15 Mart 2025

Şənbə, 01:28

İMKAN DAXİLİNDƏ

Gürcüstanın ermənistanla yalnız məhdud çərçivədə yaxınlaşması mümkündür

Müəllif:

15.12.2011

Ermənistan prezidenti Serj Sarqsyan noyabrın sonlarında ikigünlük səfərlə Tbilisidə oldu. Dünya ictimaiyyətinin İrana qarşı iqtisadi sanksiyalar və embarqoları müzakirə etdiyi indiki şəraitdə Ermənistan üçün bu səfər çox vacib əhəmiyyət daşıyırdı. Tehranın regionda Ermənistanın Moskvadan sonra ikinci əsas iqtisadi-ticari tərəfdaşı olduğu bəllidir. Əgər İran qlobal sanksiyalarla üzləşəcəksə, Ermənistanın dünyaya yeganə yerüstü çıxışı Rusiya-Gürcüstan sərhədindəki "Yuxarı Lars" Nəzarət-Buraxılış Məntəqəsi olacaq.

S. Sarqsyanın Gürcüstan səfəri hələ noyabrın 1-də baş tutmalı idi. Amma Ermənistan KİV-in məlumatına görə, "Gürcüstan Prezidentinin Ermənistanın ünvanına səsləndirdiyi nəzakətsiz fikirlər" səfərin təxirə düşməsinə səbəb olmuşdu. Xatırladaq ki, Ermənistandakı avtomobil yolundakı sürüşmənin qurbanı olmuş Gürcüstan vətəndaşlarının xilasından danışan Saakaşvili qəza ilə üzləşmiş sürücülərdən birinə istinadən Ermənistanın müvafiq orqanlarının hadisə yerinə gec çatdıqlarını söyləmişdi. Ermənistanda Saakaşvilinin bu fikri, az qala, "ölkənin daxili işlərinə müdaxilə" kimi qiymətləndirilmişdi və iş o yerə gəlib çıxmışdı ki, S.Sarqsyan Gürcüstana səfərini təxirə salmışdı.

Vəziyyəti normallaşdırmağa çalışan prezidentlər qapalı görüşdən sonra birgə keçirdikləri mətbuat konfransında iki xalq və dövlət arasındakı dostluq münasibətlərinin sarsılmaz olduğunu bildirdilər. M.Saakaşvili S.Sarqsyanı "köhnə və etibarlı dost" adlandırdı, bildirdi ki, Gürcüstanla Ermənistan arasında mehriban qonşuluq siyasəti özünün pik həddindədir. Saakaşvilinin sözlərinə görə, ölkələr arasında sadələşdirilmiş yeni viza rejimi onların sərhədindəki vəziyyəti "İsveçrə və Fransa arasındakı rejim qədər şəffaf edir".

Daha sonra Gürcüstan Prezidenti növbəti dəfə Qafqazda birlik məsələsini gündəmə gətirdi: "Bizim konsepsiyamız vahid Qafqaz ideyasına əsaslanır. Əminəm ki, Qafqazdakı bütün münaqişələr əsas prinsipi "parçala və hökm sür" olan imperiya qüvvələri tərəfindən yaradılıb. Qafqazın birləşməsi, vahid iqtisadi məkanın yaradılması, gələcəkdə vahid siyasi ittifaqın formalaşdırılması buradakı bütün dövlətlərin, xalqların marağına uyğundur. Bu, mütləq baş verəcək".

Saakaşvili Tbilisi üçün Ermənistanın "müstəqil, özünəəmin və güclü dövlət olması"nın vacibliyini söyləyib və bununla da əksər analitiklərin daim dilə gətirdiyi fikrə - Ermənistanın Rusiyadan asılılığına işarə edib. Bəs Gürcüstanla Ermənistanın hazırkı ikitərəfli və geosiyasi şərtlər daxilində qarşılıqlı münasibətlərinin perspektivi necədir?

 

Qarşılıqlı münasibətlərdəki problemlər

Şübhəsiz, iki dövlət arasında münasibətlərə  ciddi təsir göstərən faktor Gürcüstandakı erməni etnik azlığının separatçı əhval-ruhiyyədə olmasıdır. Söhbət, əsasən, Samtsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilərdən gedir. Gürcüstan ərazisində ermənilərin peyda olmasının kökləri XVIII əsrin əvvəllərinə gedib çıxır. O zaman çar hökuməti Mesxetidən olan müsəlman qaçqınların yerini Türkiyədən kütləvi şəkildə köçürülən ermənilərlə doldurdu.

24 avqust 2009-cu ildə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Axalkalaki rayonunun Sxvilisi kəndində Osmanlı İmperiyasından ermənilərin köçürülməsinin 180 illiyinə həsr olunmuş tədbirlə bağlı etnik ermənilərə müraciət etməsi təsadüf deyildi. Maraqlıdır ki, Saakaşvilinin erməni millətindən olan vətəndaşlarına tam dəstək verdiyi həmin bəyanatı ermənilərdə qıcıq və mənfi reaksiya yaratmışdı.

Ümumiyyətlə, ermənilərin Gür-cüstan hakimiyyətinə iddiaları çoxdur. Oktyabrın əvvəlində "Rusiyanın Cavaxetiya diasporu" adlı qurumun rəhbəri Aqassi Arabyan "Qolos Rossii" radiosunun "Andrey Yepifantsev ilə Qafqaz siyasəti" verilişində açıq şəkildə bəyan etmişdi ki, bütün erməni ictimai hərəkatlarının məqsədi, ən azı, Gürcüstan ərazisində muxtariyyətə nail olmaqdır.

Ermənistan prezidenti Gürcüstanda erməni dilinə dövlət dili statusunun verilməsini tələb edir, "Sardarapad" hərəkatı təşəbbüs qrupunun üzvü, erməni terror təşkilatı olan ASALA-nın veteranı Alek Yeminqomşyan Ermənistan hakimiyyətini qorxaqlıqda, Cavaxetiya ermənilərinə lazımi dəstək verməməkdə təqsirləndirir, ermənilərin, demək olar ki, bütün ictimai-siyasi qüvvələri, həmçinin, ruhaniləri  Gürcüstanda erməni separatizmini dəstəkləyir. Ermənilər tələblərini açıq şəkildə nümayiş etdirmək üçün bütün imkanlardan yararlanmağa çalışırlar. Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfəri zamanı "Cavaxetiya ermənilərinin hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurası" ona ünvanladığı məktubda Tbilisini insan haqları sahəsində beynəlxalq öhdəliklərə əməl etməməkdə təqsirləndirmişdi. Məktubda Gürcüstanın "erməni gənclərinin lideri", 2008-ci ildə silahsaxlama və kütləvi itaətsizliyin təşkilində təqsirli bilinərək həbs olunmuş Vaaq Çaxalyanın azad olunması məsələsinə də toxunulmuşdu.

Samtsxe-Cavaxetiyadakı vəziyyətlə yanaşı, Gürcüstanla Ermənistan arasında mədəni-tarixi və dini xarakterli problemlər də vacib məqamdır. Onun da tarixi XIX əsrə gedib çıxır. Gürcü və erməni alimləri arasında məbədlər, salnamələr haqda qızğın müzakirələr Sovetlər dönəmində də hər iki ölkənin elmlər akademiyası səviyyəsində gərgin xarakter almışdı. Müstəqilliyin əldə edilməsindən sonra isə ermənilər Gürcüstan ərazisində bərpa olunmuş 65 erməni, 6 katolik kilsəsinin "gürcüləşdirildiyini" bəyan etdi. Ermənistanın elmi vəsaitlərində Gürcüstan "etnik soyqırım"da təqsirləndirildi.

Gürcüstan isə öz növbəsində, ermənilərin ittihamlarını siyasi tələblərin irəli sürülməsi üçün zəmin yaradılmasına cəhd kimi qiymətləndirirdi. Tarix göstərdi ki, gürcülərin narahatlığı əbəs deyilmiş.

Bu ilin yayında erməni patriarxı II Qaregin "erməni kilsələrinin Gürcüstana qaytarılması" və Gürcüstandakı erməni apostol kilsəsi yeparxiyasının hüquqi statusu ilə bağlı problemin müzakirəsi üçün Tbilisiyə səfər etdi. Səfər çərçivəsində o, Samtse-Cavaxetiyaya da baş çəkdi və orada əhali qarşısındakı çıxışı zamanı erməniləri öz milli xüsusiyyətlərini qoruyub-saxlamaq üçün əllərindən gələni etməyə çağırdı.

Bu, yalnız Cavaxetiyaya baş çəkən erməni patriarxının ermənilərə açıq dəstək verməsi baxımından tarixi səfər deyildi. O həm də ona görə tarixi səfər idi ki, II Qaregin gürcü pravoslav kilsəsinin patriarxı II İlya ilə görüşü zamanı özünü qətiyyən rütbəsinə uyğun aparmamışdı. Sonradan internetdə yayılmış videoçarxdan görünürdü ki, II Qaregin həmsöhbətinin ahıl yaşda olmasına baxmayaraq, ona "sən" deyə müraciət edir, tez-tez onun dizinə vurur və s. Yəqin ki, gürcü patriarxının MDB Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısında iştirak üçün Yerevana getməməsi, oraya təbrik məktubu belə göndərməməsi də bunun nəticəsi idi.

