25 Noyabr 2024

Bazar ertəsi, 17:44

BÖHRAN DALĞASI İLƏ ÜZ-ÜZƏ

Azərbaycan iqtisadiyyatı dünya iqtisadi tənəzzülünün ikinci mərhələsinin zərbələrinə hazırdır

Müəllif:

01.12.2011

Avropada qeyri-sabit iqtisadi durum ətrafında əsəblərin gərginləşməsi gücləndikcə, ekspertlərin dünyanı növbəti ümumiqtisadi böhranın gözləməsi və budəfəki böhranın əvvəlkindən daha dərin olması barədə proqnozları  daha da əminliklə səslənir. Əlqərəz, bu gerçəklikdir ki, Köhnə Dünya maliyyə sahəsindəki problemlərinin öhdəsindən heç cür gələ bilmir ki, bu da artıq Avropa ilə birbaşa ticari-iqtisadi münasibətləri olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Avropa böhranından hələ ki əziyyət çəkmə-yən Azərbaycanda da müəyyən ehtiyat tədbirlərinin qəbul edilməsinin vacibliyi göz qabağındadır və Mərkəzi Bank da buna təkid edir. 

 

Avropa böhranının dalğası ABŞ və Asiyanı vuracaq

Yunanıstan və İtaliyadan sərmayəçiləri ruhlandıran xəbərlər gəlməsinə baxmayaraq, Avropanın borc böhranı həll edilməkdən çox uzaqdır. Belə ki, Yunanıstanda Avropa Mərkəzi Bankının keçmiş vitse-prezidenti Lukas Papadimosun rəhbərliyi ilə müvəqqəti keçid koalisiya hökuməti formalaşıb və o, təcili struktur islahatların keçirilməsini təmin etməlidir. İtaliya Parlamenti isə sərt iqtisadi tədbirlər qanununu və ya "maliyyə sabitliyi haqqında" qanunu qəbul edib. Qanunda pensiya yaşının artırılması, benzinin qiymətinin yüksəldilməsi, dövlət xərclərinin azaldılması üzrə bir sıra tədbirlər nəzərdə tutulub. Bundan sonra ölkə baş naziri Silvio Berluskoni istefaya getdi və onun yerini keçmiş Avropa komissarı Mario Monti tutdu.

Ancaq daha sonra İtaliyanın ortamüddətli dövlət istiqrazları üzrə dərəcələr rekord - 6,29% səviyyəyə çatdı və bununla da Avropa böhranın çətinliklərini yada saldı. Bundan başqa, Almaniya kansleri Angela Merkel yaşanan dövrü İkinci Dünya müharibəsindən sonra Avropa üçün ən ağır dönəm saydığını bildirdi. 

Bu yaxınlarda isə indiyə kimi az-çox sabit ölkə kimi tanınan Macarıstan diqqət mərkəzinə çıxdı. Beynəlxalq "Moody's" agentliyi bu ölkənin suveren kredit reytinqini "Vaa3" səviyyəsindən qeyri-investisiya kateqoriyası, "mənfi" proqnozlu "Va1"ə endirdi. Agentlik reytinqi ortamüddətli maliyyə siyasətində məqsədlərə çatmaq üzrə qeyri-müəyyənliklə əsaslandırdı. Qurum "mənfi" proqnozu Macarıstan Avropa borc böhranının nəticələrinə qarşı mübarizə üçün dəqiq mexanizmlərin olmaması ilə izah etdi. Macarıstan İqtisadiyyat Nazirliyinin bu qərarı tənqid etməsinə baxmayaraq, Avropa ölkələrinin borc böhranının böyük yükə çevrildiyi göz qabağındadır. Bütün problem öz portfellərini şaxələndirmək naminə Avropa ölkələrinin hamısının istiqrazlarını almış bankların boynuna düşür. Maca-rıstanın reytinqinin də azalması bank sisteminə növbəti zərbədir. Banklardan danışarkən zəif halqanı unutmaq olmaz. 

