24 Noyabr 2024

Bazar, 14:56

ÖZ HESABINA PENSİYAYA

Azərbaycanda pensiya təminatında yığım sisteminin tətbiqinin sürətləndirilməsi məsələsi müzakirə edilir

Müəllif:

15.12.2011

Son illərdə Azərbaycanın pensiya sistemində dəyişikliklər mütəmadi xarakter alıb. Mərhələli şəkildə, "Əmək  pensiyaları haqqında" baza qanununa düzəlişlər etməklə hökumət həm sözügedən qanunun qəbul edildiyi 2006-cı ilə kimi əmək  pensiyasına çıxmış insanlara pensiya hesablanması zamanı yol verilmiş ədalətsizliyi aradan qaldırmaq, həm də gələcək  pensiyaçılara pensiya hesablanması sistemini yaxşılaşdırmağa çalışır. Bununla yanaşı belə bir fikir var ki, sistemin bütünlüklə xarici ölkələrin uğurlu təcrübəsinə uyğun gəlməsi üçün Azərbaycanda pensiya islahatlarının konsepsiyasının gerçəkləşdirmə templərini sürətləndirmək  zəruridir. Bu kontekstdə, misal üçün, yığım pensiya təminatı sisteminə keçmək üzrə işlərin fəallaşdırılması təklif edilir ki, bu, yalnız potensial  pensiyaçılara deyil, həm də Dövlət Sosial Müdafiə Fondunun özünə də faydalı olar, o cümlədən, onun özünümaliyyələşdirilmə problemini də həll edərdi. Amma Dövlət Fondunun özündə əmindirlər ki, islahat konsepsiyasının üçüncü və yekun komponenti hələ yetişməyib. 

 

Üçüncü və son komponent

Pensiya təminatında yığım sisteminə keçidi sürətləndirmək təklifi ilə Mərkəzi Bank (AMB) da çıxış edib. O cümlədən, bankın idarə heyətinin sədri Elman Rüstəmov öz çıxışlarının birində bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin kəsri artmaqda davam edir - son 10 ildə o, on dəfə artıb və 1 mlrd manata çatıb. Hazırda isə əhalinin qocalması prosesi müşahidə edilir, yəni həyatın uzunluğu artır. Əgər bu gün 6 nəfər bir pensiyaçının pensiyasını təmin edirsə, gələcəkdə bu göstərici azalacaq və yaxın illərdə üçün- birə nisbətinə çatacaq. Nəticədə, dövlətə təzyiq artacaq ki, bu da təbii ki, dövlət büdcəsi üçün problemlər yaradacaq. 

E. Rüstəmovun sözlərinə görə,  Azərbaycanın yaxşı pensiya strategiyası mövcuddur, ancaq ona daxil edilmiş müddətlərə yenidən baxılmalıdır. "Yığım sisteminə keçid, büd-cəyə təzyiqin azalması fiksal konsilidasiyaya gətirəcək. Biz deyəndə ki, iqtisadiyyatda maliyyə resursları, uzunmüddətli investisiya resursları çatmır, nəzərə almalıyıq ki, dünyada banklar tərəfindən verilən kreditlərin əsas mənbəyi pensiya və sığorta fondları, əhalinin yığımlarıdır. Yığımın böyük həcmi var və praktik olaraq əhalinin əmanətləri əhalinin əmanətləri ilə bir səviyyədə olur", - deyə ölkənin baş bankiri hesab edir. Onun sözlərinə görə, buna ən yaxşı nümunə Qazaxıstan ola bilər, o, pensiya islahatlarını azacıq əvvəl başlayıb, amma pensiya fondlarına artıq $13 mlrd yığa bilib və bu, ölkə iqtisadiyyatının ən önəmli maliyyələşdirmə qaynaqlarından birinə çevrilib. 

Qeyd edək ki, 2009-2015-ci illər üzrə Azərbaycanın pensiya islahatları konsepsiyasına görə, pensiya təminatının yığımı sistemi üçüncü, yekun mərhələ kimi nəzərdə tutulub. Yada salaq ki, indiki pensiyaçılara dövlət tərəfindən ödənən və gələcək üçün formalaşdırılan əmək pensiyası üç hissədən - baza, sığorta və yığım hissəsindən ibarətdir. 

