25 Noyabr 2024

Bazar ertəsi, 17:53

DÖVLƏT BÜDCƏSİ - 2012: OPTİMAL və İNAMLI

2012-ci il üçün Azərbaycanın makroiqtisadi proqnozları və büdcə göstəriciləri artım meylini qoruya bilib

Müəllif:

01.12.2011

Ənənəvi olaraq payızın sonunda Azərbaycanın iqtisadi həyatı gələn il üçün makroiqtisadi göstəricilər və dövlət büdcəsinin layihəsi üzrə parlament dinləmələri ilə yadda qalan olur. Ümumiyyətlə, artıq neçənci ildir, büdcə sənədləri zərfi deputatların elə bir ciddi iradına səbəb olmur. Amma bu dəfə müzakirələr bir qədər onunla fərqlənirdi ki,  həm parlamentarilərdən, həm  də dövlət qurumu təmsilçilərindən maraqlı təkliflər gəlirdi. 

 

Sosial yönümlülük

Beləliklə, gələn ilin dövlət büdcəsinin əsas parametrləri aşağıdakı kimidir: gəlirlər - 16,4 mlrd manat,  xərclər - 17 mlrd manat.  Bu ilin proqnozlarına baxanda büdcə gəlirləri 2012-ci ildə  5,67%, xərcləri isə 6,5% artacaq. Dövlət büdcəsinin kəsri gələn il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 1,3%-i qədər olacaq. 

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, büdcə kəsrlərinin hazırlanması zamanı xüsusi diqqət dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinə, ölkənin hərbi potensialının, onun iqtisadi gücünün artırılmasına, energetika və ərzaq təhlükəsizliyinin möhkəmlədilməsinə, sahibkarlığın inkişafının dəstəklənməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldilib. 

Göründüyü kimi, büdcədə yenə də başlıca vurğu onun sosialyönümlü olmasına yönəldilib - bütün bu xərclərin xüsusi payı 27,8% olub. 2011-ci illə müqayisədə gələn ilin dövlət büdcəsinin sosial xərcləri 9,7% artacaq. 

Əlbəttə, biz sosial yönümdən danışan zaman, ilk öncə ağlımıza pensiya və əmək haqqının qaldırılması gəlir. Bu məqsədlə gələn ilin dövlət büdcəsində, təxminən, 800 mln manat nəzərdə tutulub və maliyyə nazirinin fikrincə, "Bu, yetərincə böyük məbləğdir". "Bütünlükdə, əmək haqlarını və pensiyaları qaldırmaq üçün bizim müəyyən vəsaitlərimiz var, amma bu məsələyə uzunmüddətli perspektiv prizmasından baxmalıyıq. Biz bu gün kəskin şəkildə maaş və pensiyaları artıra bilərik. Amma bu cür templəri üç-beş ildən sonra təmin edə bilmə-yəcəyiksə, bu, böyük problemlərə gətirəcək", - deyə nazir vurğulayıb. 

Nazirlə razılaşmamaq çətindir, bu gün Avropa ölkələrinin əksəriyyəti çox vaxt əsaslandırılmamış və maliyyə baxımından möhkəmləndirilməmiş sosial öhdəliklərin yerinə yetirilməsində çətinliklərlə qarşılaşıb. Bunun nəticəsidir ki, onlar büdcənin sosial ödənişlər üçün nəzərdə tutulmuş xərclərini kəskin azaltmağa məcburdurlar ki, bu da əhali arasında çaxnaşmalara səbəb olur. 

Nazirin dəlilləri deputatların çoxunun fikrini haçalaşdırdı. Ancaq onların fikrincə, elm və təhsil kimi dövlətin gələcəyi üçün həyati vacib sahələrdə sosial rifahın yüksəldilməsi prosesini sürətləndirmək gərəkdir. 

