15 Mart 2025

Şənbə, 02:57

DÜNYƏVİ İNQİLABLARIN DİNİ SONLUĞU

Güman ki, Qərb hakimiyyətə "mülayim islamçılar"ın gəlməsində maraqlıdır

Müəllif:

01.12.2011

Ərəb dünyasında təlatümlər davam edir. Müharibənin başa çatdığı elan edilmiş Liviyada Qəddafidən sonra həyatın qaydaya salınmasına cəhdlər edildiyi vaxtda (bərbərlərin etiraz aksiyalarını və baş nazir Abdel Rahim əl-Kibuya qarşı sui-qəsdi nəzərə alsaq, bu, heç də asan başa gəlmir), "ərəb baharı"nın yaşandığı digər ölkələrdə vacib siyasi dəyişikliklər baş verir. Onların hamısında tamamilə eyni tendensiya müşahidə edilir - siyasi hakimiyyət islamçı qüvvələrin əlinə keçir. Bu, yalnız yeni hakimiyyətinin ideoloji istiqamətini gizlətmədiyi Liviyada deyil, Tunis, Mərakeş, Yəmən və Misirdə də müşahidə olunur.

 

Tunisdə "Ən-Nahda", Mərakeşdə ƏİP

Tunis və Mərakeşdə keçirilmiş parlament seçkilərində mötədil islamçılar ciddi uğur əldə ediblər. Tunisdə prezident ben Əlinin devrilməsindən sonra, Təsis Assambleyasına ilk seçki oktyabrın 23-də keçirilib. Seçki "Ən-Nahda" ("İntibah") islam partiyasının qələbəsi ilə başa çatıb. Partiya səslərin 41%-ni qazanaraq, parlamentdəki 217 deputat yerindən 90-na sahib çıxıb. Nəticədə o, Respublika Konqresi və "Ət-Takattul" partiyaları ilə birlikdə koalision kabinet formalaşdırıb. Kabinetə "Ən-Nahda" partiyasının baş katibi Hamadi Cebadi başçılıq edir.

Tunisin ardınca islamçılar Mərakeşdə də qələbə qazanıblar. İlkin məlumata görə, noyabrın 26-da krallığın Nümayəndələr Palatasına keçirilmiş seçkidə Ədalət və İnkişaf Partiyası (güman ki, onun adı Türkiyənin hakim partiyasının adı ilə heç də təsadüfən üst-üstə düşmür) bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, bu, Mərakeşdə ilk parlament seçkisidir. 2011-ci ilin yazında baş qaldırmış kütləvi etiraz aksiyalarından sonra, Kral Məhəmmədin demokratik islahatlar aparmağa razılıq verməsindən sonra, ölkədə parlament seçkisi elan edilmişdi.

Mərakeşin islamçı Ədalət və İnkişaf Partiyasının (ƏİP) baş katibi Abdelilah Benkiran seçkidə "miqyaslı qələbə" qazandıqlarını, bunun üzərlərinə "böyük məsuliyyət qoyduğunu" bəyan edib.

Yazda regionun digər ölkələrindəki "ərəb baharı"ndan ruhlanaraq küçələrə çıxmış kütlənin tələbi ilə qəbul edilmiş yeni konstitusiyaya əsasən, Kral parlamentdə daha çox səs qazanmış partiyanın namizədini baş nazir təyin etməlidir. Mərakeşin yeni baş nazirinin məhz ƏİP nüma-yəndəsi olacağına da şübhə artıq yoxdur.

Çoxlarının gözləntisinin əksinə olaraq, Tunis və Mərakeşdə keçirilən parlament seçkilərində islamçıların qələbə qazanmaları heç bir ciddi geosiyasi dəyişikliklərə səbəb olmayıb. Hər halda, Qərb bu ölkələrdə mötədil islamçıların qələbəsinə sakit, bəzən isə hətta məmnunluqla yanaşıb. Şimali Afrika ölkələrində islamçıların hakimiyyətə gəlişinə ABŞ və Avropanın bu qədər müsbət yanaşmasının səbəbini qələbə qazanmış partiyaların özlərinin mövqeyində axtarmaq lazımdır.

Həm "Ən-Nahda", həm də ƏİP demokratiyanın inkişafı istiqamətində ciddi cəhdlər göstərmək niyyətlərini ortaya qoyublar. Xarici siyasətə gəlincə, "Ən-Nahda"nın lideri Tunisin bütün beynəlxalq öhdəliklərə əməl etməyə hazır olduğunu bəyan edib. Mərakeş islamçılarının lideri Benkiran da açıq şəkildə Qərbi "ƏİP-dən ehtiyatlanmamağa" çağırıb, partiyasının ABŞ və Avropa İttifaqı ilə "daimi və daha çox balanslaşdırılmış münasibətlərə çalışdığını" bildirib.

Həm Tunisdə, həm də Mərakeşdə qalib gəlmiş islamçıların ölkənin demokratikləşdirilməsi niyyətləri ilə yanaşı, islam dəyərlərinə sadiq olduqlarını da söyləmələri göstərir ki, artıq ərəb Şərqində yeni eranın başlandığı haqda danışmaq olar. Və çox güman ki, bunu artıq Misirdə də dərk edirlər.

 

Misir yenidən çalxalanır

Misirdə hərbi rəhbərliyə qarşı etiraz aksiyaları davam etdiyi vaxtda, Parlament seçkisinin ilk mərhələsinə start verilib. Bu, 2011-ci ilin fevralında Prezident Hüsnü Mübarəkin istefaya göndərilməsindən sonra ölkədə keçirilən ilk seçkidir. Misirdə seçki prosesinin uzun çəkəcəyini nəzərə alsaq (seçkinin ikinci və üçüncü turları müvafiq olaraq dekabrın 14-ü və yanvarın 3-nə təyin olunub), yeni parlamentin tam formalaşmasına hələ xeyli var. Bu dövrdə Misirin siyasi həyatında kifayət qədər dəyişiklik baş verə bilər.

Artıq bir neçə həftədir ki, Təhrir meydanı yenidən coşub. Ali Hərbi Şuranın siyasətindən narazı olan kütlə generalların hakimiyyətinə son qoyulmasını tələb edir. Bu, o deməkdir ki, Hüsnü Mübarəkin devrilməsindən sonra "ehramlar ölkəsi"ni bürümüş eyforiya artıq keçmişdə qalıb. Başında 76 yaşlı feldmarşal Məhəmməd Hüseyn Tantauinin dayandığı hərbçilərin ciddi iqtisadi problemləri aradan qaldıra bilməməsi, tez bir zamanda demokratik idarəçiliyə keçilməməsi, korrupsiyanın aradan qaldırılmaması, adi vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmaması misirliləri hər şeyin əvvəlkitək qaldığına əmin edib. Çünki inqilab zamanı məqsəd məhz bu problemlərin aradan qaldırılması idi. Amma 9 ay əvvəl Mübarəki satmış hərbi rəhbərlik yenə də hakimiyyətdədir və az qala, klassik hərbi xuntaya çevrilməkdədir.

Nümayişçilərin Mübarək diktaturasını devirdiyi zaman səsləndirilən "Xalq və ordu birdir!" şüarı indi yerini başqa şüara verib: "Ali Hərbi Şuraya ar olsun!". Nümayişçilər Ali Hərbi Şuranın mülki hökumətlə əvəzlənməsini, yeni hökumətin Mübarək rejimi ilə heç bir əlaqəsi olmayan şəxslərdən qurulmasını, güc strukturlarının tamamilə yenidən formalaşdırılmasını, onların vətəndaş nəzarətinə verilməsini tələb edir. Amma Ali Hərbi Şura, ən azı, indi hakimiyyətdən getməyi düşünmür. Onun inqilabın ikinci dalğasını yatırmaq üçün əl atdığı sərt tədbirlər 40-dan artıq nümayişçinin ölümünə səbəb olub.

Toqquşmalara baxmayaraq, hərbi rəhbərlik parlament seçkisini təxirə salmamaq qərarına gəlib. O, 2012-ci ilin iyulunadək prezident seçkisinin keçiriləcəyini də bəyan edib. 

Bununla yanaşı, hərbçilər nüma-yişçilərə bir prinsipial məsələdə ciddi güzəştə gediblər: yeni Konstitusiyada ölkənin siyasi sistemində hərbçilərin üstün roluna dair bənd olmayacaq.

Bununla yanaşı, Ali Hərbi Şura yeni hökumət formalaşdırıb, dinc şəkildə mülki idarəçilik sisteminə keçilməsi məsələsini ona həvalə edib. Misirin yeni baş naziri Kamal əl-Qanzuridir. 78 yaşlı siyasətçi 1996-1999-cu illərdə  artıq bu postu tutub. Və bu fakt onun zərərinə işləyir. Nümayişçilər əl-Qanzurinin vaxtilə Mübarək rejimində təmsil olunduğunu önə çəkərək, bu siyasətçinin Misir gənclərini təmsil etmədiyini bildirir. İnqilabda əsas qüvvə isə məhz gənclər olub.

