
BULANLIQ SUDA BALIQ TUTAN KİMDİR?
Müəllif: Redaksiya
Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra erməni icması ilə birgəyaşayış məsələlərinin müzakirəsi məqsədilə qarşı tərəflə görüşün keçirilməsinə israr edir.
Bunu 1news.az saytına açıqlamasında "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icması" İctimai Birliyinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib.
"Erməni icması ilə görüşün nə vaxt baş tutacağı hələ ki məlum deyil. Onlar hələ ki görüşdən qaçır. Görüşə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi icazə vermir. Biz yenə də iki icma arasında görüşün keçirilməsi üçün israr edəcəyik", - deyə F.Bədəlbəyli bildirib.
F.Bədəlbəyli Azərbaycan ziyalılarının işğal altındakı torpaqlara növbəti səfərinin hələ ki gündəmdə olmadığını da söyləyib. Bu səfərin nə vaxt baş tutacağı bilinmir. Aydın olan odur ki, erməni tərəfi Dağlıq Qarabağın iki icması arasında inamın artırılmasına hesablanmış bilavasitə görüşdən istənilən yolla yayınmağa çalışır. Onlar həm də bu görüşdən ermənilər tərəfindən münaqişənin həlli üzrə danışıqlarda Qarabağ ermənilərinin də iştirakının israr edilməsi fonunda qaçırlar.
Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən rəsmi görüşlərdə də analoji mövqe nümayiş etdirir. Yerevan bir tərəfdən, münaqişənin tezliklə beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu bildirir, digər yandan, isə vasitəçi ölkələrin status-kvonun tezliklə dəyişdirilməsi, başqa sözlə, Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması ilə sülh prosesinin "ölü nöqtə"dən tərpədilməsi çağırışlarına məhəl qoymurlar.
Ermənistanın əməllərindən görünür ki, "nə hərb, nə sülh" vəziyyəti onlara sərf edir. Bu şəraitdə bulanlıq suda balıq tutmaq, yəni öz məqsədlərinə nail olmaq üçün qarışıqlıqdan istifadə etmək mümkündür. Yerevanın hər şeyin öz adı ilə çağırıldığı istənilən bəyanata qeyri-normal reaksiyası da, güman ki, bununla bağlıdır.
Ermənistanın növbəti belə qıcıqlanmasını bu yaxınlarda da müşahidə etdik. Dekabrın 9-da Fransa Senatındakı "dəyirmi masa" zamanı həmsədr Bernar Fasye ATƏT-in Minsk qrupunun fəaliyyəti haqda danışarkən dedi: "Hazırda masa üzərində olan sənədin istənilən variantı bizim 2005-ci ildə hazırladığımız sənəddir. Əlbəttə ki, torpaqları işğal olunmuş Azərbaycanın ağrılarını mən də yaxşı başa düşürəm. Fransız olaraq işğalın nə olduğunu yaxşı anlayıram. Amma Minsk qrupunu fəaliyyətsizlikdə ittiham etmək də doğru olmazdı. Biz tərəfləri yekun variantın qəbuluna məcbur edə bilmərik. Tərəflər özləri razılığa gəlməli, biz isə bu işdə onlara kömək etməliyik".
Erməni rəsmilərinin narahatlığını "Ay-Data" təşkilatı da bölüşüb. Qurumun Fransa ofisi erməni icmasının B.Fasyenin son bəyanatından narazılığını rəsmən ifadə edib.
"Ay-Data"nın Fransa ofisinin direktoru Qraç Varjapetyan bildirib ki, Fasyenin "bu anlaşılmaz bəyanatı", ilk növbədə, onun vasitəçilik roluna ziddir. Çünki Fasye birtərəfli bəyanat səsləndirib. Varjapetyan həmsədrin bəyanatının Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki balanslaşdırılmış siyasətinə də zidd olduğunu düşünür.
"Bununla, həmçinin, son iki ayda Fransa Xarici İşlər Nazirliyinin yaydığı digər bəyanatlarla (Parisdə "erməni soyqırımı" ilə bağlı tarixçilərin forumunun təşkili və Türkiyənin Suriya məsələsi ilə bağlı Avropaya müraciəti) əlaqədar olaraq, yazılı izah, eyni zamanda, bu yolverilməz məqamlara aydınlıq gətirilməsi üçün xarici işlər naziri Alen Jüppe ilə görüş tələb etmişik", - deyə təşkilatın açıqlamasında bildirilir.
Göründüyü kimi, hər şeyin öz adı ilə çağırılmasına və ya həqiqətin söylənilməsinə istənilən cəhd ermənilər tərəfindən son dərəcə mənfi qarşılanır. Azərbaycan isə konstruktiv dialoqa yalnız sözdə deyil, konkret fəaliyyətdə də sadiqlik nümayiş etdirir. Vilnüsdə həmsədr ölkələrin XİN başçılarının iştirakı ilə "beştərəfli bəyanat"dan dərhal sonra, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bilavasitə böyük sülh müqaviləsinin hazırlanmasına başlanması haqda növbəti çağırış etməsi də təsadüf deyildi, yəni, bilavasitə addımlar atılmasına tərəfdardır. Vaxtın uzadılmasına yönəlmiş söz oyunu onu qane etmir.
Belə vəziyyət vasitəçiləri də razı sala bilməz və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin davam etdirilməsinə dair Vilnüsdə qəbul edilmiş birgə bəyanat da bunun göstəricisidir. Bəyanatda deyilir: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin davam etdirilməsinə sadiq olduğumuzu bəyan edirik. Təmas xəttində atəşkəs rejiminin pozulması ilə bağlı araşdırmaların aparılması üçün yeni mexanizmlərin yaradılmasını da vacib sayırıq".
Bundan başqa, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin 2011-ci ilin martında Soçidə keçirdikləri görüşdə əldə edilmiş razılaşmalara əməl olunması məsələsinə də xüsusi diqqət ayırıblar. Söhbət təmas xəttindən snayperlərin çəkilməsi və hərbi əsirlərin dəyişdirilməsindən gedir. Münaqişə zonasında hərbi əməliyyatların bərpa oluna biləcəyindən narahatlıq göz qarşısındadır.
Vilnüsdə bəyanatın qəbul edildiyi beştərəfli format göstərir ki, problemin sülh yolu ilə həllində beynəlxalq vasitəçilik hələ aktuallığını itirməyib. Bakı mütəmadi olaraq ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə günahlandırırsa, demək, məhz bu formatda sülhə nailolma şansları hələ də qalmaqdadır.
Bununla yanaşı, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün Bakının qeyri-daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, digər beynəlxalq tribunalardan da istifadə etmək hüququna malikdir.
MƏSLƏHƏT GÖR: