25 Noyabr 2024

Bazar ertəsi, 17:46

KÖNÜLLÜLÜK EFFEKTİ

Azərbaycan korporativ idarəetmə modeli: qabaqcıl xarici təcrübə + milli xüsusiyyətlər

Müəllif:

15.11.2011

Müstəqil Azərbaycanda sahibkarlığın inkişaf tarixi müxtəlif mərhələlərdən keçib. Əgər yolun başlanğıcında ölkədə özəl sahibkarlıq, hətta az və çox qəbul edilən qanunvericilik bazasında belə yox idisə, hazırda sahibkarlara və onların sərmayələrinə dövlət tərəfindən möhkəm zəmanət verilməsi ilə yanaşı, onlar irimiqyaslı və müfəssəl dövlət proqramları çərçivəsində, demək olar ki, mütəmadi yardımlar, çoxsaylı güzəştlər və  imtiyazlar əldə edirlər. 

Bütün bunlar, şəksiz, özəl bölmənin inkişafında, o cümlədən, ölkədə çox sayda iri yerli şirkətlərin peyda olmasına imkn yaradır. Həmçinin, mövcud təsərrüfat icmalarını öz fəaliyyətini təkmilləşdirməyə, dünya standartları səviyyəsində xidmət göstərməyə və məshullar buraxmağa stimullaşdırır. Bunun üçün yuxarıda göstərilən dövlət dəstəyi tədbirləri ilə yanaşı, şirkətlərin daxilində də sağlam işçi mühitinin yaradılması, səhmdarların, payçıların, həmçinin, əmək kollektivinin hüquq və maraqlarının qorunması, şirkətlər arasında,  dövlət qurumları və başqa maraqlı tərəflərlə  effektiv əməkdaşlığın qurulması vacibdir. Beynəlxalq praktikada bütün bu məqamlar korporativ idarəetmənin norma və prinsipləri əsasında tənzimlənir. 

Bu ilin fevral ayında İqtisadi İnkişaf Nazirliyi (İİN) Azərbaycanın korporativ idarəetmə  standartlarını təsdiq edib və təqdimatını keçirib. Həmçinin, nazirik bu yaxınlarda Korporativ Etika Məcəlləsinin xarici təcrübə və milli xüsusiyyətlərə əsaslanan nümunə variantını da hazırlayıb. 

İİN-in korparoativ idarəetmə sektorunun müdiri Anar Hacızadə "R+"a müsahibəsində korporativ idarəetmə sahəsində İİN tərəfindən qabaqcıl təcrübənin yayılmasından və özəl bölmənin inkişafı üçün korporativ idarəetmənin daşıdığı önəmdən bəhs edib.

- Bu gün sivilizasiyalı dünyada, demək olar ki, istənilən özünə hörmət edən şirkət korporativ idarəetmə prinsiplərini qəbul edir. Bu prinsiplərə riayət edilməsi sərmayəçilərin, tərəfdaşların və müştərilərin etibarını qazanmaq üçün əsas vacib şərtlərdən biridir. Azərbaycanda bu sahədə vəziyyət necədir, bu prinsiplər yalnız bank və sığorta sektorları ilə məhdudlaşmır ki? 

- İlk öncə, gəlin aydınlaşdıraq ki, "korporativ idarəetmə" prinsipləri nə deməkdir və özəl bölmə üçün faydası nədir. Korporativ idarəetmə səhmdarların (iştirakçıların) hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə şirkətin idarəedilməsi prosesi ilə bağlı olan prinsip və normaların, tənzimləyici məsələlərin toplusudur. İqtisadiyyatca inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təsərrüfat icmalarında effektiv korporativ idarəetmə sisteminin qurulması daha çox sərmayə cəlb edilməsinə, risklərin effektiv idarəedilməsinə və etibarlı maliyyə uçotu sisteminin yaradılmasına şərait yaradır. Sonucda bütün bu məqamlar  özəl bölmədə makroiqtisadi göstəricilərin keyfiyyət və kəmiyyətcə yaxşılaşmasında önəmli rol oynayır. 

Məhz bu müsbət məqamlar nəzərə alınaraq, Azərbaycan şirkətləri tərəfindən korporativ idarəetmə prinsipərinin qəbul edilməsi ilə bağlı qərar verilib. Bununla bağlı olaraq ilk növbədə işçi qrup yaradılıb. Qrupun tərkibinə korporativ idarəetmə sahəsində lazımi sənədlərin işlənməsi üçün dövlət qurumlarının, beynəlxalq təşkilatların və özəl bölmənin təmsilçiləri də daxil edilib və onların əməyinin ilk bəhrəsi kimi, "Azərbaycanda korporativ idarəetmə standartları" layihəsini göstərmək olar. Layihənin işlənməsi prosesinə bütün mülkiyyət növlərinə aid müəssisələr, hüquq və audit şirkətləri, beynəlxalq təşkilatların təmsilçiləri və s. cəlb edilmişdi. 

