25 Noyabr 2024

Bazar ertəsi, 17:24

İNFORMASİYA SIÇRAYIŞININ ASTANASINDA

"Bakutel-2011" Azərbaycanın IT sektorunun ən çağdaş texnologiyaları və innovasiyaları inkişaf etdirmək qabiliyyətini sübut etdi

Müəllif:

01.12.2011

Azərbaycan az sayda ölkələrdən biridir ki, böhrandansonrakı dönəmdə informasiya-kommunikasiya texnologiyaları (İKT) bölməsinin nisbətən yüksək inkişaf templərini qoruyub - saxlaya bilib. Son illərdə bizim ölkə Cənubi Qafqazın kosmik  peyklər buraxılışı üzrə irimiqyaslı layihələrini gerçəkləşdirən, üçüncü və dördüncü nəsil mobil rabitələri inkişaf etdirən, genişzolaqlı internetə girişin genişləndirilməsi üzrə regional və transmilli infrastruktur yaradan, tammiqyaslı   "e-government" yaradan tək ölkəsidir. Eyni zamanda, yerli kompüter və IT avadanlıq istehsalçıları, həmçinin, sistem inteqratorları və proqram şirkətləri xarici bazarları da fəal mənimsəməkdədirlər. 

 

Tezliklə Azərbaycanda: 4G

"Bizim ölkənin rəhbərliyi IT-sektorun inkişafına böyük qayğı göstərir: keçən səkkiz il ərzində İKT-nin inkişaf strategiyası və bu sahədə bir neçə dövlət proqramı qəbul edilib, müxtəlif köklü bazar islahatları gerçəkləşdirilib. Nəticədə, ölkədə rəqabətli və dinamik inkişaf edən, böyük həcmlərlə sərmayələr mənimsəməyə, ən çağdaş texnologiya və innovasiyalar tətbiq etməyə qadir  telekommunikasiya bazarı yaradılıb. Artıq on yeddinci dəfədir ki, keçirilən "BakuTel" sərgisi bizim ölkədə kommunikasiya sektorunun yüksək inkişaf templərinin aydın təsdiqidir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq forum iştirakçılarına göndərdiyi məktubunda bildirib. 

Artıq çox illərdir, "BakuTel" sərgiləri, bir növ, dünyanın iri IT şirkətlərinin uğurlarını və perspektiv planlarını Azərbaycanda nümayiş etdirən vitrinə çevrilib. Öz statusuna görə, sərgi ənənəvi neft-qaz sərgisindən sonra əminliklə ikinci yeri tutur. Təsadüfi deyil ki, "BakuTel-2011" sərgisinin açılış mərasimində növbəti dəfə Azərbaycan dövlətinin başçısı iştirak edib, qonaqlar sırasında isə aparıcı transmilli IT şirkət başçıları, bir sıra ölkələrin kommunikasiya qurumlarının rəhbərləri, həmçinin, müxtəlif beynəlxalq qurumların başçıları da yer alıblar. 

Diqqətəlayiqdir ki, hər il keçirilən "BakuTel" sərgisinin açılışı bu il Azərbaycanda rabitə sahəsinin yubiley bayramı ilə üst-üstə düşüb: 130 il qabaq Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər və bu unudulmaz tarix Azərbaycanda rabitə sənayesinin başlanğıcını qoyub. 

"BakuTel-2011" sərgisi növbəti dəfə bizim ölkənin IT bazarının mənimsənilməsinə yerli və xarici şirkətlərin ildən-ilə artan marağını təsdiq edib. Eyni zamanda, forum ölkənin dinamik inkişaf etməkdə olan telekommunikasiya sektorunu səciyyələndirən üç önəmli meyli açıq nümayiş etdirib. Ölkənin telekommunikasiya bazarının ən kütləvi və gəlirli istiqaməti artıq çox illərdir ki, mobil rabitə texnologiyalarının inkişafı sayılır. O cümlədən, bu sıraya genişzolaqlı internet kanallarına yüksəksürətli mobil girişi özündə birləşdirən "3G" və "4G" üçüncü və dördüncü nəsil standartlarının, həmçinin, yüksəkkeyfiyyətli radioəlaqə texnologiyalarının tətbiqini aid etmək olar. Azərbaycanda ilk "3G" şəbəkəsini 2009-cu ilin dekabr ayından "Azerfon" şirkəti ("Nar Mobile" ticarət markası) for-malaşdırmağa başlayıb, bu ilin noyabr ayından isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) digər mobil rabitə operatorları "Azercell Telecom" və "Bakcell"ə də genişzolaqlı rabitə xidmətləri gerçəkləşdirmək üçün lisenziya verib. Bu gün hər üç operator yalnız "3G" smartfonlar üçün deyil, həmçinin, noutbuk və planşetlər, başqa qurğular üçün mobil modemlər vasitəsilə limitsiz internet təqdim edirlər. Bu şirkətlərin abunəçiləri, artıq öz həmsöhbətini videotelefonlar vasitəsilə görə, biznesi idarə edə, təhsil ala bilərlər; elektron kommersiya xidmətlərinə çıxışları var, televiziya verilişlərinə və HD (yüksəkdərinlikli) formatda filmlərə baxa bilərlər. "Azerfon" və "Bakcell" şirkətləri də artıq şəbəkələrarası qoşulmanı işə salıblar və öz abunəçiləri üçün  "3G" şəbəkəsi vasitəsilə videorabitə yaradırlar.  

