15 Mart 2025

Şənbə, 02:57

AVRO YENİ İL ŞAMININ DİBİNDƏ DƏFN EDİLMƏDİ

Amma avrozonanın gələcək taleyi hələ də sual altındadır

Müəllif:

15.12.2011

Dekabrın ilk ongünlüyündə intriqa ilə zəngin  hadisələrdən biri, şübhəsiz, Avropa İttifaqının (Aİ) sammiti oldu. Onun gedişini bütün dünya ictimaiyyəti maraqla izləyirdi. Məhz bu toplantıda ümumavropa ailəsi həyati əhəmiyyətli qərar qəbul etməli idi. Onlar artıq aylardır heç kimə rahatlıq verməyən mühüm suala cavab tapmalı idilər: vahid Avropa valyutası və avrozona bundan sonra da mövcud olsunmuş Yoxsa hər kəs iqtisadi burulğandan özbaşına çıxmağa çalışmalı, bununla da avrozonanın, daha sonra isə Aİ-nin mövcudluğunu böyük sual altında qoymalı idi?

Qeyd etmək lazımdır ki, sammitin çağırılmasının təşəbbüskarları Aİ-nin aparıcı dövlətləri - Almaniya ilə Fransa müttəfiqlərinə kritik vəziyyətdən iki çıxış yolunun olduğunu əvvəlcədən elan etmişdi. Berlinin Parisin fəal dəstəyi ilə lobbiçilik etdiyi ilk variant maliyyə intizamının sərtləşdirilməsi ilə bağlı ciddi dəyişiklikləri, bütünlükdə isə Aİ ərazisində bu intizamın  pozulmasına görə məsuliyyətin artırılmasını nəzərdə tuturdu. Bu, öz növbəsində, Avropada qüvvədə olan razılaşmalara da ciddi dəyişikliklər edilməsi zərurəti demək idi. Bu planın reallaşdırılması üçün Aİ üzvü olan 27 dövlətin hər birinin səsi lazım gəlirdi. Amma bəzi ölkələrin, xüsusilə Böyük Britaniyanın inadkarlığı son anda bu plandan imtinanı qaçılmaz etdi. 

Belə olan təqdirdə, gündəmə ikinci plan gətirildi. O, avrozonanın canlandırılması ilə ilk növbədə, vahid Avropa valyutasının qüvvədə olduğu 17 dövlətin məşğul olmasını nəzərdə tuturdu. Bu halda avrozonaya daxil olmayan dövlətlər digərlərinə öz arzularına uyğun kömək edə və ya etməyə bilərdi. Məhz bu üzdən ikinci plan obrazlı şəkildə "17 plyus" adlanır.

Nəticədə, avrozonaya daxil olan dövlətlər yeni bürdcə-vergi (fiskal) ittifaqə yaratdılar. O, Aİ-nin digər üzvlərinin də qoşulması üçün açıq olacaq. Avrozonaya daxil olan 17 dövlət və onlara qoşulmaq arzusunda olan digər ölkələr arasında bu yeni razılaşmanın layihəsinin gələn ilin martınadək hazırlanması nəzərdə tutulub. Layihə çərçivəsində həyata keçirilməli olan islahatlarda əsas məqsəd Avropa müqavilələrinin "konstruktiv çatışmazlıqları"nın aradan qaldırılması, Aİ üzvlərinə büdcə kəsri və dövlət borcunun konkret həddini aşmasına imkan verən "boşluqlar"ın doldurulmasıdır.

"17 plyus" müqaviləsinin özü "dəmir" maliyyə intizamının tətbiqini, onu pozanlara avtomatik sanksiyaların tətbiqini nəzərdə tutur. Bundan sonra Yunanıstanda olduğu kimi, borcların silinməsinə yol verilməyəcək. Avropa Komissiyası (AK) milli büdcələrin hazırlanması mərhələsində geniş nəzarət səlahiyyətlərinə malik olacaq. Eyni zamanda, avrozona dövlətlərinin müntəzəm sammitlər vasitəsilə onların iqtisadi və sosial siyasətlərinin daha ciddi şəkildə razılaşdırılması təmin edilməlidir. Avrozonaya daxil olan bütün ölkələr korporasiya və maliyyə əməliyyatları üçün vahid vergi dərəcəsinə malik olmalıdırlar. Gələcəkdə istənilən növ maddi yardıma şəxsi investorların cəlbinə (Yunanıstan variantındakından fərqli olaraq)  yol verilməyəcək.

