NƏ TÖKƏRSƏN AŞINA, O DA ÇIXAR QAŞIĞINA...
Yaxud islamçıların Tunis və Liviyada hakimiyyətə gəlmələri Qərbin planlarına nə qədər uyğundur?
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
"R+"un suallarını Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Georgi Mirski cavablandırır
Dünya analitiklərinin beynini məşğul edən əsas məsələ "ərəb baharı" olaraq qalır. Məsələ ətrafında getdikcə daha çox sual meydana çıxır.
Tunisdə inqilabdan sonra keçirilən ilk seçkidə islamçı "En nahda" ("Dirçəliş" - keçmişdə gizli fəaliyyət göstərmiş "İslam gücü") partiyası hakimiyyətə gəlib. Liviyada isə Milli Keçid Şurası ölkənin şəriət qanunları ilə idarə olunacağını bəyan edib. Analitiklərin bir hissəsi Yaxın Şərqdə real islamiyyət təhlükəsinin yarandığını iddia edirsə, digərləri tam fərqli düşünür. Onların fikrincə, "mülayim islamiyyət" Qərbin planlarına zidd deyil.
Bu ehtimalların hansı reallığa daha uyğundur? "Ərəb baharı"nın nəticələri Qərbin planları ilə nə dərəcədə üst-üstə düşür? Qərb həqiqətən də qarşısına qoyduğu məqsədə nail olubmu və "ərəb baharı"nın nəticələri regionumuza, xüsusilə İrana necə təsir göstərə bilər? Bütün bu suallara məşhur rusiyalı politoloq Georgi Mirski ilə eksklüziv müsahibədə aydınlıq gətirməyə çalışmışıq.
- "Ərəb baharı"nın qalib gəldiyi bütün ölkələrdə - Tunis, Misir və Liviya - hakimiyyətə gəlməyə əsas namizədlər islamçılardır. Afrikanın şimalında "Taliban"a bənzər qruplaşmaların hakimiyyəti ələalma ehtimalı nə qədərdir?
- Bu ölkələrdə vəziyyət bir-birindən fərqlənir. Məsələn, Misirdə hərbçilər heç zaman islamçıları hakimiyyətə buraxmayacaq. Yeganə təhlükə apreldə keçiriləcək seçkidə "Müsəlman qardaşlar"ın qələbə ehtimalı var. Bu halda onlar təhsil, KİV kimi həyati əhəmiyyətə malik sahələri nəzarətə götürə bilər. Onların yeni nəslini radikal islam ruhunda tərbiyə etsələr, Pakistandakına oxşar vəziyyət yaranar. Orada sektantlar, sünnilərlə şiələr arasında qorxunc müharibə gedir. Misirdə isə bu yoxdur. Xristian-koptları nəzərə almasaq, orada hamı sünnidir. İstənilən halda, şəriətin müsəlmanların Müqəddəs Kitabında göstərildiyi kimi deyil, taliblərin variantında, insanlara qarşı nifrət ruhunda qurulması ən pis variant olardı. Hadisələrin belə gedişi ehtimalının ən az olduğu ölkə Tunisdir. Çünki ərəb ölkələri arasında məhz Tunis daha çox avropalaşıb, orada əhali daha təhsillidir. Tunisdə çoxarvadlılıq qadağandır. Doğrudur, bu qadağanın aradan qaldırılması mümkündür. Amma indi o dövr deyil. Tunisli kişi, çətin ki, 4 arvad almağa çalışsın.
Şəriət qaydalarının bərpasının mümkünlüyü başqa məsələdir. Bu ola bilər. Şəriət yalnız müsəlmanlar üçün qanunvericilik deyil. Bu, bütövlükdə insan həyatını müəyyən edən qayda və qanunlar toplusudur. Bir var, şəriətin taliblər tərəfindən təqdim olunan forması, bir də var, Türkiyədə olduğu kimi mülayim şəraitin tətbiqi. Əlbəttə ki, sonuncu halda radikal tendensiyaların baş qaldıracağından ehtiyatlanmağa əsas yoxdur.
Liviyaya gəlincə, orada vəziyyət xaotikdir. Liviyada heç bir siyasi təşkilat, partiya, assosiasiya və sair olmayıb. Vətəndaş müharibəsi nəticəsində Qəddafi dövründə gizli fəaliyyət göstərmiş islamçı yaraqlılar üzə çıxıb. İndi onlar Tripolini ələ alıb. Liviyada islam dövləti qurulmasa belə, orada istənilən halda şəriət qanunları tətbiq olunacaq. İndi Liviyada müxalifətin hakimiyyətə gəlməsinə kömək etmiş Avropada hər kəsi bir şey düşündürür: Tripolidə, həmçinin, "ərəb baharı"nın baş verdiyi digər ölkələrdə mülayim şəriət olacaq, yoxsa hakimiyyətə Əlcəzairdə, Əfqanıstanda olduğu kimi, radikal qüvvələr gələcək?
Bu ölkələrdə islam tendensiyalarının gücləndiyi ilə çoxları razılaşır. Bu təbiidir. Çünki əvvəlki rejimlərin dövründə onlar təqib olunublar. İstənilən inqilabda dəyişikliyədək təqib olunan qüvvələr ön plana çıxır. Amma bu, ekstremist siyasət yürüdəcək teokratik dövlətlərin qurulacağı anlamına da gəlmir. Şəriət qanunlarının tətbiqi orada orta əsrlərə aid sərt qaydaların işə düşəcəyi demək deyil; məsələn, elə həmin "Müsəlman qardaşlar" Türkiyə modelinə simpatiyasını açıq şəkildə ifadə edir. Türkiyədə isə Ədalət və İnkişaf Partiyası şəriət qaydalarına riayətlə yanaşı, insan azadlığını təmin edir, normal demokratik seçkilər keçirir.
Bir məqam da qeyd olunmalıdır ki, indi "Əl-Qaidə" arxa plana keçib. Onlar uzun illər ərəb ölkələrində rejimləri devirməyə çalışsalar da, buna nail olmayıblar. Məlum olub ki, diktatorları "Əl-Qaidə" yox, radikallıqdan uzaq olan adi gənclik devirə bilərmiş. Beləliklə, "Əl-Qaidə" mövqelərini itirib. Amma bu o demək deyil ki, trasmilli islam ekstremizminə son qoyulub. Məsələ ondadır ki, ABŞ ordusu hələ Əfqanıstandadır, Fələstin-İsrail münaqişəsindəki sərtlik davam edir və sair. Nə qədər ki, bu problemlər, xüsusilə Fələstin məsələsi həllini tapmayıb, ilk növbədə, ABŞ-a nifrət qalacaq. Belə olan halda bir fikir yaranır: azadlığa nail olmaq, islam dövləti qurmaq üçün kamikadzelərdən istifadə olunmalıdır. Fələstin probleminin həll olunmamış qalması daim daha radikal qüvvələrin dəyirmanına su tökəcək.
- Qərb Liviya müxalifətinin gələcəkdə onun müttəfiqi olacağına əmin deyildisə, onların hakimiyyətə gedən yolunu niyə "təmizləyirdi"?
- Liviyada qarşıdurma başlayarkən ortada islamçılar görünmürdü. Yaraqlılar döyüşür və "Allahu-Əkbər" qışqırırdısa, bu onların islamçı olduğunu söyləməyə əsas deyildi. Bu, adi islam çağırışı, müraciətidir. Fransa ilə Böyük Britaniya başqa cür hərəkət edə bilməzdi. Liviyada baş verənlərin hamısında Qəddafinin özü günahkardır. Hər şey hakim rejimin "evləri bir-birinin ardınca siçovullardan və tarakanlardan təmizləyəcəyini" bəyan etməsi kimi biabırçılıqdan başladı. Qəddafi müxalifətlə dialoqa getsəydi, hər şey fərqli olardı. Amma polkovnik barışmaz diktator rolunda çıxış etdi. Qərbdə Liviyanın yeni hökumətinin onlara rəqib ola biləcəyinə dair narahatlıq var. Amma bu, hələ ki belə deyil. Qəddafi tərəfdarlarının Benqazidə qanlı əməliyyat törətmək üçün oraya istiqamətlənmiş tank karvanının Fransa aviasiyası tərəfindən bombalanmasından sonra Liviya müxalifəti ilə Qərbin münasibətləri çox yaxşı idi. Amma indi orada vəziyyətin necə inkişaf edəcəyini söyləmək çətindir. Liviyanın yeni hakimiyyəti ilə Qərbin münasibətlərinin necə olacağını heç kim söyləyə bilməz.
- Yəni Qərb Qəddafini devirdiyi üçün peşman ola bilər?
- Tamamilə mümkündür. Həyatda belə hallara tez-tez rast gəlinir.
- Bu gün bənzər ssenarinin İranda təkrarlana biləcəyi haqda danışanlar da çoxdur. Mümkündürmü?
- Yox. Orada islam inqilabını, sarsılmaz lider saydıqları Xomeynini xatırlayan insan kütləsi var. O, iranlılar üçün Karl Marksla Leninin vəhdətidir. Ayətulla Xamneyi daha kiçik fiqur olsa da, islam rejiminin qorunub-saxlanmasına cəhd sanki İranın müstəqilliyinin saxlanmasının zəmanətidir. Orada ərəb inqilabına bənzər nəyinsə mümkün olduğunu düşünmürəm. Amma hələ Prezident Mahmud Əhmədinejadla Xamneyi arasındakı qarşıdurmanın da nə ilə bitəcəyi bəlli deyil. Üstəlik, İranın nüvə proqramı ilə bağlı da nələrin baş verəcəyini indidən söyləmək olmaz. İran nüvə silahı istehsal etmək yolu ilə getsə, nələr olacaq? Bu halda İrana hərbi müdaxiləni vacib saya biləcək İsrail hansı addımları atacaq? Bunlar baş verərsə, elə təlatümlər ola bilər ki, qeyri-sabitlik bütün bitişik regionlarda, həmçinin, postsovet məkanında da özünü göstərər. Axı islam dövləti yaratmaq arzusunda olan son dərəcə radikal islamçılar, vəhhabilər bizdə də var. İranla İsrail və ABŞ arasında müharibə başlarsa və bu, sivilizasiyaların müharibəsi olarsa, hansı fəlakətlərin yaşanacağını təsəvvür etmək belə çətindir. Ən yaxşı variant müharibəyə yol verməməkdir. Amma müharibədən qaçmağın yolu da məlum deyil. Çünki İrana heç bir sanksiya təsir göstərmir. Tehran öz yolu ilə irəliləməkdədir. MAQATE tezliklə yeni məruzəsini açıqlaycaaq. Orada bildirilir ki, İran beynəlxalq ictimaiyyəti aldadır və Tehranın atom bombası əldə etməyə çalışdığını düşünmək üçün əsaslar var.
MƏSLƏHƏT GÖR:

570