Sənəd Dünya Bankı (DB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən təsis edilmiş korporativ idarəetmə üzrə qlobal foruma təqdim edilib və müsbət rəy alıb. Rəydə bildirilir ki, sənəd standart beynəlxalq təcrübəni və milli xüsusiyyətləri birləşdirir, korporativ idarəetmə sahəsində qazanılmış qabaqcıl təcrübənin Azərbaycanda yayılmasına şərait yaradır. 

Azərbaycanın korporativ idarəetmə standartlarının fərqləndirici cəhətlərindən biri odur ki,  onlar səhmdar cəmiyyətlərlə yanaşı, məhdud məsuliyyətli cəmiyyətlərə (MMC) də aid edilir. Məsələ bundadır ki, ölkədə 2011-ci ilə olan vəziyyətə əsasən 100 mindən çox şirkət qeydiyyata alınıb və onlardan yalnız 2 mini səhmdar cəmiyyətidir, qalanları isə MMC-dir. Bir fundamental fərq də ondadır ki, əgər başqa ölkələrdə bu cür sənədlər yalnız bank və sığorta sektorlarına şamil edilirsə, bizim standartlar həm də real bölmə üçün nəzərdə tutulub. 

Azərbaycanın korporativ idarəetmə standartları tövsiyə xarakterlidir və bu heç də onların önəmini azaltmır. Sənədin faydasını sahibkarlara izah etmək və şirkətləri tərəfindən onun bəndlərinin qəbul edilməsini stimullaşdırmaq üçün artıq Bakıda və bölgələrdə bir sıra tədbirlər keçirilib və bu iş davam etdiriləcək. 

- Bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyi Korporativ Etika Məcəlləsinin nümunə variantını cə-miyyətə təqdim edib. Bu sənədin məğzindəki əsas məqamlar hansılardır? 

- Gerçəkdən, nazirlik tərəfindən bu yaxınlarda Korporativ Etika Məcəlləsinin nümunə variantı hazırlanıb və İİN-in veb-saytında (www.economy.gov.az) yerləşdirilib. Məsələ bundadır ki, yuxarıda sadalanan standartlar həm bütövlükdə şirkətin fəaliyyətinin təşkilati məsələlərini, həm də onun idarəetmə orqanlarını və vəzifəli şəxslərini - idarəetmə orqanlarının səlahiyyətlərini, vəzifəli şəxslərin öhdəlik və məsuliyyət çevrəsini, həmçinin, hesabat sisteminin təşkil edilməsi və müvafiq məlumatların açıqlanması məsələlərini, səhmdarların (iştirakçıların) hüquqlarının müdafiəsi üzrə tövsiyələri tənzimləyir. Korporativ Etika Məcəlləsi isə həm bütünlükdə şirkətin, həm də şirkətin hər bir əməkdaşının rəhbər tutmalı olduğu mənəvi-etik prinsip və normaları əhatə edir. Bu sənəddə şirkətin xarici əlaqələrini (dövlət strukturları, kontragent, əhali ilə münasibətləri), həmçinin, şirkətdaxili (müdiriyyət və əməkdaşlarla, əməkdaşların özləri arasında) münasibətləri tənzimləyən mənəvi-etik prinsip və normalar əks etdirilib. 

Bu məcəllənin şirkətlər üçün faydalarına gəldikdə isə, dünya təcrübəsi göstərir ki, biznes mühitində iş etikasının yaradılması, bu cür sənədlərin peyda olması iki önəmli səbəbdən doğur: biznesin həcmi daim artır və onun idarəedilməsi mürəkkəbləşir; şirkət rəhbərliyinin və əməkdaşların qeyri-etik davranışları həm şirkətlərin özü, həm də ona dəxli olan şəxslər üçün mənfi nəticələr verir. 

Bunun qarşısını almaq üçün dünya praktikasında qanunvericilik aktları ilə yanaşı, həm də mənəvi - etik normalardan istifadə edilir. Mənəvi-etik prinsiplərə və normalara riayət edilməsi şirkətlər arasında durumun yaxşılaşmasına, sərmayəçilərin və tərəfdaşların etibarının artmasına imkan yaradır. Bu da son nəticədə şirkətin iqtisadi göstəricilərinin yaxşılaşmasına, həmçinin, onun əməkdaşlarının rifahının yüksəlməsinə gətirir. Beləliklə, korporativ etika həm iqtisadi, həm də sosial baxımdan şirkətlərə müsbət təsir göstərir. 

- Standartların və məcəllənin hazırlanması ilə niyə məhz İİN məşğul olur? Xaricdə bu cür sənədləri özəl qurumların özləri işləmirmi? 

