15 Mart 2025

Şənbə, 01:45

KÖHNƏ DÜNYANIN KÖHNƏ PROBLEMLƏRİ

İqtisadi bazası olmayan siyasi ittifaq, yoxsa ai-nin siyasi dezinteqrasiya perspektivləri

Müəllif:

01.12.2011

Bir müddətdir iqtisadi böhran burulğanına düşmüş birləşmiş Avropa çətin dövrünü yaşayır. Avropa İttifaqının (Aİ) çoxmillətli strukturları və aparıcı dövlətlərinin təcili şəkildə ayrı-ayrı üzv ölkələrin iqtisadi böhrandan çıxış yolları axtardığı bir vaxtda, böhran avrozonaya daxil olan digər dövlətləri də bürüməkdədir. Beynəlxalq institutların tələbi ilə büdcə sahəsində həyata keçirilən sərt iqtisadi siyasət isə Avropa ölkələrinin əhalisi arasında etiraz dalğasını getdikcə genişləndirir.

Etirazlar Aİ-nin ali orqanı olan Avropa Komissiyasından da yan keçməyib. Qurumun personalı dekabrın 17-də kollektiv şəkildə tətil etməyi düşünür. Onlar administrasiyanın əməkhaqlarının azaldılması təklifindən narazıdır. AK əməkdaşları hesab edir ki, büdcə vəsaitinə qənaət yüksəkrütbəli məmurların əmək-haqqısının azaldılması hesabına edilməlidir.

Yunanıstan və İtaliyada baş nazirlərin istefasının sonuncu olmayacağı da istisna deyil. İndi Avropanı Fransanın kredit borcunu ödəmə qabiliyyətinin zəifliyi ilə bağlı xəbərlər daha çox narahat etməyə başlayıb. Bu, ölkədə gələn il keçiriləcək prezident seçkisi öncəsi Nikolya Sarkozinin mövqelərini də zəiflədir.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu isə avrozonanın aparıcı dövlətləri olan Almaniya və Fransanın liderləri Angela Merkel və Nikolya Sarkozi, həmçinin, İtaliyanın yeni baş naziri M.Monti və birlik rəhbərləri ilə Aİ-nin dekabrın 9-da keçiriləcək sammitindəki görüşdə böhrandan çıxış yollarının tapılacağına ümid edir.

Barrozunun himayəsi ilə hazırlanmış layihə sabitləşdirici  bondların yaradılmasını nəzərdə tutur. Sənədə əsasən, valyuta ittifaqının üzvləri vahid rəhbərlik altında borc böhranının aradan qaldırılması üçün kollektiv şəkildə pul yığacaq. Amma sənədin qəbulu, əsasən, Almaniyadan asılıdır. O, avrobondların indi də sabitləşdirici bondlar adı altında reinkarnasiyasına qarşı çıxa bilər. Berlin indiyədək birgə avroqəbzlərin istənilən formasını, həmçinin, Avropa Mərkəzi Bankı tərəfindən borclu ölkələrin borc öhdəliklərinin alınmasını birmənalı şəkildə  rədd edirdi. Bu məsələdə Avropa Komissiyasının müttəfiqi rolunu Fransa prezidenti öz üzərinə götürüb. O, A.Merkeli sabitləşdirici bondların təsis olunmasına razı salmağa çalışır.

Bəzi Avropa KİV isə Berlinin belə inadkarlıq göstərməsini Almaniyanın Avropa ilə yeni müharibəyə başlaması kimi qiymətləndirir: "O, yeni beynəlxalq sərhədlər müəyyənləşdirmək və digər xalqları köləyə çevirmək istəyir".

Bəzi alman qəzetləri isə həmvətənlərini mümkün təhlükə haqda xəbərdar edir: "Hamı bizim pullarımızı istəyir: britaniyalılar da, amerikalılar da,  bütünlükdə Aİ də!".

