12 Mart 2025

Çərşənbə, 22:13

DÜNYANIN SONU TƏXİRƏ SALINMIR?

Nikolay Zlobin: "Rusiya raketləri ABŞ-a, Amerika raketləri isə Rusiyaya tuşlanıb"

Müəllif:

15.12.2011

Meksika Milli İnstitutunun alimləri ölkədə nəşr olunan bulvar qəzetlərində dünyanın sonu haqda yazılanlardan təngə gəliblər. Nəticədə, onlar guya Mayya təqviminə əsasən, 2012-ci ilin sonuna gözlənilən dünyanın sonunun təxirə salındığını bəyan edirlər. Alimlər bunu Mayya təqviminin düzgün  şərh olunmaması ilə əlaqələndirirlər. Gələn ildə gözlənilən siyasi hadisələrlə müqayisədə bu, kifayət qədər nikbin proqnozdur. Doğrudur, dünya siyasətində də heç kəs "dünyanın sonu"nu gözləmir. Amma analitikləri ciddi şəkildə narahat edən bütün problemlər bu il çözülməmiş qalıb və bizimlə birlikdə gələn ilə keçir. Bu problemlərin bəziləri haqda ABŞ Dünya Təhlükəsizliyi İnstitutunun Rusiya və Asiya proqramlarının direktoru Nikolay Zlobinlə söhbətləşmişik.

- Rusiyada parlament seçkisinin nəticələrinə etiraz olaraq baş verən son hadisələrin 2012-ci ildə keçiriləcək prezident seçkisinə təsir imkanı nə dərəcədədir?

- Bu hadisələr Rusiyada keçiriləcək prezident seçkisinə bilavasitə təsir göstərəcək.  Prezident seçkisi proseduru xeyli dərəcədə daha şəffaf və təmiz həyata keçiriləcək. Təəssüf ki, parlament seçkisi prosesdə saxtakarlığa yol verildiyinə dair ciddi şübhələr yaratdı. Hələlik bu iddiaları heç kəs nə təsdiq, nə də təkzib edə bilir. Amma ictimaiyyətin gözləntiləri son dərəcə mənfidir. İstənilən halda, əyrintilik kölgəsi qarşıdan gələn prezident seçkilərinin də üzərinə düşəcək. Seçki komissiyasının hazırkı tərkibdə qalması  keçiriləcək istənilən seçki barədə ciddi şübhələr yaradacaq. Rusiya siyasətində baş verənlər fonunda elektoratın böyük narazılığı, "azad və ədalətli seçkilər" şüarı ilə hesablaşmaq lazım gələcək. İndi Vladimir Putin seçki kampaniyasını yalnız sosial prezident kimi qura bilməyəcək. Parlament seçkisi öncəsi o, Dmitri Medvedevlə birlikdə nəhəng sosial ödənişlər vəd edib. İndi Putin seçki kampaniyasının modelini dəyişməli, şəffaflığa, təmizliyə, qüvvələr balansının bərpasına və digər məqamlara əsaslanmalı olacaq. O, öz seçki kampaniyasında etiraz aksiyalarında səsləndirilən problemlərdən də danışmağa məcburdur: hakimiyyətə inamın bərpası, korrupsiya ilə real mübarizə, ədalətli seçki, "Vahid Rusiya"nın reytinqinin azalması, partiya strukturlarının debürokratlaşdırılması və s.

Putinin proqramı yenidən yazılacaq.

Düşünürəm, prezident seçkisində Putin əsas namizəd olacaq və başqa əhəmiyyətli namizədlər irəli sürülməyəcək. Çünki Yeni il bayramlarını nəzərə alsaq, artıq buna vaxt yoxdur.

- Rusiya Şərqi Avropada quracağı raketdənmüdafiə sisteminin ona qarşı yönəlməyəcəyinə dair NATO-dan zəmanət almayıb. Belə olan halda, vaxtilə Qərb ilə SSRİ arasında yaşanmış "soyuq müharibə"nin yenidən başlanma ehtimalı varmı?

- Bu, mümkün deyil. NATO ilə, daha doğrusu, ABŞ ilə (Avropada HHM sisteminin quraşdırılması Amerikanın layihəsidir) Rusiya arasında ideoloji, iqtisadi və sosial qarşıdurma yoxdur. Qlobal təhlükəsizliyin necə təmin olunmasına baxışda, hərbi-texniki, hərbi-operativ planda fərq mövcuddur. Rusiya raketləri ABŞ-a, Amerika raketləri isə Rusiyaya tuşlanıb. Bu iki ölkə qarşılıqlı şəkildə bir-birini məhv edə bilər. Onlar arasında inamsızlıq səviyyəsi əvvəlkitək yüksəkdir. Siyasi problemləri həll etmək mümkün olmur. Amma inamsızlığın hazırkı həddi "soyuq müharibə" dövründə müşahidə olunmuş münaqişəyə aparıb çıxarmayacaq. İki siyasi sistem arasında yarış yoxdur. Avropa HHM probleminin həlli imkanı artıq əldən qaçırılıb. ABŞ Şərqi Avropada bu sistemi quracaq. 

Məlum olduğu kimi, Rusiyada raketdənmüdafiə sistemi Sovetlər dönəmindən qalmadır. Amerikanın HHM sistemi isə yalnız Rusiya ilə qarşıdurmanı nəzərdə tutmur. O, daha sistemli və strateji layihədir. Amerikalılar Şərqi Avropada HHM sistemi yerləşdirmələrinə məxfi surətdə belə bir arqument gətirib: bu gün Rusiya öz təhlükəsizlik sistemini elə qurur ki, ondan HHM sistemi vasitəsilə qorunmaq lazımdır. Üstəlik, Avrasiya bölgəsi qeyri-sabit regiondur, orada çoxlu sayda nüvə silahı  və digər təhlükələr var.

HHM sistemi Aİ və ABŞ-ı həm də müxtəlif hərbi-siyasi ekspromatların baş verə biləcəyi postsovet məkanından gələ biləcək təhlükələrdən qoruyacaq. Burada Moskvanın narahatlıq keçirməsi üçün əsas var. Amma Rusiyanın təhlükəsizliklə bağlı o qədər problemi var ki, onlarla müqayisədə HHM sistemi sadəcə mənasız bir şeydir.

- Rusiya Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların üçtərəfli formatda davam etdirilməsi təklifini verib. Bu danışıqların da 16 ildən artıqdır ATƏT-in Minsk qrupu çərçivəsində aparılan dialoq kimi, nəticəsiz qalacağını düşünmürsünüz ki?

- Hər şey danışıqlarda məqsədin nədən ibarət olmasından asılıdır. Güman etsək ki, bu danışıqlarda məqsəd müharibənin bərpasına imkan verməməkdir, bu başqa. Danışıqların bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılması isə başqa məsələdir. Bu halda yeni yanaşmalar təklif olunmalıdır. Hələlik bu problemin həllində hansısa yeni intellektual təkliflərə rast gəlinmir. Uzun illər ərzində münaqişənin həllində kompromisə gəlinməsinə imkan verməyən köhnə təkliflər müzakirə edilməkdədir. Odur ki, danışıqlar davam etdirilsə də, bu onun intellektual baxımdan boş olduğu faktını gizlədə bilməz. Orada yeni ideyalar yoxdur və bu üzdən də siyasi irəliləyişə nail olunmur. Problem münaqişə tərəflərinin mövqeyində deyil. Vaşinqtonda, Moskvada və ya Brüsseldə də bu münaqişənin həll yollarını bilmirlər. Bu, qlobal xarakterli problemdir. Çünki belə münaqişələr dünyanın müxtəlif bölgələrində də mövcuddur və onların hamısının həlli dalana dirənib. Dünya liderlərinin iradəsi çatmır ki, müasir beynəlxalq münasibətlərdə köhnə üsullarla belə münaqişələri həll etməyin mümkünsüzlüyünü etiraf etsinlər. Yeni üsullar isə hələ ki tapılmayıb. Beləliklə, gəlin bitib-tükənməyən danışıqları davam etdirək, bəlkə onun gedişində nəsə düşünüb-tapmaq mümkün oldu. Hələliksə danışıqlar tərəfləri müharibənin bərpasından çəkindirmək vasitəsi olacaq.


MƏSLƏHƏT GÖR:

604