
HƏR CÜR FESTİVALLAR LAZIMDIR
Teatr görüşləri və bu incəsənət növündəki yeni meyillər barədə düşüncələr
Müəllif: Valentina REZNİKOVA Bakı
"Zoykanın mənzili" tamaşasının üçüncü pərdəsindən qabaqkı antraktda parterdən səhnəyə yerini dəyişməyə məcbur olduğundan kefi pozulmuş yaşlı qadın düşünürdü ki, insanları yerdən-yerə qovan bu cür festivallar nəyə lazımdır. Kim bilir, nəyin xatirinə ediblər?.. Əvvəl necə idi? Teatr qastrola gəlirdi, tamaşanı göstərirdi və gedirdi. Hər şeyi adam kimi edirdilər. İnsanlar da necə lazımdır parterdə otururdular. Qastrol bir ay çəkirdi. Amma indi teatr gəlir, bir tamaşa göstərir və gedir. Aktyorları düz-əməlli xatırlaya da bilmirsən! Əvvəllər ayrı cürdü. Qadın durmadan gileylənirdi.
Səliqəli geyinmiş, eynəkli rəfiqəsi isə razılıqla başını tərpədir və təsdiqləyirdi, əri isə cidd-cəhdlə proqrama baxırdı: yəqin ki, onun qadını ilə razılaşmağa həvəsi yox idi. Mən bu səhnəni 2011-ci ilin noyabrında Yaroslavlda keçirilmiş növbəti beynəlxalq teatr festivalında müşahidə eləmişəm.
İndi Rusiya ərazisində bu cür festivallar yetərincədir - beynəlxalq, regional, vilayət və şəhər festivalları. Bu yaxınlarda Bakıda da beynəlxalqsəviyyəli festivalllar keçirilməyə başlandı. Mədəniyyət və Turizm Nazirliyi bizim mədəniyyəti dünya toplumuna inteqrasiya etdirmək üçün yeni yol açır. Keçən il çağdaş teatrın inkişaf məsələlərinə həsr edilmiş beynəlxalq konfrans keçirilib. İki dəfə beynəlxalq festival - yeni dalğa teatrlarının və kukla teatrlarının festivalları olub.
Əslində, teatr festivalları nəyə lazımdır? Kimlər üçün keçirilir? Öz tamaşasını oynayaraq, başqa teatrlardan olan həmkarlarının tamaşalarına baxmadan geri gayıdan aktyor və rejissorlar üçün? Rusiyanın müxtəlif regionlarından və xarici ölkələrdən gəlmiş teatrların uğurlarını "qiymətləndirəcək" tənqidçilər üçün? Hər şeyin vahid ideoloji prinsipə tabe edildiyi, teatrların əksəriyyətinin öz inkişafına görə on illər boyu geri qaldığı bir ölkənin dağılmasından sonra, kimlərinsə bədii səylərini "qimətləndirmək" nə deməkdir? Yaxud festivallar 7-10 gün ərzində hər axşam həvəslə festival meydançalarının tamaşaçı zalını dolduran izləyicilər üçün keçirilir? Yəqin ki, hamı üçün.
Zalın "nəfəs"ini duymaq istəyən aktyor və rejissorlar üçün. Quruluş və mövzu səviyyəsində yalnız dramaturq - rejissor - aktyor münasibətlərinin səviyyəsini deyil, həm də bütünlükdə teatrın gəldiyi bölgə teatr işinin vəziyyətini "qiymətləndirməyi" bacaran tənqidçilər üçün. Bu, bir incəsənət növü kimi hazırkı inkişaf mərhələsində teatrın başına nə gəldiyini anlamağa imkan verir. Klip düşüncəsinə malik çağdaş insana necə teatr lazımdır? Yeni yüzilliyin teatrının konsepsiyasını müəyyən etmək üçün qiymətləndirmə meyarı üzrə hansısa bir qızıl hədd varmı? Amma bütün bunlar nəzəriyyəçilər üçün lazımdır.
Tamaşaçı üçünsə həmişə bir qiymətləndirmə meyarı olub və olmaqdadır: "xoşa gəldi", ya da "xoşa gəlmədi". Onda qanuni bir sual doğur: çağdaş teatrda tamaşaçıya nə xoş gəlmir? Bir qayda olaraq, emosiya və məzmundan məhrum şeylər. Əgər bir şey ağla, ürəyə, gözə girmirsə, diqqəti çəkmirsə, tamaşaçını getdikcə artan maraq çərçivəsində saxlamırsa. Bu cür tamaşalar çoxdurmu? Tamaşaçılar ilə daimi dialoq qurmağa nail olmuş belə teatrlar çoxdurmu? Festivallar məhz bu dialoqların necə olmasını anlamaq üçün lazımdır.