Hələlik Kamal əl-Qanzuri yeni kabinetin formalaşdırılması ilə bağlı danışıqlar aparır. Təhrir meydanında üsyanın ikinci dalğasını təşkil etmiş 16 siyasi partiya və hərəkat isə özlərinin "milli xilas" hökumətini formalaşdırdıqlarını bəyan ediblər. Ona rəhbərlik Nobel mükafatı laureatı, MAQATE-nin keçmiş baş katibi Məhəmməd əl-Baradeiyə həvalə olunub.

Kamal əl-Qanzuri isə nümayişçilərdən onun hökumətinə bütün tələblərə əməl olunması üçün 2 ay vaxt verilməsini istəyib. Yeni baş nazir Məşvərət Məclisinin yaradılması, əl-Baradei və digər potensial prezidentliyə namizədlərin oraya daxil edilməsi təşəbbüsü ilə də çıxış edib.

Ali Hərbi Şuranın başçısı feldmarşal Tantaui isə prezidentliyə müxalifətdən olan potensial namizədləri yeni baş naziri dəstəkləməyə çağırıb. O, hərbi hökumətə təzyiqləri yolverilməz adlandırıb və bildirib ki, Silahlı Qüvvələr bütün qiyamlar və Misir dövlətçiliyinə zərər vurmaq cəhdlərinə qarşı müqavimət göstərəcək.

Təhrir meydanına isə Mübarəkin devrildiyi günlərdə olduğu kimi, ən müxtəlif qüvvələrin tərəfdarları toplanırlar. Orada qərbpərəst liberallardan tutmuş, "müsəlman qardaşlar"adək hər kəsə rast gəlmək mümkündür. Onları birləşdirən əsas ideya hazırkı rejimə etirazdır. Parlament seçkisində bu və ya digər etirazçı partiyanın fərqli taktiki gedişləri də bununla bağlıdır.

Məsələn, bu günlərdə polislə toqquşmalarda fəal iştirak etmiş "Müsəlman qardaşlar" Təhrirə toplaşmış kütlənin əhəmiyyətli hissəsinin seçkinin təxirə salınmasına çağırış etməsindən sonra inqilabi ritorikasını bir qədər azaldıb. Məsələ ondadır ki, seçkiyə Azadlıq və Ədalət Partiyası adı ilə qatılmış "Müsəlman qardaşlar" uğur qazanacaqlarına və bu uğurun onlara Misirdə siyasi hakimiyyətin qurulmasında birbaşa iştirak etmək imkanı verəcəyinə ümid edir.

 

Yəməndəki dəyişiklik və Suriya dalanı

Nəhəng ərəb arealının digər hissələrində baş verənlər də kifayət qədər maraq cəlb edir. Ərəbistan yarımadasının cənubunda Yəmən inqilabı ciddi nəticə verib. Müxalifətlə uzun-uzadı qarşıdurmadan sonra Yəmənə 33 il rəhbərlik etmiş 69 yaşlı Əli Abdulla Saleh prezidentlikdən gedib. O, toxunulmazlıq və mühakimə olunmayacağına zəmanət müqabilində hakimiyyətdən imtina etməyə razılaşıb.

Noyabrın 23-də Saleh və Yəmən müxalifətinin liderləri Ər-Riyadda hakimiyyətin ötürülməsinə dair razılaşmaya imza atıblar. Sənədə əsasən, dövlət başçısının səlahiyyətləri vitse-prezident Əbd Rabbu Mənsur Hadiyə keçib. Vitse-prezident isə öz növbəsində 2012-ci il fevralın 21-də Yəməndə prezident seçkisinin keçirilməsinə dair qərarı imzalayıb.

Yəməndə azad prezident seçkisinin keçirilməsi Fars Körfəzi ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən bu yoxsul ərəb ölkəsində böhranın aradan qaldırılması üçün hazırladığı təkliflər planının tərkib hissəsidir. Razılaşma koalision milli birlik hökumətinin formalaşdırılmasını da nəzərdə tutur. Burada müxalifət hakim partiya ilə yerləri ədalətli şəkildə bölməlidir.

Vitse-prezidentin imzaladığı sənədə əsasən, hökumətə müxalifət liderlərindən olan sosialist Məhəmməd Salem Basindva rəhbərlik edəcək (1993-1994-cü illərdə xarici işlər naziri postunu tutmuş Basindva sonradan hakim partiyanın sıralarını tərk edib və Salehin siyasətini tənqid etməyə başlayıb). İndi o, faktik olaraq, prezident seçkisinədək Yəmənə rəhbərlik etməlidir.

Hələlik, ərəb dünyasının cənubunda vəziyyət qismən sakitləşib (ən azı, yaxın dövr üçün), Şimalda və Mesopotamiyanın düz mərkəzində - Suriyada isə vəziyyət gərgin olaraq qalır. Şübhəsiz, ərəb inqilabının taleyinin müəyyən olunması baxımından, burada baş verənlər xüsusi önəm daşıyacaq.

Rəsmi Dəməşqin hökumət əleyhinə nümayişlərə çıxan insanlara qarşı amansız davranışı nəticəsində, 3,5 mindən artıq insanın həlak olması Suriyanı beynəlxalq arenada daha ciddi təcrid duruma salıb. Qeyd edək ki, son illər Dəməşqin Tehranla dost münasibətləri də bu sahədə onun vəziyyətini onsuz da arzuolunmaz həddə gətirmişdi. İndisə Qərbin antisuriya kampaniyasına Ərəb Dövlətləri Liqasının (ƏDL) da qoşulması Dəməşqi, demək olar ki, blokada halına salıb.

ƏDL Dəməşqə ciddi sanksiyalar tətbiq edib. Söhbət Suriya hökumətinin aktivlərinin dondurulmasından, Suriya Mərkəzi Bankı ilə əlaqələrin kəsilməsindən, Suriya hökuməti təmsilçilərinin istənilən ərəb ölkəsinə səfərinin qadağan edilməsindən gedir. Sanksiyalara səbəb ƏDL-nin Suriyaya verdiyi ultimatumun müddətinin bitməsidir. Həmin ultimatuma əsasən, Dəməşq siyasi məhbusları azad etməli, əcnəbi jurnalistlərin, hüquq müdafiəçilərinin və ƏDL təmsilçilərinin Suriyadakı vəziyyəti qiymətləndirməsi üçün ölkəyə gəlişinə şərait yaratmalı idi.

Suriyanın xarici işlər naziri Valid Muallem bildirib ki, ƏDL-nin sanksiya qərarı problemin həllinə maneədir. Rəsmi Dəməşq hesab edir ki, bu qərar ƏDL-nin xartiyasına ziddir və onun Qərbə qulluq etmək istəyinin göstəricisidir.

Hər halda, baş verənlər belə deməyə əsas verir ki, antisuriya qüvvələri hamını bu ölkəyə mümkün hərbi müdaxiləyə hazırlayır. Bu istiqamətdəki təşəbbüslərdən biri Fransanın Suriyada yerli əhaliyə yardım məqsədilə humanitar dəhliz yaradılması ideyasıdır. Fransanın xarici işlər naziri Alen Jüppe bildirib ki, beynəlxalq ictimaiyyət rəsmi Dəməşqi belə dəhlizin yaradılmasına razı sala bilməsə, bu ölkəyə silahlı müşahidəçilər yeritmək olar. Nazir hesab edir ki, məhz bu müşahidəçilər humanitar missiyanın təhlükəsizliyini təmin edə bilərlər.

Bundan başqa, Parisdə hesab edirlər ki, əsas humanitar dəhliz Suriya ilə 800 kilometrlik sərhədə malik Türkiyə ərazisində yaradılmalı və o, Suriya rejiminin repressiylarından əziyyət çəkən insanlara xidmət göstərməlidir.

Türkiyə özü də İordaniya ilə birlikdə Suriyanın şimalında və cənubunda "təhlükəsizlik zonası"nın yaradılmasına qarşı deyil. Oraya Suriya hərbçiləri və təhlükəsizlik qüvvələrinin girişinə qadağa qoyulması nəzərdə tutulur. Ankara düşünür ki, həmin ərazilərdə müxalifətçilər, Suriya ordusundan qaçan şəxslər, Bəşər Əsəd rejimi ilə mübarizə aparan digər insanlar məskunlaşa bilər.

Əsas sual budur ki, həqiqətdə, ərəb dünyasındakı inqilabi proses hansə məntiqə arxalanır?

Nəzərə alsaq ki, bütün bu proseslər mütləq islamçı qüvvələrin mövqelərini gücləndirməsi ilə nəticələnəcək, o zaman bəzi ölkələrdə isə hətta onların hakimiyyəti tam ələ alması istisna deyil, növbəti intriqa daha böyük maraq kəsb edir. 

"Ərəb baharı" doğrudan da ərəb ictimaiyyətinin daxilindən gələn arzu-istəklərə söykənir, yoxsa bu inqilabların arxasında, ərəb dünyasının daha da radikallaşmasına imkan vermək istəməyən Qərb dayanıb?  Bəlkə, mötədil islamçılara verilən dəstək, məhz daha radikal islamçıların hakimiyyətə gəlməsinin qarşısını almağa yönəlib?



MƏSLƏHƏT GÖR:

340