Büdcənin təhsil xərcləri barədə məsələsinə Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov isə bir qədər fərqli rakursdan yanaşıb. O xatırladıb ki, "Baker & McKenzie" dünyanın aparıcı 20 ölkəsinin təhsil sisteminin tədqiqatını aparıb, onların hamısında təhsil xərcləri ÜDM-in 6%-nə bərabərdir. "Bu bizdən ötrü də əsas orientirdir. Amma əlbəttə, hər şey bir gündə edilmir, mərhələ-mərhələ getmək lazımdır", - deyə E.Rüstəmov bildirib. 

Beynəlxalq təcrübə göstərir ki, bu xərclərin 65%-i əməkhaqqına gedir. "Hazırda təhsil sistemi işçilərinin əməkhaqqının artırılması məsələsi qoyulub. Bu, çox obyektiv və aktualdır, amma xərclər konkret islahatlara yönəldilməlidir. O cümlədən, beynəlxalq praktikada olduğu kimi, əməkhaqları da qaldırılmadıdır, buna paralel şəkildə isə bu sahədə işçilərin peşəkarlıq səviyyəsinin artırılması gerçəkləşdirilməlidir", - deyə Rüstəmov hesab edir.

Qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsi təhsil xərclərinin 2011-ci ilə baxanda 12,6%, 2010-cu ilin faktiki göstəriciləri ilə müqayisədə 33,5% artırılmasını nəzərdə tutur. Ümumi büdcə xərclərində təhsil xərclərinin payı 9,3% təşkil edəcək ki, bu da 2011-ci ilə baxanda 0,5% artıqdır.

Sosial problemlərin həll edilməsindən danışarkən, bunu da əlavə etməliyik ki, dövlət büdcəsi layihəsinin müəllifləri, o cümlədən, Maliyyə Nazirliyi bəyan edir ki, Azərbaycanda sosial ödənişlərin artırılması məsələsi ardıcıl olaraq həyata keçirilir. "Belə qərarlardan biri kimi 2010-cu ildə pensiya təminatında ikisəviyyəli yanaşmaya keçməyi göstərmək olar ki, pensiyaçıların çoxu üçün bütövlükdə pensiya hesablanması üsulu dəyişdi", - deyə nazir S.Şərifov bildirir. Onun sözlərinə görə, bu qərar böyük maliyyə vəsaitləri tələb edib, amma bu maliyyə öhdəlikləri dövlət büdcəsinin formalaşmasında sonrakı illərdə də nəzərə alınacaq. Belə ki, 2012-ci ildə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) transfertləri 2010-cu ilə baxanda 40%-dən çox artırmaq nəzərdə tutulur. 

Büdcənin sosial xərclər mövzusuna yekun vuraraq qeyd edək ki, proqnozlara görə, 2012-ci ildə minimum əməkhaqqı indiki 85 manatdan 93,5 manata qədər qaldırılacaq. 2015-ci ildə isə minimum əməkhaqqının ölçüsünü 140 manata qədər artırmaq nəzərdə tutulur. 

Əvvəlki kimi, büdcə xərcləri strukturunda dövlətin kapital qoyuluşları və müdafiə xərcləri üstünlük təşkil edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi şəraitdə rəsmi Bakı gələn il müdafiə xərclərinə 1,4 mlrd manata yaxın yönəltməyi düşünür. Müdafiəyə ayrılmış vəsait dövlət büdcəsi xərclərinin 14,8%-ni təşkil edir ki, bu da cari ildəkindən 1,9% çoxdur.

Bununla yanaşı, hərbi potensialın gücləndirilməsi məqsədi ilə gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik sahəsində xüsusi layihələrə əlavə olaraq 1,7 mlrd manat ayrılması da nəzərdə tutulur. 

Gələn il dövlət büdcəsindən əsaslı tikintiyə sərmayə xərcləri, təxminən, 5,8 mlrd manat təşkil edəcək - Azərbaycan öz nəqliyyat, energetika və sosial infrastrukturunu təkmilləşdirməkdə davam edəcək. Əsaslı tikinti üçün götürülmüş xarici kreditlərə xidmət edilməsinin xərcləri də nəzərə alınmaqla, bütünlükdə bu istiqamətdə xərclər 7,2 mlrd manatdan artıq olacaq. Daha 5,8 mlrd manat isə sənayeyə, tikintiyə və faydalı  qazıntıların hasilatına yönəldiləcək. 