"Beynəlxalq" statusu yalnız dünya mədəniyyət camiəsinin deyil, həm də kənar sərmayəçilərin diqqətini cəlb edir. Axı mədəniyyətə sərmayə yatıran ölkə, bölgə, vilayət münasibətlərin etibarlılığının da zəmanətçisi sayılır. Amma bununla yanaşı, hər bir festivalın öz "siması" var. Öz ənənələri, öz prioritetləri, öz tematikası var.
Misal gətirək. Beynəlxalq Volkov festivalı başqalarından çox seçilir. Tematika çağdaş quruluşçuların interpretasiyasında rus klassikasıdır. Burada münsiflər heyəti və tənqidçilərin ekspert qurupu yoxdur. Tamaşadan öncə baxılan gündəlik müzakirələr yoxdur. Natamam, amma doğma şəhər üçün tələb olunan əl işi ilə nə edəcəyini bilməyən pərt olmuş rejissorlar yoxdur. Başqa festivallarda və ya doğma şəhərində dahiyanə olduğu söylənən, amma başqa komandanın tənqidçiləri tərəfindən oyunu tamamilə əks qiymətləndirilən aktyorların məyusluğa düçar olması yoxdur. Nə olsun ki, yoxdur, mənə elə gəlir, bu çox əlverişlidir. Həqiqiətən belədir. Özünüz təsəvvür edin, bu peşədə çoxdan bişmiş rejissora birdən deyirlər: "Bilirsiniz, sizin tamaşa elə də alınmayıb! Çünki tənqidçi pyesi tam tərsinə anlayır! Qəhrəmanınızın da geyimi alınmayıb. Kostyumlar da yaxşı deyil! Bu nə mizan-səhnədir sizdə? Nəyə lazımdır? Tamamilə fərqli olmalı idi".
Mən, əlbəttə ki, bir az şişirdirəm, amma belə şeyləri çox eşitmişəm. Bu, anlaşılmazlıq və suallar doğururdu: niyə bu tənqidçilər özləri gördüyü kimi tamaşalar qoymurları Başqasının quruluş konsepsiyasını təhlil etmək istəmirlər və bacarmırlar, onların hər şeyi öz interpretasiyalarına çevirmək cəhdinin heç bir teatra xeyri yoxdur. Volkovskda isə belə heç bir şey olmadı. Adama elə gəlirdi ki, adətən, hamının qorxduğu və sevmədiyi tənqidçilər nəsə ciddi təqdiqat işləri ilə məşğul olurlar. Onlar tamaşaya baxdılar və sonra bir-birləri ilə ünsiyyət quraraq, göstərilmiş konsepsiyanın gerçəklərini axtarmağa başladılar. Əlbəttə, həmrəylik olmadı! Bu, normaldır, yaxşıdır və doğrudur. Başqasının yaradıcılığını qiym?tləndirmək həmişə insanın öz dünyagörüş səviyyəsinə, savad səviyyəsinə, əhatə genişliyinə və ən nəhayət, izləyici təcrübəsinə uyğunlaşdırılmış subyektiv baxışdır. Bu da yaradıcılıqdır. Çox yaxşıdır ki, sonradan onların fikirləri "Kultura"da, "Teatralnaya jizn"də, "Strastnı bulvar"da, "Prossenium"da və s.-də dərc olunur. Amma festival məkanı hansısa yeni status əldə etdi. Ən azı, məndən ötrü. Məncə, bu statusu zaman diqtə edir. O, yeni oyun qaydaları tələb edir. Hər şeydə dəyişikliklər tələb edir. O cümlədən, festival işinə yanaşmada da. Festivalın bədii rəhbəri Olqa Nikifirova bu cür tədbirlərin keçirilməsinin məqsədi barədə sualları cavablandırır.
- İndi Rusiyada beynəlxalq festivallar yetərincədir. Daha birinə də ehtiyac vardı?
- Festivallar çox olmur. Bizim festivala şəhər lazımdır. Öz teatrımızın estetik sərhədlərini genişləndirmək üçün bura başqa teatrları gətirmək sadəcə lazımdır. Bizim tamaşaçılar ümumiyyətlə teatr dünyasında nə baş verdiyini bilməlidirlər. Zaman cəmiyyətlə birgə teatrı da dəyişir. Bu proseslə əlaqəni itirməmək lazımdır.
- Festival proqramı çərçivəsində "off" proqramında Kosta Treplev adına Beynəlxalq Teatr Mərkəzi fəaliyyət göstərir. O, nə ilə məşğuldur?