Avronun 2011-2012-ci illərdə iflasa uğrayacağını hələ ötən ilin sonlarında proqnozlaşdırmış Parisin Sosial Elmlər Ali Məktəbinin professoru Jak Sapirin fikrincə, bu məqam bütünlükdə gizli federalizm olan siyasi layihənin iflası ilə bağlıdır. O, hesab edir ki, müxtəlif iqtisadi dinamikaya malik dövlətlər məhz Almaniyanın rəhbərliyi altında birləşiblər. Liderlərlə autsayderlər arasındakı uçurum isə inteqrasiya zamanı nəinki aradan qalxmayıb, əksinə, daha da artıb. Bəzi ekspertlərin proqnozlarına görə, artıq avrozonanın dağılması qaçılmazdır. 90% ehtimalla bu, problemli ölkələrin zonadan kənarlaşması ilə baş verəcək. Amma parçalanmanın Almaniyanın avrozonanı tərk etməsi ilə baş verəcəyinə dair də fikirlər var. Bəzi ehtimallara görə, Berlin avrozonanın "qapısını çırparaq" alman markasına qayıtmaq arzusundadır.

Bu proqnozlar göstərir ki, avrozonaya daxil olan ölkələrdəki iqtisadi problemlər siyasi təlatümlərə aparıb çıxara bilər. Bu isə hələlik fərziyyə də olsa, Aİ-də dezinteqrasiya prosesinə start verə bilər.

Bütün bunların fonunda, 1992-ci ildə Maastrixt müqaviləsi ilə hüquqi baxımdan əsası qoyulan vahid Avropanın yaradılması ideyasının nə vaxtdan meydana çıxdığına bir daha nəzər salaq. 

30 illik müharibənin bitməsindən sonra, 1648-ci ildə beynəlxalq münasibətlərdə Vestfal sistemi yaradıldı. O, milli dövlətçilik suverenliyi prinsipinə əsaslanırdı. Yeni şərtlərdə dövlətlərarası ittifaqlar daha çevik və situativ idi. Koalisiyada tərəfdaşı dəyişmək o qədər də nadir halda rast gəlinən məsələ deyildi. Məqsəd isə o idi ki, Avropa dövlətlərindən və ya ölkələr koalisiyasından hansınasa öz mümkün rəqibindən çox üstün olmağa imkan verilməsin. Amma artıq XIX əsrin sonları, XX əsrin əvvəllərində (xüsusilə Birinci dünya müharibəsindən sonra) vahid Avropa ideyasını irəli sürən geosiyasi konsepsiyalara rast gəlinməyə başlandı. Bu məsələdə əsas söz sahibi Almaniya geosiyasi məktəbinin təmsilçiləri (F.Ratsel, R.Çellen və K.Housxofer) və onların fransalı həmkarları (V.de Blaş və siyasi xadim, dəfələrlə baş nazir postunu tutmuş A. Brian) idilər.

Almaniyalı geosiyasətçilər Almaniyanın rəhbərliyi altında Avropa ölkələrinin iqtisadi və hərbi-siyasi ittifaqının yaradılmasını nəzərdə tuturdularsa, onların fransalı həmkarları daha çox bərabər hüquqlar əsasında siyasi-iqtisadi inteqrasiyaya meyilli idilər. O, azad ticarətin, kommunikasiya şəbəkələrinin və ərazilərin birgə idarəolunması mexanizminin hazırlanması prinsipinə (lazım gələcəyi təqdirdə) əsaslanmalı idi. Amma Birinci Dünya müharibəsindən sonra,  Almaniyada baş qaldırmış qisasçılıq hissi o zaman bu ideyaların gerçəkləşdirilməsinə imkan vermədi.

Heç bir şişirtməsiz demək olar ki, İkinci Dünya müharibəsinin nəticələri istisnasız olaraq, bütün Avropa ölkələrində şok effekti yaratdı. SSRİ-nin Avropanın əhəmiyyətli bir hissəsi üzərində geosiyasi nəzarət qurması və "köhnə qitə"də kommunist ideologiyasının yayılma təhlükəsi Avropa məkanındakı əks qütbdə (kapitalist ölkələrində) ciddi diskomforta səbəb oldu.