Təsadüfi deyil ki, rəmzi olaraq "Bakcell" şirkəti üçün üçüncü nəsil "3G" sistemini Prezident İlham Əliyev kommunikasiya sərgisi zamanı işə salıb. "Bakcell" şirkəti tərəfindən ən aşağı tariflərdən biri təklif edilib ki, bunun hesabına operatorun yeni xidmətinə elə ilk günlərdə 200 min abunəçi qoşulub. Ölkənin 62 şəhərinin istifadəçiləri 10-14 mbit/saniyə sürətli mobil internetə qoşulma imkanı əldə ediblər, Bakıda isə daha yüksək sürət əldə etmək mümkündür. "Azercell" şirkəti də həmçinin bütün mövcud baza stansiyalarını "3G" texnologiyasına qoşub və şəbəkənin, demək olar ki, yüz faiz əhatə edilməsini gerçəkləşdirib. Bunun hesabınadır ki, noyabrın əvvəlindən 300 minə yaxın abunəçi üçüncü nəsil xidmətlərdən istifadə etməyə başlayıb. Bu yaxınlarda isə "Azercell Telekom" RİTN-ə "4G" xidmətlərinin gerçəkləşdirilməsinə lisenziya almaq üçün müraciət edib. 

Güclənən rəqabət şəraitində "Azerfon" şirkəti genişzolaqlı rabitə xidməti üçün tarifləri nəzərəçarpacaq səviyyədə aşağı salıb, həmçinin, "4G" xidmətlərinin göstərilməsinə lisenziya almaq üçün RİTN-ə müraciət edib. Dördüncü nəsil şəbəkənin yaradılması üçün bu yaxınlara "Azerfon" şirkəti "Nokia Siemens Networks"la $80 mln.-luq saziş də bağlayıb. "Nokia Siemens Net-works" şirkəti mövcud şəbəkəni modernləşdirmək, Bakı metro stansiyasında əhatə zonasını genişləndirmək, ən başlıcası, bütün mövcud baza stansiyalarını "LTE" texnologiyası əsasında dördüncü nəsil avadanlıqla yenidən təchiz etmək barədə öhdəlik götürüb. Əsas üstünlük internet-trafikin böyüdülməsi və ötürülən göstəricilərin həcminin genişləndirilməsi ilə bağlıdır ki, bu da "4G" standartlı yeni servisləri istifadə etməyə, ən başlıcası, tarifləri dəfələrlə aşağı salmağa imkan verəcək. 

"Biz hesab edirik ki, Azərbaycanda "4G" xidmətlərinin göstərilməsinə artıq gələn ilin may ayından başlamaq olar. Hər üç mobil rabitə şirkətinə yeni texnologiyaya keçmək üçün bərabər imkanlar yaradılacaq. RİTN artıq radiotezliklər üzrə Dövlət Komissiyasına uyğun tezliklərin ayrılması xahişi ilə müraciət edib. Eyni zamanda, bütün operatorlara buyurulub ki, dördüncü nəsil rabitə xidmətinin tətbiq edilməsi üçün texniki araşdırmaları və başqa hazırlıq işlərini qısa müddətə başa çatdırsınlar", - deyə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. 