Avropanın mövcud sənədləri hələ ki qüvvədə qalır. Amma yeni razılaşma vacib razılaşmaların bəzilərinin dəyişdirilməsini, ölkələrin suveren büdcə qaydalarının məhdudlaşdırılmasını nəzərdə tutur. Avrozonanın canlandırılması məqsədilə həyata keçirilməsini nəzərdə tutulan bütün bu tədbirlər uzaq perspektivə aiddir. Yaxın perspektivdə isə Aİ BVF-ya əlavə 200 milyard avro ayıracaq. Məqsəd bu qurumun avrozonaya yardım imkanlarının artırılmasıdır. 2012-ci ildə Avropanın maliyyə sabitliyi mexanizminin işə salınması nəzərdə tutulur: bu məqsəd üçün 500 milyard avro ayrılacaq. Maraqlıdır ki, büdcə siyasəti və dövlət borclarının həcmi üzərində nəzarətin gücləndirilməsini nəzərdə tutan bu layihəyə Aİ-nin daha 9 üzvü (Bolqarıstan, Çexiya, Danimarka, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və İsveç)  qoşulmaq niyyətini açıqlayıb. Amma bu, yalnız milli hökumətlər səviyyəsində razılaşdırıldıqdan sonra mümkündür. Beləliklə, müqavilə "17 avrozona ölkəsi + 9 Aİ üzvü" formatında imzalana bilər.

İlk baxışdan belə fikir yaranır ki, avrozona ölkələrini çətin vəziyyətdən uğurla çıxdıqları, həmçinin, iqtisadi vəziyyətin yaxşılaşdırılmasına nail olduqları üçün təbrik etmək olar. Amma bu, yalnız ilk baxışdan belə görünür. Çünki bəzi müsbət məqamlara baxmayaraq, müəyyən məqamlar hələ də açıq qalır. Birincisi, artıq qeyd olunduğu kimi, yeni müqavilə əsasən, perspektivdə böhranların önlənməsi və aşılmasına hesablanıb. Hazırda Yunaınstan, Portuqaliya, İrlandiya, İtaliya, İspaniya kimi dövlətlərdə nəhəng həcmdə borc və defolt problemi həll olunmamış qalır. Ekspertlər vəziyyətin nisbətən yaxşı olduğu Niderlandda da böhranın baş qaldıracağını istisna etmir. Bu isə vəziyyəti daha da ağırlaşdıra bilər.

Digər yandan, bu ölkə vətəndaşlarının büdcə siyasətinin sərtləşdirilməsinə, sosial müavinətlərin kəskin şəkildə azaldılmasına, əməkhaqlarının dondurulmasına, pensiya yaşının artırılmasına hansı reaksiyanı göstərəcəklərini proqnozlaşdırmaq çətindir.

İkincisi, avrozonada kəsrin ÜDM-in 0,5%-i qədər məhdudlaşdırmaq planı da az sual doğurmur. Bu gün Aİ ölkələrində yol verilən kəsr milli ÜDM-in 3%-i həddində müəyyənləşdirilib, xarici borc isə ÜDM-in 60%-ni ötməməlidir. Hazırda bu qaydalara yalnız Finlandiya əməl edir. Hətta rifah halının ən yüksək olduğu Almaniya iqtisadiyyatı da bu göstəricilərlə öyünə bilməz. Belə olan təqdirdə, kəsr və dövlət borcunun azaldılmasına dair daha iddialı planların necə reallaşdırılacağı aydın deyil.

Amma hər şey bununla bitsəydi, necə deyərlər, dərd yarı idi. Məsələ ondadır ki, Avropa məkanında iqtisadi inkişafa görə üçüncü yerdə olan, avrozonaya daxil olmayan Böyük Britaniya yeni "büdcə müqaviləsi"nə qoşulmaqdan imtina edib. London əvvəlcə qərarını bu addımın suverenlikdən imtina anlamına gəlməsi ilə əsaslandırıb. Avrozonaya daxil olmayan Aİ ölkələrinin lokomotivi rolunu oynayan Britaniyanın bu mövqeyi Aİ-nin hələ oktyabrda keçirilmiş sammitində Fransa Prezidenti Nikola Sarkozi tərəfindən sərt tənqidə məruz qalmışdı. Son sammitdə isə N.Sarkozi narazılıqla bildirib ki, dəstək müqabilində C.Kemerov Böyük Britaniyanı Aİ-nin maliyyə bazarını tənzimləyən bir sıra qaydaların Londona şamil olunmamasını istəyib: "Biz buna yol verə bilməzdik. Çünki bizi qlobal maliyyə böhranına məhz tənzimləmənin lazımi səviyyədə olmaması sürükləyib. Londona güzəştə getsəydik, maliyyə üzərində nəzarətin geri qaytarılması istiqamətindəki işlərimiz iflasa uğrayacaqdı".