Həmin illər Avropa da bütün dünya kimi iki hissəyə bölünmüşdü. Bunun bütünlükdə Avropa məkanında təhlükəsizliyin təmini məsələsinə birbaşa aidiyyəti da var idi. Bu vəziyyət Avropanı bu gün də onun təhlükəsizliyinin qarantı olan ABŞ-la müttəfiqə çevrilməsini qaçılmaz edirdi. Bu dövrdə Avropanın Şərqi Avropa ölkələrini Moskvanın geosiyasi nəzarətindən çıxarmaq ideyasının davam etməsi də tamamilə təbii idi. SSRİ-nin və sosialist düşərgəsinin dağılması ilə Avropa arzusunun gerçəkləşdirilməsi üçün əla şans əldə etdi. Avropanın aparıcı dövlətləri Vaşinqtonun fəal dəstəyi ilə təcili olaraq, Avropa İttifaqı adlı siyasi-iqtisadi birliyi hüquqi baxımdan rəsmiləşdirdilər. O, razılaşdırılmış xarici və müdafiə siyasətinin həyata keçirilməsini nəzərdə tuturdu. Ümumavropa işlərinin idarə olunması üzrə çoxmillətli strukturlar da yaradıldı. 1999-cu ildə dünyanın maliyyə bazarına Avropanın vahid valyutası kimi avro daxil edildi. Bu, birliyin 17 ölkəsinin vahid valyutasına çevrildi. 

Aİ-nin bütün üzvlərinin avrozonaya girmək hüququ var. Bir şərtlə ki, o, müəyyən pul-kredit siyasəti tələblərinə cavab versin. Aİ-yə yeni qoşulan ölkələrin qarşısına isə gec və ya tez, avrozonaya girmək tələb kimi qoyulur.

2004 və 2007-ci illərdə Aİ, əsasən, keçmiş sosialist düşərgəsindən olan dövlətlərin, həmçinin, Baltikyanı ölkələrin hesabına sıralarını genişləndirdi. Beləliklə, yeni iqtisadi-hərbi-siyasi ittifaq yaradıldı, vahid təşkilatda inteqrasiya proseslərinin dərinləşdirilməsinin əsası qoyuldu.

Bu gün 500 milyon əhalisi olan Aİ-nin dünya ÜDM-də payı, təxminən, 28%-dir (15,9 trilyon dollar). Qeyd etmək lazımdır ki, Avropanın birləşməsini fəal şəkildə dəstəkləyən ABŞ onun beynəlxalq arenadakı rolunun möhkəmlənməsini, dünyanın siyasi xəritəsində yeni qüdrətli federasiyanın peyda olmasını heç də planlaşdırmırdı. Məhz bu üzdən Vaşinqton Aİ-də federativ münasibətlərə qarşı çıxan, konfederativ birləşməyə üstünlük verən dövlətləri dəstəkləyir. Çünki məhz bu yanaşma Almaniyaya təşkilatın vahid liderinə çevrilmək imkanı vermir.

Bir sözlə, Vaşinqtonun vahid Avropaya Rusiya, Çin və digər güc mərkəzlərinə qarşı mübarizədə yalnız kiçik müttəfiqi kimi ehtiyacı var. Bu baxımdan, Aİ-nin siyasi-iqtisadi cəhətdən həddindən artıq güclənməsi Vaşinqtonun geosiyasi maraqlarına ziddir. Vaxtilə belə xəbərdarlıqla ABŞ-ın qlobal təhlükəsizlik sisteminin tərəfdarlarından biri, atlantizm nəzəriyyəsinin yaradıcısı Nikolas Spaykmen də çıxış etmişdi. Hələ 40-cı illərdə o yazırdı ki, Avrasiya qitəsində çoxlu sayda güc mərkəzi var və onlar qlobal təhlükəsizliyə fəal təsir göstərir. Bu üzdən də onların istənilən formada koalisiyada bir araya gəlməsi ABŞ üçün yolverilməzdir. Maraqlıdır ki, Amerikanın əsas geosiyasi istiqamətlərini göstərən N.Spaykmen İkinci Dünya müharibəsindən sonra SSRİ-Çin ittifaqına imkan verməmək üçün Almaniya ilə Yaponiyanın hərbi fövqəldövlətlər kimi saxlanılmasına tərəfdar idi. Çünki iki nəhəng kontinental fövqəldövlətin birliyi gələcəkdə İngiltərə-Amerika-Yaponiya ittifaqının dün-yaya nəzarət etməsinə imkan verməyəcəkdi.

Bununla yanaşı, o, Amerikanın digər, əsas geosiyasi istiqamətini başqa cür göstərirdi: "Avropanın birliyinə imkan verilməməlidir. Çünki bu güclü dövlətlər federasiyası sonda ABŞ-ın dünyadakı mövqelərini zəiflədəcək".

Fikri bundan aydın ifadə etmək mümkün deyil. İngilis-amerikan geosiyasi məktəbinin əksər nümayəndələri məhz bu mövqedən çıxış edirlər. Onların iddiasına görə, Avropa ABŞ-ın iqtisadi və hərbi-siyasi əlavəsi olmalıdır.