- Ondan başlayaq ki, korporativ idarəetmə bir alət kimi dünyada 1990-cı illərdən populyarlaşmağa başlayıb, həmin zamandan bu yana isə bu sahədə standart və məcəllə hazırlığında həm dövlət qurumlarının, həm də özəl şirkətlərin təcrübəsi formalaşıb. Məsələn, Rusiya və Ukraynada analoji sənədlər dövlət qurumları tərəfindən hazırlanıb, Almaniyada isə bu məsələ ilə xüsusi yaradılmış dövlət hökumət komitəsi məşğul olub. Bu sənədin qeyri-hökumət təşkilatları, sahibkar birlikləri tərəfindən işlənməsi praktikası var ki, bu da Avropanın və MDB-nin bir sıra ölkələrində müşahidə edilib. 

Azərbaycana gəldikdə isə, yenə də qeyd edirəm, burada korporativ standartlar ölkələrin çoxundan fərqli olaraq, təşkilati-hüquqi formasından və fəaliyyət göstərdikləri iqtisadi seqmentdən asılı olmayaraq, bütün şirkətləri əhatə edir. Bu amili, həmçinin, sahibkarlığın inkişafında, şirkətlərin təşkilində və fəaliyyətində qabaqcıl təcrübənin yayılmasında vacib rolunu nəzərə alan İİN özəl bölmənin dəstəklənməsi üzrə dövlət siyasəti çərçivəsində sözügedən sənədlərin təşəbbüskarı və layihəçisi kimi çıxış edib. 

Qeyd edək ki, korporativ idarəetmənin özəl bölmə ilə sıx əlaqəsini nəzərə alan İİN sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi  sahəsində dövlət siyasətini həyata keçirən bir orqan kimi, bu istiqamətdə məqsədli və ardıcıl siyasət yürüdür. Bu sənədlərin hazırlanması və biznes icmasına verilməsi ilə nazirliyin korporativ idarəetmə sahəsində fəaliyyəti məhdudlaşmır. Bununla yanaşı, nazirliyin veb-saytında korporativ idarəetməyə həsr edilmiş xüsusi bölmə də var və orada mütəmadi olaraq sahibkarlar üçün mövzu ilə bağlı geniş məlumatlar yerləşdirilir. 

Əlavə edirəm ki, standartlar və məcəllə korporativ idarəetmə sahəsində baş verən dəyişikliklərə uyğun olaraq, Azərbaycanın hüquqi və iqtisadi konyukturası nəzərə alınaraq təkmilləşdiriləcək. 

- Məcəllənin maddələri arasında vergi və əmək qanunvericiliyinə riayət olunması, bütün əməkdaşlar üçün bərabər  şəraitin yaradılması, haqsız rəqabətdən qaçılması və s.-ə aid prinsiplər də var. Buna görə də maraqlıdır ki, şirkətlər öz korporativ etika məcəlləsinin tətbiqinə maraq göstərirlərmi? 

- Tövsiyə sənədinin çox prinsip və normaları qanunvericiliklə təsbit edilib. Marağa gəldikdə isə, biz şirkətlər arasında maarifləndirmə işi aparırıq, mənəvi-etik prinsiplərin və normaların onların iş imicinə, xarici əlaqələrinə, sərmayə cəlbinə və s. necə müsbət təsir edəcəyini izah edirik. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, korporativ etika şirkətə həm iqtisadi, həm də sosial baxımdan müsbət təsir göstərir. Başqa sözlə, könüllü olması, heç də onun faydasızlığı demək deyil. 

Nazirliyin korporativ idarəetmə sahəsində fəaliyyətinə yekun vuraraq bildirmək gərəkdir ki, əsas məqsəd şirkətləri, biznesi idarə təşkilatları qabaqcıl təcrübəyə uyğun olaraq, özəl bölmənin hər hansı bir seqmentini yaddan çıxarmadan  korporativ idarəetməni təkmilləşdirməyə  həvəsləndirməkdir. 

Bu yanaşma xüsusilə də son illərdə dünyada baş verən iqtisadi proseslərin qanunlarından doğur. Mən çox ölkələrin iqtisadiyyatını bürümüş iqtisadi böhranı nəzərdə tuturam. 

Bəllidir ki, korporativ idarəetmənin "əsas tərəfdarları" kimi, bank və sığorta sektorları çıxış edir. Bank və sığorta şirkətləri Azərbaycanda bu işin pionerləri olublar. Amma bəllidir ki, dünya iqtisadi böhranının əsas səbəblərindən biri də bank kreditləri götürmüş şirkətlərin onları geri qaytara bilməməsindən qaynaqlanır.  Bu cür şirkətlərin uğursuzluğunun əsas səbəbi onunla bağlıdır ki, korporativ idarəetmənin təşkili çağdaş tələblərə uyğun gəlmir. Buna görə də korporativ idarəetməni özəl bölmənin bütün sahələrində genişləndirmək lazımdır. 

Sonda qeyd etmək istəyirəm ki, biz şirkətlərə standart və məcəlləni qəbul etməkdə yardımçı ola bilərik. 


MƏSLƏHƏT GÖR:

735