Müəllif: Zeytulla CABBAROV, Nurlanə QULİYEVA Bakı
Hökumətin və sığorta şikrətlərinin bütün cəhdlərinə baxmayaraq, sığorta bir alət kimi Azərbaycan vətəndaşlarının gündəlik həyatına daxil ola bilməyib. Bu, hazırda nə şirkətlərin, nə də ekspertlərin təkzib edə bilməyəcəyi faktdır. Yaranmış durumun səbəbi çoxdur - mentalitet özəllikləri, təklif edilən sığorta xidmətlərindən əhalinin pis məlumatlandırılması və sakinlərin bu seqmentə etibarının zəifliyi və s. göstərmək olar. Amma etiraf etmək lazımdır ki, məhz hökumət tərəfindən icbari sığorta növlərinin tətbiq edilməsi və maarifçilik-reklam işlərinin fəallaşması hesabına cari il bu istiqamətdə müəyyən irəliləyişlər müşahidə edilir. Amma bununla yanaşı, sığorta bazarında canlanma, əsasən, paytaxtda özünü göstrir - regionlar bu məsələdə hələ də passivdir. Bu məsələ, xüsusilə də aqrar sektorla - iqtisadiyyatın ən çox risklə üzləşə biləcək sahəsi ilə bağlı daha qabarıq gözə dəyir.
Problem var...
Kənd təsərrüfatı həmişə riskli məşğuliyyət olub və olmaqdadır - fermerlər öz məhsullarını bazara çıxarana kimi daim daşqınlar, quraqlıq, sürüşmələr, yanğınlar, heyvanlar arasında infeksiya, "quş qripi" kimi problemlərlə üzləşirlər. Özü də onlar yolda xarab ola bilər ki, nəticədə də keyfyyət nəzarətindən keçə bilməzlər. Beləcə, kənd sahibkarı gəlir əvəzinə, dəhşətli zərərə düşür və bu da təbii ki, onun peşəsini davam etdirməyə marağını azaldır. Son hesabda bütün bunlar bu və ya başqa kənd təsərrüfatı məhsulunun, eləcə də bütövlükdə bütün kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinə təsir göstərir. Hökumət fermerlərin istehsal prosesinə və məhsul istehsalına marağını stimullaşdırmaq üçn vergi güzəştlərinə, yanacağın qiymətinə maliyyə yardımına, həmçinin, əlverişli kreditlərin verilməsinə getməyə məcbur olur.
Amma dünya praktikasında bütün bu sadalanan riskləri çox sadə üsulla - fermerlər tərəfindən istehsal prosesinin və məhsulların sığortalanması ilə qarşılayırlar. Azərbaycanda isə bu məsələ ilə bağlı çox ciddi problemlər var.
Bu amil xüsusilə də 2010-cu ilin yazında özünü daha qabarıq göstərdi, onda ölkənin əsas çayları Kürlə Arazın, həmçinin, kiçik dağ çaylarının suyunun çox olması üzündən Aran vadisində yerləşən kənd rayonları böyük su fəlakəti ilə üzləşmişdilər. Fermalar, çardaqlar, əkin sahələri, 20 min ev su altında qaldı. 300 ev dağıldı, 2000 ev qəzalı vəziyyətə düşdü, 76 min hektar əkin və otlaq sahəsini su basdı. Azərbaycanın 5 düzənlik rayonunda - Kürdəmirdə, İmişlidə, Sabirabadda, Hacıqabulda və Saatlıda 1825 təsərrüfata zərər dəydi. Bütünlükdə, fəlakət bu təsərrüfatlara 10 milyonlarla zərər vurdu. O zaman hətta Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, zərərçəkənlərdən heç biri öz məhsulunu sığorta etdirmədiyindən, dövlət əhaliyə yardım etmək üçün dövlət büdcəsindən böyük məbləğlər ayırmağa məcbur olub.
Qeyd edək ki, hələ 2007-ci ilin yayında təsdiq edilmiş "Azərbaycanda kənd təsərrüfatının inkişafına yardım haqqında" qanuna görə, kənd təsərrüfatı sığortasının mükafat ödənişlərində dövlətin payı 25%-dən 50%-ə qaldırılıb. Dövlət büdcəsi hesabına sığorta edilən kənd təsərrüfatı bitkilərinin sırasına buğda ilə yanaşı, arpa, qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru və tərəvəzlər də daxil edilib. Qeyd etmək lazımdır ki, Azərbaycanda kənd təsərrüfatı sığortası üzrə orta tarif hektar üzrə ildə 1500 manat (gəlirin 5%-i) götürülür, gəlir isə 1 hektar üzrə ildə 25 min manat hesablanır.