Bu baxımdan güman etmək olar ki, Almaniyanın birinciliyə iddia etdiyi avrozonada baş verənlər hansısa mənada ABŞ-ın xeyrinədir. Yeri gəlmişkən, ABŞ-ın Avropadakı maraqlarının əsas ifadəçisi olan Böyük Britaniyanın avrozonaya qoşulmaması da bu haqda müəyyən fikirlər irəli sürməyə əsas verir.

Avropada müşahidə olunan proseslər sonda Aİ-nin ÜDM-nin səviyyəsinin azalmasına aparıb çıxara bilər. Qeyd edək ki, bu göstəricidə Aİ ABŞ-ı geridə qoyur. Aİ-nin ÜDM-nin səviyyəsinin aşağı düşməsi Amerika valyutasına rəqib olan avronu da zəiflədəcək.

ABŞ, çətin ki, Aİ-nin tam hərbi-siyasi dezinteqrasiyasında maraqlı olsun. Amma Vaşinqton üçün ABŞ-ın diktəsi ilə fəaliyyət göstərən vahid Avropa arzulanandır. Düşünmək olar ki, Aİ və avrozonanın yaradılması işində tələsən avropalılar hesablamalarında ciddi səhvə yol veriblər. Keçmişədönməni əngəlləmək üçün mümkün qədər tez bir zamanda siyasi ittifaq yaratmağa çalışan Avropanın aparıcı dövlətləri birliyin iqtisadi əsaslarını lazımi səviyyədə hazırlamayıb. İttifaqın etibarlı özülü rolunu isə məhz bu, oynamalı idi.

Aİ-nin sıralarına köhnə üzvlərə bütün göstəricilərə görə uduzan yeni dövlətlərin qəbulu isə qurumun iqtisadi bazasının altına qoyulmuş "ləng işə düşən mina" rolunu oynadı. Yeri gəlmişkən, bu məsələ ilə bağlı narahatlıqlarını ekspertlər hələ o zaman dilə gətirirdilər. Bu üzdən də Fransa Prezidenti N.Sarkozini Yunanıstanı avrozonaya daxil olmaq üçün maliyyə institutlarına öz iqtisadi göstəriciləri haqda saxta məlumatlar təqdim etməkdə günahlandırdığı üçün tənqid etmək olmaz. O da nəzərə alınmalıdır ki, Yunanıstan Aİ-nin köhnə üzvlərindəndir.

Güman ki, Aİ-nin aparıcı dövlətləri bu məsələdə, ilk növbədə, siyasi məqsədyönlülük və zərurət nöqteyi-nəzərindən çıxış ediblər. Onlar, yəqin ki, iqtisadi məsələlərin həllini sonraya saxlamaq haqda düşünüblər, qərarın olmasını daha vacib sayıblar. Güman edilib ki, yeni üzvlərin qarşısına sonradan şərtlər qoymaqla, onlardan imkana görə yaşamaq tələb etmək olar və bu, tamamilə ədalətlidir.

Amma qarşı tərəf ümumi ev və qardaş münasibətləri haqda deyilənlərə fərqli şəkildə yanaşıb. Yəqin ki, onlar "böyük qardaşlar"ın onların bütün iqtisadi problemlərinin həllini öz boyunlarına götürəcəyinə ümid bəsləyiblər. Amma hələ ki bəşəriyyət qədər qədim olan bir həqiqəti heç kəs inkar etməyib: "Qardaş olmağına qardaşıq, amma hərənin öz cibi var".

Vəziyyəti daha da gərginləşdirən odur ki, bu cür düşünənlər arasında yalnız Aİ-yə təzə üzv qəbul olunan "cavanlar" yox, həm də uzun illərdir ittifaqda olan "təcrübəli" dövlətlər də var imiş. Bütün digər məsələlərdə onlar bərabərliyə iddia edir. Aİ-nin Nizamnaməsində və proqram sənədlərində də məhz bu, əks olunub. 

Amma iqtisadiyyatın öz qanunları var və onlar gəlirləri ilə xərclərini tutuşdurmağı bacarmayan, xüsusilə bunu istəməyənləri gec-tez cəzalandırır və bu cəza çox sərt olur.


MƏSLƏHƏT GÖR:

377