Baza hissəsi pensiyanın ən kiçik komponentidir və minimum pensiyadan, əvvəlki kompensasiya əlavələrindən və əlavə ödənişlərindən ibarətdir. Bu məbləğ pensiya yaşına çatmış və 12 illik minimum iş stajına malik bütün şəxslərə verilir. Pensiyanın baza hissəsinin əsas funksiyası - hər hansı bazaya sosial zəmanəti verməkdir. Baza hissəsi işəgötürənlərin ödənişləri hesabına formalaşsa da, faktik olaraq dövlət büdcəsindən ödənilir və yığılan ödənişlərin konkret məbləğindən asılı deyil. Onun ölçüsü hazırda 85 manat təşkil edir. DSMF-dən bildirirlər ki, Azərbaycanda qanunvericiliyə dəyişikliklər ediləndən sonra, minimum pensiya alan pensiyaçı artıq qalmayıb.

Pensiyanın ikinci  təşkiledicisi sığorta hissəsidir - ümumi bərabərləşdirmədən uzaqlaşmağa, əmək pensiyasının ölçüsünü əmək haqqına və iş stajına bağlamağa imkan verir. Bütün gələcək pensiyaçılar onun maliyyələşdirilməsi üzrə eyni öhdəliklərə, onun təyin edilməsi və ölçüsü baxımından eyni hüquqlar əldə edəcəklər, heç bir istisna və güzəşt olmayacaq.  

Bu ödənişlərin ölçüləri fərdiləşmiş uçota şamil edilir və hər bir sığorta edilmiş şəxs üçün pensiya kapitalı şəklində yazılır. Beləliklə, pensiya bütün əmək fəaliyyəti boyunca maaşdan köçürmələr hesabına formalaşır (hazırda bu köçürmələr əməkhaqqı fondundan işəgötürən tərəfindən edilən 22 faizlik ödəniş və işçinin maaşından tutulan 3 faizlik rüsumdur). Fərdi hesabda nə qədər çox maaş yığılarsa, sonda pensiya bir o qədər çox olar. 

Pensiyanın yığım hissəsi, əslində, sığorta növüdür, amma bu halda yığım üçün yönəldilən vəsaitlər cari pensiyaların ödənişi üçün xərclənmir və qiymətli kağızlara, gəlir əldə etmək üçün başqa investisiya aktivlərinə yatırılacaq, oradan gələn gəlirlər isə sığorta edilmiş insanın şəxsi hesabına əlavə ediləcək. Sonucda bu, pensiyaya böyük əlavə olacaq. Bu zaman önəmlidir ki, əlavə yığım pensiyası könüllüdür, o, hər şeydən əvvəl ahıl çağlarında adət etdiyi həyat şəraitini saxlamaq istəyən insanlar üçün nəzərdə tutulub. 

 

Tələsməli, amma ehtiyatlı olmalı!

Azərbaycanda bu komponentin tətbiq edilməsinə gəldikdə isə, DSMF-in planına görə, yığım pensiyaları üzrə hüquqi baza 2014-2015-ci illərdə hazırlanacaq. Milli qanunvericilik Avropa standartlarına uyğunlaşdırıldıqdan sonra, DSMF əhaliyə sərbəst vəsaitlərini DSMF-dəki hesablarına ödəniş kimi verməyə imkan yaradacaq, onların da üzərinə faiz gələcək. Pensiyaya çıxan zaman onlar pensiyanın baza hissəsi ilə yanaşı, vəsaitlərin bir hissəsini yığım hesabından əldə edəcəklər. 

Gerçəkdən, bu prosesi Elman Rüstəmovun düşündüyü kimi sürətləndirməyə ehtiyac varmı? Bir tərəfdən, dövlət büdcəsindən DSMF-ə transfertlərin həcmi bu gün yetərincə yüksəkdir - 2012-ci il üçün 1 mlrd 44 mln manat nəzərdə tutulur. Özü də bu məbləğ ildən-ilə artır, çünki ölkədə aparılan pensiya islahatları yeni vəsaitlər tələb edir ki, onları da dövlət məcburi sosial sığortası hesabına ödəmək mümkün deyil. Uyğun olaraq DSMF üçün yeni gəlir qaynağı, əlavə maliyyə aləti lazımdır ki, vətəndaşların pensiya təminatına dövlət büdcəsinin "töhfə"sini yüngülləşdirsin. 

Başqa tərəfdən isə bu gün bütün dünya iqtisadi böhranın ikinci dalğasını gözləyən bir zamanda, yığım fondu kimi riskli bir müəssisə barədə düşünmək hələ tezdir. Axı bəllidir ki, böhranın birinci dalğasında ilk zərər görən qurumlar sırasında məhz  pensiya yığım fondları da var idi. Böhran bu qurumlara hər şeydən öncə, investisiya aktivlərinin qiymətinin düşməsi ilə təsir göstərdi. 2008-ci ildə Qarşılıqlı İqtisadi Əməkdaşlıq və İnkişaf (QİƏİ) ölkələrinin pensiya fondlarının aktivlərinin toplam məbləği $18,7 trln.-dan $15,3 trln.-a kimi, yəni 19% aşağı düşdü. QİƏİ-nin məlumatına görə, 2009-cu ildə QİƏİ ölkələrinin pensiya fondları, təxminən, itkinin $1,5 trln.-nu bərpa edib ki, bu da həmin itkilərin yarısından azdır. 

