12 Mart 2025

Çərşənbə, 22:29

"ƏRƏB BAHARI" AVROPANI CƏNUBİ QAFQAZLA YAXINLAŞDIRDI

Niderland parlamentinin müdafiə və xarici siyasət komissiyası sədrinin məsləhətçisi Yeron Benninq ilə eksklüziv müsahibə

Müəllif:

01.12.2011

-Tezliklə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlanılacaq. Avropa İttifaqının Şərqə, xüsusilə Cənubi Qafqaza tərəf irəliləmə planları haqda nə demək olar?

- Avropa İttifaqının Şərqə tərəf müəyyən qədər irəliləməsi müşahidə olunacaq. Qurum "Şərq tərəfdaşlığı" proqramını tam şəkildə reallaşdırmaq fikrindədir. Hazırda bu proqramın genişləndirilməsi üzərində işləyirik. Buna Niderland da dəstək verir. Bununla əlaqədar olaraq, Azərbaycan Avropa İttifaqı ilə bir sıra uzunmüddətli razılaşmalar imzalamalıdır. Söhbət viza rejiminin sadələşdirilməsini, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasını və digər məsələləri nəzərdə tutan sənədlərdən gedir. Bütün bunlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə imkan yaradacaq.

- Avrozonadakı böhran Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı iştirakçılarının inteqrasiyası ilə bağlı planlarına mənfi təsir göstərə bilərmi? Avropa İttifaqına üzvlüyün meyarları dəyişəcəkmi?

- Maliyyə böhranı həqiqətən də Avropa İttifaqına ciddi təsir göstərib. Görünür, birliyə üzvlük prosesində hansısa dəyişiklik ediləcək. Amma Şərqi Avropa ölkələri ilə tərəfdaşlıq proqramları istənilən halda reallaşdırılacaq. Məsələ ondadır ki, postsovet məkanındakı tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi Avropa İttifaqına iqtisadi böhrandan daha tez çıxmaqda kömək edəcək.

- Almaniya kansleri Angela Merkel Avropada multikulturalizmin özünü doğrultmadığını bildirib. Müxtəlif xalqların, həmçinin, Azərbaycan diasporunun yaşadığı Niderlandda bu haqda nə düşünürlər?

- İndi sosial, mədəni, etnik tərkibinə görə fərqlənən qrupların bir cəmiyyətə inteqrasiyasının nə qədər çətin olduğu üzə çıxıb. Müxtəlif zümrələrə, dinə məxsus insanları vahid cəmiyyətdə necə birləşdirmək problemi ilə üzləşmişik. Vəziyyət kifayət qədər çətin olsa da, problemin həlli yolunu tapmalıyıq.

- Son illər Rusiya və ABŞ Cənubi Qafqazda fəallıq nümayiş etdirir. Avropa da Moskva və Vaşinqton kimi fəal oyunçuya çevriləcəkmi?

- İlk növbədə qeyd etmək lazımdır ki, Avropa İttifaqının Cənubi Qafqaz regionunda maraqları var. Avropanın Cənubi Qafqazla bağlı müəyyən strateji planlarını da unutmaq olmaz. Yaxın Şərq və Şimali Afrikada baş verənlərin fonunda Cənubi Qafqaz müəyyən qədər sabit regiondur. Bu üzdən də o, Avropa İttifaqının maraq dairəsinə daha çox düşür. Xüsusilə enerji resurslarının təchizatçısı kimi, Cənubi Qafqazın potensialı daha çox maraq cəlb edir. Bu baxımdan o, Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır.


MƏSLƏHƏT GÖR:

474