Bütün bu tədbirlər kənddə sığorta xidmətlərinin tətbiqini xeyli fəallaşdırıb, amma bu sahədə vəziyyət hələ ki arzuolunandan çox uzaqdır. Yaranmış durumda günahkar kimdir - sığorta şirkətləri ilə əməkdaşlıq etmək istəməyən fermerlər, yoxsa kənd sahibkarlarına öz xidmətlərini həvəssiz təklif edən sığorta şirkətləri?
Qərar var!
Bu seqmentdə işlərin vəziyyəti təhlil edilərsə, belə fikrə gəlmək olar ki, bu mənfi meyil barədə hər hansı tərəfi günahlandırmağın heç bir mənası yoxdur. Nəticə məhz tərəflərin qarşılıqlı əməkdaşlığı nəticəsində əldə edilir. Bu əməkdaşlıq isə hazırda dövlət tərəfindən təqdim edilmiş güzəştlərə baxmayaraq, hələ ki yoxdur.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçiilk məhsullarının istehsalı və emalı üzərində nəzarət şöbəsinin rəisi Sabir Vəliyevin sözlərinə görə, nazirlik əməkdaşları mütəmadi olaraq, kənd əhalisi arasında aqrar sektorda məhsulun sığortalanmasının vacibliyi barədə təbliğat aparırlar. Amma fermerlərin əksəriyyəti rayon sığorta şirkətlərinin xidmətinə müraciət etmir, çünki onlara "etibar etmirlər".
Belə ki, "Halal" kəndli-fermer təsərrüfatına rəhbərlik edən sahibkar Vaqif Şixəliyev hesab edir ki, məhsulun sığortalanması "mənasız işdir". "Gərək gündə məhkəmələrdə qalasan və sığorta şirkətindən ödəniş almaq üçün doğru olduğunu sübut edəsən. Kənd sakinləri əksər hallarda bu cür məhkəmə proseslərini uduzurlar", - deyə o bildirir.
Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan və başqa rayonların rəyini öyrəndiymiz fermerləri də eyni fikirdədirlər. Sığorta xidmətlərinə onların etibarının az olmasını sığortaçılar özləri də etiraf edirlər. Onların fikrincə, kənd istehsalçılarının bu könüllü sığorta növünə etibarının qaytarılması üçün çox şey etmək lazımdır.
"Açıq-aydın əlverişli olmasına baxmayaraq, bu sığorta növü nə fermerlər, nə də sığortaçılar arasında lazımi qiymətini almayıb. Doğrudur, bizim şirkətin agentləri fermerlərlə ildə 400-ə yaxın saziş bağlaya bilirlər, amma bu, mövcud potensialın çox kiçik hissəsidir", - deyə bizim jurnala müsahibəsi zamanı "Azərsığorta" İdarə Heyətinin sədri Məmməd Məmmədov bildirir.
Onun sözlərinə görə hər il dövlət büdcəsində fermerlərlə sığorta sazişinin 50%-nin örtülməsi ilə bağlı müəyyən məbləğ nəzərdə tutulur, amma təəssüflə demək olar ki, heç vaxt həmin məbləğ tam 100% səviyyəsində istifadə edilmir.
Bildirmək gərəkdir ki, "Azərsığorta" daha öncə ölkə hökumətinə kənd təsərrüfatında sığorta üçün əlavə vəsaitlər barədə təklif təqdim edib. Bu zaman kənd təsərrüfatında sığorta sazişinin tam örtülməsi nəzərdə tutulurdu. Təklif onunla bağlı olub ki, fermerlərin əksəriyyəti sığorta üçün fermerin özü tərəfindən ödənilməli qalan 50% üzündən sığorta sazişi bağlamır. Onlar izah edirlər ki, həmin məbləğ kiçik sahibkarlıq üçün həddindən böyük məbləğdir. Bundan başqa, seqmenti tədqiq etmiş ekspertlərin fikrincə, Azərbaycanda fermerlər sığorta haqqında və onun imkanları barədə məlumatsızdırlar.
Daha bir problem də var. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı-direktoru Azər Əliyev hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı sığortasının inkişaf etməməsinin əsas səbəbi bu sığorta sahəsində təcrübənin və müvafiq kadr potensialının olmaması ilə bağlıdır.