Görünür, məhz bu qarşıdurma Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozuda müəyyən bədbinlik yaradıb: "Düşünürük,  bu razılaşma bizə idarəetməni yaxşılaşdırmaq, avrozonaya inamı artırmaq imkanı verəcək. Amma sizinlə açıq danışacağam: hamı üçün vahid razılaşma əldə etmək daha yaxşı olardı".

Prinsipcə, Britaniyanın Almaniya və Fransa ilə dialoqda güzəştə getməməsi məntiqlidir. Görünən odur ki, London son vaxtlar Parisin timsalında güclü müttəfiq əldə etmiş Berlinin liderliyə iddialı olduğu dumanlı istiqamətlərdə öz iqtisadi qüdrətini artırmaq istəmir. Digər yandan, Böyük Britaniya öz milli valyutasının (funt-sterlinq) cəlbediciliyini qoruyub-saxlamağa çalışır. O, avronun ən güclü dönəmlərində belə, dəyərinə görə vahid valyutadan geri qalmayıb. Bu gün isə funt-sterlinq daha möhkəm pul vahidinə çevrilib.

İqtisadi baxımdan Berlinin fəaliyyəti ilə Britaniyanın mövqeyi arasında o qədər də fərq yoxdur. Almaniya da öz vergiödəyicilərinin pulunu avrozonanın ciddi iqtisadi problemlərlə üzləşmiş ölkələri üçün qarşılıqsız olaraq xərcləmək fikrində deyil. Əks təqdirdə o, AMB-nin kreditvermə sahəsində fəallaşmasına, həmçinin, yevrobondların buraxılmasına mane olmazdı. Bu, Almaniyanın öz vəsaitlərini də "yuyub-aparardı". Bu planı Berlin yalnız bir şərtlə qəbul etməyə hazırdır: Aİ-nin bütün üzvləri təşkilatın federasiyaya çevrilməsinə razılaşmalıdır. Bu halda milli hökumətlərə təzyiq üçün ciddi rçaqlar əldə ediləcək.

Bu ssenari isə şübhəsiz, Londonun maraqlarına cavab vermir.

Bu baxımdan güman etmək olar ki, Aİ-nin son sammiti heç-heçə nəticələndi. Almaniya ilə Fransa avrozonanın dağılmasına imkan vermədi: bu, Böyük Britaniya və onun müttəfiqi ABŞ-ın xeyrinə olardı. London isə öz növbəsində Berlin-Paris tandeminin Aİ-nin federasiyaya çevrilməsini rəsmiləşdirməsini əngəllədi. Nəticədə, tandem bu ideyanın biraddımlığında dayandı.

Talassokratik Britaniya və tellurokratik Almaniya arasında rəqabətin həm iqtisadi, həm də geosiyasi və ideoloji çalarları var. Alman idealist-filosof Osvald Şpenqler hələ "Prussiyaçılıq və sosializm" əsərində fərdilik və şəxsi uğur etikasına əsaslanan ingilis milli ruhunu, şəxsiyyəti özünə tabe edən və ondan dövlət qarşısındakı borcları yerinə yetirməyi tələb edən cəmiyyətə qarşı qoyurdu. Avropanın "yeni mühafizəkar inqilabçıları" geosiyasi məktəbinin siyasi kredosunun şüarı belədir: "Avropa hər şeydən irəlidir və Qərblə olmaqdansa, Şərqlə olmaq yaxşıdır". Onların radikal antiatlantik geosiyasi orientasiyaları özünü Şərqdə müttəfiq axtarışında, Avropanın strateji "Şərq alyansı"nın təşkilində göstərir. Onlar eyni zamanda Çin və Hindistana maraqlarını gizlətmir.

Bu geosiyasi baxışlar Almaniya (indi Fransa ilə müttəfiq) ilə Böyük Britaniya (ABŞ-ın strateji müttəfiqi) arasında ziddiyyətin nə dərəcədə dərin olduğunu açıq şəkildə nümayiş etdirir. O, Avropada bu gün baş verən hadisələrə də öz təsirini göstərir. Geosiyasi konsepsiyalar isə ideya olaraq ölməzdir. Demək, Aİ-də dezinteqrasiya prosesləri təhlükəsi həmişə aktual olacaq. Bu, xüsusilə Avropanın müstəqil siyasət yürütmək istədiyi zaman aktuallıq qazanır. Üstəlik, bu, Avropanın hər hansı fövqəldövlətinin himayəsi altında baş verirsə.

Bu baxımdan, Aİ-dəki iqtisadi böhran ABŞ-Böyük Britaniya atlantik tandeminə sərf edir. Çünki bu halda Avropa ölkələrinə müəyyən dəstək verməklə, onları sözəbaxan müttəfiqlərə çevirmək olar.

Məsələn, Aİ-ni problemi daha az səylərlə həll etməyə çağıran Vaşinqton, Brüsselə məsləhət görür ki, vəziyyəti AMB vasitəsilə borc almaq və avrobondlar buraxmaqla düzəltsin. Buna hamıdan çox Almaniya etiraz edir. Bu, avrozonanın borclu üzvlərində ciddi narazılıq yaradır. ABŞ isə fürsətdən yararlanaraq, dünya bazarlarında dövlət borc istiqrazlarının  növbəti paketini uğurla yerləşdirib. Aİ gələcəkdə mümkün variantlardan birini - avronun devalvasiyası yolunu seçərsə (Vaşinqton Avropanı məhz buna sövq etməyə çalışır), ABŞ bir güllə ilə 3 dovşan vura bilər: avronun dollara nisbətdə rəqabət qabiliyyətinin azaldılması, Avropa valyutasının devalvasiyasından yaxşı qazanc götürülməsi və böyük jest edərək, qazanılmış vəsait hesabına avrozonada ehtiyacı olan ölkələrə maliyyə yardımının göstərilməsi ilə oradakı antifederalistlər arasında nüfuzunun artırılması. Bu ssenari artıq xeyli vaxtdır, Aİ-nin təhlükəsizliyi ilə bağlı xərclərin azaldılması, NATO-nun maliyyələşdirilməsində məhdudiyyətlərin tətbiqi çağırışları ilə Vaşinqtonu qıcıqlandıran Berlinin mövqelərini ciddi şəkildə laxlada bilər. Təhlükəsizliyin qarantı olan ABŞ NATO çərçivəsində Almaniyanın bu mövqeyinə sərt etirazını bildirir. Berlin isə ümumavropa məsələlərində də Londonun sadiq müttəfiqi olan ABŞ-ın hər yerdə mövcudluğundan, okeanın o üzündən vahid Avropa ailəsində qarışıqlıq salmaq cəhdlərindən narazıdır.

Almaniya müttəfiqi N. Sarkozinin dili ilə hər kəsə bəyan edib ki, ailənin sözə baxmayan üzvləri üçün daha təsirli rçaqlar var. Söhbət Şengen razılaşmasına yenidən baxılmasından gedir. Guya bu, xarici sərhədlərə daha yaxşı nəzarət edilməsi üçün lazımdır.

Aİ-nin 27 üzvündən 22-si Şengen razılaşmasına daxildir. Böyük Britaniya, İrlandiya və Kipr oraya daxil deyil, Rumıniya və Bolqarıstan razılaşmaya tezliklə qoşulmaq niyyətindədir.

Fransanın daxili işlər naziri Klod Qean bildirib ki, Şengen razılaşmasına yenidən baxılması zərurəti, ilk növbədə, miqrant axını (xüsusilə əcnəbi) probleminin tənzimlənməsi və xarici sərhədlərə nəzarət baxımından ortaya çıxıb. Amma bu, güman ki, Aİ-nin sammiti ərəfəsində Almaniya-Fransa layihəsinə qarşı çıxa biləcək dövlətlərə mesaj idi. Onların nəzərinə çatdırılırdı ki, bu addımı atacaqları təqdirdə, Aİ çərçivəsində daxili əmək miqrasiyası ilə bağlı problem yarana bilər. Bu isə iş yerlərinin azlığından əziyyət çəkən həmin dövlətlər üçün mənfi fəsadlar verər. Hər halda, mesaj ünvanına çatdı.

Sonda demək olar ki, Aİ-nin sammitində texniki və iqtisadi məsələlərdə müəyyən uğurlar əldə edilsə də, ən əsas sual hələ də cavabsız qalır: "Parçalanmanın qarşısı alınır, yoxsa o, sadəcə təxirə salınır?".



MƏSLƏHƏT GÖR:

452