 

Kosmik irəliləmə 

İKT-nin inkişafının vacib və bizim ölkə üçün tamamilə yeni istiqaməti kimi Azərbaycanın kosmik proqramını saymaq olar. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, "Azərkosmos" ASC-nin xarici şirkətlərlə birgə işi nəzərdə tutulmuş plana ciddi riayət edilməsi ilə gedir. Azərbaycanın ilk peykinin istehsalçısı olan "Orbital Sciences Corporation" Amerika şirkəti və onu Fransa Qvianasının Kuru kosmodromundan "Ariane-5ECA" raketdaşıyıcısı ilə kosmosa çıxarmaq tapşırılmış "Airanespace" Fransa şirkəti öz işini gələn ilin sonuna başa çatdıracaq. Azərbaycanın ilk peyki "AzerSpace" rəqəmsal teleyayım, internetə giriş, məlumatların ötürülməsi "VSAT" multiservis şəbəkələrinin yaradılması, həmçinin, qapalı hökumət rabitəsinin yaradılması üçün nəzərdə tutulub. Özü də RİTN peykin resurslarının yalnız dörddəbirini ölkənin daxili ehtiyacları üçün işlətməyi düşünür, qalan dörddəüç hissə isə beynəlxalq bazarda satılacaq. Peykin yerləşəcəyi orbital mövqe Malayziyanın peyk operatoru "MEASAT"dan icarəyə götürülüb və artıq Malayziya "AzerSpace"in resurslarının 40%-ni əldə etməyi sifariş verib. 

Təxminən, 2015-ci ilə "Az?rkosmos" orbitə ikinci   telekommunikasiya peykni çıxarmağı düşünür, gələcəkdə isə müxtəlif təyinatlı, məsələn, Yerin dərinliklərinin distansion zondlaşdırılması üçün peykin buraxılması istisna edilmir. "Artıq "AzerSpace" peykinin yerdən idarə edilməsi üçün əsas mərkəzin tikinti işlərinə başlanılıb, bu mərkəz Bakıda Şamaxı şosesinə giriş rayonunda olacaq. İkinci ehtiyat idarəetmə mərkəzi Naxçıvan Muxtar Respublikasında yerləşəcək, onun tikintisinə gələn ilin yanvar ayından başlamaq düşünülür. Peykin kommersiya istismarı üçün üçüncü stansiyanın tikintisi isə Saybercaya şəhərində  - Malayziynın əsas innovasiya və IT mərkəzində olacaq", - deyə  "Azərkosmos" ASC-nin kommersiya departamentinin təmsilçisi Ruslan Əliyev bildirir. Buna paralel olaraq, Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi planlaşdırılır. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAA)  xətti ilə  "VSAT" peyk rabitə sistemlərinin, elektron kartların istehsalı, ən çağdaş müşahidə, izləmə şəbəkələrinin, həmçinin, kosmik xəbərdarlıq sistemlərinin istehsalı planlaşdırılıb. 

"BakuTel-2011" sərgisinin daha bir dəqiq ifadə edilmiş istiqaməti isə yerli kompüter və uyğun avadanlıq istehsalçılarının, həmçinin, proqram təminatı şirkətlərinin və şəbəkə infrastrukturu inteqratorlarının məhsulları olub. Diqqətəlayiqdir ki, son illərdə bu məhsullar qonşu ölkələrdə də satılmağa başlanıb. O cümlədən, hələ bir neçə il qabaq Azərbaycanın aparıcı kompüter texnikası və avadanlığı istehsalçısı olan "KÜR" şirkəti öz məhsulunun Gürcüstana və Türkmənistana ixracına başlayıb. Özü də şirkət perspektivdə ixrac nomenklaturasını  kompüterləşdirilmiş fotoköşk laboratoriyaları, dekoderlər və ADSL-modemlər və rəqəmsal televiziyaya qoşulmaq üçün dekoderlər ilə zənginləşdirməyi düşünür ki, bu məhsulların da istehsalına bu ilin yanvar ayından başlamaq düşünülür. Proqram təminatı və noutbuklar, stasionar kompüterlər, serverlər, LCD-monitorlar və televizorlar istehsalı ilə məşğul olan "Ultra" şirkəti də yavaş-yavaş ixrac istiqamətlərini mənimsəməyə başlayır. 