"Bu sığorta növü sadə deyil və xüsusilə də zərərlərin tənzimlənməsi sahəsində təcrübəli mütəxəssislər tələb olunur", - deyə Əliyev vurğulayır. Bununla bağlı olaraq, sığortaçıların çoxu, ciddi potensialı olmasına baxmayaraq, bu bazara çıxmaq istəmir. "Kənd təsərrüfatının bizim ölkənin iqtisadiyyatının əsas sahələrindən biri olmasını nəzərə aldıqda, bu sığorta növünün perspektivli istiqamətləri ortaya çıxır", - deyə o bildirib. Bununla yanaşı, bu sahədə vəziyyət yaxın zamanlarda dəyişə bilər. Çünki qarşıdakı üç il üçün nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf konsepsiyası layihəsində bildirilir ki, 2012-2015-ci illərdə Azərbaycanda təbii fəlakətlər zamanı kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş zərərin azaldılması məqsədi ilə mexanizm yaradılması nəzərdə tutulur. "Bundan başqa, hesabat dövründə kənd təsərrüfatı sığortasının stimullaşdırılması üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi də gözlənilir", - layihədə belə qeyd olunub.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin başçısı Namiq Xəlilovun daha öncə bildirdiyi kimi, Kənd Təsərrüfatı və Maliyyə nazirliklərinin təmsilçilərindən ibarət birgə işçi qrup yaradılıb ki, bu sahədə beynəlxalq təcrübə öyrənilsin və müvafiq təkliflər hazırlansın.
Aqrar sığortanı öz fəaliyyətinin prioritet istiqaməti sayan "Başak İnam Sığorta" Sığorta şirkəti İdarə Heyətinin sədri Orxan Həsənovun sözlərinə görə, Azərbaycanda icbari aqrar sığortanın tətbiqi bazarın tələblərinə cavab verir. "Bir çox ölkələrdə, məsələn, Türkiyədə bu mexanizm uğurla işləyir", - deyə Həsənov bildirib. Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı sığortasının əsas problemlərindən biri sahibkarların fermer kimi müəyyən olunmasının çətinliyindən qaynaqlanır. "Dəqiq olmayan statistika bu sahədə qiymətləndirmə aparmağa və proqnozlar verməyə mane olur", - deyə O.Həsənov sanır. Onun fikrincə, torpaqların təyinatı üzrə istifadə edilməməsi həm kənd təsərrüfatının inkişafına, həm də aqrar sığortalaşmaya mane olur. "Məsələn, çay və sitrus bitkilərinin becərilməsi üçün əlverişli olan cənub bölgəsində torpaqların çoxu heyvandarlar tərəfindən işlədilir, halbuki, bunu başqa regionlarda da etmək mümkündür", - deyə O.Həsənov bildirir. Onun sözlərinə görə, icbari sığortanın tətbiqi çox problemi həll edər, o cümlədən, kənd əhalisinin sığorta mədəniyyətini yüksəldər. Bu, həmçinin, Azərbaycanda sözügedən sığorta növünün 100 mln manat səviyyəsində qiymətləndirilən potensialını artıra bilər və ümumi yığım səviyyəsində onun payını artırar.
Bundan başqa, ekspertlər hesab edirlər ki, Azərbaycanda kənd təsərrüfatı sığortasının inkişafı üçün kənd təsərrüfatı kreditlərinin sığortası mexanizmini təkmilləşdirmək lazımdır. Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası ilə "Oxfam" Beynəlxalq Təşkilatının birgə gerçəkləşdirdiyi layih?nin koordinatoru Ayxan Nəsiblinin sözlərinə görə, bu mexanizmin təkmilləşdirilməsi ölkənin həm kənd təsərrüfatını, həm də maliyyə sahəsini inkişaf etdirəcək. Bu zaman ən önəmli alət kənd təsərrüfatı kreditlərinin sığortası fondu olacaq. Bu cür fondun yaradılması "Kənd təsərrüfatı kreditlərinin sığorta mexanizmi" layihəsinin başlıca təkliflərindəndir. "Hazırda kənd təsərrüfatı kreditlərinin sığortası mexanizminin təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsi davam etdirilir və o, cari ilin dekabr ayının sonlarına və gələn ilin yanvar ayının əvvəlinə başa çatacaq. Sonuncu üçüncü mərhələdə layihənin yüksək dövlət səviyyəsində qəbul edilməsi nəzərdə tutulur", - deyə ekspert qeyd edib. Hökumət və qeyri-hökumət qurumları fermerlərə başa salmağa çalışırlar ki, onların məhsullarının sığortalanmasının böyük üstünlüyü var. Əsas məsələ, gerçəklikdə müsbət effektin əldə edilməsidir və onda heç bir "icbariliyə" də ehtiyac qalmaz.
MƏSLƏHƏT GÖR: