etiraf edib: "İndi mən özüm aksolotlam". Başqa sözlə, o sanki öz dünyasında qalaraq, tamamilə virtual dünyaya "köçüb". Real gerçəklik itirilmiş vəziyyətə düşüb. Mən sanki "Mən"əm, amma belə deyil. Axı "Mən" ordadır, deməli, burda "Mən" yoxam. Bununla da fərd praktik olaraq heç kimə, fanta çevrilir. 

X.Kortasarın məşhur "Şeytan tüpürcəkləri" novellası da var və onun motivləri əsasında italyan rejissoru Mikelancelo Antonioni məşhur "Blow-Up" ("Foto böyütmə") filmini çəkib. Həvəskar fotoqraf təbiətdə hansısa cütlüyün şəklini çəkib. Fotonu aşkarladıqdan sonra onu divara vuraraq baxmaqla real fonu xatırlamağa başlayıb. Və birdən təsəvvür və hisslər vasitəsilə fotodan keçərək özünü həmin gerçəklikdə hiss edib. Beləliklə, fotoqraf gerçək hadisə və həvəsləri hiss etməklə xəyallar və fantaziyalar aləminə düşüb. Amma deyin, hadisələrin bu cür gedişində həyat nəfəsi varmı? Onun dadı varmı? Buradan hər hansı oksigen almaq müm-kündürmü?

 

Virtuallıq narkotikdir?  

Bununla bağlı böyük incəsənətdən başqa şeylər də yada düşür. Tanınmış Latın Amerika yazıçısı Antonio Larretanın "Hersoginya Albanı kim öldürdü və ya Volaverunt" əsəri dəqiqliklə tanınmış rəssam Fransisko Qoyyanın bir əsərinin hadisəsi ilə üst-üstə düşür. Daha dəqiqi, o, bir tozun insan bədəninə inanılmaz təsirindən bəhs edir. Onun istifadəsindən sonra yaranmş hisslərə heyranlığını gizlətməyən böyük usta sonra bildirir ki, toz "hisslərə və beynə" təsir göstərir, insanda yalnız real predmetlərin deyil, həm də xəyali predmetlərin rəngini və formasını müəyyən etmək qabiliyyəti yaranır. Bunun nətiəsidir ki, Qoyya  özünü "bizim təsəvvürümüzün gerçəklik səthinin arxasında" gizlənmişləri yaratmağa qadir rəssam sayırmış. 

Amma onun kəşfi təkcə bununla bitmirdi. Qoyya yuxarıda bəhs edilən halın qiymətini "həddindn baha" sayırdı və bunu "vaxtında" anlaya bildiyini vurğulayırdı. "Kapriços" silsiləsindən "qürurlu maxa"nın təsvir edildiyi "Volaverunt" əsərinə istinad edərək, o bildirir ki,  başı üzərində qanadlarını açmış böyük kəpənək "sanki maxanı uçuşa, uzaqlara və həzlərə dəvət edir ki, o, ayağının ətrafında dolaşan monstrlara fikir verməsin". Amma rəssam sonda bildirir ki, istənilən halda monstrlar qalib gəlir, çünki kəpənək sadəcə mirajdır. "Bu dəhşətli toz əvvəlcə başımızda sehrli və rəngbərəng kəpənəklər yaradır, sonra isə bizi cəhənnəmin rəngsiz dəhşətlərinə yola salır", - deyə Qoyya vurğulayır. Deyir ki, alışma tozdan qul kimi asılılığa gətirir və bu, insanı məhv edir.

 F.Qoyyanın fırçasının rəngləri ilə təsvir edilmiş hekayə dahiyanədir, eləmi? Amma emosiyaları kənara qoyaq, ağ tozun  əhvalatı (onu narkotika adlandıraq) bugünümüzün virtual həyatını xatırlatmırmı, burada da "kəpənəklər" rahatlıqla "monstr"lar tərəfindən yeyilə bilər? Lütfən, nəzərə alın ki, burada söhbət virtual dünya ilə əlaqəsi olanların hamısından getmir. Əgər insan ona yararlı olan vasitələrdən istifadə edərsə, burada şəxsiyyət üçün hansı problemlər yarana bilər ki? Ümumiyyətlə, bizim virtual dünyada mövcudluğumuz Allah tərəfindən yaradılmış dünyaya bənzəyir - hər iki dünyada seçim imkanları yetərincədir! Bu və ya digər hallarda hansı addımları atacaqsan? Hara və nə şəkildə üz tutacaqsan? Suallar çoxdur. Biri o birisindən mürəkkəbdir. Onların bəzilərini həll etmək üçün reseptləri yetərincə azdır. 

Virtual dünya özünə doğru cəlb edir. Bəzən şəbəkədə ilk baxışdan ən zərərsiz, sadəcə, həyatın bir udum "təzə" havası naminə birsaatlıq olmaq istəyi asılılğa qədər aparır. Və sən Kortasarın "Aksolotl" əsərinin qəhrəmanının gününə düşürsən. Virtual dünyanın əsirinə çevrilməklə "Şeytanın tüpürcəkləri" filmindəki fotoqraf obrazına addım-addım yaxınlaşırsan. Və sən orada yaşayırsan, gerçək həyatda isə sadəcə, bir qılafa çevrilirsən. Sənin bütün düşüncələrin virtual gerçəksizlikdədir və səni "monitor" amfibiya-insanına çevirir, virtual zombi olmağın astanasındasan. 

Əlbəttə, proses "amfibiya" və onun ətrafdakıları üçün zərərsiz inkişaf edərsə, bu barədə narahatlıq "fərdi" xarakter daşıya bilər, sözü-gedən fərd üçün elə də böyük problemlər yaratmaz. Amma "kəpənəklər" və "monstr"lar peyda olandan sonra, virtual dünya insanın orqanizmini məhv edir. 

Əlbəttə, ilk baxışdan virtual dünyada hər şey rahatdır, insan öz hisslərinin, təsəvvürlərinin, fantaziyalarının ağasıdır. Ancaq insan bu uydurma dünya ilə nəfəs alanda nə baş verir? Deməli, virtual reallıq (və ya qeyri-reallıq?) artıq səni real həyatdan "qoparır". Özü də əsaslı şəkildə - virtual gerçəksizlikdən asılılıq formalaşdırır (bu, narkomanın narkotik maddə dozasından asılılığına bənzəyir). Ona görə bizim hamımıza bu sərhədi keçməməyi arzulayırıq. Özümüzü gerçək hisslərin və şübhələrin olduğu gerçək dünyanın gerçək insanı kimi hiss etmək naminə. Tanrının bizdən ötrü yaratdığı bu dünyada olmaq naminə! 


MƏSLƏHƏT GÖR:

347