Noyabrın 23-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və maliyyə məsələləri üzrə Avropa komissarı Olli Ren avrozonanı böhrandan çıxarmaq üçün çoxdan vəd edilən proqramı təqdim ediblər. Avropa Komissiyasının təklifləri faktik olaraq iki əsas bəndi - büdcə siyasəti sahəsində inteqrasiyanın gücləndirilməsinə və  Avropa Birliyi (AB) ölkələrinin ümumi borc öhdəliklərinin - "sabitlik istiqrazları"nın buraxılmasına əsaslanır. 

Avrozonanın problemlərini büdcə kəsrlərini azaltmaq, real sektorun kreditləşdirilməsini bərpa etmək və işsizliyi azaltmaq yolu ilə həll etmək mümkündür və Avropa liderləri Barrozu və Ren də bunu qarşılarına məqsəd qoyublar. Amma bu məqsədə çatmaq üçün mütləq avrozonada radikal idarəetmə islahatları da aparılmalıdır və Avropa Komissiyasının əsas təklifləri də buna yönəlib. 

Barrozu və Ren təklif ediblər ki, avrozona ölkələrinin büdcə siyasətinin daimi auditi aparılsın. Bu mexanizmə görə, valyuta ittifaqının bütün iştirakçıları öz büdcələrini Avropa Komissiyasına payızda hələ təsdiq olunmamış təqdim etməlidirlər, indiyə kimi isə təsdiq olunandan sonra yazda təqdim edirdilər. Büdcə layihəsini nəzərdən keçirib, ölkənin riskli maliyyə siyasəti yürütdüyünü görəndən sonra, Brüssel məmurları onu risk qrupuna aid edə bilərlər. Bu cür nəzarət yalnız büdcə nəzarətinin yaxşılaşması üçün deyil, həm də bütün avrozona ölkələri tərəfindən zəmanət verilən istiqrazların - "sabitlik istiqrazları"nın buraxılması üçün vacibdir. Dünya bazarları Avropadan məhz bu qərarı gözləyirlər, istiqrazlar borc yükünü azalda bilər. Hələ ki avrobondların buraxılması ideyasına qarşı, əsasən, Almaniya çıxır və avrozonanın zəif ölkələrinin risklərini öz üzərinə götürmək istəmir. 

Avropada böhranın həll yollarını arayan zaman, San-Fransiskoda Federal Rezerv Bankının ekspertləri bildiriblər ki, Avropanın borc böhranı ABŞ iqtisadiyyatını da qərq edə bilər. Analitiklərin fikrincə, hələ ki Birləşmiş Ştatlarda ehtimal edilən tənəzzülün miqyaslarını qiymətləndirmək çətindir, amma proqnozlara görə, 2012-ci ilin birinci yarısında onun ehtimalı ən yüksək həddə olacaq və sonra azalmağa başlayacaq. 

İstənilən halda ABŞ iqtisadiyyatının bərpa prosesi çox ləng gedir. Ekspertlər əmindirlər ki, Avropa və ABŞ-dakı problemlər həm də Asiya ölkələrinin iqtisadiyyatında tənəzzülə səbəb ola bilər, çünki onlar, əsasən, ixraca yönəlik işləyirlər. BVF-nin proq-nozlarına görə, hazırda dünyada tənəzzül potensialı çox böyükdır və BVF bunu nəzərə alaraq, bu  və gələn il üçün iqtisadi artım proqnozlarını azaldıb. 

Güclü müzakirələrə, proqramlara, layihələrə və s. baxmayaraq, dünya yeni böhran dalğasının qaçılmaz olduğunu anlayır. Amma bu məsələdə müəyyən üstünlük də var - böhran gözləniləndir, deməli, ona hazırlaşmaq və bütün mənfi impulsları vaxtında dəf etmək olar. 

 

Azərbaycan: böhran artıma mane olmur 

Bildirmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı elə böhranın birinci dalğasında da güclü zərər görməmişdi, amma müəyyən zərbələr, xüsusilə də bank sektorunda hiss edildi. Ancaq banklar heyrətamiz şəkildə sürətlə bərpa olundular ki, bu da maliyyə-bank fəaliyyətinin müxtəlif komponentləri üzrə gerçəkləşdirilən siyasətin doğruluğundan xəbər verir. 