 

Mühafizəkar, amma  optimal

Bildirmək gərəkdir ki, 2012-ci ilin dövlət büdcəsinin səciyyəvi cəhəti neftdənkənar bölməyə diqqətin yönəldilməsidir. "2012-ci il ÜDM-nin 57%-ə qədəri neftdənkənar bölmənin payına düşür. Gələn il diqqət ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına, xidmət sektorunun, emal sənayesinin, turizmin, kənd təsərrüfatının və s.-in inkişafına yönəldiləcək", - deyə Parlamentin spikeri Oqtay Əsədov bildirib. İqtisadi inkişaf naziri Şahin Mustafayev isə qeyd edib ki, bütünlükdə neftdənkənar bölmənin inkişafında böyük rol 2009-2013-cü illər üzrə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının gerçəkləşdirilməsinə, o cümlədən, istehsalat və xidmət sahələrində müəssisələrin tikintisinə verilib. 

Bununla yanaşı, maliyyə naziri S.Şərifovun sözlərinə görə, Azərbaycan hökumətinin qarşısında duran əsas məsələlərdən biri regionların özünümaliyyələşdirilməsinə keçirilməsidir. "Təbii ki, bir sıra regionlarda bu, mümkün deyil, amma biz çalışmalıyıq ki, belə potensial və imkanlara malik regionlarda bu, baş versin", - deyə Şərifov vurğulayıb. 

Ancaq öz növbəsində deputatlar əmindirlər ki, yuxarıda sadalanan planlarla yanaşı, hökumət ölkənin kənd təsərrüfatı sektoruna dəstəyi də unutmamalıdır. Parlamentin regional məsələlər üzrə komitəsinin başçısı Arif Rəhimzadə əmindir ki, mövcud yardımlarla yanaşı, ölkənin aqrar bölməsinə yeni yardım formaları tapılmalıdır. "Artıq görülən işin nəticəsinə görə güzəşt və subsidiyalar verilməsi praktikasına keçmək lazımdır. Bizdə subsidiyalar hər hektara görə ödənilir, amma bəlli deyil ki, bunun nəticəsi necə olur", - deyə Rəhimzadə bildirib. Onun fikrincə, gələcəkdə kənd təsərrüfatı olan vilayətlərdən şəhərə axın davam edəcək. Bunun qarşısını almaq üçün regionlarda yeni iş yerlərinin yaradılması məsələsi hələ də vacib olaraq qalır. 

Gələn ilin əsas makroiqtisadi parametrlərinə qayıdaraq bildirmək olar ki, bütünlükdə onlar əvvəlki illərdə olduğu kimi ürəkaçandır. Bunu demək yetərlidir ki, 2012-ci ildə ölkədə iqtisadi artım 5,7% olacaq ki, bu da büdcə xərcləri artımına, demək olar ki, bərabərdir. Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin dediyi kimi, artıq neçə illərdir Azərbaycanda büdcənin gəlir hissəsinin formalaşdırılması ilə bağlı problemin olmamasını qeyd etmək çox vacibdir. 

Bununla yanaşı, büdcə xərclərinin səviyyəsini optimal da saymaq olar.   Z. Səmədzadənin sözlərinə görə, son üç ildə büdcə xərclərinin 44% artması dünya üzrə nadir göstəricilərdəndir. "Əgər 2003-cü ildə adambaşına xarici borcun məbləği adambaşına büdcə gəlirlərini ötürdüsə,  2011-ci ildə bu nisbət dəyişib. Hazırda  adambaşına büdcə gəlirləri adambaşına xarici borcdan 4,2 dəfə böyükdür", - deyə deputat bildirib.