Bununla yanaşı, yerli IT-sektoru üçün ən perspektivli və gəlirli ixrac istiqaməti kimi, proqram təminatlarının işlənməsi, həmçinin, şəbəkə infrastrukturunun inteqrasiyası görünür. Məsələ bundadır ki, bu sahə mikrosxem və başqa element bazalarının istehsalı üçün çağdaş zavodların tikintisinə milyardlarla dollarlıq sərmayə tələb etmir, sadəcə,  proqramçıların və mühəndis-inteqratorların intellektual potensialına əsaslanır ki, bu da yüksəksəviyyəli rentabellik və yatırımların sürətli özünüödəməsi imkanına zəmanət verir. Bu istiqamətdə Azərbaycanda "SINAM", "R.I.S.K.", "AZEL", "ULTRA", "Caspel" və başqa şirkətlər lider mövqedədir. Onlar dünyada tanınmış proqram təminatı nəhənglərinin - "Microsoft", "IMC", "CISCO", "Oracle", "HP", "Allied Telesis" və s.-in yerli tərəfdaşlarıdır.

Bu sıçrayışda önəmli nümunə kimi, "SINAM" şirkətinin fəaliyyətini göstərmək olar. Şirkət bu ilin sonuna kimi Qırğızıstanın Dövlət Gömrük Xidmətinin vergi inzibatçılığının inteqrə edilmiş sisteminin proqram təminatının işlənməsini və implementasiyasını başa çatdıracaq. Qırğızıstanda yaradılan sistem Azərbaycan Vergilər Nazirliyinin artıq beş ildən çoxdur ki, fəaliyyət göstərən avtomatik vergi informasiya sisteminin (AVİS) bir növ analoqudur. O, 11 moduldan- vergiödəyicilərinin qeydiyyatı, gəlirlərin uçotu, bəyannamənin işlənməsi, elektron audit, borcların məcburi tutulması, apellyasiya, üçüncü tərəfin informasiyası modullarından ibarətdir. Bu, Azərbaycanın proqram təminatı şirkətlərinin ölkədən kənarda uğurlu işi barədə tək nümunə deyil. Keçən ilin sonunda "R.I.S.K." şirkəti Moldovanın dövlət müəssisəsi "MoldATSA" da "PANDA" və "OMEGA" aeronaviqasiya sistemlərini tətbiq edib. Maraqlıdır ki,  Moldova "R.I.S.K." şirkətinin həlləri üzrə aeronaviqasiya sistemlərinin tətbiq edildiyi doqquzuncü ölkə olub. Daha öncə bu həllər uğurla Qazaxıstanda, Belarusda, Latviyada, Estoniyada, Tailandda, Braziliyada, Dominikan Respublikasında və əlbəttə ki, Azərbaycanın özündə inteqrasiya edilib. 

Başqa nümunə - bu ilin iyun ayında Azərbaycanın IT şirkəti "Matrix" "SINAM"la tərəfdaşlıqda Türkmənistanın neft şirkətinə naviqasiya trekinq sistemlərinin göndərilməsi barədə sazişlər bağlayıb. GPS-naviqasiyaya əsaslanan qurğu neft şirkətinin beş min avtomobilində quraşdırılacaq. Layihə çərçivəsində dispetçer sistemi üçün 150 baza stansiyasının da yaradılması nəzərdə tutulur. 

Göründüyü kimi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf templəri ürək açır. Son altı il ərzində sektor beş dəfə böyüyüb, orta illik artım 30-32% təşkil edib. Zirvə göstəricilər böhrandanöncəki 2008-ci ilin payına düşüb, onda rekord inkişaf tempi - 37,21% artım əldə edilmişdi ki, bu, orta dünya göstəricisindən üç dəfədən yüksək idi. Ancaq 2009-2010-cu illərin böhran zolağından da bizim ölkənin İKT sektoru hissediləcək itkilər olmadan keçib. Cari ilin üç rübünün nəticələrinə görə, telekommunikasiya sahəsi və poçt xidməti  keçənilki göstəricilərə baxanda 15 faizlik artım nümayiş etdirib. Ancaq IT sektoru ayrıca götürəndə, həmin müddətdə, ən azı, ikidəfəlik artım sərgiləyib. 

Bu ürəkaçan dinamikada daxili kompüter bazarının həcminin önəmli şəkildə artması, dövlət tərəfindən "e-government" elementlərinin tətbiqi və dövlət qurumlarının kompüterləşdirilməsi üzrə bir sıra layihələrə dəstək verilməsi, həmçinin, fərdi və mülki bölmədə istifadəçilərin sayının artması rol oynayıb.  Sektorda yeni layihələrin gerçəkləşdirilməsi dinamikası gələn il də yüksək artım  templərini təmin edəcək. 



MƏSLƏHƏT GÖR:

526