Buna baxmayaraq, Ermənistan kilsəsinin rəhbəri öz məqsədinə çatdı. Artıq həmin ilin iyulunda Gürcüstan Parlamenti Mülki Məcəlləyə dəyişikliyi birdən-birə 3 oxunuşda qəbul etdi. Orada dini təşkilatların "hüquqi subyekt" kimi qeydiyyatına icazə verilir. Gürcüstan kilsəsinin erməni kilsəsinə onlarla eyni statusun verilməsinin Gürcüstanın maraqlarına zidd olduğunu, Ermənistanda gürcü kilsələrinin geri qaytarılması haqqında söhbət etməyin belə mümkünsüzlüyünü bəyan etməsinə baxmayaraq, Gürcüstan hökuməti Ermənistanın tələblərini qəbul edərək, ona güzəştə getdi. Amma görünür, bu da erməniləri qane etmədi. Ermənistan ictimaiyyətində gürcüfobiya əhvalı hər ötən gün daha da artmaqdadır.

 

Geosiyasət

Regionumuzun geosiyasi durumu da Gürcüstanla Ermənistan arasında yaxınlaşmaya mane olur. Bu gün Rusiya rəsmi şəxslərinin də etiraf etdiyi kimi, Ermənistan Rusiya Federasiyasının Qafqazdakı "forpost"udur. Ölkənin enerji, bank, metallurgiya və tikinti sektorları, həmçinin rabitə, dəmir yoluna nəzarət Rusiya şirkətlərindədir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri qoruyur. Rusiyanın 102-ci hərbi bazası, yəqin ki, dünyada yeganə hərbi bazadır ki, onun xərclərini sahibi, yəni Moskva yox, yerləşdiyi ölkə - Ermənistan ödəyir.

Gürcüstan isə əksinə, Avropaya inqteqrasiya, NATO dövlətləri ilə yaxınlaşma yolunu seçib, perspektivdə bu qurumun tamhüquqlu üzvü olmaq niyyətindədir. Bu ölkənin əsas problemi ərazi bütövlüyünün bərpasıdır. Bu məsələdə isə yenə də əsas problem Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı mövcudluğudur.

Xatırladaq ki, bu iki tanınmamış respublikada güclü-erməni diasporu fəaliyyət göstərir və onlar lap əvvəldən antigürcüstan əhvalına dəstək olub. Üstəlik, Abxaziya erməniləri sayına görə, abxazlardan sonra ikinci yerdədir. 90-cı illərin əvvəllərində gürcü-abxaz müharibəsi zamanı ermənilərin gürcülərə qarşı vəhşiliklərə yol verdiyini də xatırlatmaq yerinə düşər. Həmin vaxt məhz Abxaziya ermənilərini özündə birləşdirən "Baqramyanın batalyonu" dinc gürcü əhaliyə qarşı amansız davranışı ilə fərqlənirdi.

Bundan başqa, Rusiyada "Cavaxetiya diasporası"nın qeydiyyata alınması, həmçinin, bir çox rusiyalı ekspertin Samtse-Cavaxetiyanın Gürcüstandan ayrılmasını, yaxud ona muxtariyyat verilməsini dəstəkləməsi Rusiyanın forpostuna daha ehtiyatla yanaşmağa vadar edir.

Ermənistandan fərqli olaraq, Gürcüstan bütün regional layihələrin fəal iştirakçısıdır. O, enerji dəhlizlərinin bir hissəsidir. Bu gün Gürcüstanın əsas ticarət tərəfdaşı olan Azərbaycan və Türkiyənin Ermənistanla sərhədləri bağlıdır. Buna səbəb isə Ermənistanın Azərbaycan ərazilərini işğalı və Türkiyəyə ərazi iddiaları irəli sürməsidir.

Gürcüstan üçün Türkiyə Qərb dünyasına çıxış, Azərbaycan isə strateji, bəzi hallarda həyati əhəmiyyətə malik tərəfdaşdır. Gürcüstanın azərbaycanlı əhalisinin sayı ermənilərin sayından 3 dəfə artıqdır. Amma onlar Gürcüstan dövlətçiliyinə dayaqdır və müstəqil, güclü Gürcüstanın qurulmasında getdikcə daha böyük rol oynayır.

Beləliklə, Gürcüstanla Ermənistan arasında yaxınlaşma yuxarıda sadaladığımız səbəblər üzündən yalnız məhdud çərçivədə mümkündür. M.Saakaşvilinin bəyanatına isə xoş məramın ifadəsi kimi baxılmalıdır. Amma digər yandan, onun vahid Qafqaz haqda təşəbbüsü Putinin Avrasiya İttifaqı layihəsinə özünəməxsus cavab da sayıla bilər. Gürcüstan prezidentinin (faktik olaraq müharibə şəraitində olduğu) Rusiyanın strateji müttəfiqi - Ermənistanla bağlı, çətin ki, xüsusi illüziyaları olsun. Üstəlik o, Tbilisinin ən yaxın müttəfiqi olan Azərbaycan ərazilərini işğal edib. Digər yandan, Gürcüstan özü-özünü saldığı təcrid vəziyyətində boğulan Ermənistanla yaxınlaşmadan hansı iqtisadi dividendlər əldə edə bilər?



MƏSLƏHƏT GÖR:

372