Bununla yanaşı, AMB başçısı E.Rüstəmov hesab edir ki, xərclərin artımı mühafizəkardır, çünki dayanıqlılıq problemi var.  "Ölkənin məcmu büdcəsinin həcmi hazırda $25 mlrd təşkil edir, büdcə xərcləri isə artıq ÜDM-in 37%-ə çatıb. Bu, "böyük səkkizlik"in (G8) göstəricisidir. Alimlər bildirir ki, bu göstəricinin artırılması təhlükəlidir, çünki dövlət  ÜDM-in nə qədər böyük hissəsini öz əlində cəmləşdirib bölərsə, bu, biznesə bir o qədər çox təsir göstərə bilər. Biz bu səviyyəni optimal sayırıq", - deyə Rüstəmov vurğulayıb.

Onun sözlərinə görə, bir barrel neftin gələn ilin dövlət büdcəsi üçün nəzərdə tutulan qiyməti $80-dır ki, bu da mühafizəkar və realistdir. "Bizdə bu, $80 səviyyəsində nəzərdə tutulur, halbuki Beynəlxalq Valyuta Fondu (BVF) gələn il üçün bir barrel neftin orta qiymətinin $102 səviyyəsinə qalxacağını proqnozlaşdırır", - deyə E.Rüstəmov vurğulayır.

O bildirib ki, 548 mln manat səviyyəsində proqnozlaşdırılan büdcə kəsri rəmzi və texniki xarakterlidir. Ümumiyyətlə, maliyyə naziri Samir Şərifov həmçinin etiraf edib ki, Azərbaycanın maliyyə imkanları büdcəni kəsrsiz gerçəkləşdirməyə imkan verir, amma onun saxlanması ölkənin maliyyə sisteminin sabitliyi üçün vacibdir. 

 "Dövlət büdcəsinin kəsri bizə lazımdır, çünki maliyyə sisteminin vacib elementlərindən biridir. İlk öncə bank sistemi, sığorta şirkətləri  üçün vacibdir, çünki dövlət dövriyyəyə  qiymətli kağızlar buraxır ki, banklar onların sərəncamında olan artıq likvid vasitələri onlarda yerləşdirə bilsin. Başqa ölkələrdən fərqli olaraq, biz ildən-ilə büdcə kəsrini artırmırıq və qiymətli kağızların yerləşdirilməsi ilə biz onu doldurmuruq", - deyə Şərifov bildirib. Onun sözlərinə görə, ölkənin dövlət büdcəsində mövcud olan kəsr həm yerli bazardan gələn daxilolmalar hesabına, həm də xarici vəsaitlərin yardımı ilə örtülə bilər. 

"Xarici bazarlarda borc alətlərinin yerləşdirilməsindən istifadə edilməsinin vacibliyi barədə biz daim müzakirələr aparırıq və hər il bu, büdcədə kəsrin örtülməsi vasitələrindən biri kimi nəzərdə tutulur. Artıq beynəlxalq bazarlara çıxış üçün reytinqə malikik, ancaq bazarlardakı indiki vəziyyət borclanmalar üçün əlverişli deyil", - deyə Şərifov bildirib. 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının sözlərinə görə, Azərbaycan, həmçinin, xarici borclanmalar limitini azaltmaqda davam edir: "2010-cu ildə o, 4,2 mlrd manat,  2011-ci ildə 3,5 mlrd manat səviyyəsində olub, 2012-cu ildə 3 mlrd manat səviyyəsində nəzərdə tutulub".

Beləliklə, əsas iqtisadi sənədə daxil edilmiş bir sıra parametr və rəqəmlər ətrafında baş verən maraqlı müzakirə və mübahisələrə baxmayaraq, bütövlükdə həm deputatlar, həm də dövlət qurumlarının təmsilçiləri etiraf ediblər ki, 2012-ci ilin dövlət büdcəsi Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsinə yönəlib ki, bu da dünyada baş verən böhran dalğaları fonunda çox önəmlidir.


MƏSLƏHƏT GÖR:

569