15 Mart 2025

Şənbə, 01:16

AZALDAQ, AZALTMAYAQ?

Mərkəzi Bank vergi yükünün azaldılması təklifi ilə çıxış edib

Müəllif:

01.12.2011

Hökumətlə özəl bölmə arasında fiskal siyasət barədə əbədi mübahisə istənilən dövlət üçün normal  və tamamilə anlaşılan  haldır. Sahibkarlar bir qayda olaraq, onların fikrincə yüksək olan vergi yükündən gileylənirlər, məmurlar isə iddia edirlər ki, dərəcələr yolverilən çərçivədədir. 

Azərbaycanda vergi yükünün azaldılması barədə müzakirələrlə də heç kimi təəccübləndirmək mümkün deyil. Bir qayda olaraq, bu onunla bitir ki, Vergilər Nazirliyi ya müəyyən yüngülləşmə aparır, ya da biznes Vergi Məcəlləsinə düzəlişlərin növbəti müzakirəsini gözləməyə məcbur olur. 

Bu il 2012-ci ilin büdcə zərfinin sənədlərinə baxış zamanı vergi yükünün azaldılmasının vacibliyi barədə Mərkəzi Bankın (AMB) başçısı Elman Rüstəmov da bildirib. 

 

İstehsaldan-istehlaka 

AMB başçısının fikrincə, ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının neftdənkənar bölməsində vergi yükünün azaldılması haqqında düşünmək lazımdır. Ölkənin baş bankiri öz mövqeyini onunla izah edir ki, əhalisi 9 milyon olan ölkədə yalnız daxili tələbat hesabına böyük iqtisadiyyat qurmaq mümkün deyil. Son 20 ildə iqtisadiyyatı daha yüksək templərlə inkişaf edən  ölkələrin əksəriyyəti ixraca yönəlikdir (bunlar əsasən Asiya ölkələridir). "Dünya bazarlarına çıxmaq üçün Azərbaycanın vergi yükü rəqabətqabiliyyətli olmalıdır. Xarici sərmayələrin artması üçün ölkədə vergi yükü  kapitalın mənbəyi olan başqa ölkələrdəkindən aşağı həddə müəyyənləşdirilməlidir", - deyə E.Rüstəmov vurğulayır.

Dünya Bankının tədqiqatlarına görə, vergi yükünün səviyyəsinə görə, Qazaxıstan dünya üzrə 38-ci, Gürcüstan 10-cu, Azərbaycan 95-ci yerdə durur. Azərbaycan Vergilər Nazirlyinin məlumatına görə, 2009-cu ildə ölkədə vergi yükü 11,6%, 2010-cu ildə 10,3%,  2011-ci ilin yanvar - avqust aylarında isə  11,9% təşkil edib.

Elman Rüstəmovun sözlərinə görə, Norveç təcrübəsini öyrənmək daha yararlıdır. Orada differensiallaşdırılmış vergi sistemi tətbiq edilir: neftdənkənar bölmənin vergi yükü neft bölməsindəkindən aşağıdır. Bundan başqa, vergi yükü istehsaldan istehlaka doğru yerini dəyişməlidir. Məsələ bundadır ki, hazırda məhz bu, dünyanın vergi islahatlarının əsas meyillərindən biridir. Məsələn, indi iqtisadiyyatı dünya üzrə ən dinamik inkişaf edən ölkələrdən biri olan Türkiyədə ən yüksək vergi yükü zərgərlik məmulatlarının, avtomobillərin və s. bu kimi malların üzərinə qoyulur. Bunu nəzərə alan AMB həmçinin hesab edir ki, Azərbaycanda elə vergi sistemi yaradılmalıdır ki, insanları istehlaka yox, yığıma və sərmayə yatırımına yönəltsin. "Əksinə, biz istehsalı stimullaşdırmalıyıq ki, iş yerləri yaransın və ixrac potensialı artsın. Bu, vergi siyasəti vasitəsilə gerçəkləşdirilməlidir", - deyə E.Rüstəmov vurğulayıb.

Onun sözlərinə görə, ölkədə sosial verginin səviyyəsi hələ də yüksək olaraq - 22% səviyyəsində qalmaqdadır, Qazaxıstanda isə, məsələn bu, 11%-dir. AMB başçısı vurğulayıb ki, istehsalın həvəsləndirilməsi üçün bu səviyyə rəqabətqabiliyyətli olmalıdır. 

 

Hər şey normaya uyğundur!

Bununla yanaşı, ölkənin fiskal qurumunun başçısı Fazil Məmmədov baş bankirin dəlilləri ilə razı deyil. Nazir bildirir ki, Azərbaycanda vergi yükü əlverişli səviyyədədir. 

O, hesab edir ki, iqtisadi sabitlik, vergi dərəcələrinin azaldılması ilə müqayisədə Azərbaycan dövlətinin daxili və xarici siyasəti ölkəyə xarici sərmayələrin cəlb edilməsi üçün  daha böyük əsasdır.  Bu il Azərbaycan iqtisadiyyatına vergi dərəcələri aşağı olan qonşu ölkələrdən fərlqi olaraq, 9 mlrd manatdan çox sərmayə yatırılıb. Özü də bu sərmayələrin əsas hissəsi daxili və özəl kapital qoyuluşlarının payına düşür. 

Konkret olaraq vergi yükünə gəldikdə isə F. Məmmədovun bununla bağlı öz düşüncələri var. Onun sözlərinə görə, Avropa Birliyinin (AB) sosial vergiləri də nəzərə alındıqda, bütünlükdə, Avropa ölkələri üzrə vergi yükü 39,5% təşkil edir, Azərbaycanda isə bu göstərici sosial köçürmələr də hesablanmaqla 21,5%, sosial vergisiz isə 17,9%-dir.

"Dünya böhranı və iqtisadi durğunluq dönəmində Azərbaycan vergi yükünün ildən-ilə azaldılması siyasətinə üstünlük verərkən dünyanın bir çox ölkələrində qlobal maliyyə böhranı zamanı, büdcə gəlirlərinin artırılması üçün vergi dərəcələrini artırmaq qərara alınır", - deyə F. Məmmədov vurğulayır. 

Bu səbəblə də nazir əmin edir ki, gələn il neftdənkənar ÜDM-in 8,6% böyüməsi fonunda vergi ödənişləri 2011-ci ilin proqnozları ilə müqayisədə  11,6% artacaq. Cəmi vergi daxilolmalarında isə neftdənkənar sektorun vergi gəlirlərinin payı 2010-cu ildəki 54,9% və builki 55,2% səviyyəsindən 2012-ci ildə 59,9%-ə qalxacaq. 

"Bunu ölkə iqtisadiyyatında neft amilini minimuma endirəcək müsbət bir fakt olaraq səciyyələndirmək olar", - deyə Məmmədov bildirib. Yeri gəlmişkən, qeyd edək ki, neftdənkənar sektorda proqnozlaşdırılan 330 milyon manat artım  151,4 mln manatlıq mənfəət vergisi,  67,9 mln manatlıq ƏDV,  həmçinin 110,7 mln manatlıq fiziki şəxslərin gəlir vergisi və başqa köçürmələr hesabına ödənəcək. 

Nazirə görə, saysız güzəştlər və üstünlüklər vergi yükünü xeyli yüngülləşdirir. Belə ki, üç il ərzində Azərbaycan bankları, sığorta və təkrar sığorta şirkətlərinə verilən vergi güzəştləri hesabına dövlət büdcəsi 150 milyon manat itirib. Bank və sığorta şirkətlərinin maliyyə vəziyyətini və kapitallaşmasını artırmaq məqsədi ilə hökumət onların gəlirlərinin kapitallaşmaya yönəldilən hissəsini üç il müddətə mənfəət vergisindən azad edib. 

Bundan başqa, ölkənin aqrar sektorunun bütün vergilərdən azad edilməsi hesabına ölkənin neftdənkənar  ÜDM-nin 20%-i vergi tutulmasından kənarda qalır. "Məhz bu vergi güzəştləri hesabına 2011-ci ildə kənd təsərrüfatında 2,4 mlrd manatlıq məhsul istehsalı gözlənilir ki, bu da keçən illə müqayisədə  6%  çoxdur", - deyə nazir F.Məmmədov bildirir.

Bundan başqa, onun sözlərinə görə, son illərdə vergi dərəcələri sürətli templərlə azalıb:  o cümlədən, mənfəət vergisi dərəcəsi 22%-dən 20%-ə, ƏDV 20%-dən 18%-ə düşüb. Amma Ukraynada ƏDV 25%,  Rusiyada 20%, Belarusda 20%,  Tacikistanda 25%,  Gürcüstanda 15%,  Ermənistanda  26% təşkil edir.

Fiziki şəxslərdən gəlir vergisi dərəcəsinin azalmasına və vergiyə cəlb olunan aylıq gəlirin limitinin dəyişməsinə toxunan nazir bildirib: "Ölkə hökumətinin iqtisadi bloku hesab edir ki, 2 min manata qədər gəlirin 14%  dərəcəsi ilə vergiyə cəlb edilməsi normal sayılır, çünki bu, əhalinin böyük bölümünü əhatə edir. Əgər bütün bankirlər maaşları 2 min manat keçəndə 30% vergi ödəyərsə, bu ölkənin bütün əhalisinin rifahına mənfi təsir göstərə bilməz". Onun sözlərinə görə, dünya təcrübəsi belədir  və Azərbaycan da bu təcrübəyə əsaslanır. 

Qeyd edək ki, hazırda Azərbaycanda fiziki şəxsin aylıq gəliri 2 min manatı keçmirsə, 14%-lik dərəcə ilə vergiyə cəlb edilir. Əgər gəlir 2 min manatı keçirsə, onda 280 manat üstəgəl 2 min manatdan yuxarı məbləğin 30%-i ödənilir.

Beləliklə,  F.Məmmədovun qərarlı olduğu nəzərə alınarsa, gələn il vergi yüngülləşmələri gözləməyə dəyməz. Amma  ola bilər ki, ölkə baş bankirinin təklifləri nəzərə alınacaq və gələcək fiskal müzakirələrin obyektinə çevriləcək. 


MƏSLƏHƏT GÖR:

512