Təsadüfi deyil ki, böhrandan sonra yığım sistemi olan ölkələri fiksə edilmiş ödənişlər planlarını fiksə edilmiş rüsumlarla əvəz edilməsi işini sürətləndiriblər. Çünki sonuncu maliyyə baxımından daha dayanıqlıdır, amma aktivlərin dəyərinin dəyişməsindən qaynaqlanan riskləri işçinin özü ilə də paylaşır. İndiyə kimi fondların fəal olaraq səhmlərə pul yatırdığı ölkələrdə (İrlandiya, ABŞ, Böyük Britaniyada) fondlar aktivləri səhmlərdən istiqrazlara keçirib.  Bir sıra ölkələr pensiya sisteminə ödənişləri azaldıb, dərəcələri aşağı salıb və işəgötürənlərə müvəqqəti olaraq, işçilərin hesabına paritet əsaslarla ödənişlər etməmək üçün imkan yaradıblar.  

Beləliklə, böhran göstərdi ki, fiksə edilmiş daxiletmənin yığım sistemlərində risk mövcuddur və böhran zamanı pensiyaya çıxanlar planlaşdırılandan aşağı səviyyədə pensiya ala bilər, çünki yığılmış aktivlərin dəyəri kəskin azalır. 

Məhz bu risklər Azərbaycanda yığım pensiya fondlarının yaradılması yolunda əsas maneədir. DSMF sədri Səlim Müslümovun sözlərinə görə, bununla yanaşı, bu mərhələnin gerçəkləşdirilməsi maaş fondundan tutulan icbari ödənişlərin həcminin artırılmasını nəzərdə tutur. O bildirib ki, Azərbaycanın bu sahədə göstəricisi, yəni icbari sosial sığorta vergisi MDB ölkələri (25%) arasında Qazaxıstandan (21%) sonra ən aşağıdır. 

 "Bu səviyyənin aşağı salınması işçilərin fərdi pensiya hesabında yığılan vəsaitləri də aşağı salacaq ki, bu da gələcəkdə onların pensiya təminatına mənfi təsir göstərəcək.  Belə olan halda ən doğru qərar işəgötürənlər üçün dərəcələri dəyişmədən onun tərkibində işçinin özünün payının artırılması olardı.  Amma bunu da müəyyən zamandan sonra eləmək daha doğru olardı, çünki hələ ki prioritet kimi əməkhaqlarının qaldırıması nəzərdə tutulur", - deyə Səlim Müslümov bildirib. Onun sözlərinə görə, hökumət də inflyasiya risqi ehtimalı ilə bağlı olaraq, həmçinin, dünya ölkələrində əks proseslərin gedə biləcəyini düşünərək, bu mövqeni paylaşır. "Hazırda sosial ödənişlərin səviyyəsinin qaldırılması məsələsinə baxılmır, ancaq hazırkı praktikaya əsasən, dövlət büdcəsindən transfertlər nəzərə alınmadıqda, bu səviyyə 35%-ə qədər qaldırılmalıdır", - deyə  S.Müslümov bildirib.

Bundan başqa, ekspertlər göstərir ki, daxili qiymətli kağızlar bazarının möhkəmlənməsi və inkişaf etmiş bazarlar səviyyəsinə qalxması da vacibdir. Daha önəmli bir amil bu fondlara potensial pensiyaçıların özləri tərəfindən maraq olmalıdır, bünün üçün əhali arasında müəyyən maarifçilik işlərinin aparılması lazımdır. 

Bir sözlə, Azərbaycanın müstəqil pensiya fondları yaratmağa tələsməməsi üçün səbəblər hələ ki bu komponentin gerçəkləşdirilməsinin sürətləndirilməsini vacib edən amillərə baxanda daha çoxdur. Ümumiyyətlə, qlobal ölçüdə götürdükdə hər şey ölkə iqtisadiyyatının inkişaf templərindən, həmçinin, yaxın bir neçə ildə xarici mənfi təsirlərin qarşısını almaq imkanlarından asılı olacaq.


MƏSLƏHƏT GÖR:

612