- Səhnə qiraəti, yeni dramaturgiya formaları çərçivəsində mövcudluq prinsiplərinin laboratoriya analizi ilə məşğuldur.
- Bu, nə verir?
- Çox şey. Hərdən elə şey ki, əvvəlcədən biz heç ehtimal edə bilmirik. Məsələn, mərkəzin proqramına avanqard pyes daxil edirik, onu 1-2 məşq prosesində vərəqdən oxumalı oluruq. Yəni intuisiya, improvizə, təhlillə tamaşanın eskizini düzəltməli oluruq. Aktyorlar bu cür iş prosesində işlənmiş ştamplardan xilas olurlar, çox vaxt yeni sərhədlər açırlar və hətta arzu edə bilmədikləri rolları əldə edirlər. Bundan başqa, bu, laboratoriya qiraətləri köhnə mövcudluq formalarından yaxa qurtarmağa, fəzada və ya səhnədə, ya da istənilən başqa meydançada mövcudluğun yeni forma və üsullarını tapmağa imkan yaradır.
- Bu təcrübənin öz tarixçəsi var?
- Hə, kiçik də olsa, amma artıq tarixdir. Polşada, Hollandiyada dramaturqların əsərlərinin laboratoriya qiraətləri keçirilib. İndi də "Klassiklər əksinə" proqramı çərçivəsində Rusiya və Ukrayna dramaturqlarının çağdaş əsərləri oxunur.
- Sizin teatrda yalnız gənc aktyorlar məşğuldur?
- Yalnız onlar deyil, yaşlılar da. Rejissorları Piter və Moskvadan dəvət edirik. Bir qayda olaraq, bu cür layihələrdə gənc quruluşçuların da istedadı ortaya çıxır; məsələn, bu festivalın laboratoriya işinin nəticəsi rejissor, "SPBQU"da Filştinskinin kursunu bitirmiş Semyon Serzinin Natalya Vorojbitin "Viy" pyesi və Yaroslavsk Teatr İnstitutunun tələbəsi Sergey Karpovun Nekrasovun "Comərd əməl" hekayəsi əsasında qoyulmuş tamaşalarının eskizləri olub. Baş rejissor onları bizim teatrın quruluş işlərinin planına salır. Bu, laboratoriya eskizlərinin çox sayda gənc rejissorlara peşə yolu açmasına nümunədir. Onlar "gənc" kimi peşəyə daxil olmaq üçün 40 yaşa qədər gözləməli deyillər.
Bu doğrudur. Artıq görünür ki, onların öz quruluş "dəst-xətti" var. Bugünkü teatr incəsənətinə öz baxışları da var. Bu, çox gözəldir. Onlar bu sənətə hüquqlarının olmasını sübut etməli olmayacaqlar. Çexovun qəhrəmanı Kosta Treplev kimi sübut etməli olmayacaqlar ki, çağdaş teatrın yeni formalara, yəni dəyişikliklərə ehtiyacı var. Amma bütün bunlar "off" proqramı çərçivəsindədir. Məcburi proqramda 14 tamaşa var. Onlardan 3-ü - Omsk Teatrının "Bağda dincələnlər", Zlatoustovsk Teatrının "Kreçinski", Saratov Gənc Tamaşaçılar Teatrının "Omnibus" və "Xəyali xəstə" tamaşaları 2011-ci il üzrə Rusiya Felerasiyası (RF) hökumətinin Fedor Volkov adına mükafatına layiq görülüb. Bu, RF Mədəniyyət və Turizm Nazirliyinin 2010-2011-ci illər mövsümü üzrə Rusiya teatrlarının işinin nəticələrinə görə etdiyi seçimdir.
Bizim ölkədə də belə təcrübə var - mövsümlərə yekun vurulur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də bədii və peşəkarlıq zirvələrinə qalxan teatrlara "Zirvə" mükafatı verir. Keçən mövsümün yekununa görə, qalib Rus Dram Teatrının "Yay gecəsində yuxu" tamaşası olub.
Bakının teatr həyatına gəldikdə isə, bizdə yeni formaların, yeni mövzuların, yeni ideyaların axtarışı üzrə fəal iş gedir. Noyabrın əvvəlində Birinci Bakı Beynəlxalq Festivalı çərçivəsində kukla teatrlarının tamaşaları göstərildi. Noyabrın sonunda isə Azərbaycan Teatr Xadimləri İttifaqı kiçik "2+1" formalı tamaşaların Respublika Teatr Festivalını keçirib. Və tezliklə biz qaliblərin adlarını biləcəyik: gənc rejissorlar, aktyorlar, rəssamlar öz işlərini izləyicilərin və ekspert komissiyasının mühakiməsinə artıq təqdim ediblər.
MƏSLƏHƏT GÖR: