24 Noyabr 2024

Bazar, 13:43

ŞƏKƏRİN ACI DADI

Bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabetə tutulanların sayı artıb

Müəllif:

15.11.2011

Hazırda Azərbaycanda stasionar şəraitdə şəkərli diabetdən əziyyət çəkən insanlara dövlət hesabına 115 həyati vacib dərman vasitəsi verilir, ambulator müalicə zamanı isə bunların sayı  141-ə çatır. Gələcəkdə bu siyahının artırılması planlaşdırılır. Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, bu, "2011-2015-ci illərdə şəkərli diabet üzrə Dövlət Proqramı" çərçivəsində baş verəcək. Bununla yanaşı, Azərbaycanda bu cür xəstələrə qanda şəkərin səviyyəsini ölçmək üçün əvəzsiz olaraq qlükometrlər və test-çubuqlar verilir. Səhiyyə Nazirliyində etiraf edirlər ki, önəmli dərman vasitələrinin tam spektrini bütün həyatboyu təmin etmək üçün böyük həcmdə maliyyələşdirmə tələb edilir. Amma bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlar vacibdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu qorxulu xəstəliyə tutulanların sayı artır və hazırda ölkədə şəkərli diabetlə xəstələnən, demək olar ki, 140 vətəndaş var.  Qeyd etmək lazımdır ki, bu xəstəliyə tutulmuş insanların həyat şəraitinin yaxşılaşdırılması problemi indi dünyanın bütün iri sənaye  ölkələrinin qarşısında durur. Bu gün planetdə şəkərli diabetə tutulanların sayı 360 mln.-a bərabərdir. Beynəlxalq Diabet Federasiyasının hesablamasına görə, əgər tutarlı tədbirlər görülməsə, yaxın gələcəkdə xəstələrin sayı 500 mln.-a qədər artacaq. BMT Baş Assambleyasının 20 dekabr 2006-cı il tarixdə qəbul etdiyi qətnamədə bildirilir ki, diabet xroniki, üzücü və böyük xərc tələb edən xəstəlikdir. O, ağır fəsadlarla müşayiət edilir və həm ailə, həm dövlət, həm də bütün dünya üçün böyük təhlükə yaradır. 

Aparılmış hesablamalara görə, dünya səhiyyəsi yalnız 2010-cu ildə şəkərli diabet üçün $378 mlrd xərcləyib. Bu, dünya səhiyyəsinin bütün xərclərinin 12% -ni təşkil edir. Bizim ölkədə də bu xəstəliklə bağlı vəziyyət oxşardır. Bununla yanaşı, bir faktı nəzərə almaq lazımdır ki, qeydiyyata alınmamış xəstələrin sayı barədə ancaq ehtimal yürütmək olar, axı elə insanlar da var ki, hətta şəkərli diabetə tutulduğundan xəbərsizdir. Bəziləri isə bu xəstəliyin ilkin əlamətlərini hiss etsə də, bilərəkdən həkimə müraciət etmir. Belə olan vəziyyətdə xəstəlik təsadüfən, başqa məsələ ilə bağlı həkimə müraciət edən zaman ortaya çıxır. Beləliklə, Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) məlumatına görə, şəkərli diabetdən əziyyət çəkən insanların sayı ümumi əhalinin 4-5%-ni təşkil edir. Hazırda bütün dünya üzrə, o cümlədən, Azərbaycanda pasientlərin həyat şəraitini  yaxşılaşdırmaq üçün hökumətlər diabetin profilaktikası üçün yollar və üsullar arayır. 

Məsələn, bizim ölkədə şəkərin ikinci tipi geniş yaylıb, bunun müalicəsi, əsasən, ciddi optimal dietaya riayət edilməsi və imkan daxilində fiziki fəallığın artırılması ilə bağlıdır. Bu cür müalicə zamanı şəkəri aşağı salan həblər də təyin edilir. Bu müalicə də qeyri-effektiv olduğu halda, preparatlar insulinlə birlikdə təyin edilir. İnsulinin qalıq sekresiyasının tam tükənməsi halında isə insulinlə monoterapiyaya keçirlər. Ən narahatlıq doğuran səbəb odur ki, Azərbaycanda şəkər "gəncləşir". Bu o deməkdir ki, şəkərli diabetə tutulmuş uşaqların sayı qabaqkı illərə baxanda artıb. Bu barədə yaxınlarda keçirdiyi mətbuat konfransında ombudsman Elmira Süleymanova da  məlumat verib. "Şəkərli diabet uşaqlara xas xəstəlik deyil. Amma hazırda bu xəstəlik cavanlaşıb. Əvvəlki illərlə müqayisədə onun uşaqlar arasında yayılma səviyyəsi artıb. Şəkərli diabetlə bağlı qeydiyyata alınmış xəstələrin bu gün 886-sı yaşı 18-ə qədər olanlardır. Bakının mərkəzində qeydiyyata alınmış xəstələrin 291-nin yaşı 18-ə qədərdir. Bu say gündən-günə artır. Bu uşaqların 5-nin yaşı 3-dən aşağıdır. Xəstələrin əksərinin yaşı 12-13 arasında dəyişir", - deyə o bildirib. Xəstəliyin yayılmasında ən çox irsi amillər rol oynayır. Süleymanova vurğulayıb ki, qeyri-rasional qidalanmanın, həyat tərzinin streslə dolu olmasının və artıq çəkinin də rolu var. 

Uşaqların sağlamlığının qorunması üçün sistematik tədbirlər keçirilir. Belə ki, bilik səviyyəsinin artırılması və diabetin yayılması probleminə diqqəti çəkmək üçün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şəkərli diabetə tutulmuş 2520 xəstə üçün 1680 treninq keçirilib. Həmçinin, həkimlər, tibb bacıları, risk qrupunda olan insanlar üçün də treninqlər keçirilib. Treninqlərin məruzəçiləri İSİM-də kurs keçmiş həkim endokrinoloqlar və tibb bacıları olublar. Bununla yanaşı, maarifçilik məqsədilə bukletlər, broşürlər nəşr edilib, posterlər və dərslik materialları hazırlanıb. 

Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyası təkidlə tövsiyə edir ki, şəkərli diabetin qarşısının alınması üçün prioritet məsələ kimi əhalinin təlimatlandırılması və maarifləndirilməsi ilə bağlı tədbir görülsün. Azərbaycan Diabet Cəmiyyəti  bununla bağlı olaraq "Diabet məktəblərinin təşkili" layihəsi ilə Dünya Diabet Fonduna müraciət edib. Layihənin məqsədi ölkənin şəhər və rayonlarında treninq məktəblərinin yaradılması, tibb işçiləri, şəkərli diabet xəstələri və risk qrupuna aid insanlar arasında bilik və vərdişlərin, profilaktikanın səviyyəsinin yüksəldilməsidir. 

"2011-2015-ci illərdə şəkərli diabet üzrə Dövlət Proqramı" çərçivəsində layihənin gerçəkləşdirilməsi gedişində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki və Şirvanda yeddi diabet məktəbi yaradılacaq və onlar lazımi avadanlıqla, proqramla, metodiki vəsaitlərlə  və ədəbiyyatla təchiz ediləcəklər. 

Diabet məktəbi nədir? Qərb ölkələrində bu cür müəssisələr artıq çox yayılıb  və onların böyük önəmi var. Beynəlxalq Diabet Federasiyası pasientlərin özününəzarətə öyrədilməsini diabetlə mübarizədə prioritet kimi qəbul edir. 

Əhalinin maarifləndirilməsi bütünlükdə çox vacibdir. Bu, əsrin ən qəddar xəstəliyi sayılan şəkər diabeti epidemiyasına qarşı mübarizədə uğur qazanmaq üçün çox önəmli rol oynaya bilər. Özünənəzarət uzunmüddətli müalicə dövründə şəkərli diabet xəstəsinin sağlamlığının dəstəklənməsi üzrə ən etibarlı üsullardan biridir. Həmçinin bu, müalicə aparan həkim-endokrinoloq ilə xəstənin özünün, onun qohumlarının və yaxınlarının birgə mübarizəsini nəzərdə tutur. 

Bu məsələdə xəstələr tərəfindən xəstəlik dövründə hər gün özünənəzarətin mənimsənilərək  həyata keçirilməsi və xəstəliyin idarəedilməsi nəzərdə tutulur.  Həkimin həb qəbul edilməsi və ya insulin inyeksiyası üzrə verdiyi məsləhətlərlə kifayətlənərək, qlikemiya səviyyəsinin kompensasiyasına nail olmaq mümkün deyil. Bu, hansısa müalicə sxeminə uyğun gəlməyən çox mürəkkəb xəstəlikdir. Müalicə dövründə hər gün standart fiziki hərəkət, qidalanma rejiminə nail olmaq, yanaşı xəstəliklərin mürəkkəbləşməsindən qaçmaq mümkün olmur. 

Buna görə hər bir konkret durumdan asılı olaraq pasient daxil olunan insulin dozasını, qida qəbulunu bilməli və tənzimləməlidir. Yəni yeyilən xörək vahidinin miqdarı bilinməli, həmçinin, fiziki yüklənmə məsələsi həll edilməlidir. Xəstələr bütün bu bilik və vərdişləri diabet xidmətləri olan tibb müəssisələrində təşkil edilmiş diabet məktəblərində keçirilən özünənəzarət üzrə  məşğələlərdə ala bilərlər. 

 

 

BİZİM MƏLUMAT 

 

Ümumdünya diabetlə mübarizə günü hər il noyabrın 14-də qeyd edilir.   İlk dəfə bu tədbir 1991-ci ildə dünya üzrə diabetlə mübarizənin əlaqələndirilməsi üçün Beynəlxalq Diabet Federasiyası tərəfindən keçirilib. Bu tarix insulini kəşf etmiş Frederik Bantinqin  14 noyabr 1891-ci ildə anadan olmasının şərəfinə seçilib. 2007-ci ildən başlayaraq bu gün Birləşmiş Millətlər Təşkilatının  himayəsi altında keçirilir. BMT Baş Assambleyasının  20 dekabr 2006-cı il tarixli xüsusi qətnaməsində təşkilata üzv dövlətlərə şəkərli diabet ilə mübarizə və diabet xəstələrinə qayğı ilə bağlı milli proqramlar işləmək təklif olunur. Bu proqramlarda "Minilliyin inkişaf məqsədləri" Bəyannaməsində yer almış prioritetlərin nəzərə alınması tövsiyə edilir.


MƏSLƏHƏT GÖR:

533