Qlobal, yəni makroiqtisadi baxımdan  ekspertlər və ölkə hökuməti Azərbaycan üçün  ortamüddətli perspektivdə ciddi risklər görmürlər. Əgər hətta böhranlı 2009-2011-ci illəri götürsək, onda ölkə iqtisadiyyatı ildə, orta hesabla, 5% artıb ki, bunu da yetərincə yüksək göstərici saymaq olar. Cari ildə isə proqnozlara görə, neftdənkənar bölmədə artım 9% olacaq, valyuta ehtiyatlarının həcmi $42 mlrd, tədiyyə balansının  profisiti $14 mlrd (ÜDM-in 67%-i qədər) təşkil edəcək. Daha bir önəmli "böhran" göstəricisinə - xarici borcun həcminə gəldikdə isə, Azərbaycanda o, cəmi ÜDM-in 8%-i qədərdir, Yaponiyada bu, 200%, ABŞ-da 100%, Avropanın bir sıra ölkələrində isə ÜDM-in 100-150%-ni təşkil edir. 

Ancaq Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov hesab edir ki, bu, heç də risklərin olmaması demək deyil ki, "Biz rahat oturaq və deyək ki, qlobal problemlərin bizə dəxli yoxdur". Onun fikrincə, əgər Azərbaycan uzunmüddətli perspektivdə öz iqtisadiyyatının dayanıqlılığını qoruyub-saxlamaq istəyirsə, o, dərhal bu problemlərə reaksiya verməlidir. "Təbii ki, tənəzzül, dünya tələbatının azalması dünya bazarlarında neftin qiymətini aşağı sala bilər ki, bu da bizdən ötrü ən önəmli məsələdir. Başqa tərəfdən isə beynəlxalq maliyyə bazarlarında durum, volatillik, valyutaların dəyişən məzənnələri, borc problemləri Azərbaycan iqtisadiyyatı üçün risk kimi qiymətləndirilə  bilər, çünki bizim yetərincə valyuta ehtiyatlarımız var və onlar bu bazarlarda yerləşdirilib, idarə edilir", - deyə AMB başçısı bildirib. 

Onun sözlərinə görə, faiz dərəcələrinin aşağı səviyyəsi bu ehtiyatların idarəedilməsindən əldə edilən gəlirlərin azalmasına səbəb olur. Bütün bunlar ölkənin maliyyə qurumlarında müəyyən narahatlıq yaradır. "Biz həm də başqa ölkələrdən pulköçürmələri alırıq. Onların həcmi elə böyük olmasa da, əhalinin müəyyən təbəqələri üçün bunlar vacibdir, xüsusilə də regionlarda. Qonşu ölkələrdə tənəzzül, iqtisadiyyatın azalması bu köçürmələrin həcmlərinin azalmasına gətirə bilər", - deyə E.Rüstəmov bildirib.

Konkret olaraq bank sektoruna və onun üçün risklərə gəldikdə isə, ilkin olaraq qeyd edək ki, 2011-ci ildə Azərbaycanın bank sektoru üzrə məcmu göstəricilər bütünlükdə 20% artıb ki, bu da ölkənin makroiqtisadi göstəricilərinin artım templərini üstələyir. Başqa sözlə, vurğulamaq olar ki, bank bölməsində fəallıq bərpa olunub və AMB-dən əmin edirlər ki, ilin sonuna kimi də bu, davam edəcək və iqtisadiyyat üçün lazım olan səviyyədə kreditlər veriləcək. Bununla yanaşı, Elman Rüstəmov özü etiraf edib ki, iqtisadiyyatın kreditlərə olan tələbatı verilən həcmlərdən xeyli çoxdur. "Biz əlavə maliyyə resurslarından və onları cəlbetmə mənbələri barədə düşünməliyik. Yerli bazarda da imkanlar var, amma onları xaricdə də axtarmaq lazımdır", - deyə E.Rüstəmov bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı kapitallaşma üzrə ciddi proqramın gerçəkləşdirilməsinin vacibliyi qarşısındadır  və banklar bunda çox ciddi rol oynamalıdır. Bunun üçün vacibdir ki, bütün kreditlər aşağı faizlərlə verilsin. Aşağı inflyasiya səviyyəsi, əhalinin əmanətləri üzrə  daha aşağı faizlər, uzunmüddətli ucuz borcların cəlb edilməsi də buna imkan yarada bilər. 

Bundan başqa, böhranın təsirindən qaçmaq üçün yaxın illərdə Azərbaycan öz makroiqtisadi siyasətini valyutanın aşağı məzənnəsinin qorunmasına yönəltməlidir. Misal üçün, Çinlə ABŞ arasında ticarət müharibəsinin əsas problemi Çin yuanının aşağı məzənnəsidir. Məhz bu amil son 20 ildə bu ölkədən ixracatın artımının əsas imperatividir. Azərbaycanda da məzənnənin artması ixrac potensialının artmasına mane ola bilər. Belə ki, E. Rüstəmovun sözlərinə görə, hətta manatın bu gün nominal olaraq 1,4% faiz möhkəmlənməsinə baxmayaraq, real şəraitdə o möhkəmlənməyib - ölkənin xarici ticarət tərəfdaşlarında daha yüksək inflyasiya müşahidə edilir. E. Rüstəmov hesab edir ki, perspektivdə neytral məzənnə də bizi razı sala bilməz, bizə lazımdır ki, məzənnə yumşaq olsun və ixrac potensialının artmasına şərait yaratsın. Aşağı inflyasiya və yumşaq məzənnə bizə uçot dərəcəsini aşağı səviyyədə saxlamağa imkan yaratmalıdır. 

Bunlar əsas risklərdir. Amma qlobal fonda Azərbaycan iqtisadiyyatı yetərincə dayanıqlı və əmin görünür. 

Bundan başqa, Mərkəzi Bankın  başçısı əmindir ki, son 8 ildə iqtisadiyyatını üç dəfəyə qədər artırmağa nail olmuş Azərbaycanda dövlət başçısı İlham Əliyev tərəfindən yaxın 10 ildə ölkə iqtisadiyyatının iki dəfəyə qədər artırılması barədə verilmiş tapşırığı yerinə yetirmək mümkün olacaq. 

"Bu çox iddialı öhdəlikdir, amma bununla yanaşı, həm də realdır. Bu gün ölkə üzrə adambaşına ÜDM yerli qiymətlərlə $6 min təşkil edir, manatın alıcılıq qabiliyyəti əmsalı nəzərə alındıqda isə bu göstərici $9-10 min təşkil edir. Bu, o deməkdir ki, 10 il ərzində bu göstərici $12 minə, paritet qiymətləri isə $20 minə çatacaq", - deyə E. Rüstəmov vurğulayıb. 

Bütün bunlar neftdənkənar bölmənin hesabına baş verməlidir. Bu zaman ekspertlərin mövqeyi hökumətin yanaşması ilə üst-üstə düşür. Hesablamalara görə, bunun üçün 10 il ərzində Azərbaycan iqtisadiyyatı ikirəqəmli artım göstəricisinə nail olmalıdır. Bu zaman neftdənkənar bölmənin illik artımı 10-12% təşkil etməlidir. AMB başçısı hesab edir ki, bu göstəricilərə nail olmaq üçün  Azərbaycanda yüksək sərmayə fəallığı lazımdır və onların  xeyli hissəsi xarici sərmayələr hesabına təmin edilməlidir. Onların cəlb edilməsi üçünsə böyük miqyasda yüksəkixtisaslı işçi qüvvəsi lazımdır.   

Yəni aydın olur ki, iqtisadi dayanıqlılıq və sabit artım komponentləri yalnız  öz aralarında deyil, həm də həyatın başqa sahələrinin inkişafından asılıdır. Məsələn, Elman Rüstəmovun son tezisini şərh edərək, demək olar ki, yüksək təhsil, çağdaş səhiyyə sistemi olmadan yaxşı kadrların hazırlanması mümkün deyil. Bu kontekstdə ölkə rəhbərliyinin təhsil və səhiyyə infrastrukturunun inkişafına verdiyi diqqəti xüsusi qeyd etmək yerinə düşər. Yalnız bütün hökumətin, ölkənin ictimai həyatının bütün tərkib hissələrinin bu cür  ahəngdar fəaliyyəti uğurlu nəticələr verə bilər.



MƏSLƏHƏT GÖR:

361